Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-137/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hərbi xidmət və təhsil illəri sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-4416/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona (iddiaçıya) x xxxxxxxx 1980-ci il tarixdən xx xxx 1981-ci il tarixədək 36 nömrəli Texniki Məktəbdə təhsil aldığı müddət və xx xxx 1981-ci il tarixdən xx xxxxxxxx 1983-cü il tarixədək olan hərbi xidmət müddəti sosial sığorat stajına daxil edilməklə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən əmək stajı kimi qəbul edilərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “hərbi xidmət və təhsil illəri sosial sığorta stajına daxil edilməklə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o (iddiaçı), xx xxxxxx 1963-cü il tarixdə doğulmuşdur. xx xxxxxxxx 1980-ci il tarixdə 36 nömrəli Texniki Məktəbinə qəbul edilərək xx xxx 1981-ci il tarixdə həmin məktəbi xüsusi rəngsaz ixtisası üzrə bitirmişdir. xx xxx 1981-ci il tarixdən xx xxxxxxxx 1983-cü il tarixədək Sovet Ordusunda hərbi xidmət keçmişdir. Həmin vaxtdan sonra o, əmək fəaliyyətinə başlamışdır. xx xxxxxxxx 1983-cü il tarixdən Heydər Əliyev adına X4 koks istehsalı üzrə 41 nömrəli texnoloji qurğuların operatoru, 13 nömrəli və 7 nömrəli sexlərdə istehsalatda elektrik sahəsində, elektromexaniki sahəsində, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə ekektrik montyoru peşəsində işləmişdir. Bu peşələr «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahının 10.5-ci bəndində (bölməsində) nəzərdə tutulduğundan, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verir. Onun güzəştli əmək şəraitində iş stajı 36 il, 4 ay, 12 gün təşkil edir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün o, hazırkı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Cavabdehin xx xxxxxx 2020-ci il tarixli cavab məktubu ilə x xxxxxx 2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az təşkil etdiyi və bununla yanaşı fərdi hesabın sığorta hissəsində qeydə alınmış, pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi əsas gətirilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi staja daxil edilir. Həmin maddənin üçüncü bəndinə görə iş stajına həmçinin ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti də daxildir. Yaşa görə pensiya təyin olunandan sonrakı əmək fəaliyyəti ümumi əsaslarla iş stajına daxil edilir. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən xüsusilə zərərli və ağır iş sahələri üzrə iş stajı hesablanarkən (Qanunun 13cü maddəsinin “a” bəndi) həmin işdə alınmış əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində əlillik müddəti göstərilən staja daxil edilir. İşin hər ili üçün pensiyanın məbləği artırılan zaman yaşa görə pensiya təyin edildikdən sonrakı iş stajı nəzərə alınmır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla xx xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. xx xxxxxx 2002- ci ildək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci – yeddinci hissələrinə müvafiq olaraq hesablanır. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunu xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuşdur ki, həmin Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 2 nömrəli Siyahı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa güzəştli şərtlərlə pensiya təminatı hüququna malikdir. Qanunun tələbindən də göründüyü kimi, fərdi hesabın sığorta hissəsində qeydə alınmış, pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməsi nəzərdə tutulmamışdır. Cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi iddia ilə razılaşmır. Belə ki, iddiaçı iddia tələbini əsaslandırmaq məqsədi ilə əmək kitabçası və SOCAR tərəfindən tərtib olunmuş arayışı təqdim etmişdir. Təqdim olunmuş əmək kitabçası və digər sənədlərdən göründüyü kimi, iddiaçı əmək fəaliyyətinə xx xxxxxxxx 1983-cü il tarixdən başlamışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək onun 22 il 03 ay 15 gün ümumi iş stajı olmuşdur. Bunadək x xxxxxxxx 1980-ci il tarixdən xx xxx 1981-ci il tarixədək texniki peşə məktəbində 6 ay 17 gün müddət ərzində təhsil almış və iki il Sovet Ordusunda hərbi xidmət keçmişdir. xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, istinad edilən normanı nəzərə almaqla iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilə bilməz. Belə ki, onun iş stajı Qanunda nəzərdə tutulmuş 25 ildən azdır, yəni onun texniki peşə məktəbində və hərbi xidmətdə olma dövrü nəzərə alınarsa belə onun ümumi iş stajı 24 il 10 aydır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli Qanunu ilə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Göründüyü kimi, qeyd olunan Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası almaq üçün 3 sığorta hadisəsinin baş verməsi zəruridir: yaş, staj və zəruri pensiya kapitalı. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. İddiaçının iddia ərizəsində göstərdiyi tələblə əlaqədar İdarə müraciət etdikdə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, onun fərdi sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanlara əsasən və İPM-in tələblərini rəhbər tutaraq, X1 iddiasının rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-4416/2020 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə yazılı etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı kimi qəbul edilmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuş, xx xxxxxxxx 1980-ci il tarixdən xx xxx 1981-ci il tarixədək Cəlilabad şəhər 36 nömrəli Texniki Peşə Məktəbində “rəngsaz” peşəsi üzrə təhsil almış, 1981-ci ilin may ayından 1983-cü ilin iyun ayınadək həqiqi hərbi xidmət keçmiş, xx xxxxxxxx 1983-cü il tarixdən x xxxxxx 2020ci il tarixədək ARDNŞ Heydər adına X4 müxtəlif peşələrdə, o cümlədən koks istehsalı üzrə texnoloji qurğuların operatoru, elektrik avadanlıqlarının təmiri və xidməti sahəsində elektrik montyoru işləmişdir. Cəlilabad rayon Dövlət Arxivi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 23 nömrəli arxiv arayışında bildirilmişdir ki, Cəlilabad rayon Dövlət Arxivində mühafizə olunan Cəlilabad rayon Səfərəliyev adına Sovxozun 1981-ci ilə aid olan şəxsi-hesab kitablarındakı məlumatlara əsasən İddiaçı xx xxxx 1981-ci il tarixli 31 nömrəli əmrlə “Səfərəliyev” adına Sovxozda 6 nömrəli briqadaya fəhlə qəbul edilmiş, xx xxx 1981-ci il tarixli 62 nömrəli əmrlə hərbi xidmətə getməsi ilə əlaqədar işdən azad olunmuşdur. İddiaçı texniki peşə məktəbindəki təhsilin, hərbi xidmət dövrünün və 1983-cü il tarixdən adıçəkilən Zavoddakı fəaliyyəti üzrə iş illəri nəzərə alınmaqla ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı hazırkı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onun (iddiaçının) ümumi iş stajının 2006-cı ilin yanvar ayınadək 25 ildən az toplanması ilə əsaslandırmışdır. Cavabdehin imtinasında və apellyasiya şikayətində xx.xx.2006-cı il tarixə iddiaçının ümumi iş stajının 25 ildən az olmasına istinad edir. Məhkəmə kollegiyası cavabdehin dəlilllərini əsassız hesab edərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində deyilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. xx.xx.1997-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Qeyd olunan normaların tələblərindən görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının xx.xx.2006cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin v) bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, ğ) bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» AR Qanununa əsassən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndində göstərilmişdir ki, 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Digər tərəfdən, iddiaçının xx xxxxxxxx 1983-cü il tarixdən 2006-cı ilin yanvar ayının 1-ədək əmək stajının 22 il 03 ay 14 gün təşkil etməsi əmək kitabçası ilə bərabər həmin müəssisənin arayışı ilə də təsdiq olunur. Nəzərə alınmalıdır ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşmasından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). İddiaçının əmək kitabçasındakı və arayışdakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. İş materiallarında olan attestatın, hərbi biletin, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən və işlədiyi müəssisə tərəfindən verilmiş arxiv arayışlarından göründüyü kimi xx xxxxxx 2006-cı ilədək iddiaçının 22 il 03 ay 14 gün əmək stajı, təhsil (8 ay 18 gün) və hərbi xidmət (2 il 27 gün) dövrü də nəzərə alınmaqla, 25 il 01 ay ümumi iş stajı mövcud olmuşdur. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə iş stajı ilə bağlı aşağıdakıları qeyd edir ki: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına X6 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışında bildirilmişdir ki, İddiaçı xx xxxxxxxx 1983-cü il tarixdən indiyədək Heydər Əliyev adına X4 işləyir. xx xxxxxxxx 1983-cü il tarixdən (işə qəbul barədə 426k saylı xx xxxxxxxx 1983-cü il tarixli əmr) indiyədək koks istehsalı üzrə 4 nömrəli texnoloji istehsalın koks istehsalı üzrə 41 nömrəli texnoloji qurğusunda texnoloji qurğuların operatoru, 13, 7 nömrəli sexlərdə, istehsalatda elektrik sahəsində, elektromexaniki sahəsində elektrik avadanlıqlarının təmiri və xidməti sahəsində, elektrik avadanlıqlarının təmiri üzrə xidmət sahəsində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru işləyir. Bu peşələr «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahının 10.5-ci bəndində (bölməsində) müəyyən edilmiş qaydaya əsasən güzəştli şərtlərlə yaşa görə təqaüd hüququ verir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 12 il 6 aydan artıq güzəştli şərtlərlə iş stajının mövcud olması cavabdeh orqan tərəfindən nə imtina məktubunda nə də ki, iddiaya dair yazılı etirazda mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda “İV. Koks, pekokoks, termoanaftrasit və koks-kimya istehsalatları. Kömürün hazırlanması” bölməsində “elektrik avadanlıqlarının təmiri və xidməti sahəsində elektrik montyoru (kod 2050000a – 861) nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “elektrik avadanlıqlarının təmiri və xidməti sahəsində elektrik montyoru” göstərilmişdir. Beləliklə də iş materiallarında mövcud olan sübutlarla iddiaçının 12 il 06 aydan artıq güzəştli və 25 ildən artıq ümumi əmək stajı topladığı təsdiq olunduğundan, onun qanunvericiliyin yuxarıda istinad olunmuş müddəalarına əsasən xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-4416/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-137/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-137/2021
25.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver