Məhkəmə qərarları › İş №2-1(103)-1373/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1373/2022

18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1373/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “torpaq sahələrinə və mənzilə qoyulmuş məhdudiyyətin ləğv edilməsi“ tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X1-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “torpaq sahələrinə və mənzilə qoyulmuş məhdudiyyətin ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1067/2022 saylı 13 yanvar 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 may 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Feyzi qızı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ünvan 3 ünvanında yerləşən torpaq sahəsinə, 358 saylı bağ sahəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə, ünvan 4 ünvanında yerləşən mənzilə tətbiq etdiyi məhdudiyyətin ləğv edilməsi öhdəliyinin qoyulması və mülkiyyət hüququnun pozuntusunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-4715/2019 saylı 07.10.2019-cu il tarixli qətnaməsi əsasında Bakı şəhəri 21 saylı notariat ofisinin notarusu tərəfindən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsinə və 258 saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinə, ünvan 5 ünvanında yerləşən 3 otaqlı yaşayış sahəsi 80 kv.m. olan mənzilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Şəhadətnamələr üzrə dövlət reyestrindən çıxarış alınması üçün “Asan Xidmətə” müraciət etdikdə iddiaçıya həmin əmlaklar üzrə dövlət reyestrindən çıxarış verilməsindən şifahi olaraq imtina edilərək bildirilmişdir ki, həmin əmlaklar üzərində Daxili İşlər Nazirliyi tərəfindən müvəqəti məhdudiyyətlər qoyulmuşdur. Onun heç bir hüquqi və fiziki şəxs qarşısında öhdəliyi olmadıgından həmin əmlakların üzərinə məhdudiyyətlərin qoyulmasının heç bir əsası yoxdur. Müvəqqəti məhdudiyyətin ləğv edilməsi üçün 05.04.2021-ci il tarixdə cavabdeh orqana ərizə ilə müraciət etsə də, onun müraciətinə cavab verilməmiş və məhdudiyyət ləğv edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1067/2022 saylı 13 yanvar 2022-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun hər hansı cinayət işinə aidiyyəti yoxdur, heç bir cinayət işində cavabdeh olmamışdır. Ona görə də məhkəmənin qərardadı qanunsuz və əsassızdır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1373/2022 saylı 18.05.2022-ci il tarixli qərardadı ilə işə cəlb edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 3-cü şəxs kimi prosesdə iştirakına lüzum qalmadığı üçün onun iştirakına xitam verilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Əvvəla qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırki işdə məhkəmə sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi **********07 saylı 03.12.2021-ci il tarixli məktubun məzmunundan görünür ki, iddiaçının vərəsəlik hüququ üzrə qeydiyyata almaq niyyətində oldugu əmlakların üzərinə Daxili İşlər Nazirliyinin 02.11.2015- ci il tarixli 1/232m nömrəli məktubu ilə məhdudiyyət qoyulmuşdur. İddiaçı həmin məhdudiyyətin ləğv edilməsini və mülkiyyət hüququnun pozuntusunun tanınmasını tələb edir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə məhdudiyyətin Daxili İşlər Nazirliyinin 1/232m saylı 02.11.2015- ci il tarixli məktubu ilə qoyulmasına, cinayət işi və ya cinayət təqibi ilə bağlı təhqiqat, istintaq, prokurorluq orqanları tərəfindən qəbul edilən qərarlar və hərəkətlər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia və ya şikayət qaydasında ayrıca iddia (şikayət) verməklə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməməsinə əsaslanaraq iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarının 7.2-ci və 15.3-cü bəndlərində qeyd edilmişdir ki, “......«İnzibati icraat haqqında» Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.... Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Həmin Qanunun 2.0.3-cü maddəsinin tələbinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Yuxarıda da qeyd olunduğu kimi, adı çəkilən Qanunun 3-cü maddəsinə görə bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Bununla yanaşı, bu Qanunun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmadığı göstərilir. İddia ərizəsindən göründüyü kimi, iddiaçının tələbi vərəsəlik hüququ əsasında ona keçmiş daşınmaz əmlaklar üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi ilə bağlı olmuşdur. İşə birinci instansiya qaydasında baxılarkən məhkəmə sorğusuna əsasən DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sözügedən məhdudiyyətin Daxili İşlər Nazirliyinin 02.11.2015-ci il tarixli 1/232m nömrəli məktubu ilə qoyulduğu bildirilsə də, sonuncunun adı çəkilən məktubunun nə ilə bağlı olduğu araşdırılmamışdır. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün Daxili İşlər Nazirliyinin məhdudiyyət qoyulmasına dair 02.11.2015-ci il tarixli 1/232m nömrəli məktubun təsdiq olunmuş surətinin və həmin məhdudiyyətin qoyulmasının nə ilə bağlı olduğuna dair məlumatın məhkəməyə təqdim edilməsi ilə bağlı cavabdeh inzibati orqana məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən 18.05.2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktubun məzmununda göstərilmişdi ki, "xxxx" ASC-nin külli miqdarda pul vəsaitlərinin fiziki və hüquqi şəxslər tərəfindən ələ keçirilməsi ilə bağlı cinayət işinin istintaqı zamanı İddiaçı təsisçisi olduğu "xxxx" MMC-nin bankın törəmə müəssisəsi olan "xxxx" QSC-yə 10.649.231 ABŞ dolları kredit borcu olmaqla borcun ödənilməsi ilə bağlı dəfələrlə ona xəbərdarlıq edildiyi müəyyən edilmişdir. Bununla da apellyasiya baxışı zamanı aparılmış araşdırmalar nəticəsində müəyyən olundu ki, iddiaçının ləğv edilməsini tələb etdiyi məhdudiyyət cinayət təqibi ilə bağlı tətbiq edildiyindən həmin məhdudiyyətin götürülməsi və ya ləğv edilməsi də məhz həmin növdə olan icraat çərçivəsində həyata keçirilə bilər. Həmin məhdudiyyətin ləğv edilməsi qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatında mümkün deyildir. Bu səbəbdən iddiaçının tələbinə yuxarıda göstərilən maddi hüquq normalarının tələbləri baxımından inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. O ki qaldı iddiaçının ikinci- mülkiyyət hüququnun pozuntusunun tanınması barədə tələbinə, məhkəmə kollegiyası bu barədə qeyd edir ki, iddiaçının hazırki işdə əsas tələbi daşınmaz əmlak üzərinə qoyulmuş məhdudiyyətin ləğv edilməsi ilə bağlı olub, həmin tələbin inzibati məhkəmə icraatında baxılması isə qeyri-mümkün olduğundan onun mülkiyyət hüququnun pozuntusunun tanınması barədə tələbi də həmin əsas tələbin davamı olaraq qəbul olunur və belə olan halda həmin tələb də əsas tələbin qeyri-mümkün sayılması əsası ilə mümkünsüz sayılmalıdır. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1067/2022 saylı 13 yanvar 2022-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1067/2022 saylı 13 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar