Məhkəmə qərarları › İş №2-1(103)-1369/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1369/2022

04.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1369/2022 04.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi ilə (məruzəçi); Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Zilfalı oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın qismən ləğv edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1340/2021 16.11.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı Zilfalı oğlu, X5 və X4 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinə qarşı «səyyar vergi yoxlaması üzrə aktın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişlər. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və ərizədə X3 və X1 iddiaçılar qismindən çıxarılması, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin cavabdeh qismində cəlb edilməsi, iddia tələbinin həmin Departamentin 15 fevarl 2015-ci il tarixli **********860949 nömrəli qərarının “mənzil tikintisi ilə bağlı olan şəxslərin sadələşdirilmiş vergisi” hissəsində ləğv edilməsi kimi qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin iş üzrə 2 iyun 2015-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, iş üzrə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti ilə əvəz edilmiş, iddia tələbi «cavabdehin 15 fevarl 2015-ci il tarixli **********860949 nömrəli qərarının “mənzil tikintisi ilə bağlı olan şəxslərin sadələşdirilmiş vergisi” hissəsində ləğv edilməsi» kimi qəbul olunmuş, X3 və X1 inzibati məhkəmə icraatında iddiaçı qismində prosessual iştirakına xitam verilmişdir. Mübahisəyə mahiyyəti üzrə 16 iyun 2016-cı il tarixdə baxılmış və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 iyun 2015-ci il tarixli (2-1(82)-954/2015 saylı iş üzrə) qərarı ilə iddia təmin edilmiş və cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin 15 fevral 2015-ci il tarixli **********860949 nömrəli qərarı “mənzil tikintisi ilə bağlı olan şəxslərin sadələşdirilmiş vergisi” hissəsində ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(82)-1544/2015 saylı iş üzrə 22 oktyabr 2015-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-954/2015 saylı iş üzrə 16 iyun 2015-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-343/2016 saylı iş üzrə 23 iyun 2016-cı il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2-1(82)-1544/2015 saylı iş üzrə 22 oktyabr 2015-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizə təqdim etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli qərardadı ilə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə təmin edilmiş və İddiaçı Zilfalı oğlunun cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı Vergilər Departamentinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın qismən ləğv edilməsi» tələbinə dair inzibati iş üzrə yeni açılmış hallarla bağlı icraat təzələnmişdir. Bakı Apelyasiya Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qərardadı ilə İddiaçı Zilfalı oğlunun apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 mart 2020-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli 1325 nömrəli Fərmanının 1-ci və 2-ci bəndlərinə əsasən 2020-ci il yanvarın 1-dən Bakı şəhərində Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi təşkil edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmişdir. Eləcə də, Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilmişdir. Fərmanla təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturu”nda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzərdə tutulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1340/2021 nömrəli, 16.11.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1340/2021 nömrəli, 16.11.2021-ci il tarixli qərarının ləğv olunmasını, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya baxışı zamanı iddiaçı yazılı ərizə ilə məhkəməyə müraciət edərək baxılan iş üzrə iddia tələbindən imtinanın qəbul edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birgə araşdıraraq hesab edir ki, iddiadan imtina qəbul edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 55.1-ci maddəsin əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.2-ci maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə görə, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə uyğun olaraq iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmiş yazılı ərizədə iddiadan imtina etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Cavabdehin səlahiyyətli nümayəndəsi ərizənin təmin ediləsinə razılıq vermişdir. İddiaçıya izah olunur ki, O, iddiadan imtina etdikdən sonra və bu haqda müvafiq məhkəmə qərardadı qəbul edildikdən sonra eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq hüququnu itirir. Ona görə də, iddiadan imtina qəbul edilməli və inzibati işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və İPM-in 55-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Zilfalı oğlunun iddiadan imtinası qəbul edilsin. İddiaçı Zilfalı oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın qismən ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə inzibati işin icraatına xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar