Məhkəmə qərarları › İş №2-1(103)-1369/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1369/2023

23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1369/2023 23.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçıların nümayəndələri Nümayəndə, X3, cavabdehin nümayəndəsi X4 və üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11575/2022 saylı, 24 noyabr 2022-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 23 noyabr 2020-ci il tarixli, 255 nömrəli sərəncamının ləğv edilməsi və iş üzrə xüsusi qərardadın qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı1 nümayəndəsi Nümayəndə şifahi vəsatətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının İqtisadiyyat Naziriliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun üçüncü şəxs qismində icraata cəlb edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-934/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qərardadı ilə üçüncü şəxslərin cəlb edilməsi barədə vəsatətlər təmin edilməmişdir. İddiaçılar apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və vəsatətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçıların nümayəndələri apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İPM-in: 28.1-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. 28.2-ci maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3-cü maddəsinə əsasən, üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir; 28.5-ci maddəsinə əsasən, məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 17 fevral 2022-ci il tarixli 01/2022 nömrəli qərardadında göstərilmişdir ki, Məhkəmə icraatına cəlbetmə barədə vəsatət ayrıca yazılı sənəd formasında təqdim edilə biləcəyi kimi, iddia ərizəsində, yaxud məhkəmə aktlarından icraatın iştirakçıları tərəfindən verilən şikayətlərdə də göstərilə bilər. Vacib olan belə vəsatətin İPM-in 48.2 və 48.3-cü maddələrinə əsasən mütləq yazılı formada təqdim edilməli olduğudur. Bundan başqa, vəsatət şəxsin iradəsini və onun səbəblərini müəyyənləşdirməyə imkan verəcək qaydada tərtib olunmalı, ona istinad olunan sənədlər və sübutlar əlavə edilməlidir. Bu zaman, xüsusilə nəzərə almaq lazımdır ki, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ərizədə icraat iştirakçısı kimi həm də üçüncü şəxslərin göstərilməsi özü-özlüyündə (vasitəsiz olaraq) həmin şəxslərə üçüncü şəxs qismində icraat iştirakçısı statusu qazandırmır. İddia ərizəsində üçüncü şəxslərin göstərilməsinə İPM-in 46.2.3-cü maddəsinə uyğun olaraq iddiaçının həmin şəxslərin üçüncü şəxs qismində icraata cəlb edilməli olduğuna dair vəsatəti kimi yanaşılmalıdır. Son nəticədə, istər iddia ərizəsi tərtib edilərkən iddiaçının özü tərəfindən üçüncü şəxs kimi göstərilməsindən, istərsə də, ayrıca vəsatət kimi verilməsindən asılı olmayaraq, məhkəmə, hər bir halda, üçüncü şəxs qismində cəlbetmə məsələsini İPM-in 28 və 50.0.6-cı maddələrinə uyğun olaraq bu barədə ayrıca akt formasında qərardad çıxarmaqla həll etməlidir. Çünki qeyd edilən normalara əsasən sırf iddia ərizəsində göstərildiyinə və ya bu barədə müvafiq vəsatət verildiyinə görə yox, yalnız məhkəmə tərəfindən çıxarılmış cəlbetmə barədə pozitiv qərardaddan sonra həmin şəxs üçüncü şəxs qismində proses iştirakçısı statusu qazınmış olur. İPM-in 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad İPM-in 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. İPM-in 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçının cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə qəbul ediləcək məhkəmə aktının yuxarıda adları çəkilən şəxslərin və qurumların qanunla qorunan maraqlarına toxunma ehtimalı müəyyən olunmadığından, iddiaçılar tərəfindən də bu barədə hər hansı dəlil irəli sürülmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq vəsatəti təmin etməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan halları nəzərə alaraq hesab edir ki, iddiaçıların apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D I : İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11575/2022 saylı, 24 noyabr 2022-ci il tarixli qərardadı (vəsatətlərin təmin edilməməsi barədə) dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar