Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-137/2025 25.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “çıxarışın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1509/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. Bakı ŞİH başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X3 və İstismarı Birliyi ilə İddiaçı (bundan sonra – iddiaçı) arasında bağlanmış 30 dekabr 2003-cü il tarixli 15038 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən sahəsi 0,12 ha olan 2145 nömrəli bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir.
2. İddiaçı həmin bağ sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması ilə bağlı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir.
3. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, 1) göstərilən torpaq sahəsinin bir hissəsinin bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə əsasən digər bağların (2145a və 2146 saylı bağ sahələri) ərazisinə uyğun gəlir, müvafiq torpaq sahələri arasında arxiv cizgisinə uyğun olaraq, keçid yolu nəzərə alınmaqla notariat qaydasında təsdiq edilmiş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur; 2) bağ sahəsinin faktiki ölçüsü 0.1026 ha təşkil edir; 3) İdarənin arxivində mövcud olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 476/2008 saylı mülki iş üzrə 25 noyabr 2008-ci il tarixli qətnaməsi ilə Mərdəkan bağlar sahəsində yerləşən 2145 və 2146 saylı bağ sahələri arasında mövcud sərhəd hasarının sökülməsi, və s. qərara alınsa da, həmin qətnaməsi ilə İdarə üzərinə öhdəlik qoyulmamışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və plan-ölçünün verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
5. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçının Bakı ŞİH Başçısı aparatının X3 və İstismarı Birliyi ilə bağlanmış 15038 saylı müqavilə ilə ayrılmış Bakı şəhəri, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 0,12 ha sahəsi olan 2145 nömrəli bağ sahəsi üzərində hüququnun qeydiyyata alınması barədə reyestrdən çıxarışın verilməsi və bağ sahəsinə dair plan-ölçünün tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdiriməsini qəbul etmişdir. Ərizə icraata qəbul edilmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı ŞİH Başçısı aparatının Abadlaşdırma və Park - X6 Departamenti X3 və İstismarı Birliyi ilə bağlanmış 15038 nömrəli müqavilə əsasında Bakı şəhəri, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 2145 nömrəli bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. Qeyd olunan sənəd əsasında iddiaçı mülkiyyətində olan torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarışın verilməsi ilə bağlı 1 noyabr 2022-ci il tarixdə cavabdeh “Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh 7 dekabr 2022-ci il tarixli məktubda bildirmişdir ki, torpaq sahəsinə texniki baxış keçirmək və çöl-ölçü işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Halbuki, cavabdehin inzibati orqanın əməkdaşları tərəfindən iddiaçı ilə əlaqə saxlanılmamışdır. 21 dekabr 2022-ci il tarixdə iddiaçı eyni məzmunlu məktub ilə yenidən cavabdehə müraciət etmişdir. 18 yanvar 2023-cü il tarixdə cavabdehin nümayəndələri tərəfindən torpaq sahəsinə baxış keçirilmişdir. Təəssüflər olsun ki, baxış keçirildikdən sonra, cavabdeh tərəfindən İddiaçıya heç bir məlumat verilməmişdir (nə yazılı, nə şifahi qaydada). 13 mart 2023-cü il tarixdə iddiaçı növbəti dəfə cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh bu ərizəyə cavab olaraq 10 aprel 2023cü il tarixli məktubla ona bildirmişdir ki, hüquqmüəyyənedici sənədlərin əsli Əmlak Xidmətləri Məkanına, təqdim ediləcəyi təqdirdə qeyd olunan məsələyə qanunamüvafiq qaydada, baxılacaqdır. İddiaçı həmin cavab məktubuna uyğun olaraq 2023-cü ilin may ayında adıçəkilən İdarəyə müraciət etmiş, 125 manat məbləğində dövlət rüsumu ödəmiş və ona bildirilmişdir ki, sənədlərə baxıldıqdan sonra daşınmaz əmlaka dair reyestrdən çıxarış iddiaçıya təqdim ediləcəkdir. Nəhayət, 30 may 2023-cü il tarixli **********12 saylı məktub ilə cavabdeh iddiaçıya daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqn imtinasını belə əsaslandırmışdır ki, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin bir hissəsinin bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə əsasən digər bağların ərazisinə uyğun gəldiyi müəyyən edilmişdir. Odur ki, müvafiq torpaq sahələri arasında, arxiv cizgisinə uyğun olaraq, keçid yolu nəzərə alınmaqla, notariat qaydasında, təsdiq edilmiş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur. Hesab olunur ki, cavabdehin bu imtinası əsassızdır. Bakı ŞİH X3 və İstismarı Birliyi ilə bağlanmış 15038 nömrəli müqavilə əsasında ayrılmış Bakı şəhəri, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 2145 nömrəli bağ sahəsinə dair reyestrdən çıxarışın verilməsi və plan-ölçünün tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur.
7. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı müvafiq tələblə bağlı 17 noyabr 2022-ci il, 29 dekabr 2022-ci il, 25 mart 2023-cü il və 2 may 2023-cü il tarixli ərizələrlə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin bir hissəsinin bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə əsasən digər bağların (2145a və 2146 saylı bağ sahələri) ərazisinə uyğun gəldiyi müəyyən olunmuşdur. Odur ki, müvafiq torpaq sahələri arasında arxiv cizgisinə uyğun olaraq, keçid yolu nəzərə alınmaqla notariat qaydasında təsdiq edilmiş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur. İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsinin faktiki ölçüsü 0.1026 ha təşkil edir. İdarənin arxivində mövcud olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-476/2008 saylı iş üzrə 25 noyabr 2008-ci il tarixli qətnaməsi ilə Mərdəkan bağlar sahəsində yerləşən 2145 və 2146 saylı bağ sahələri arasında mövcud sərhəd hasarının sökülməsi, həmin hasar 2146 saylı bağ sahəsinə doğru, 2146 “A” saylı bağ sahəsi tərəfdən 12.2 m istiqamətdə, 83.0 m uzunluğunda, 2146 saylı bağ sahəsini yol tərəfdən əhatə edən hasarın küncünə bitişik sərhəd hasarın çəkilməsi və qonşuluqda yerləşən 2146 “A” saylı bağ sahəsi ilə həmsərhəd hasarından 41.1 m ara məsafədə 2145 saylı bağ sahəsinin daxilində digər sərhəd hasarı çəkilməsi və belə bölgü zamanı yaranmış 2145 “A” saylı bağ sahəsinə yol tərəfdən giriş-çıxış üçün qapı açılması qərara alınmışdır. Müvafiq məhkəmə qətnaməsi ilə İdarə üzərinə öhdəlik qoyulmamışdır. Qeyd olunanlara əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş olunur.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: R.Kərimli) 08 fevral 2024-cü il tarixli, e-2- 1(112)-1509/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisindəki 2145 nömrəli bağ sahəsi (sahəsi 0,1026 ha olmaqla) üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi və torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir.
10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı işin hallarına görə isə, hazırkı iddiaçının müvafiq bağ sahəsinə hüququnun mövcudluğu ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsinə əsaslanır və onun təqdim etdiyi hüquqmüəyyənedici sənəd də bu maddədə nəzərdə tutulan “müqavilə”dir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinasında göstərilən dəlillərlə bağlı məhkəmə qeyd edir ki, bağın yerləşdiyi torpaq sahəsinin bir hissəsinin bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə əsasən digər bağların (2145a və 2146 saylı bağ sahələri) ərazisinə uyğun gəlməsi və keçid yolu nəzərə alınmaqla notariat qaydasında təsdiq edilmiş bölgü sxeminin təqdim olunması zərurəti iddiaçının iradəsindən asılı olan hal deyil və bu qəbildən olan uyğunsuzluğun mövcud olduğu halda, belə halın aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinə, «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 3-cü bəndinə (3.1.20) görə birbaşa hazırkı cavabdeh inzibati orqanın səlahiyyətlərinə aiddir.
11. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 1509/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının iddia tələbinin təmin olunmadığı hissədə ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil edir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:
8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:
68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə yoxlanılır.
21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
27. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:
29. İş materiallarına əsasən müəyyən edilmişdir ki, Bakı ŞİH başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X3 və İstismarı Birliyi ilə İddiaçı (bundan sonra – iddiaçı) arasında bağlanmış 30 dekabr 2003-cü il tarixli 15038 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən sahəsi 0,12 ha olan 2145 nömrəli bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir.
30. İddiaçı həmin bağ sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması ilə bağlı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir.
31. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, 1) göstərilən torpaq sahəsinin bir hissəsinin bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə əsasən digər bağların (2145a və 2146 saylı bağ sahələri) ərazisinə uyğun gəlir, müvafiq torpaq sahələri arasında arxiv cizgisinə uyğun olaraq, keçid yolu nəzərə alınmaqla notariat qaydasında təsdiq edilmiş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur; 2) bağ sahəsinin faktiki ölçüsü 0.1026 ha təşkil edir; 3) İdarənin arxivində mövcud olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 476/2008 saylı mülki iş üzrə 25 noyabr 2008-ci il tarixli qətnaməsi ilə Mərdəkan bağlar sahəsində yerləşən 2145 və 2146 saylı bağ sahələri arasında mövcud sərhəd hasarının sökülməsi, və s. qərara alınsa da, həmin qətnaməsi ilə İdarə üzərinə öhdəlik qoyulmamışdır.
32. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 0.12 ha olsa da, faktiki olaraq 0.1026 ha təşkil edir. Sahə üzərində tikili yoxdur. Bağ sahəsinin sərhədləri yol olan tərəfdən mişar daşı ilə hasarlanıb. Şimal tərəfdən bir qismi qonşu hasarla, qalan hissəsi isə qonşu hasarın bünövrəsi ilə ayrılıb. Həmçinin, qərb tərəfdən isə 2145a və 2146 saylı bağ sahələrinin hasarı ilə ayrılıb. Nümayəndənin şifahi məlumatına əsasən 2145a və 2146 saylı bağ sahibləri onun bağının ərazisinin bir hissəsini hasarlayaraq öz ərazilərinə birləşdiriblər. Mübahisə predmeti mövcuddur.
33. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 10/3841 nömrəli, 11 iyun 2025-ci il tarixli rəydə qeyd edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndis inventarlaşdırıcısı Salmanlı Toğrulun mütəxəssis rəyində qeyd edilir ki, göstərilən torpaq sahəsi (bağ sahası) sənəd üzrə 0.12 ha olsa da faktiki olaraq 0.1026 ha təşkil edir. Bağ sahəsinin sərhədləri yol olan tərəfdən mişar daşı ilə hasarlanıb, şimal tərəfdən bir qismi qonşu hasarla, qalan hissəsi isə qonşu hasarın bünövrəsi ilə ayrılıb. Həmçinin sahənin qərb tərəfdən 2145a və 2146 saylı bağ sahələrinin hasarı ilə ayrılıb. Torpaq sahəsinin üzərində tikili yoxdur. Bağların bölgüsünə dair sxematik xəritəyə və arxiv cizgisinə əsasən göstərilən sahənin bir hissəsi 2146a saylı bağın ərazisidir. Faktiki göstərilən 0.1026 ha torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olundu. Sözügedən bağ sahəsinin sənəd üzrə (müqavilədə) sahəsi 0.12 ha qeyd olunsa da lakin faktiki istifadədə olan torpağın sahəsi 0.1026 ha təşkil edir. Məsələ ilə bağlı olaraq bildiririk ki, sözügedən ərazidə hasarlanma işləri plan üzrə (bölgü sxemə uyğun aparılmadığından və bağ sahəsi koordinat sistemində verilmədiyindən, bağ sahəsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmadığından sahənin azalma səbəbini aydınlaşdırmaq mümkün olmadı.
34. Məhkəmə kollegiyası qeyd edir ki, zərbaycan Respublikası Torpaq Məcəlləsinin 84cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
35. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
36. Həmin Qanunun 25-ci maddəsinin (Keçid müddəaları) dördüncü hissəsinə görə bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir.
37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
38. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda.
39. Müvafiq bağ sahəsinin ölüçüsü ilə bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
40. Belə olan halda, məhkəmənin qənaətinə görə İddiaçı həmin bağın qanuni istifadəçisi kimi onun yerləşdiyi 0,1026 ha torpaq sahəsinin üzərində «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən mülkiyyət hüququ əldə etmişdir.
41. Hazırkı işin hallarına görə isə, hazırkı iddiaçının müvafiq bağ sahəsinə hüququnun mövcudluğu ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsinə əsaslanır və onun təqdim etdiyi hüquqmüəyyənedici sənəd də bu maddədə nəzərdə tutulan “müqavilə”dir.
42. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinasında göstərilən dəlillərlə bağlı məhkəmə qeyd edir ki, bağın yerləşdiyi torpaq sahəsinin bir hissəsinin bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə əsasən digər bağların (2145a və 2146 saylı bağ sahələri) ərazisinə uyğun gəlməsi və keçid yolu nəzərə alınmaqla notariat qaydasında təsdiq edilmiş bölgü sxeminin təqdim olunması zərurəti iddiaçının iradəsindən asılı olan hal deyil və bu qəbildən olan uyğunsuzluğun mövcud olduğu halda, belə halın aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinə, «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 3-cü bəndinə (3.1.20) görə birbaşa hazırkı cavabdeh inzibati orqanın səlahiyyətlərinə aiddir.
43. Bağ sahəsinin ölçüsünə gəldikdə isə, kollegiya qeyd edir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2145 nömrəli bağ sahəsinin 0,1026 ha ölçüdə hissəsi hazırda iddiaçının qanuni istifadəsində olduğundan, həmin hissəyə onun hüququ yaranmış olur.
44. Lakin torpaq sahəsinin qalan hissəsi ilə bağlı məhkəmə kollegiyası bildirir ki, iş materiallarına və ekspert rəyində bağların bölgüsünə dair sxematik xəritəyə və arxiv cizgisinə əsasən göstərilən sahənin bir hissəsi 2146a saylı bağın ərazisi olduğundan və həmin bağ sahəsinə dair mülkiyyət hüquq qeydə alındığından, yəni mülkiyyət hüququna dair qeyd ləğv edilmədiyindən sözügedən topaq sahəsinin 0,0174 ha ölçüdə olan hissəsinə dair mülkiyyət hüququnun qeydə alınması yalnız müvafiq torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasına əsas olmuş sənədlər və ya qeydiyyat orqanının səhv hərəkətləri nəticəsində aparılmış qeyd ləğv edildikdən sonra mümkündür. Belə ki, eyni torpaq sahəsinə dair hazırda qüvvədə olan daşınmaz əmlakın reyestrinə dair qeyd qüvvədə olduğu halda həmin torpaq sahəsinə dair təkrar qeydin aparılması mümkün deyildir. 45.Qeyd edilənlərə əsasən Kollegiya qeyd edir ki, birinci instasniya məhkəməsi torpağın 0,0174 ha ölçüdə olan hissəsinə münasibətdə iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
46. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1509/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. 47.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1509/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.