Məhkəmə qərarları › İş №2-1(103)-1372/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1372/2024

29.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1372/2024 29.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4295/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraatlar: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırlmışdır ki, o, xx.xx.1994-cü il tarixdə Şərur rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.1995-ci il tarixdən xx.xx.1997- ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir. Azərbaycan Respublikasının “müharibə veteranı” adı və vəsiqəsini almağı üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Aparatı nəzdində yaradılmış “Müharibə Veteranı” adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyanın sədrinə 3 dəfə ərizə ilə müraciət etmişdir. Verilən cavab məktublarında 2017ci ildə Komissiya tərəfindən ərizəyə baxıldığını və hərbi hissəni özbaşına tərk etdiyinə görə müsbət qərar verilmədiyi üçün sənədlərin geri göndərilməsi qeyd olunur. Halbuki, onlara 3cü ərizədə Nazirlər Kabinetinin 216 nömrəli qərarının tələblərinin pozulduğu bildirilərək İddiaçı barəsində cinayət işinin olmadığı bildirilmiş və həmin qərarın şərtlərinə əsasən hərbi hissəni özbaşına tərk edənlərə yox, hərbi hissəni özbaşına tərk etdiyinə görə barələrində cinayət işi olanlara şamil edilmədiyini qeyd etmişdir. Hərbi hissənin yerləşdiyi ərazi üzrə hərbi prokurorluğa məktub yazaraq barəsində cinayət işinin olmamasına dair məktub almışdır. Bütün bunlara baxmayaraq Müdafiə Nazirliyinin Mərkəzi Aparatı nəzdində yaradılmış “Müharibə Veteranı” adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyası müraciətinə düzgün baxmamış və məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(122)-245/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4295/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin Mərkəzi Aparatı nəzdindəki Komissiyanın rədd cavabı hərbi hissəni özbaşına tərk etməyi ilə əsaslandırılmışdır. Halbuki bütün xidmətdə olduğu müddət ərzində heç bir dəfə də olsun belə hal olmamışdır və həmin qadağa hərbi hissəni özbaşına tərk edənlərə yox barələrində özbaşına tərk etmə ilə bağlı cinayət işi olanlara şamil edilir. O xidmətdə olduğu yerin hərbi prokurorluq orqanlarına müracət edərək belə cavab almışdır ki, barəsində hərbi hissəni özbaşına tərk etmə ilə bağlı heç bir cinayət işi olmamışdır. Komissiyanın hansı əsasla hərbi hissəni özbaşına tərk etməyi qənaətinə gəlməsi başa düşülən deyil. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu, bu səbəbdəndə təmin edilməməsini, mübahisələndirilən məhkəmə qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – Cavabdeh) müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2022-ci il tarixli 4/3-9463 saylı cavab məktubunda bildirmişdir ki, ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2017-ci il və təkrar xx.xx.2017-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. N nömrəli hərbi hissə tərəfindən verilən 2N nömrəli xx.xx.2016-cı il tarixli arayışa əsasən hərbi hissəni özbaşına tərk etdiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi ilə yekunlaşmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq apellyasiya şikayətini əsaslı hesab edərək aşağıdakıları qeyd etməyi zəruri bilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 37.2ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Göründüyü kimi, “Müharibə veteranı” statusunu alması üçün hərbi qulluqçu döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməli, hərbi xidmət keçməsini sübut edən sənədləri mövcud olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli, N nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1997- ci il tarixədək 754, 756, 705, N və N nömrəli hərbi hissələrdə müddətli həqiqi hərbi xidmət keçib. Xidmət dövründə döyüş bölgəsinə ezam olunması və döyüşlərdə iştirakı haqqında məlumat yoxdur. O, N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 360 nömrəli əmri ilə “Payız” sərhəd məntəqəsini özbaşına tərk etdiyi üçün yemək qeydiyyatından çıxarılıb və xx.xx.1997-ci il tarixli N nömrəli əmri ilə hərbi hissəyə qayıtdığı üçün yemək qeydiyyatına alınıb. xx.xx.1997-ci il tarixli 329 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılaraq xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılıb. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 4/2-1881 saylı məktubundan görünür ki, N nömrəli, N nömrəli, N nömrəli və N nömrəli hərbi hissələrin sənədləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmadığı üçün İddiaçı xidməti barədə araşdırma aparılması mümkün olmamışdır. Birinci instansiya məhkəməsi qeyd edilən sənədlərə istinad edərək bildirmişdir ki, iddiaçı xidmət yerini özbaşına tərk etmişdir, həmçinin iddiaçının xidmət dövründə döyüş bölgəsinə ezam olunması və döyüşlərdə iştirakı haqqında hər hansı məlumat mövcud deyil. Məhkəmə kollegiyası qeyd edilən mövqe ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları hərtərəfli araşdırılmamışdır. Belə ki, apellyasiya instansiya məhkəməsində aparılan araşdırma zamanı Müdafiə Nazirliyi tərəfindən Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda 7N (,,) nömrəli hərbi hissələrin xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmış, N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə qeydiyyat aparılmamışdır. Göründüyü kimi, qeyd edilən hərbi hissələrin döyüş əməliyyatları aparan hərbi hissələr olduğu cavabdeh tərəfindən göndərilən məktubla öz təsdiqini tapmışdır. İddiaçı isə xx.xx.1994-cü il tarixdən xx.xx.1997- ci il tarixədək 754, 756, 705, N və N nömrəli hərbi hissələrdə müddətli həqiqi hərbi xidmət keçməsi iş materialları ilə öz təstiqini tapmışdır. Həmdə qeyd edilməlidir ki, qeyd edilən hərbi hissələrdə iddiaçının xidmət keçməsi, həm hərbi bileti ilə təstiqlənir, həm də bu hal cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdehin imtinasının əsasını N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 360 nömrəli əmri ilə “Payız” sərhəd məntəqəsini özbaşına tərk etdiyi üçün iddiaçının yemək qeydiyyatından çıxarılmasını göstərən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli, N nömrəli arxiv arayışı təşkil edir. Kollegiya qeyd edir ki, Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər o halda müharibə veteranı adını qazana bilməzlər ki, həmin şəxslər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etsinlər. Lakin cavabdeh və birinci instansiya məhkəməsinin istinad etdiyi sözügedən arxiv arayışından görünür ki, iddiaçının N nömrəli hərbi hissəni özbaşına tərk etdiyini göstərən dövr atəşkəs olduqdan sonrakı dövrdür. Odur ki, bu hal iddiaçıya müharibə veteranı adınının və vəsiqəsinin verilməsindən imtina üçün əsas ola bilməz. Əlavə olaraq Kollegiya qeyd edir ki, məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında hərbi hissəni özbaşına tərk etmədiyini, kəşfiyyat xarakterli məqsədlə getdiklərini və geri qayıtdıqlarını bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarında olan sənədlərə əsasən iddiaçının izahatında qeyd etdiklərinin həqiqətə uyğun olduğu qənaətindədir. Belə ki, iş materiallarından iddiaçının xx.xx.1997-ci il tarixli 20 nömrəl əmr ilə yenidən yemək qeydiyyatına alındığı və barəsində hər hansı cinayət işinin başlanmadığı müəyyən edilir. Beləliklə, qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə 7N (,,) nömrəli hərbi hissələrin tərkibində xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı öz təsdiqini tapdığından iddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbində haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilməli, iddia təmin olunmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4295/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar