Məhkəmə qərarları › İş №2-1(103)-1370/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1370/2021

26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1370/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5325/2020 saylı 25 noyabr 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 26 may 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Ukrayna Respublikası, Kiyev şəhərinin Özəl Səhmdar Cəmiyyəti Ali Təhsil Müəssisəsi “X2ması Akademiyası” tərəfindən M17 seriyalı 077917 saylı 17.10.2017-ci il tarixdə verilmiş magistr diplomu üzrə 8.18010018“ inzibati idarəetmə, inzibati idarəetmədə ixtisaslaşma” istiqaməti üzrə ixtisasın tanınması öhdəliyinin icrasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5325/2020 saylı 25 noyabr 2020-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5325/2020 saylı 25 noyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadda qeyd edir ki, iddiaçı cavabdehə olan müraciətinə verilən cavabdan 1 il 2 ay müddət keçdikdən sonra məhkəməyə hazırki iddia ilə müraciət etmişdir. Əslində qanunvericilikdə nəzərdə tutulmuş müddət iddiaçı tərəfindən ötürülməmişdir. Cavabdeh tərəfindən onun müraciətinə imtina cavabı guya 01.05.2019-cu il tarixində verilsə belə, buna dair hər hansı bir tutarlı sübut təqdim olunmamışdır. İddia müddəti imtina cavabının verildiyi tarixdən deyil, imtina cavabının onun tərəfindən alındığı vaxtdan hesablanır. Məhkəmə qərardadında imtina məktubunun ona elektron kabinet vasitəsilə çatdırılması qeyd edilmişdir. Ancaq bu barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Onun diplomun tanınması haqqında müraciəti elektron formada deyil, kağız üzərində olan formada edildiyindən o da imtina məktubunun məhz kağız formasında veriləcəyini gözləmişdi. Həmçinin cavabdehin nümayəndələrinin verdikləri vədə görə imtina məktubu məhz qeydiyyatda olduğu poçt ünvanına göndəriləcəkdi. Lakin xeyli vaxt keçdikdən sonra imtina məktubu gəlməmiş və o, təkrarən müraciət etdikdə ona cavab məktubunun elektron kabinetində yerləşdirildiyi bildirilmişdir. İmtinanı aldıqdan sonra o, 30 gün müddətində iddia ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı, cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinnin və 3cü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Təhsildə X1rşı tələbi “Ukrayna Respublikasında fəaliyyət göstərən Özəl Səhmdar Cəmiyyəti Ali Təhsil Müəssisəsinin Ml7 seriyalı 077917 saylı 17.10.2017-ci il tarixli diplom üzrə ixtisasın tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının müraciətinə münasibətdə cavabdeh inzibati orqan tərəfindən 01.05.2019-cu il tarixdə imtina verilməsinə, həmin imtinanın iddiaçının elektron kabinetində yerləşdirilməsinə və onun iddiaçı tərəfindən oxunmasına baxmayaraq göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürməklə məhkəməyə müraciət edilməsinə əsaslanaraq iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddiaçının iddiasını qərardadında qeyd olunanlarla bağlı mümkün saymamaqla düzgün nəticəyə gəlməmişdir. Belə ki, apellyasiya baxışı zamanı müəyyən olundu ki, iddiaçının iddiasının mümkünlüyü məsələsinə baxarkən birinci instansiya məhkəməsi sonadək zəruri araşdırmanı aparmamışdır. Bu barədə qeyd olunması zəruridir ki, iddiaçı hazırki tələblə bağlı cavabdeh orqana müraciət etsə də, onun tələbinin təmin olunmasından imtina edilmişdir. Cavabdeh inzibati orqan həmin imtina məktubunun iddiaçının elektron kabinetinə yerləşdirildiyi vaxtdan qanunla müəyyən edilmiş müddət ərzində iddianın verilmədiyinə istinad edir. İş üzrə iddiaçının tələbinin məcburetmə haqqında iddia növünə aid olduğu nəzərə alınaraq qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırki işdən cavabdeh inzibati orqanın iddiaçıya elektron formada göndərdiyi 01.05.2019-cu il tarixli imtina məktubunun iddiaçı tərəfindən həqiqətən oxunduğu müəyyən olunmadığı halda, birinci instansiya məhkəməsi həmin imtina məktubu barədə iddiaçının nə vaxtdan məlumatlı olması (onu nə vaxt oxuması), həmin imtina məktubundan narazı qalıb hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş bir aylıq müddətin (iddia müddətinin) ötürülüb-ötürülmədiyini aydınlaşdırmadan, eyni zamanda iddia müddətinin ötürüldüyü halda bu müddətin ötürülməsinin üzrlü səbəblərlə bağlı olubolmadığını araşdırmadan, həmin müddətin bərpa edilməsinin mümkünlük məsələlərini müzakirə etmədən, bu barədə iddiaçıya müddətin bərpa edilməsinə dair müvafiq ərizəni vermək imkanının da olduğunu izah etmədən iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 25.11.2020-ci il tarixli qərardad Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələbləri pozulmaqla qəbul edildiyi üçün ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5325/2020 saylı 25 noyabr 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar