Məhkəmə qərarları › İş №2-1(103)-1369/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1369/2025

05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1369/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddiaçının pensiya hüququnun yarandığı 65 yaşından, yəni 10 yanvar 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin fərqinin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, 2-1(112)-7797/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2003- cü il tarixdən xx.xx.2009-cu il tarixədək Bakı şəhəri, Əcəmi 200 fərdi şirkətində suvaqçı işləməyinin əmək stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona pensiya hüququnun yarandığı 65 yaşından, yəni 10 yanvar 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin fərqinin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş,ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı müxtəlif yerlərdə işləmiş və hamısı da əmək kitabçasında qeyd olunmuşdur. Həmçinin, o, xx.xx.1972-cu il tarixindən xx.xx.1973-ci il tarixə kimi 16 saylı texniki peşə məktəbində oxumuş, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixə kimi hərbi xidmətdə olmuşdur. O, xx.xx.1977-cı il tarixdən xx.xx.1978-ci il tarixə kimi Bakı şəhər Baş Tikinti İdarəsinin Su-5 idarəsində suvaqçı, xx.xx.1978-ci ildən xx.xx.1978-ci il tarixə kimi Qazaxıstan SSR-də 3-cü dərəcəli qazmaçı köməkçisi, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixə kimi Qazaxıstanda ət kombinatında maşın təmirçisi, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixə kimi Qazaxıstanda avtobazada çilingər işləmişdir. xx.xx.1979-cu iİ tarixdən xx.xx.1979-cu il tarixə kimi Qazaxıstanda avtobazada sürücü, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixə kimi Qazaxıstanda ət kombinatında çilingər, xx.xx.1979-cu il tarixdən 1985-ci il tarixə kimi Qazaxıstanda PMK-1105 də QAZ-53-ün sürücüsü işləmişdir. O, xx.xx.1986-cı il tarixdən Bakı şəhər təmir-tikinti idarəsində xx.xx.1994-cü il tarixə kimi suvaqçı işləmişdir. xx.xx.2003-cü il tarixdən xx.xx.2009-cu il tarixə kimi Bakı şəhəri, Əcəmi-200 fərdi şirkətdə suvaqçı işləmişdir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh ona imtina etmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddia tələbinə yazılı etiraz məhkəməyə təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən sığorta stajının (xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cu il tarixədək təhsil aldığı illər, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 20 il 1 ay 5 gün təşkil etdiyi müəyyən olunmuşdur. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı müəyyən olunmuşdur. xx.xx.2006-cı il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeyd olunmuş 18 il 3 ay 5 gün sığorta stajına uyğun olaraq 18403,79 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək 1142,10 manat olmaqla, ümumilikdə 19545,89 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. İddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1979-ci il tarixdən xx.xx.1983-cü il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxilolma tarixində qaralama var) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək və 2003-cü il tarixdən xx.xx.2009-cu il tarixədək əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Cavabdehin keçirdiyi monitorinq nəticəsinə əsasən Təsərrüfatın İnkişafı və İstismarı birliyinin 1 №-li Təmir Tikinti idarəsinin yerləşdiyi ünvan məlum olmadığından xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək olan əmək fəaliyyəti dövrün araşdırılması mümkün olmamışdır. Eyni zamanda Ordubad rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli müvafiq aktına əsasən “Əcəmi-200” fərdi şirkətinin xx.xx.2003-cü il tarixdən xx.xx.2009-cu il tarixədək olan arxiv sənədləri saxlanılması üçün Dövlət Arxivinə təhvil verilməmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunan əsaslara görə xx.xx.1979-cu il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.2003-cü il tarixdən xx.xx.2009-cu il tarixədək olan dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-7797/2024 saylı qərarı ilə (hakim E.A.Abdullayev) iddia təmin edilmiş, İddiaçı 65 yaşından, yəni 10 yanvar 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin fərqinin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-7797/2024 qərarını mübahisələndirmişdir. Apellyasiya şikayəti etirazın məzmununa uyğun əsaslandırılmış və eyni zamanda etirazda göstərilmişdir ki, “ ... Bakı İnzibati Məhkəməsinin qərarında qeyd edilmişdir ki, cavabdeh iddiaçının 1 №-li Təmir Tikinti idarəsinin yerləşdiyi ünvan məlum olmadığından xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək olan stajını nəzərə almamışdır. Lakin, cavabdeh iddiaçının həmin dövrdə olan əmək stajının nəzərə alınmamasının əsaslılığını sübut edə bilməmişdir. Bununla bağlı bildiririk ki, iddiaçının qeyd olunan müəssisədə işləməsinə dair sənədlərin yerində yoxlanılması və iddiaçının qeyd olunan müəssidə əmək haqqı alıb-almamasını müəyyənləşdirmək mümkün olmadığından cavabdehin imtinası qanunidir. Məhkəmənin qərarında cavabdeh tərəfindən iddiaçının “Əcəmi-200” fərdi şirkətində xx.xx.2003-cü il tarixdən xx.xx.2009-cu il tarixədək olan əmək stajının da nəzərə almamasının əsaslandırılmadığı qeyd edilmişdir. Bununla bağlı bildiririk ki, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarının 4.1.-ci bəndində əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı dövrləri qeyd edilmişdir. Həmin qərarın 4.1.2-ci bəndində 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə sosial sığorta stajının dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən müəyyən edildiyi qeyd edilmişdir. İddiaçının qeyd olunan müəssisədə əmək fəaliyyəti 2006-2009-cu illər arasındakı dövrü də əhatə etdiyindən və qeyd olunan dövr ərzində onun fərdi şəxsi hesabında pensiya kapitalı qeyd alınmadığından həmin dövrün sosial sığorta stajı kimi nəzərə alınmaması qanunidir”. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 izahatında məhkəməyə bildirdi ki, iddiaçının işləmiş olduğu müəssisələr arasındakı 3 müəssisədə iddiaçının işlədiyi dövrə münasibətdə olan müddət onun əmək stajına daxil edilməmişdir. Ümumilikdə isə mübahisələndirilməyən iş stajı 20 il 1 ay 5 gün müddətini təşkil edir. Bu dövrə isə onun təhsil aldığı və hərbi xidmətdə olduğu müddət də daxildir. Həmçinin 2019- 2023-cü illərdə iddiaçıya münasibətdə məcburi dövlət sosial sığorta haqları da ödənilmişdir. İddiaçının 65 yaşı 2022-ci ildə tamam olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən həmin tarixdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qərara aılınmışdır. Mübahisələndirilən dövrlərdən biri 1979-1983-cü illərdir. Hansı ki həmin dövrə münasibətdə iddiaçının əmək kitabçasının doldurulma qaydası pozulmuşdur. Əmək kitabçasına nəzər salsaq görünür ki, işə daxil olma tarixində qaralamalar vardır. Əmək kitabçasında “xx.xx.1979-cu il” yazısı üzərində “10” (onuncu ay) yazılan hissədə qaralamanın olduğu aşkar şəkildə görünür. 1994-1997-ci illərə münasibətdə isə, həmin dövrlərdə iddiaçı 1 nömrəli Təmir-Tikinti İdarəsində çalışmışdır. Lakin həmin müəssisənin mövcudluğu ilə bağlı araşdırma aparılsa da, həmin müəssisənin ünvanı mövcud olmadığına görə akt tərtib edilə bilməmişdir. Ona görə də iddiaçının həmin müddət ərzində əmək haqqı alıb-almadığı məsələsi naməlumdur. X2 İdarəsinə də bununla bağlı sorğu verilmiş, lakin həmin müəssisə ilə bağlı sənədlər aşkar edilməmişdir. Lakin Əmlak Məsələləri Dövlət Xidmətinə tərəfimizdən ünvanlanmış sorğuya cavab olaraq bildirilmişdir ki, 1 nömrəli Təmir-Tikinti İdarəsinin emissiya protokollarında iddiaçının sözügedən müəssisədə işləyib-işləməməsi ilə bağlı olaraq hər hansı bir məlumat əldə edilməmişdir. Digər mübahisələndiriləndirilən dövr isə 2003-2009-cu illərdir. Hansı ki həmin dövrdə iddiaçı “Əcəmi-200” fərdi şirkətində çalışmışdığı iddia edilir. Həmin müəssisə ilə bağlı Dövlət Vergi Xidmətinə sorğular ünvanlanmışdır. Dövlət Vergi Xidmətinin sorğuya cavabına əsasən həmin müəssisə 2002-ci ildə qeydiyyatdan keçib. İddiaçı da 1 il sonra həmin müəssisədə işə düzəlib. 2006-2009-cu illərə münasibətdə məcburi dövlət sosial sığorta ödənişi edilmədiyinə görə heç bir halda həmin dövr iddiaçının sosial sığorta stajına daxil edilə bilməz. 3 il müddət uzun müddət olduğuna və həmin illərdə heç bir məcburi dövlət sosial sığorta ödənişi edilmədiyinə görə artıq həmin dövrə qədərki dövrlərdə mübahisələndirilmişdir. Həmin müəssisə ilə bağlı da Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış sorğuya cavab olaraq bildirilmişdir ki, müəssisənin emissiya protokollarında iddiaçının sözügedən müəssisədə işləyib-işləməməsi ilə bağlı olaraq hər hansı bir məlumat əldə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarını işə şifahi və ya yazılı icraat qaydasında baxılması, şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməyə borcludur. İnzibati Prosessual Məcəllənin 62.2-ci maddəsinə görə, məhkəmə bildirişi şifahi məhkəmə baxışı ilə bağlı iclasın təyin edildiyi tarixə (günə) ən azı 10 gün qalmış proses iştirakçılarına təqdim edilməlidir. Xüsusilə təcili hallarda sədrlik edən hakim həmin müddəti azalda bilər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. - xx.xx.2024-cü il tarixli, 3-17-1/2-43201/2024 saylı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanan “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubdan görünür ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən sığorta stajının (xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cu il tarixədək təhsil aldığı illər, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 20 il 1 ay 5 gün təşkil edir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bu səbəblərdən xx.xx.1979-cu il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.2003-cü il tarixdən xx.xx.2009-cu il tarixədək olan dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən, İddiaçı “Turan+T.T.” Mənzil-Tikinti Kooperativindəki əmək fəaliyyətinə xx.xx.2021-ci il tarixində xitam verilmişdir. - İddiaçıya məxsus əmək kitabçasının surətinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən aşağıdakılar müəyyən olunur: iddiaçı xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilədək 16 nömrəli Peşə məktəbində təhsil almışdır. xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək “Visotkostroy” SU-5 trestində üçüncü dərəcəli suvaqçı işləmişdir. xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixədək Sovet ordusu sıralarında xidmət etmişdir. xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək “Visotkostroy” SU-5 trestində suvaqçı işləmişdir. xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək 3-cü dərəcəli qazmaçı köməkçisi işləmişdir. xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək idxal edilən heyvanın otarılması üçün maldar işində işləmişdir. xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək avtomobillərin təmiri üzrə avtomobil müəssisəsinə 1-ci dərəcəli çilingər, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək avtomobil müəssisəsidə 3-cü dərəcəli sürücü işləmişdir. xx.xx.1979-xx.xx.1979-cu il tarixlərdə Cezqazqan ət kombinatında nəqliyyat sexində 6-cı dərəcəli mövsümi işçi işləmiş, xx.xx.1979-cu il tarixdə Cuzdinsk QMK-1105 sürücü qəbul edilmiş, xx.xx.1980-cı il tarixdə suvaqçı vəzifəsinə keçirilmiş, xx.xx.1981-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1982-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Aktassk QPT-də müxtəlif vəzifələrdə işləmiş, xx.xx.1986-cı il tarixdən xx.xx.1994-cü il tarixədək Bina fasadlarının təmiri üzrə 10 saylı xüsusi idarədə suvaqçı işləmişdir. xx.xx.1994-xx.xx.1997-ci il tarixlərdə Suraxanı rayon 4 nömrəli RSU təsərrüfatında suvaqçı işləmişdir. xx.xx.2003-xx.xx.2009-cu il tarixlərdə “Əcəmi 200” Fərdi Şirkətdə suvaqçı işləmişdir. - Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin 673 nömrəli Attestatına əsasən X1 01 sentyabr 1972-ci il tarixdən 22 iyun 1973-cü il tarixədək Azərbaycan SSR Bakı şəhər texniki-peşə məktəbində təhsil almışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 03 sentyabr 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, “Əcəmi-200” fərdi şirkəti xx.xx.2002-ci il tarixdə 12- 02-05/03 nömrə ilə dövlət qeydiyyatına alınmış xx.xx.2013-cü il tarixdə ləğv edilərək kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 29 avqust 2024-cü il tarixli, 3-21-3/2- 14635/2024 saylı məktubunda göstərilmişdir ki, Təsərrüfatın İnkişafı və İstismarı Birliyinin 1 №-li Təmir Tikinti İdarəsinin və “Əcəmi-200” fərdi şirkətinin emissiya protokollarında İddiaçı həmin qurumlarda işləyib-işləməməsi barədə məlumatların (olduğu təqdirdə işlədiyi dövrlər barədə məlumatların) məhkəməyə təqdim olunması barədə müraciətə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Müraciətdə qeyd olunan müəssisələr barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. - НЗ seriyalı, ******* nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi xx.xx.2021-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixindən ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. O, həmin tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasının əsası ondan ibarət olmuşdur ki, iddiaçının sığorta stajı xx.xx.1972-ci il tarixdən xx.xx.1973cu il tarixədək təhsil aldığı illər, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla 20 il 01 ay 05 gün təşkil edir. Belə ki, iddiaçının xx.xx.1979-ci il tarixdə “Cüzdinsk GMK” yə işə qəbul olunması ilə bağlı əmək kitabçasında işə daxilolma tarixində qaralama olduğu üçün xx.xx.1983-cü il tarixədək olan iş stajı nəzərə alınmamış, həmçinin 1 №-li Təmir Tikinti idarəsinin yerləşdiyi ünvan məlum olmadığından xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək olan əmək fəaliyyəti dövrünün sosial sığorta dövrünün, həmçinin “Əcəmi-200” fərdi şirkətinin xx.xx.2003-cü il tarixdən xx.xx.2009-cu il tarixədək olan arxiv sənədləri saxlanılması üçün Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin dövrün sosial sığorta stajına daxil edilməsindən imtina edilmişdir. Eyni zamanda bildirilmişdir ki, iddiaçının xx.xx.2006-cı ildən sonra fərdi hesabının sığorta hissəsində sığorta kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”n 4.1.1-ci bəndində göstərilmişdir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunmuş dövrlərin sadəcə həmin dövrlə bağlı “əsaslı şübhələrin” olması səbəbindən nəzərə almaması qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçının vaxtilə işləmiş olduğu həmin müəssisələrin hazırda mövcud olmaması və cavabdehin həmin dövrlərlə bağlı əmək stajının həqiqiliyini araşdırmaq imkanında olmaması iddiaçının xeyrinə şərh edilməlidir. Bununla bağlı nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Hazırkı mübahisəyə münasibətdə, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından, cavabdehin əmək kitabçasındakı həmin qeydlərin onda şübhə yaratdığını sadəcə olaraq iddia etməsi həmin sənədin mötəbər sayılmaması üçün yetərli sayıla bilməz. Belə ki, mübahisəyə dair işin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının əmək kitabçasının istinad edilən qeydlərinin həqiqətə uyğun olmadığına dair hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə tərəfindən də əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilməmişdir. Bu baxımdan mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə və “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən, iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İşçinin əmək fəaliyyəti haqqında əsas sənəd əmək kitabçası hesab edilir. İddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının məsuliyyət sferasına aid olmadığı və təqsirkar davranışına bağlı olmadığı hallarda, onun əmək kitabçasında qeyd edilən iş stajının cavabdeh tərəfindən yoxlanılmasının bu və ya digər səbəbdən mümkün olmaması iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Bundan başqa, nəzərə almaq lazımdır ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından şəxsin müraciəti üzrə lazımi inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi imtina qərarında şəxsin müraciətinin təmin edilməsindən imtinasını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın onun müraciəti üzrə hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, imtinanın səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Eyni zamanda həm də nəzərə alınmalıdır ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin tələbinə aid olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, 2-1(112)-7797/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, 2-1(112)-7797/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar