Məhkəmə qərarları › İş №2-1(103)-1373/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1373/2025

28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1373/2025 28.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (X4 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: çıxarışın verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Talışınski Fuad Şəmsəddin oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, Üçüncü şəxsin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (X4 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2-1(112)-8839/2024 saylı qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivi ünvanında yerləşən sahəsi 1200 kv.m olan, 145e nömrəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq sahəsi verildiyi vaxtdan onun və ailəsinin daimi istifadəsindədir. Bundan başqa torpaq sahəsi digər qohumları ilə birgə olan ərazidə olduğundan ümumi hasar daxilində torpağı saxlamışlar, bu kimi halın özəlləşməyə heç bir mənfi təsiri yoxdur, torpaq sahəsinin dəqiq yeri mühəndisə təqdim edilmişdir. Cavabdehin sistemində hər hansısa problemlərə görə vətəndaş məsuliyyət daşımır. Bağ sahəsi verilmiş ölçülərdədir, nömrəsi məlumdur.

3. Cavabdeh iddia tələbinə qarşı etiraz məhkəməyə təqdim etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2-1(112)-8839/2024 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivi ünvanında yerləşəm sahəsi 1200 kv.m olan, 145e nömrəli torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

5. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

6. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli 3-21/3-1-F- 110/2025 nömrəli əmri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra-DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Qeyd edilənlərə əsasən, cavabdeh qismində iştirakçı olan ərazi idarələri müvafiq olaraq DƏDKR ilə əvəz edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia etdiyi ərazi Çöl- Şüvəlan ərazisində yerləşən 0,12 ha, 145e saylı torpaq sahəsi və üçüncü şəxs X3 iddia etdiyi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.25 ha, 14/2481 nömrəli torpaq sahələrinə məxsus bağ nömrələri fərqli olmasına baxmayaraq faktiki olaraq üst-üstə düşür. Həmin torpaq sahələri Şüvəlan və Mərdəkan inzibati ərazi vahidlərinin düz sərhəddində yerləşir və hər kəsə məlumdur ki, sərhəd ərazilərdə bu cür üst-üstə düşmələr və problemlər ola bilir. Məhkəmə bu hissədə prosessual pozuntuya yol verərək kifayət qədər araşdırma aparmamış və torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi, həmçinin dəqiq koordinatların müəyyən edilməsi ilə bağlı heç bir mütəxəssis və ya ekspert rəyi olmadan qərar qəbul etmişdir. Həmçinin 3-cü şəxs tərəfindən verilmiş iddia ərizəsinin mümkünsüz hesab edilməsi, hələ özlüyündə onun həmin torpaq sahəsinə dair hüquqlarının mövcud olmaması mənasına gələ bilməz. Üçüncü şəxsin sözügedən torpaq sahəsində öz hesabına tikinti aparması və faktiki olaraq istifadə etməsi bir daha onu sübut edir ki, onun həmin torpaq sahəsinə dair “hüquqi marağı” və “hüquqi gözləntisi” vardır (həmin sənədlər apellyasiya instansiyası məhkəməsində təqdimediləcəkdir). İddiaçıya münasibətdə olduğu kimi, 3-cü şəxs Zaur Aslanova münasibətdə də ona məxsus mülkiyyət sənədinin hazırkı mübahisəli torpaq sahəsinə aid olması dövlət orqanları tərəfindən bildirilmişdir. Belə olan halda sadəcə bağ sahələrinin nömrələrinə əsaslanaraq qərar qəbul edilməsi tamamilə qanunsuz olmuşdur. Həmçinin, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi də öz imtinasında və etirazında qeyd etmişdir ki, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəd təqdimedilmədiyindən və İdarənin arxivində aşkarlanmadığından torpaq sahəsinin yerləşməsinin aydınlaşdırılması tərəfimizdən mümkün olmamışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

8. Məhkəmə iclasında iştirak edən üçüncü şəxin nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya və cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişlər.

10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

11. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə İddiaçı (bundan sonra – iddiaçı) arasında bağlanmış “Çöl-Şüvəlan ərazisindəki 145e nömrəli bağın istifadəyə verilməsi haqqında” 33809 saylı, 04 yanvar 2005-ci il tarixli müqaviləyə əsasən Əzizbəyov rayonunun Çöl-Şüvəlan ərazisində yerləşən 0,12 ha, 145e saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir.

12. İddiaçı həmin bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakının dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir.

13. Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, “...İdarənin arxivində olan Bağ Tikinti Kooperativinin bölgü sxemində “145e” bağ nömrəsi qeyd olunmamışdır. Bundan başqa, torpaq sahəsi digər sahələrlə ümumi hasar daxilində yerləşdiyindən, həmçinin sahənin yerləşməsini müəyyən etməyə imkan verən sənəd təqdim olunmadığından və İdarənin arxivində aşkarlanmadığından torpaq sahəsinin yerləşməsinin aydınlaşdırılması tərəfimizdən mümkün olmamışdır. Həmçinin göstərilən torpaq sahəsinin bir hissəsinə dair digər şəxsin müraciəti olmuş, torpaq sahəsi üzərində mülkiyyət hüququna dair çıxarışın verilməsi barədə həmin şəxsin iddiası Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə mümkün sayılmamış, lakin qərardadın qanuni qüvvəyə minməsinə dair yekun məhkəmə aktı idarəyə daxil olmamışdır”.

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 1(103)-1373/2025 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 avqust 2025-ci il tarixli, 10/4989 №-li ekspert rəyi ilə tədqiqatın nəticəsi aşağıdakı kimi müəyyən olunmuşdur. Qərardadın birinci və ikinci sualları üzrə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin aşağıdakılar şöbəsinin mühəndisi Toğrul Salmanlının tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Göstərilən torpaq sahəsi sənəd üzrə 0.12 ha olsa da, faktiki olaraq 0.1905 ha (0.0705 ha artıqdır). Qeyd olunan Çöl-Şüvəlan 145e saylı bağ sahəsinin və Mərdəkan 14/2481 saylı bağ sahəsinin ərazisi kimi iddia olunan sahələrin koordinatları və cizgiləri ayrı-ayrılıqda tərtib edilərək rəyə əlavə olunur. Çöl-Şüvəlan 145e saylı bağ sahəsinin ərazisinin şimal tərəfdəki bir qisminə üçüncü şəxs tərəfindən Mərdəkan 14/2481 saylı bağ nömrəsi ilə iddia olunur. Üst-üstə düşmənin sahəsi 417.0 kv.m (0.0417 ha) təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən 145e nömrəsi ilə iddia edilən torpaq sahəsi 14/2481 nömrəli sahə kimi iddia edilən torpaq sahəsinin təqribən 0.042 ha hissələri üst-üstə düşür.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

15. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

16. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

17. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

18. Öhdəliyin icrası haqqında iddialarda ilk növbədə iddia tələbinin qanuni əsası müəyyən edilməli və tələbin qanuni əsasının dispozisiya şərtlərinin yerinə yetirilibyetirilməməsi yoxlanılmalıdır.

19. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0 və 8.0.7-ci maddələri təşkil edir.

20. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.

21. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

22. İddiaçı həmin normada göstərilən hüquqmüəyyənedici sənəd kimi Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə bağlanmış müqaviləni təqdim edir.

23. Cavabdeh həmin müqavilənin olmasını mübahisələndirmir.

24. İşin mübahisələndirilən halı torpağın yerləşməsi və üçüncü şəxsin də torpağın bir hissəsinə iddiasının olmasıdır.

25. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi halları əsassız hesab edir.

26. Cavabdehin ilk iki dəlili ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə sorğusuna cavabdehin xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, vahid kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsi təqribi 145q, 145e, 152 ç (ğ) saylı bağ sahələrinin əraziləridir. Məktuba həmçinin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı və sxematik xəritə əlavə edilmişdir.

27. Göründüyü kimi cavabdeh imtina məktubunda İdarənin arxivində olan Bağ Tikinti Kooperativinin bölgü sxemində “145e” bağ nömrəsi qeyd olunmadığını bildirsə də, təqdim etdiyi sxematik xəritədə sözügedən nömrə ilə bağ sahəsinin olduğu müəyyən olunur.

28. Cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materiallarından görünür ki, torpaq sahəsinin müayinə aktında torpağın yerləşdiyi yer və koordinatlar müəyyən edilmişdir.

29. Qeyd edilməlidir ki, vaxtı ilə bağların bölgü sxeminin dəqiq tərtib edilməməsi, eyni zamanda sonradan bəzi bağ nömrələrinin dəyişməsi, əlavə edilməsi bağların bölünməsi nəticəsində yeni bağların qeydə alınması və bu bağ nömrələrinin bölgü sxemdə əks olunmaması kimi dövlət qurumlarının vaxtında etməli olduğu hərəkətlərə görə yaranan qeyri-müəyyənəliklər iddiaçının ziyanına şərh oluna bilməz və mülkiyyət hüququnun qeydə alınmasına mane olmamamlıdır.

30. Digər tərəfdən iddiaçı torpaq sahəsinin yerini bilməklə, torpaq sahəsinin koordinatları əlavə olunmuş müayinə aktı cavadeh tərəfindən təqdim edilmişdir.

31. İddiaçının təqdim etdiyi sənəddən bağın nömrəsi (145e) göstərilmişdir.

32. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi.

33. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir.

34. Beləliklə, torpaq sahəsinin yerləşməsində hər hansı uyğunsuzluq varsa, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir.

35. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: Maddə 65. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

36. Beləliklə, torpaq sahəsinin yerləşməsində hər hansı uyğunsuzluq varsa, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir.

37. Məhkəmə kollegiyası cavabdehin 3-cü dəlili bağlı qeyd edir ki, üçüncü şəxsin iddiası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1927/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Həmin iddia ərizəsindən görünür ki, üçüncü şəxs Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,25 ha, 14/2481 nömrəli torpaq sahəsinə iddia edir. İddiaçının tələbi isə, Çöl-Şüvəlan ərazisində yerləşən 0,12 ha, 145e saylı torpaq sahəsidir.

38. Bundan başqa üçüncü şəxs məhkəməyə ünvanladığı teleqramda mübahisəli torpaq sahəsində tikinti işlərinin onun tərəfindən aparıldığını bildirir. Məhkəmə qeyd edir ki, bu hal həmin torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir. Üçüncü şəxsin qeyd etdiyi hallar təsdiqini tapacağı təqdirdə hazırkı iş üzrə iddiaçıya qarşı mülki mühakimə icraatı qaydasında müvafiq iddia vermək hüququna malikdir.

39. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını və etirazının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir.

40. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir.

41. Beləliklə, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq hüququna malik olmuşdur.

42. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir.

43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

44. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

45. Beləliklə, məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətində göstərdikləri dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2-1(112)-8839/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar