Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1372/2022 29.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi ilə, İddiaçınınn nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi Hüsiyev Araz Oktay oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “torpağın 143955 (yüz qırx üç min doqquz yüz əlli beş) manata iddiaçıya satılması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5981/2021 saylı, 08 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvandakı avtobazanın yerləşdiyi 6099.8 kv.m torpaq sahəsinin “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 saylı Fərmanının 2-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin 6-cı bəndinə uyğun olaraq 143955 (yüz qırx üç min doqquz yüz əlli beş) manata İddiaçı satılması vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5981/2021 saylı, 08 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaq sahəsinin satın alınması ilə bağlı iddiaçıya 17 noyabr 2016-cı il, **********47 nömrəli bildiriş göndərilmiş, lakin iddiaçının hərəkətsizliyi səbəbindən torpaq sahəsinin özəlləşdirilməsi həyata keçirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.10.2016-cı il tarixli, 377 nömrəli Qərarı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə yeni 6-1-ci bənd əlavə edilmiş və həmin norma özəlləşdirilmiş müəssisə və ya obyektlərin yerləşdiyi torpaq sahəsinin qiymətinin bazar dəyərinə uyğun hesablanması üçün hüquqi əsasdır. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin tələbinə uyğun olaraq mübahisəli torpaq sahəsi satın alınması üçün iddiaçıya təklif olunan zaman (17 noyabr 2016-cı il, **********47) artıq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.10.2016-cı il tarixli 377 nömrəli Qərarı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə yuxarıda qeyd olunan müvafiq dəyişiklik olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin 02 iyul 2003-cü il tarixli 2-1188/2003-cü il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin üzərinə ünvan 2 ünvandakı avtobazanın yerləşdiyi 7504,36 kv.metr torpaq sahəsinin iddiaçıya satılması və torpağa mülkiyyət hüququna dair şəhadətnamənin verilməsi vəzifəsi qoyulmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2007-ci il tarixli, 1MK-703/2007 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, lakin məhkəmə qətnaməsi avtobazanın yerləşdiyi sahənin ölçüləri hissəsində dəyişdirilərək cavabdehin üzərinə avtobazanın yerləşdiyi 6099,1 kv.metr torpaq sahəsinin iddiaçıya satılması və torpağa mülkiyyə hüququna dair şəhadətnamənin verilməsi vəzifəsi qoyulmuş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 18.06.2008-ci il tarixli 2-(102)- 1231 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmışdır. Məhkəmə qərarları icra olunmadıgından iddiaçının Avropa İnsan Hüquqları Məhkəməsinə şikayəti qəbul edilərək 03.05.2018-ci il tarixli “Ramixanov və digərləri Azərbaycana qarşı iş” üzrə (Şikayət № 31732/08 və 19 digəri - əlavə edilmiş siyahıya baxın) qərarı ilə iddiaçının barəsində qəbul edilmiş yerli məhkəmə qətnaməsinin 9 il 9 ay müddətində icra edilmədiyi Konvensiyanın 6-cı maddəsinin 1 saylı bəndinin və 1 saylı Protokolunun 1-ci maddəsi pozuntusu kimi tanınaraq cavabdeh Dövlətə icrasını gözləyən yerli məhkəmə qərarlarının icrasını 3 ay müddətində müvafiq vasitələrlə təmin etməsi həvalə edilmişdir. İddiaçı tərəfindən 25 avqust 2020-ci il tarixli məktubla cavabdeh quruma müraciət edilərək, qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icra olunaraq, torpaq sahəsinin iddiaçıya satılması və torpağa mülkiyyət hüququna dair şəhadətnamənin verilməsinin təmin edilməsi xahiş edilsə də, cavabdehin 10 sentyabr 2020-ci il tarixli, **********65 saylı imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin 17 noyabr 2016-cı il tarixli, **********47 nömrəli bildiriş məktubu ilə mülkiyyətində olan daşınmaz əmlakın yerləşdiyi və daşınmaz əmlakın dövlət reyestrinin məlumatına əsasən dəyəri 7.320.000 manat təşkil edən istifadəsində olan dövlətə məxsus 6,099.8 kv.m torpaq sahəsinin satın alınması iddiaçıya təklif olunmasına baxmayaraq tərəfindən münasibət bildirilmədiyindən məhkəmə qərarının icrası mümkün olmamışdır. Hazırki iddia tələbi üzrə iddiaçı torpaq sahəsinin dəyərinin satılma barədə məhkəmə qərarının çıxarıldığı zaman, yəni 2008-ci ildə qüvvədə olan qanunvericiliyə uyğun müəyyən edilməsini tələb edərək torpaq sahəsinin “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 saylı Fərmanının 2-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin 6-cı bəndinə uyğun olaraq 143955 (yüz qırx üç min doqquz yüz əlli beş) manata satılması vəzifəsinin cavabdeh qurumun üzərinə qoyulmasını tələb edir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi nəticəsini onunla əsaslandırmışdır ki, “... cavabdehin heç bir detallı ekspert qiymətləndirmə hesabatını təqdim etmədiyi bəlli olur. Cavabdehin 17.11.2016-cı il tarixli, **********47 nömrəli bildirişində əks olunan qiymət isə (daşınmaz əmlakın yerləşdiyi və daşınmaz əmlakın dövlət reyestrinin məlumatına əsasən - dəyəri 7.320.000 manat) heç bir rəyə əsaslanmadan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.10.2016-cı il tarixli 377 nömrəli Qərarı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə yeni məzmunda 6-1-ci hissə əlavə edildiyinə istinadən torpaq sahələsinin normativ qiymətinin daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı oldugundan qiymətləndirilməsinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq müəyyən edildiyinə əsaslanır. Avropa Məhkəməsinin 03.05.2018-ci il tarixli qərarı ilə iddiaçının barəsində müvafiq daxili məhkəmə icraatı başa çatdıqdan sonra 9 il 9 ay müddətində icra edilmədiyi və yerli məhkəmə qərarının 3 ay müddətində icra olunması vəzifəsinin cavabdehin üzərinə qoyuldugu halda, cavabdeh eyni mövqeyini 10 sentyabr 2020-ci il tarixli, **********65 saylı imtina məktubu ilə də iddiaçıya təkrarlamışdır. İddiaçının hesabatına gəldikdə, məhkəmə qeyd edir ki, iddiaçı Əsasnamənin 6-cı bəndinə uyğun olaraq 143955 (yüz qırx üç min doqquz yüz əlli beş) manata, yəni Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 18.06.2008-ci il tarixli 2(102)-1231 saylı qərarının qüvvəyə mindiyi dövrdə hazırlanmış hesabata davamlı olaraq istinad etmişdir.” İşdən göründüyü kimi, hazırki mübahisənin mahiyyəti üzrə qəbul edilmiş qanuni qüvvəsini almış əvvəlki məhkəmə qərarları ilə cavabdehin üzərinə iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin ona satılması və şəhadətnamənin verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə əsasən: Bu Əsasnamə “Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə və qüvvədə olan digər müvafiq normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiymətini müəyyən edir.
2. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələri iki hissəyə bölünür: texniki pasportlarında göstərilmiş bina və əsaslı tikililərin altında yerləşən torpaq sahələri (bundan sonra - tikinti altındakı torpaq sahələri) və bu kateqoriyaya aid edilməyən torpaq sahələri (bundan sonra - sərbəst torpaq sahələri). Özəlləşdirilən tikintisi yarımçıq qalmış obyektlərə ayrılmış dövlət torpaq sahələri də iki hissəyə bölünür: üzərində tikintisinə başlanılmış və tikintisi yarımçıq qalmış bina və əsaslı tikililərin altındakı torpaq sahələri (bundan sonra - tikinti altındakı torpaq sahələri) və bu kateqoriyaya aid edilməyən torpaq sahələri (bundan sonra - sərbəst torpaq sahələri).
3. Torpaq sahələrinin normativ qiymətini müəyyən etmək üçün Bakı şəhəri və onun ətrafındakı torpaq sahələri 12 zonaya, Sumqayıt və Gəncə şəhərləri 6 zonaya, Naxçıvan, Xankəndi, Əli Bayramlı, Mingəçevir, Lənkəran, Yevlax və Şəki şəhərləri 4 zonaya, Naftalan, Şamaxı, Qazax, Şəmkir, Salyan, Cəlilabad, Quba, Xaçmaz, Zaqatala və Göyçay şəhərləri 3 zonaya, digər rayon mərkəzlərinin 2 zonaya bölünərək 1-5 nömrəli Əlavələrdə göstərilən müvafiq zona əmsalları tətbiq edilir.
4. Əmlak Məsələləri Dövlət Komitəsi torpaq sahələrinin bu Əsasnamənin 1-6 nömrəli əlavələrində göstərilən zonaların sərhədlərini Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və rayon (şəhər) icra hakimiyyəti orqanları ilə razılaşdıraraq təsdiq edir.
6. Sərbəst torpaq sahələrinin normativ qiyməti müəyyən edilərkən 1-6 nömrəli əlavələrdə göstərilən əmsallar 7 nömrəli əlavədəki zonaların bazis qiymətinə vurulmaqla müəyyən edilir. Qərara 1 nömrəli əlavədə Bakı şəhəri və onun ətrafı üzrə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiymətinin müəyyən edilməsində tətbiq olunan aşagıdakı zonalar və əmsallar göstərilmişdir. Qərarın 6-cı bəndinə əsasən, torpaq sahələrinin normativ qiyməti müəyyən edilərkən 1-6 nömrəli əlavələrdə göstərilən əmsalların 7 nömrəli əlavədəki zonaların bazis qiymətinə vurulmaqla müəyyən edilməsi təsbit edilmişdir. İş materiallarından müəyyən edilir ki, iş üzrə yuxarıda qeyd edilən müvafiq məhkəmə qərarlarının qəbul edilməsi zamanı torpaq sahəsinin iddiaçıya satılmalı olduğu qiymət müəyyən edilməmişdir. Hazırda isə işin yuxarıda sadalanan hallarından göründüyü kimi, cavabdeh orqan torpaq sahəsinin satış qiymətinin cari zamanda qüvvədə olan qanunvericiliyə uyğun, iddiaçı isə torpaq sahəsinin ona satılmasını qət edən müvafiq məhkəmə qərarının qüvvəsini aldığı tarixdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun (Bakı şəhərində 5 zonada (tətbiq edilən əmsal - 5.9) yerləşdiyindən qiyməti 7 saylı Əlavədə göstərilən bazis qiymətinə (hər 100 kv.m. üçün 400 manata) vurulmaqla) müəyyənləşdirilməli olmasını hesab edir. Cavabdeh apelyasiya şikayətindəki mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı hüquq münasibətinin yarandığı vaxt torpağa istifadə hüququnun yarandığı zaman deyil, alqı-satqı müqaviləsinin bağlanacağı zamandır. Məhkəmə kollegiyası qeyd edir ki, əvvəlki qanunvericiliyə uyğun qəbul edilmiş inzibati aktın əsaslılığının yoxlanılması zamanı hansı qanunvericiliyin tətbiq edilməli olması konkret işin hallarından asılı olaraq müəyyən edilməlidir. Kollegiya hesab edir ki, mübahisələndirmə haqqında iddia üzrə inzibati işlərə baxılarkən, bir qayda olaraq, inzibati aktın qəbul edildiyi, öhdəliyin icrası və məcburetmə haqqında iddialar üzrə mübahisələrə baxılarkən isə məhkəmə qərarının qəbul edildiyi vaxt qüvvədə olan qanunvericilik tətbiq edilməlidir. İşdən göründüyü kimi, iddiaçının hazırki iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aid olmaqla, müvafiq torpaq sahəsinin əvvəlki qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş qiymət əsasında ona satılması və müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə baxışının predmeti olan hüquq mübahisəsi cari qanunvericlik normalarının tələblərinə uyğun tənzimlənməlidir. AR Nazirlər Kabinetinin 05.10.2016-cı il tarixli, 377 nömrəli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 6-1-ci hissə əlavə edilsin: “6-1. Torpaq sahələrinin bu Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.” Göründüyü kimi, Əsasnaməyə, yeni 6-1-ci bənd əlavə edilmiş və həmin norma özəlləşdirilmiş müəssisə və ya obyektlərin yerləşdiyi torpaq sahəsinin qiymətinin bazar dəyərinə uyğun hesablanması üçün hüquqi əsasdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cü maddəsinə əsasən, qiymətləndiricinin qiymətləndirmə fəaliyyəti haqqında mövcud qanunvericilik çərçivəsində qiymətləndirmənin forma və metodlarını müstəqil seçmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçı R. Süleymanovun mülkiyyətində olan daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin satış qiymətinin cari qanunvericiliyə uyğun hesablanması qanuni və əsaslı olmuşdur. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsaslı olduğundan şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilərək, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5981/2021 saylı, 08 dekabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “ünvan 1 ünvandakı avtobazanın yerləşdiyi 6099.8 kv.m torpaq sahəsinin “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 saylı Fərmanının 2-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin 6-cı bəndinə uyğun olaraq 143.955 (yüz qırx üç min doqquz yüz əlli beş) manata İddiaçı satılması vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması” barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə