Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1371/2024 13.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan X1rşı “kompensasiya ödənilməsi tələbinə dair" Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2223/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavadehlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Səbail Bələdiyyəsinin 1002 nömrəli 30 dekabr 2004-cü il tarixli sərəncamına əsasən iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması müqabilində bazar qiymətinə uyğun olaraq müvafiq kompensasiya məbləğinin İddiaçı ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 04 avqust 2023-cü il tarixli 2-1(112)-2223/2023 saylı qərardadı ilə iddia tələbi cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə münasibətdə mümkün sayılmamışdır. İddia tələbi aşağıdakılarla əsaslandırmışdır: “... Bakı Şəhəri Səbail Bələdiyyəsinin 1002 nömrəli 30 dekabr 2004-cü il tarixli, bələdiyyə ərazisində olan 1200 kv.metr torpaq sahəsinin vətəndaş İddiaçı adına sənədləşdirilməsi barədə sərəncamına əsasən, uzun müddət əvvəl abadlaşdırıb, daş hasara alıb bağ sahəsi kimi istifadə etdiyi Salyan şossesi, 32 ünvanında yerləşən 1200 kv.metr torpaq sahəsi İddiaçı adına sənədləşdirilmişdir. Bununla bağlı Bakı şəhərində 5- ci zona üzrə müəyyən edilmiş qiymət qaiməsindən çıxarış əsasında onunla Səbail Bələdiyyəsi arasında alqı-satqı aktı tərtib edilmişdir. Sərəncamın icrasına nəzarət Ərazi-inkişaf idarəsinin rəisi Q.Abbasova həvalə edilmişdir. Onun adına sənədləşdirilmiş 1200 kv.metr torpaq sahəsinin plan-sxemindən görünür ki, Səbail Bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahəsi Salyan Şossesi, 32 ünvanında “1001 Gecə” restoranı ilə üzbəüz ərazidə yerləşir. X2 təsərrüfat Şöbəsinin möhürü ilə 1002 nömrəli 30 dekabr 2004-cü il tarixli sərəncamın və planın əsli ilə düz olması təsdiq edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən reyestr nömrəsi **********57 olan çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, 32, ЗА küçəsi, 2D saylı 745.8 kv.metr sahə İddiaçı xüsusi mülkiyyətindədir. Qeyd olunan xüsusi mülkiyyətdə olan torpaq sahəsi dövlət ehtiyacları üçün alınmış ona məxsus Səbail Bələdiyyəsinin sərəncamı ilə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə qonşudur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş bölgü sxeminə görə iddiaçının xüsusi mülkiyyətində olan **********57 reyestr nömrəli 745.8 kv.metr torpaq sahəsinin sərhədi Salyan Şossesi “1001 Gecə” restoranı ilə üzbəüz, magistral yolun 6.50 metr aralı məsafədə yerləşir. Əldə edilmiş məlumata görə, Salyan şossesi magistral yolun çəkilməsi üçün torpaqların dövlət ehtiyacları üçün ayrılması ilə əlaqədar Nazirlər Kabineti müvafiq qərar qəbul etmişdir. İddiaçıya məxsus torpaq sahəsi magistral yolun çəkilməsi nəticəsində dövlət ehtiyacları üçün istifadə edilmiş, lakin İddiaçı məxsus torpaq sahəsinin dövlət ehtiyacları üçün ayrılmasına və istifadə edilməsinə baxmayaraq ona kompensasiya məbləği ödənilməmişdir. İnternet resurslarında aparılmış araşdırmalardan, Salyan Şossesi 32 ünvanında yerləşən magistral yolun çəkilməsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyala keçirilmişdir. Torpaq sahəsinin hasara alındığı divar da sökülmüş və bununla da iddiaçı qanuni sahibliyində olan əmlakdan məhrum edilmişdir. İddiaçı ona məxsus torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması müqabilində bazar qiymətinə uyğun olaraq müvafiq kompensasiya məbləğinin ödənilməsinə dair ərizələr ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə göndərilmiş, ərizələr həmin qurumlara çatdırılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli müraciətə cavab məktubunda göstərmişdir ki, müraciətdə qeyd olunan əmlaka həmin ərazidə həyata keçirilmiş yol-infrastruktur layihələri çərçivəsində dəymiş ziyana görə kompensasiya ödənilməsi məsələsinə yalnız həmin əmlak üzərində hüquqlarının dövlət reyestrində qeydə alınması barədə çıxarışın notarial qaydada təsdiq edilmiş surəti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə təqdim edildikdən sonra baxıla bilər. Dövlət və bələdiyyə mülkiyyətində olan əmlakın alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə olunan hüquqların dövlət qeydiyyatına alınması məcburidir və torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2223/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Azərbaycan respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir və məhkəmə icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmənin qərarıda iddiaçının ona məxsus torpaq sahəsinin alındığını iddia etdiyi dövrdə qüvvədə olan qanunvericiliyə əsasən satınalma qiyməti ilə bağlı iddianın məhkəmədə irəli sürülməsi üçün 1 illik iddia müddəti müəyyən edildiyini, iddiaçıının isə bu müddəti ötürməklə, 12 ildən çox müddət keçdikdən sonra kompensasiya tələbi ilə məhkəməyə müraciət etdiyini bildirməsi absurd hüquqi yanaşmadır. İddia müddətinin ötürülməsi ilə bağlı heç bir müzakirə, cavabdehlərin buna dair heç bir ərizəsi olmayıb. Qərarın təsviri-əsaslandırıcı hissəsində işin hallarının 2004-cü ilə təsadüf etdiyi üçün həmin dövrə aid qanunvericiliyə istinad edir. Əslində torpaqların dövlət ehtiyacları üçün ayrılması qaydalarına dair həmin dövrdə olan qanunlara istinad etmək olar. Yalnız bu işdə vətəndaşın fundamental mülkiyyət hüquqları pozulmuşdur, hazırki mərhələdə yeni qanunvericiliyin müddəları əsas götürülməlidir. Belə ki, hər bir halda indiki qanunvericilik 2000-ci ildə olan deyil, təkminləşib, vətəndaşın vəziyyətini yaxşılaşdırmağa yönəlib. Qanunun isə geriyə qüvvəsi bir halda mümkündür ki, onun vəziyyətini yaxşılaşdırsın və məsuliyyətini azaltsın. Məhkəmə bu iş üzrə iddianı təmin etmir, iddiaçının, ilk növbədə, pozulmuş konstitusion hüquqları bərpa edilmir, ikinici, həqiqətə nail olmaq mümkün olmur. Məhkəmə deyir ki, bələdiyyə torpağı vətəndaşa qanunsuz verilib, müvafiq prosedurlara əməl edilməyib. İddiaçı müraciət edib dövlətin təsis etdiyi bələdiyyə orqanına, pul ödəyib, hazırki tarixədək vergi ödəyib, ona torpaq ayırılıb. Torpaq ayrılma sənədlərində bələdiyyə orqanının rekvizitləri və möhürü vardır. İddiaçı bu sənədə etimad göstərir və qəbul edir ki, o, torpağa mülkiyyət sənədlərini əldə edib. Bələdiyyə torpaq ayrılması ilə bağlı sənədləşməni hansı formada aparması vətəndaş üçün maraqlı olmamalıdır, yəni X4 Komitəsinə məlumat verməli idi, eskiz layihə təqdim etməli idi. Bu prosedurların aparılması və ona nəzarət iddiaçının üzərinə düşməməlidir. Məhkəmə qərar qəbul edərkən, sadaladığı qanunun normalarını pozmaqla qanunsuz və əsassız nəticəyə gəlmişdir. Konstitusiya Məhkəməsinin X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarında açıq-aşkar qeyd edilib ki, bələdiyyə qərarının qəbul edilməsi, onun vətəndaşa münasibətdə qanuni olub-olmasına tam aydınlıq gətirib. İşin tədqiq edilmiş hallarından aydın olur ki, vətəndaşın mülkiyyət sənədləri qismində bələdiyyənin verdiyi və təsdiq etdiyi sərəncam, eskiz layihə vardır, bələdiyyə özü də bu faktı təsdiq edir. Yolun çəkilməsi ilə bağlı magistral düz həmin torpaq sahəsindən keçir, Dövlət Əmlak Komitəsi iddia edir ki, bu dövlət torpağıdır, kadastr məlumatlarında məlumatın olmadığını vurğulayır. Bir sözlə, vətəndaşın mülkiyyət hüquqları pozulur və məhkəmə qanunsuz və əsassız qərar qəbul edir...” Məhkəmə kollegiyasının hazırkı iclasının vaxtı və yeri barədə məlumat verilmiş tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixdə keçirilən iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil izahatında və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, bələdiyyə sərəncamı ilə 2004-cü ildə iddiaçıya ayrılmış torpaq sahəsinə çıxarış almaq mümkün olmayıb.Orda yol çəkilib. Daşınmaz əmlakdan isə deyirlər ki, dövlət torpağıdır, bələdiyyəyə aid olması barədə məlumat yoxdur. İşdə olan çıxarış iddiaçının yuxarı torpağıdır. Mübahisəli torpaq sahəsi isə 1001 gecə restoranı ilə üzbəüz yerləşir. Həmin sahə 12 sot olub. Hasarlanmışdır, söküblər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli 1002 nömrəli Sərəncamı ilə qərara alınmışdır ki, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda Bələdiyyə ərazisinə məxsus 1200 kv.metr torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vətəndaş İddiaçı adına sənədləşdirilsin, tərəflər arasında alqı-satqı aktının tərtib edilsin, İddiaçı tərəfindən alqı-satqı aktında göstərilən məbləğdə vəsaitin Səbail bələdiyyəsinin hesabına ödəsin...” Konkret halda, işin mübahisələndirilən hallarından göründüyü kimi, iddiaçı həmin torpaq sahəsinin Salyan şossesi magistral yolunun çəkilməsi zamanı dövlət ehtiyacları üçün alınan əraziyə düşdüyünü iddia edərək, bazar qiymətinə uyğun ona kompensasiya ödənilməsini tələb edir. Cavabdehin işə əlavə olunmuş birinci instansiya məhkəməsinin sorğusuna ünvanladığı xx.xx.2023-cü il tarixli 11-1/2-30xx-xx/2023 saylı cavab məktubunda isə bildirmişdir ki, 2006-2008-ci illər ərzində “Bakı-Ələt- Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 4-14-cü kilometr hissəsinin genişləndirilməsi” layihəsi keçmiş Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilmişdir. Sorğuda qeyd edilən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında İddiaçı ödənilən kompensasiya və sənədlər barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində hec bir məlumat aşkar edilmədi. Bununla əlaqədar sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin notarial qaydada təsdiqlənmiş surətlərinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə təqdim edilməsi xahiş olunmuş, lakin buna baxmayaraq, vətəndaş Agentliyə heç bir sənəd təqdim etməmişdir. Göründüyü kimi, sözügedən magistral yol 2006-2008-ci illərdə, yəni xx.xx.2010-cu il tarixdə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilənədək çəkilmişdir. 2010-cu ilədək torpaqların dövlət ehtiyacları üçün alınması Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin XV fəsli ilə tənzimlənirdi. Torpaq Məcəlləsinin qeyd oolunan fəslində, o cümlədən 70-ci maddəsinin 1-ci hissəsi nəzərədə tuturdu ki, mülkiyyətdə, istifadədə və icarədə olan torpaq sahələri dövlət ehtiyacları üçün geri alına bilər. Həmin Məcəllənin 4-cü hissəsinə əsasən xüsusi mülkiyyətdə olan torpaqların dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və şərtlərlə yol verilir. Mülki Məcəllənin 157.9-cu maddəsinə həmin dövrdə (2012-ci il tarixədək) qüvvədə olan redaksiyasına əsasən dövlət ehtiyacları və ya ictimai ehtiyaclar tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən bu məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı qəbul edir. Həmin Məcəllənin 246.3-cü maddəsinə əsasən torpaq sahəsinin alınması haqqında qərar qəbul etmiş icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Həmin Məcəllənin 248.1-ci maddəsinə əsasən dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi müvafiq icra hakimiyyəti orqanının bu Məcəllənin 246.1-ci maddəsində göstərilən qərarı ilə və ya satınalma qiyməti ilə razı olmadıqda bu barədə məhkəməyə müraciət edə bilər. Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi tərəfindən müvafiq icra hakimiyyəti orqanının bu Məcəllənin 246.1-ci maddəsində göstərilən qərarından məhkəməyə şikayət verildikdə, bu Məcəllənin 246.4-cü maddəsində nəzərdə tutulan müddətlərin axımı dayandırılır. Həmin Məcəllənin 248.2-ci maddəsinə əsasən torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında qərardan iddia bu Məcəllənin 246.3-cü maddəsində göstərilmiş bildirişin sahənin mülkiyyətçisinə göndərildiyi gündən, satınalma qiymətindən iddia isə bu Məcəllənin 247.1-ci maddəsində göstərilən ödəmənin həyata keçirildiyi gündən bir il ərzində verilə bilər. Göründüyü kimi, iddiaçının ona məxsus torpaq sahəsinin alındığını iddia etdiyi dövrdə qüvvədə olan qanunvericiliyə əsasən satınalma qiyməti ilə bağlı iddianın məhkəmədə irəli sürülməsi üçün 1 illik iddia müddəti müəyyən edilmiş, iddiaçı isə bu müddəti ötürməklə, 12 ildən çox müddət keçdikdən sonra kompensasiya tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə, iş materiallarına əsasən müəyyən olunur ki, həmin dövrdə mübahisəli torpaq sahəsinə dair iddiaçının qeydiyyatdan keçmiş hüququ mövcud olmamışdır. Halbuki, Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü hissəinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin 4-cü hissəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmçinin,qeyd edilməlidir ki, Səbail bələdiyyə sədrinin də təkbaşına həmin torpaq sahəsini iddiaçıya ayırmaq səlahiyyətinə də malik olmamışdır. Belə ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, orpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə”nin 1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Əsasnamənin 17-ci maddəsinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) göndərir. Həmin Əsasnamənin müvafiq icra hakimiyyəti orqanı (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Həmin Əsasnamənin 19-cu maddəsinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. ...; Konkret halda, iddiaçı, Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli 1002 nömrəli Sərəncamı ilə Səbail rayonu Salyan şossesi-32 ünvanda bələdiyyə ərazisinə məxsus 1200 kv.metr torpaq sahəsinin ona ayrıldığını iddia etsə də, iş materiallarından görünür ki, həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsi ilə bağlı bələdiyyə tərəfindən kollegial qərar qəbul edilməmiş, torpaq bələdiyyə sədrinin təkbaşına sərəncamına əsasən ayrılmış, torpağın tərəflər arasında alqı-satqısına dair müqavilə də bağlanmamış və həmin dövrdə fəaliyyətdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli orqanı tərəfindən torpaq sahəsinin planı (cizgisi) də hazırlanmamış, eləcə də, həmin sahənin sərhədlərinin yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilməmişdir. İşdə olan torpaq kadastr məlumatlarının daşıyıcısı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna, iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişinə və xx.xx.2020-ci il tarixli müəayinə aktına əsasən müəyyən olunur ki, iddiaçının naturada göstərdiyi mübahisəli torpaq sahəsi bələdiyyəyə və yaşayış məntəqələrinin torpaqlarına aid olmayan - sənaye nəqliyyat rabitə və müdafiə, digər təyinatlı dövlət mülkiyyəti torpağıdır. Adıçəkilən Əsasnamənin tələblərindən isə göründüyü kimi, bələdiyyə torpaqlarının mülkiyyətə istifadəyə və icarəyə verilməsi üçün birincisi, torpaq bələdiyyə torpağı olmalı, ikincisi, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra, bələdiyyə üzvlərinin iclasında qəbul edilmiş kollegiаl qərarı əsassında verilə bilər. İşə əlavə olunmuş birinci instansiya məhkəməsin müvafiq sorğularına verilmiş cavab məktublarından isə görünən odur ki, Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli, 1002 nömrəli Sərəncamı ilə Səbail rayonu, Salyan şossesi, 32 ünvanda mübahisəli torpaq sahəsinə dair nə Bələdiyyələrlə iş Mərkəzində, nə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində, nə Kadastr və Yerquruluşu Layihə-Tədqtiqat” Mərkəzində bələdiyyə ərazisi olması barədə hər hansı bir məlumat aşkar olunmamışdır. Bundan əlavə qeyd olunmalıdır ki, işdə olan 004363 qeydiyyat nömrəli, xx.xx.2005-ci il tarixli Mülkiyyət hüququ haqqında Şəhadətnamədən görünür ki iddiaçı Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 336,7 kv.metr qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olmuş, 29. xx.xx.2013-cü il tarixli 4490 nömrəli Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən satıcı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi xx.xx.2005-ci il tarixli 004363 saylı “Mülkiyyət hüququ haqqında” şəhadətnaməyə əsasən onun adına qeydiyyata alınmış, həmin qeyri-yaşayış binasının yerləşdiyi 4005,5 kv.metr torpaq sahəsi də iddiaçıya satılmışdır. İşə əlavə ollunmuş ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32, 3A küçəsi, 2 ünvanında yerləşən ümumi sahəsi 336,7 kv.metr olan qeyriyaşayış sahəsi və ölçüsü 0,40055 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınmış, həmçinin ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, ünvan 8 ünvanda yerləşən 0,0746 ha torpaq sahəsi də iddiaçının xüsusi mülkiyyətindədir. Göründüyü kimi, iddiaçı 2005-ci ilin yanvar ayından istifadəsində olan 0,40 ha torpaq sahəsini 2013-cü ildə dövlət torpağı kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə alqı-satqı müqaviləsi bağlayaraq özəlləşdirmişdir. Başqa sözlə Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən torpaqların dövlət mülkiyyətinə aid torpaqlar olduğundan məlumatı olmuşdur. Beləliklə, işin sadalanan halları ilə müəyyən olunur ki, iddiaçının kompensasiya ödənilməsini tələb etdiyi torpaq sahəsi dövlət torpağı olduğu halda, Səbail Bələdiyyəsi sədrinin xx.xx.2004-cü il tarixli sərəncamı qanuni olmamışdır. Həmçinin həmin sərəncamdan sonra iddiaçı ilə alqı-satqı müqaviləsinin bağlanması, əmlakın dəyərinin iddiaçı tərəfindən ödənilməsi, həmin torpaq sahəsinin naturada iddiaçıya təhvil verilməsi, ümumiyyətlə sərəncamda göstərilən sahənin iddiaçının hazırda iddia etdiyi magistral yolun çəkilməsi üçün alınan sahə olması müəyyən edilmir. Birinci instansiya məhkəməsinin qərarından da məhz görünür ki, iş üzrə hərtərəfli araşdırma aparılmış, işin sübutlarla müəyyən edilən hallarına, maddi və prosessual hüquq normalarına uyğun olan nəticəyə gəlinmişdir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiaysı, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2223/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2223/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1371/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1371/2024
13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver