Məhkəmə qərarları › İş №2-1(103)-1374/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1374/2020

05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1374/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, Üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinə qarşı X4 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla, sərəncamın ləğv edilməsi tələbinə dair iddiasının mümkün sayılmaması barədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 30/2020 saylı, xx xxxx 2020-ci il tarixli iddianın mümkün sayılmaması barədə qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinə qarşı X2 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla, sərəncamın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan-Bakı Dş 500mm-lik neft kəmərinin 115,6-cı km-də mühafizə zonası daxilində, kəmərdən 12 metr aralı məsafədə, Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində yerləşən X3 məxsus qanunsuz tikiliyə icazə verilməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyəti başçısının 1138 saylı xx.xx.2000-ci il tarixli sərəncamının qanunsuz hesab edilməklə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, SOCAR-ın İddiaçısinin istismarında olan Şirvan-Bakı Dş 500 mm-lik magistral neft kəmərinin keçdiyi Biləcəri qəsəbəsi ərazisində, mühafizə zonası daxilində X4 tərəfindən qanunsuz tikili inşa edilmişdir. Nərimanov Rayon Məhkəməsinin icraatında olan X2 cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə məhkəmə prosesi zamanı məlum olmuşdur ki, X4 tərəfindən qanunsuz inşa edilmiş tikiliyə Binəqədi rayon İH-nin xx.xx.2000-ci il tarixli 1138 saylı “fərdi yaşayış evinin tikilməsi” haqqında sərəncamı verilmişdir. İddiaçı hesab edir ki, həmin qanunsuz tikilinin neft kəmərinin mühafizə zonasında yerləşdiyini nəzərə alaraq Binəqədi rayon İH tərəfindən müvafiq hüquq təsdiqedici sənəd (sərəncam) qanunsuzdur və ləğv edilməlidir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Odur ki, iddiaçı hesab edir ki, X3 məxsus tikiliyə icazə verilməsinə dair cavabdeh tərəfindən verilmiş sərəncam ləğv edilməlidir. 3-cü şəxs X4 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair etirazında göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyəti başçısının 1138 saylı xx.xx.2000-ci il tarixli sərəncamı ilə ona Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində 600,0 kv. metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində ev inşa edərək, 2003-cü ildən hazırki vaxtadək ailəsi ilə birlikdə orada yaşayırlar. Onunla bərabər həmin ərazidə bir çox yaşayış evləri tikilmişdir. xx.xx.2015-ci il tarixdə İddiaçı əməkdaşları tərəfindən, həmin ərazidə inşa etdiyi evin bir hissəsi sökülmüşdür. Bununla bağlı ona vurulmuş ziyan tələbi ilə xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və bundan sonra İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. 3cü şəxs qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(112)-30/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinə qarşı X4 3cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla, sərəncamın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamış və qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı qanunla müəyyən edilmiş qaydada məhkəməyə şikayət vermə müddətini ötürmüşdür. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verib birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında inzibati aktın onlara təqdim edilməsi barədə hər hansı sübut yoxdur. Mübahisəli ərazidə fərdi ev tikib yaşayan şəxslərin çoxunun hüquqmüəyyənedici sənədləri mövcud olmadığından onların tələbi üzrə üçüncü şəxs qismində işə cəlb edilməli olan Vahid Sadıqovdan hər hansı bir sənədin əldə edilməsi və bu yolla həmin tikintidən xəbərdar olması iddiaçı üçün qeyri-mümkün olan haldır. Ona görə də hesab edir ki, məhkəmə tamamilə əsassız nəticəyə gəlmişdir. İş üzrə iddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı məhkəməyə gəlməmiş, cavabdeh isə öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. İşin faktiki hallarından müəyyən edilir ki, Bakı şəhər Binəqədi rayon İcra hakimiyyəti Başçısının 1138 №-li xx.xx.2000-ci il tarixli sərəncamı ilə Biləcəri qəsəbəsi ərazisində yerləşən 600 kv.m təşkil edən torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X3 ayrılmışdır. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyəti başçısının 1138 saylı xx.xx.2000-ci il tarixli sərəncamın ləğvi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsinin qərardadı ilə iddia qeyri-mümkün sayılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq və üçüncü şəxsin izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinin tələblərini (şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inizbati məhkəmə icraatı qaydasında baxılır) nəzərə aldıqda məlum olur ki, iddiaçının bu iddiası mübahisələndirmə haqqında iddialara aiddir. 2011-ci il yanvarın 1-dən qüvvəyə minmiş İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. Mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. İddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. İddiaçının hüquqlarının pozulması əsaslandırılalı; 5. Qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Məhkəmə kollegiyası qanunveriliyin yuxarıda qeyd olunan tələblərinə əsasən qeyd edir ki, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüş, yalnız müvafiq qərar qəbul olunduqdan 17 il keçdikdən sonra, xx xxxxxx 2017-ci ildə məhkəməyə müraciət etmişdir və belə olan halda iddiaçının bu illər ərzində mübahisəli ərazinin üçüncü şəxsə ayrılması barədə Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinin sərəncamından xəbərdar, məlumatlı olmaması barədə dəlili inadırıcı olmamaqla, ağlabatan deyildir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin başlanılması üçün yalnız şəxsin öz hüququnun pozulduğunu bildiyi an deyil, eyni zamanda öz hüququnun pozulduğunu bilməli olduğu an əsas götürülür. Belə ki, iddiaçı ərizəsində qeyd edir ki, mübahisəli torpaq sahəsi İddiaçınə məxsus torpaq sahələri olmuşdur. İşin hallarından da göründüyü kimi, üçüncü şəxs tərəfindən mübahisəli torpaqda uzun illər bundan öncə fərdi yaşayış evi tikmiş və iddiaçı buna qarşı hər-hansı bir qaydada etirazını bildirməmişdir. Həmçinin iddiaçı bu müddət ərzində tikilinin sökülməsinə və ya torpaq sahəsinin geri qaytarılması ilə bağlı məhkəməyə müraciət etmələri barədə sübut təqdim etməmişdir Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəmə qərardadı ilə razılaşmasa da, qərardadın əsassız olmasını sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir və məhkəmə qərardadının ləğvi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-30/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90. və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-30/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar