Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1371/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Cavabdeh 11.07.2007-ci il tarixli 261 saylı sərəncamının ləğv olunması və onun mənzil növbəsinə bərpa olunması vəzifəsinin cavabdehə həvalə olunması barədə iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3581/2021 saylı 18 fevral 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh 11.07.2007-ci il tarixli 261 saylı sərəncamının ləğv olunması və onun mənzil növbəsinə bərpa olunması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh 10.02.1997-ci il tarixli 187 saylı sərəncamına əsasən 3 nəfər ailə tərkibi ilə, ümumi əsaslarla mənzil növbəsinə götürülmüşdür. Lakin ona məlum olmayan səbəbdən Cavabdeh 11.07.2007-ci il tarixli 261 saylı sərəncamına əsasən qanunsuz olaraq mənzil növbəsindən çıxarılmışdır. Bildirir ki, 2002-ci ildə ailə tərkibində artım olmuşdur. Hal-hazırda ailə tərkibi 4 nəfərdən ibarətdir. Həmçinin məlumat üçün bildirir ki, Silahlı Qüvvələrin ehtiyatda olan zabiti, Qarabağ müharibəsinin veteranıdır. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3581/2021 saylı 18 fevral 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: N.Abıyev) Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və inzibati iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsi tərəfindən müvafiq məhkəmə aktı qəbul edilərkən Azərbaycan Respublikası İPM-nin tələblərindən irəli gələn maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə mühüm əhəmiyyətli olan faktları tam araşdırmayaraq yekun nəticəyə gəlmişdir. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq iş üzrə iddiaçının izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, İddiaçı Cavabdeh 11.07.2007-ci il tarixli 261 saylı sərəncamının ləğv olunması və onun mənzil növbəsinə bərpa olunması vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Bakı filialından 27 noyabr 2020-ci il tarixdə rəsmi qaydada aldığı Cavabdeh başçısının 261 №-li 11.07.2007-ci il tarixli sərəncamının ləğv olunmasını xahiş etmişdir. Qeyd olunan iddia ərizəsi məhkəməyə göndərilməsi üçün 09.01.2021-ci il tarixdə poçta (AZ1078) təqdim olunmuş və həmin ərizə 14.01.2021-cu il tarixdə məhkəməyə daxil olmuşdur. Beləliklə, işin hallarından və sadalan normaların tələblərindən məlum olur ki, iddiaçı hazırda mübahisələndirdiyi sərəncamın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüş, yalnız müvafiq olaraq sərəncamı aldığı gündən 1 (bir) ay, 13 (on üç) gün sonra həmin sərəncamın qəbul olunduğu vaxtdan isə 24 il keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan Bakı şəhər Cavabdeh Başçısının 261 №-li 11.07.2007-ci il tarixli sərəncamından görünür ki, qeyd olunan sərəncamla ünvan 1 ünvanında yerləşən 96,3 kv.metr sahədən ibarət saylı evdə 6 nəfər ailə üzvü ilə yaşayan İddiaçı Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalarının 30-cu bəndinə əsasən yaşayış yerində mənzil növbəsindən çıxarılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Cavabdeh 07.11.2020-ci il tarixli 5/T-23-068 saylı məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının Cavabdehndə olmuş mənzil növbəsinin bərpa edilməsi və mənzillə təmin edilməsinə köməklik göstərilməsi barədə müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçı Cavabdeh Başçısının 10.02.1997-ci il tarixli, 15 №-li sərəncamı ilə 3 nəfər ailə tərkibi ilə mənzil növbəsinə götürüldüyü və Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalarınının 30-cu bəndinə əsasən (6 nəfər yaşayış sahəsi 96,3 kv.m olan mənzildə yaşadığına və adambaşına düşən yaşayış sahəsi 12 kv.m-dən çox olduğuna görə) Cavabdeh Başçısının 11.07.2007-ci il tarixli, 262 №-li sərəncamı ilə mənzil növbəsindən çıxarıldığı göstərilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən iddiaçı izahatında Cavabdeh başçısının 261 №li 11.07.2007-ci il tarixli sərəncamını Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Bakı filialından 27 noyabr 2020-ci il tarixdə rəsmi qaydada aldığını bildirmişdir. (səh:16) İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq, öz xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu halda iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu sübutetmə vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın mahiyyətindən görünür ki, iddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh 261 saylı 11.07.2007-ci il tarixli sərəncamın ləğv edilməsi barədə tələblə çıxış edərək, onun mənzil növbəsinə bərpa olunması vəzifəsinin cavabdehə həvalə olunmasını iddia edir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunmalıdır ki, mübahisələndirilən qərarın qəbul edildiyi zaman ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qüvvədə olan “Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat” adlanan XXVİİ fəslinin müddəalarına görə maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilərdilər (296.1-ci maddə.) Şəxs özünün hüquq və azadlıqlarının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (298-ci maddə) (Həmin fəsil 10 iyun 2011cil tarixli, 143 İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Prosessual Məcəllədən çıxarılmışdır). Həmçinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Bakı filialından 27 noyabr 2020-ci il tarixdə rəsmi qaydada aldığı Cavabdeh başçısının 261 №-li 11.07.2007-ci il tarixli sərəncamının ləğv olunması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə 09.01.2021-ci il tarixdə poçt vasitəsilə müraciət etmişdir. Göründüyü kimi iddiaçı hazırda mübahisələndirdiyi sərəncamın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstəlir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdı. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Kollegiya qeyd edir ki, iddiaçı mübahisələndirilən qərarın qəbul edildiyi zaman ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən həm Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, həm də sonradan qəbul edilmiş İnzibati Prosessual Məcəllənin tələbləri baxımından mövcud mübahisə üzrə pozulduğu iddia edilən hüququnun bərpası üçün iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli Qərarında göstərilmişdir ki, atılmalı olan formal addımları və şikayətin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin prinsipləri ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Avropa Məhkəməsi “Novakoviç Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi həmin qərarında məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən, hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Bu Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə tərəfindən işdə olan sübutlara əsasən hərtərəfli araşdırma aparılmış, işin müəyyən edilmiş həqiqi halları üzrə maddi hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı olan nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3581/2021 saylı 18 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1371/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1371/2021
22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver