Məhkəmə qərarları › İş №2-1(103)-1370/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1370/2025

12.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1370/2025 12.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12728/2024 nömrəli, 23 noyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək kitabçasında qeyd olunmuş, yəni əmək fəaliyyətinə başlanan gündən etibarən xx.xx.2003cü il tarixədək olan həmin dövrlərin sığorta stajına daxil edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1959-cu il tarixdə doğulmuşdur. İddiaçı xx.xx.1976-cı il tarixdən etibarən əmək fəaliyyətinə başlamış və eyni yerdə işləmiş, bununda hamısı əmək kitabçasında öz əksini tapmışdır. İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması üçün Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir, lakin ona bildirmişdilər ki, təqdim etdiyiniz sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla sığorta stajınız 20 il 11 ay 22 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən Sizin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1998-ci il tarixdən xx.xx.2003- cü il tarixədək (1998-ci il tarixdə işə daxil olma əmri həftənin bazar gününə təsadüf etdiyindən) olan dövrün doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. Bu imtina iddiaçının qanunla qorunan hüquqlarının pozulması deməkdir. Belə ki, həmin dövrdə (1998-ci il tarixdə işə daxil olma əmri həftənin bazar gününə təsadüf etdiyindən) xidmət və təsərrüfat hesablı istehsalat sahələri vətəndaşlara həftənin altıncı və bazar günləri iş günü kimi xidmət göstərir, digər günlərdən növbəli şəkildə istirahət günü kimi işləmirdi. Bu formada iş qrafiki hətta digər qurumlarda belə rast gəlinən hal idi. İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cu il tarixədək İstehsalat və Təsərrüfat idarəsinin nəzdində atelyedə dərzi işləmişdir. Həmin illər onun əmək kitabçasında qeyd olunmuşdur. Lakin buna baxmayaraq cavabdeh təşkilat onun işlədiyi həmin illəri nəzərə almır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının “İddiaçı xx.xx.2024-cü il tarixdən (65 yaşdan) yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmununa uyğun olaraq, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası hüququnun yaranması üçün qanunla nəzərdə tutulan yaş həddinə 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdə çatmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; 2) azı 25 il sığorta stajı olduqda. Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlərdən heç birini ödəmir. Qanunun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Halbuki, iddiaçının fərdi şəxsi hesabında xx.xx.2006-ci il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının mübahisələndirilməyən sığorta stajı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla 20 il 11 ay 22 gün təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" ASC-də işlədiyini iddia etdiyi 5 il 4 ay 16 təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" ASC-də olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (1998-ci il tarixdə işə daxil olma əmri həftənin bazar gününə təsadüf etdiyindən) həmin dövrlər sığorta stajına əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının” 3.2-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək kitabçasında qeydlər - işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Qaydaların 3.4.cü maddəsinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Qaydaların 4.1-ci maddəsinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və qanunvericiliyin tələbləri baxımında İddiaçı yaşa görə əmək pensiyası hüququ yaranmır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12728/2024 nömrəli, 23 noyabr 2024-cü il tarixli qərarı ilə (hakim C.Quliyev) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, iddiaçının mübahisələndirilməyən sığorta stajı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla 20 il 11 ay 22 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" ASC-də olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (1998-ci il tarixində işə daxil olma əmri həftənin bazar gününə təsadüf etdiyindən) həmin dövrlər sığorta stajına əlavə edilməmişdir. Həftənin bazar günü qeyri-iş günüdür və iddiaçının həmin tarixdə işə daxil olduğunu təsdiq edən hər hansı bir təsdiqedici sənəd mövcud deyildir. Belə ki, iddiaçının işlədiyini iddia etdiyi illərə dair məlumatların həqiqiliyini müəyyən etmək üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı filialına ünvanlanan sorğuya xx.xx.2024-cü il tarixli 3-48-2F/2-1812/2024 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC-nin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Yuxarıda qeyd olunanlardan bir daha aydın olur ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-12728/2024 nömrəli qərarı iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmadan, onlara düzgün hüquqi qiymət verilmədən qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: - 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. - 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.1-ci maddəsinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 4.1.3cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun (əvvəlki redaksiya): - 2-ci maddəsinə əsasən, sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. - 12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. - 14.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. - 14.2-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. - 14.6-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı ödəmələri üzrə xərclər çıxıldıqdan sonra hər ay üçün sonrakı ayın əvvəlində nağd və ya nağdsız hesablaşma qaydasında ödənilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-ci il tarixədək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; Apellyasiya şikayətinin dəlillərinə münasibət: Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: - qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuşdur. İddiaçının 65 yaşı xx.xx.2024-cü ildə tamam olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən işin mübahisələndirilən halı iddiaçının 25 il sığorta stajına malik olmaması ilə bağlıdır. İddiaçının cavabdeh tərəfindən mübahisə edilməyən sığorta stajı 20 il 11 ay 22 gündür. İddiaçının cavabdeh tərəfindən hazırda mübahisə edilən staj dövrü iddiaçının xx.xx.1998-xx.xx.2003-cü illərdə "xxxx" ASC-də işlədiyi dövrləri əhatə edir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" ASC-də olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (1998- ci il tarixdə işə daxil olma əmri həftənin bazar gününə təsadüf etdiyindən) həmin dövrlər sığorta stajına əlavə edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin qeyd edilən imtina dəlilini əsassız hesab edir. Məhkəmə kollegiyası xx.xx.1998-xx.xx.2003-cü illərdə olan dövrlə bağlı əmək kitabçasının doldurulma qaydasının pozulması dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: (-). İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1 -ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir. 3-cü qrafada işin adı, peşəsi, yaxud vəzifəsi, həmçinin vahid tarif cədvəli üzrə əməyin ödənilməsi dərəcəsi konkret göstərilməklə hansı sexə, şöbəyə, bölməyə, sahəyə, peşə və ya vəzifəyə təyin edilməsi yazılır. İşçinin qəbul edildiyi işin, peşənin, yaxud vəzifənin adı haqqında qeyd fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatına və müvafiq sahələr üzrə fəhlə peşələrinin və qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçalarına və digər müvafiq sənədlərə əsasən aparılır. İşəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə, fəhlə və qulluqçuya yeni dərəcə verildikdə, ştat cədvəlində; vəzifələrdə, əmək şəraitinin şərtlərində dəyişikliklər aparıldıqda əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılır. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Cavabdehin istinad etdiyi eyni faktla bağlı qeyd olunmalıdır ki, işçinin əmək fəaliyyəti haqqında sənəddə yəni, əmək kitabçasında onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər işçinin (hazırda iddiaçının) deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Həmin səlahiyyətə uyğun olaraq müəssisə tərəfindən əmək kitabçasının doldurulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na uyğun olaraq tərtib edilmişdir. Belə ki, cavabdeh inzibati orqanın iş üzrə əsas gətirdiyi hal formal tələblərə əsaslanır və bu isə özlüyündə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edildiyi müəyyən olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birincisi, iddiaçının əmək kitabçası məlumatlarına əsasən onun işlədiyi xx.xx.1998-xx.xx.2003-cü illərə münasibətdə, "xxxx" ASC-nin məişət xidməti göstərməsi ilə əlaqədar istirahət günü də fəaliyyət göstərməsi heç də istisna olunan hal deyil və bu əmək qanunvericilyinin tələblərinə də zidd hesab edilmir. Belə ki, Azərbaycan Respublikasının xx.xx.1971-ci il tarixli Qanunu ilə təsdiq edilmiş AR Əmək Qanunları Məcəlləsinin 64-cü maddəsinə əsasən beşgünlük iş həftəsində işçilərə həftədə iki istirahət günü, altıgünlük iş həftəsində isə həftədə bir istirahət günü verilir. ... Əhaliyə xidmət lüzumu ilə əlaqədar olaraq ümumi istirahət günündə işin kəsilməsinin mümkün olmadığı müəssisələrdə, idarələrdə, təşkilatlarda (mağazalar, məişət xidməti müəssisələri, teatrlar, muzeylər və başqaları) istirahət günləri rayon (şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş hazırda qüvvədə olan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 107ci maddəsində də qeyd edilmişdir ki, fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir. Digər tərəfdən, hazırda qüvvədə olan Əmək Məcəllənin 81-ci maddəsinin 1-ci bəndi nəzərdə tutur ki, kargüzarlıq işini tənzimləmək məqsədi ilə zəruri hallarda bağlanmış əmək müqaviləsi qüvvəyə mindikdən sonra işəgötürənin mülahizəsinə əsasən onun əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilə bilər. Göründüyü kimi, işçinin işə qəbulu onunla bağlanmış əmək müqaviləsi ilə qüvvəyə minir, əmrin verilməsi isə işəgötürənin vəzifəsi deyil, əmək müqaviləsi bağlandıqdan sonra yalnız, öz mülhizəsi ilə ehtiva olunan hüququdur. Yəni, burada qanunverici tərəfindən əmək müqaviləsinin və əmrin iş günü və ya istirahət günündə rəsmiləşdirilməsinə hər hansı məhdudiyyət qoyulmur. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, işə daxil olma əmrinin həftənin bazar gününə təsadüf etməsi həmin əmrin etibarsızlığını və əmək kitabçasındakı qeydin mötəbərsizliyini ehtiva etmir. Beləliklə, iddiaçının 65 yaşının tamam olduğu tarixə 25 ildən çox ümumi iş stajı olmuşdur. Deməli, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan ikinci tələbi də ödəmişdir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçıya məxsus əmək kitabçasının əslinə baxış keçirilmişdir, iddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “mübahisəli dövr üzrə "xxxx" ASC-nin arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilməməsi” dəlili ilə bağlı qeyd edir ki, mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktika ondan ibarətdir ki, əmək pensiyasının təyinatında şəxsin 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən baş tutmaması, habelə müəssisənin müvafiq sənədlərinin (əməkhaqqı cədvəlləri, əmrlər və s.) aşkarlanmaması, arxivə (Dövlət Arxivinə) təhvil verilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiqlənməsindən asılı olmayaraq, bu hal özlüyündə müvafiq dövrdə qüvvədə olmuş qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamənin 2.10-cu bəndinə əsasən 2.10. İdarə, təşkilat və müəssisələrin fəaliyyəti nəticəsində yaranan və Milli arxiv fonduna daxil olan arxiv sənədləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən müddətlər başa çatdıqdan sonra daimi mühafizə üçün müvafiq dövlət arxivlərinə təhvil verilir. Göründüyü kimi qanunvericiliyə əsasən istər dövlət, istərsə də, qeyri dövlət təşkilatlarının arxivlərinin mühafizəsi müvafiq müəssisələr tərəfindən həyata keçirilməlidir (təhvil verilənədək). Müvafiq sənədlərin arxivə təhvil verilməməsi və arxivdə aşkar edilməməsi ümumiyyətlə həmin sənədlərin mövcud olmamasına əsas verən hal kimi qiymətləndirilə bilməz. Həmçinin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin sorğusuna əsasən cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş X1 pensiya işində olan ona məxsus əmək kitabçasının surətindən görünür ki, X3 da "xxxx" ASC-də işləmişdir və onun həmin müəssisədə əmək fəaliyyəti xx.xx.1998-xx.xx.2004-cü illəri əhatə edir. G.Adıgözəlovanın "xxxx" ASC-də işə qəbul edilmə barədə əmri də xx.xx.1998-ci il tarixdə verilmişdir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir: “...Sorğuda adıçəkilən X2 xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir və ödənilir. Sözügedən şəxsə pensiya təyinatı zamanı onun "xxxx" ASC-də olan əmək fəaliyyəti dövrləri nəzərə alınmışdır.” Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. Belə ki, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxsə yaşa görə əmək pensiyası təyinatı həyata keçirilmişdirmi, yaşa görə əmək pensiyası təyin edildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuşdurmu, yoxsa iddiaçının halında yaşa görə əmək pensiyası təyin edilmiş şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır? Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1842/2023 saylı xx.xx.2023-ci il tarixli qərarında məhkəmə hüquqi mövqeyini bu cür əsaslandırılmışdır: Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Hazırki işdən göründüyü kimi, cavabdeh inzibati orqan eyni faktiki və hüquqi əsaslara söykənən hallarla bağlı fərqli yanaşma sərgiləyərək bərabərlik prinsipinin tələblərini pozmuşdur, belə ki, cavabdeh iddiaçı ilə eyni faktiki və hüquqi əsaslara söykənən oxşar işdə şəxsə pensiya təyin etmiş, nəticədə iddiaçıya münasibətdə bərabərlik və etimad prinsiplərinin tələblərini pozmuşdur. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən, mübahisələndirilən iş stajı iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM- 73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12728/2024 nömrəli, 23 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar