Məhkəmə qərarları › İş №2-1(103)-1374/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1374/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1374/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşdan, yəni 25.12.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1633/2021 saylı 05 fevral 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 30 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. NZ ******* saylı hərbi biletin surətindən görünür ki, iddiaçı 22.04.1981-cı ildən 23.05.1984-cü ilə qədər (3 il 1 ay 1 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. Azərbaycan SSR tekniki peşə məktəbinin 005585 saylı, 26.09.1980-cı il tarixli şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı 29.03.1980-cı ildən 12.08.1980-cı ilə (4 ay 13 gün) qədər texniki peşə məktəbində təhsil almışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış **********2 saylı 14.07.2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az təşkil etdiyi və qeyd olunanların nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilmədiyi bildirilmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, ona 25.12.2019-cu il tarixdən yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə əmək pensiyanın edilməsi üçün İdarəyə müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun tələbinin təmin edilməsindən imtina etmişdir. Onun 2006-cı ilədək tekniki peşə məktəbində təhsil aldığı müddət və hərbi xidməti daxil olmaqla əmək stajı 25 ildən artıq təşkil edir. Həmin əmək stajının 22 il müddətini «xxxxndə» zərərəli işlərlə müxtəlif vəzifələrdə işləmişdir. O, 2006-cı il tarixə qədər 25 il ümümi iş stajının 12 il 06 aydan artıq zərərli işlə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Onun güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ 57 yaşdan yaranmışdır. Buna baxmayaraq həmin tarixdə əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə əsasən pensiya hüququnun yarandığını bilmədiyindən müraciət etməmişdir. O, 29.03.1980-ci il tarixdən 26.09.1980-ci il tarixə kimi (04 ay 27 gün) texniki peşə məktəbində oxumuş və onu bitirmişdir. 05.02.1981-ci il tarixdən 20.04.1981-ci il tarixə kimi (02 ay 15) gün rayonlar arası təsərrüfat hesablı nəqliyyat müəssisəsində 3-cü dərəcəli sürücü işləmişdir. 21.04.1981-ci il tarixdən 19.05.1984-cü il tarixədək (03 il) SSRİ-nin ərazisində hərbi xidmət keçmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra 03.08.1984-cü ildən hazırki dövrədək «xxxxndə» əmək şəraiti xüsusilə zərərli işlərdə müxtəlif vəzifələrdə (1-ci dərəcəli matros, 2-ci dərəcəli matros, mexanik və motorçu, böyük motorçu) işləmişdir. Onun 57 yaşı 2019-cü il tarixdə olduğundan həmin tarixdə umumi 25 il 06 ay əmək stajının güzəştli şərtlərlə 22 ildən artıq əmək şəraiti zərərli və ağır olan işlər təşkil edir. Cavabdehin etirazları: İş üzrə cavabdehin iddiaya dair yazılı etirazının məzmunu iddiaçının tələbinin təmin olunmasından imtina barədə verilmiş məktubun məzmunu ilə eynilik təşkil etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1633/2021 saylı 05 fevral 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 25.12.2019-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın və iddiaçının tələbinin təmin olunmasından imtina barədə verilmiş məktubun məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. Birinci instansiya məhkəməsi 29.03.1980-ci ildən 12.08.1980-ci ilə (4 ay 13 gün) sürücülük kursunda qiyabi təhsil aldığı dövrü əmək stajına daxil edərək ümumi stajının 25 ildən çox olması qənaətinə gəlmişdir. Halbuki iddiaçının 29.03.1980-ci ildən 12.08.1980-ci ilədək sürücülük kursunda təhsil aldığı dövr ümumi əmək stajına daxil edilə bilməz. Belə ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamə haqqında Nazirlər Kabinetinin Qərarının (qüvvədən düşmüşdür) 8-ci maddəsinə əsasən ali, orta ixtisas və peşə texniki tədris müəssisələrini bitirmiş şəxslərin əyani təhsil müddəti, habelə aspirantura, doktorantura və klinika ordinaturasında, kadr hazırlayan, ixtisasını artıran və yeni ixtisas verən məktəb və kurslarda təhsil müddəti diplom, vəsiqə, şəhadətnamə, eləcə də təhsil müddətləri göstərilməklə arxiv məlumatlarına əsasən verilən arayış və digər sənədlərə əsasən təsdiq olunur. Sənədlərdə belə məlumatlar olmadıqda təhsil müddətini təsdiqedici sənəd kimi həmin təhsil müəssisələrində müvafiq illərdə əyani təhsil müddəti barədə verilən arayışlar əsas götürülə bilər, bu şərtlə ki, sənədlərdə təhsili tam başa vurması göstərilmiş olsun. İddiaçının 29.03.1980-ci ildən 12.08.1980-ci il tarixinədək texniki peşə məktəbində sürücülük kursu keçdiyi dövrün əyani təhsilə daxil olması heç bir sənədlə təsdiqini tapmamışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 25.12.2019-cu il tarixdən yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədədir. Bu barədə cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun 01.01.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az olmasına istinad edərək tələbinin təmin olunmasından imtina etmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun 01.01.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına istinad edərək onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü məsələsi yoxlanılmalıdır. Qeyd olunmalıdır ki, Qanunun tələbinə görə Qanunun 9.8-ci maddəsinin tətbiqi həmin Qanunun 9.1-ci maddəsinin tətbiqini istisna edir. Belə olan halda Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq edilməli olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının 01.01.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olubolmaması yoxlanılmalıdır. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə təhsili barədə sənədi, hərbi biletini, əmək kitabçasını, arxiv arayışlarını təqdim etmişdir. İT seriyalı ******* saylı 09.02.1981-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı 05.02.1981-20.04.1981-ci ilə qədər (2 ay 15 gün) Salyan rayonlararası təsərrüfat hesablı nəqliyyat müəssisəsində 3-cü dərəcəli sürücü, 03.08.1984-cü ildən 09.06.1985-ci ilə qədər “Alazan” gəmi heyətində matros şagirdi, 2-ci və 3-cü dərəcəli matros (10 ay 6 gün), 09.06.1985-ci ildən 16.12.1986-cı ilə qədər “Atlet-2” gəmi heyətində 1-ci sinif motorçu (1 il 6 ay 7 gün), 16.12.1986-cı ildən 01.12.1988-ci ilə qədər “İrqiz” teploxodunda baş motorçu (1 il 11 ay 15 gün), 01.12.1988-ci ildən 26.03.1990-cı ilə qədər “TMİ-2”-də 1-ci sinif matros (1 il 3 ay 25 gün), 26.03.1990-cı ildən 03.02.1995-ci ilə qədər “Bolyus”-da 2-ci mexanik (4 il 10 ay 7 gün), 03.02.1995-ci ildən 08.11.1997-ci ilə qədər “BPM-701”-də baş mexanik (2 il 9 ay 5 gün), 08.11.1997-ci ildən 09.03.2001-ci ilə qədər “Akademik Məmmədəliyev” adına teploxoda baş kapitan koməkçisi (3 il 4 ay 1 gün), 09.03.2001-ci ildən 04.03.2005-ci ilə qədər “SAV-410” gəmisində kapitan (3 il 11 ay 25 gün), 04.03.2005-ci ildən 06.04.2005-ci ilə qədər “R.Hacıyev” gəmisində kapitan (1 ay 2 gün), 06.04.2005-ci ildən 09.08.2005-ci ilə qədər “Taman” gəmisində dublyor kapitan və kapitan (4 ay 3 gün), 09.08.2005-ci ildən 11.07.2006-cı ilə qədər “İ.Kərimov” gəmisində dublyor kaptan (09.08.2005-01.01.2006 4 ay 22 gün), 11.07.2006-cı ildən 15.01.2007-ci ilə qədər “Hövsan-2” gəmisində kapitan, 16.01.2007-ci ildən 28.07.2008-ci ilə qədər “Bakı Kaspian” LTD-də kapitan, 15.08.2008-ci ildən 19.09.2008-ci ilə qədər “Şirvan” gəmisində kapitan, 19.09.2008-ci ildən 01.04.2012-ci ilə qədər "SLV-411" gəmisində kapitan, 01.08.2012-ci ildən 04.04.2014-cü ilə qədər "X6 Limited” “STB-1” kapitan, 05.04.2014-cü ildən 11.07.2016-cı ilə qədər “STB-1” gəmisində kapitan, 11.07.2016-cı ildən 01.09.2016-cı ilə qədər “Barra” gəmisinə kapitanın böyük köməkçisi, 01.09.2016-cı ildən 10.10.2016-cı ilə qədər “Süleyman Vəzirov” gəmisinə kapitan vəzifəlrində işləmiş, 10.10.2016-cı ildən hazırki vaxta qədər isə “Bunkirovşik-6” gəmisində kapitanın böyük köməkçisi vəzifəsində işləyir. Birinci instansiya məhkəməsinə təqdim olunmuş “xxxx” QSC-nin EN 01/02-303 saylı 12.04.2019-cu il tarixli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən 03.08.1984-cü ildə X9 Donanmasının k/s “Alazan” gəmisinə şagird matros peşəsinə (03.08.1984-cü il tarixli 172-k nömrəli əmr) işə qəbul edilmişdir. 19.10.1984-cü ildə həmin gəmiyə 2-ci dərəcəli matros (19.10.1984-cü il tarixli, 232-k nömrəli əmr), 06.03.1985-ci ildə 1-ci dərəcəli matros (06.03.1985-ci il tarixli, 55-k nömrəli əmr), 09.06.1985-ci ildə k/s “Atlet-2” gəmisinə 1-ci dərəcəli motorçu vəzifəsinə (17.06.1985-ci il tarixli, 134-k nömrəli əmr), 16.12.1986-cı ildə t/x “İrqiz" gəmisinə böyük motorçu (16.12.1986-cı il tarixli, 296-k nömrəli əmr), 01.12.1988ci ildə “TMİ-2" gəmisinə 1-ci dərəcəli matros (01.12.1988-ci il tarixli, 244-k nömrəli əmr), 26.03.1990-cı ildə m/k “Bolyus” gəmisinə 2-ci mexanik (26.03.1990-cı il tarixli, 52-k nömrəli əmr), 03.02.1995-ci ildə "BPM-701" gəmisinə böyük mexanik (03.02.1995-ci il tarixli, 23-k nömrəli əmr), 08.11.1997-ci ildə t/x "Ak. Məmmədəliyev" gəmisinə kapitanın böyük köməkçisi (08.11.1997-ci il tarixli, 349-k nömrəli əmr), 09.03.2001-ci ildə “SLV-410” gəmisinə kapitan (09.03.2001-ci il tarixli, 46-k nömrəli əmr), 04.03.2005-ci ildə “R.Hacıyev” gəmisinə dublyor kapitan (04.03.2005-ci il tarixli, 54-k nömrəli əmr), 11.07.2006-cı ildə "Hövsan-2” gəmisinə kapitan vəzifəsinə (11.07.2006-cı il tarixli, 154-k nömrəli əmr) keçirilmişdir. 15.01.2007-ci ildə icarədə olan gəmilərə göndərilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) (15.01.2007-ci il tarixli 08-k nömrəli əmr) əmək müqaviləsinə xitam verilmişdir. 15.08.2008-ci ildə “Şirvan” gəmisinə kapitanın dublyoru vəzifəsinə (15.08.2008-ci il tarixli, 17-k nömrəli əmr) işə qəbul edilmişdir. 01.04.2012-ci ildə “SLV-411” gəmisinə kapitan vəzifəsinə (01.04.2012-ci il tarixli, 475-k nömrəli əmr) keçirilmişdir. 01.08.2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) (01.08.2012-ci il tarixli, 216-k nömrəli əmr) əmək müqaviləsinə xitam verilmişdir. 04.04.2014-cü ildə “STB-1” gəmisinə kapitan vəzifəsinə (04.04.2014-cü il tarixli, 199-k nömrəli əmr) işə qəbul edilmişdir. Halhazırda “Bunkerovşik-6” gəmisində kapitanın böyük köməkçisi vəzifəsində çalışır. Yuxarıda adı çəkilən gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, liman və limandaxili yol gəmilərinə aid deyildir. Bu peşələr "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verilir. Əsas: kadr əmrləri, şəxsi iş, ştat cədvəli “Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində xidmət Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 07.03.2007-ci il tarixli, 539 nömrəli Fərmanına əsasən "Xəzərdənizneftdonanma” idarəsi 07.03.2007-ci ildən X9 Donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli 6 nömrəli və 10.01.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və X9 Donanmasının yenidən təşkili yolu ilə "xxxx“ Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Göründüyü kimi, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiq olunur. Nəzərə alınmalıdır ki, xüsusi stajla bağlı məsələ cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Cavabdehin mübahisələndirdiyi məsələ “iddiaçının 29.03.1980-cı ildən 12.08.1980-cı ilədək sürücülük kursunda təhsil aldığı dövrün onun əmək stajına daxil edilə bilməməsi və həmin kursu keçdiyi dövrün əyani təhsilə daxil olmasının heç bir sənədlə təsdiq olunmaması” ilə bağlıdır. Bu barədə Kollegiya qeyd edir ki, əvvəla cavabdeh bu dəlilini irəli sürərkən həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı 25 noyabr 1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 8-ci bəndinə istinad etmişdir. Həmin bəndin tələbinə görə ali, orta ixtisas və peşə texniki tədris müəssisələrini bitirmiş şəxslərin əyani təhsil müddəti, habelə aspirantura, doktorantura və klinika ordinaturasında, kadr hazırlayan, ixtisasını artıran və yeni ixtisas verən məktəb və kurslarda təhsil müddəti diplom, vəsiqə, şəhadətnamə, eləcə də təhsil müddətləri göstərilməklə arxiv məlumatlarına əsasən verilən arayış və digər sənədlərə əsasən təsdiq olunur. Sənədlərdə belə məlumatlar olmadıqda təhsil müddətini təsdiqedici sənəd kimi həmin təhsil müəssisələrində müvafiq illərdə əyani təhsil müddəti barədə verilən arayışlar əsas götürülə bilər, bu şərtlə ki, sənədlərdə təhsili tam başa vurması göstərilmiş olsun. Qeyd olunan normanın tələbinə görə əvvəlcə məktəb və kurslarda alınan təhsil müddətinin diplom, vəsiqə, şəhadətnamə ilə təsdiq olunması, belə məlumatların olmadığı təqdirdə isə həmin təhsil müddətini təsdiqedici sənəd kimi təhsil müəssisələrində müvafiq illərdə əyani təhsil müddəti barədə verilən arayışların əsas götürülməsi göstərilmişdir. İşdə olan (i.v. 13, 14) Peşəkar Texniki Təhsil üzrə Azərbaycan SSR Dövlət Komitəsinin 26.09.1980-cı il tarixdə verdiyi 005585 saylı şəhadətnamənin və “sürücünün imtahat kartı”nın surətindən görünür ki, İddiaçı 29.03.1980-cı ildən 12.08.1980-cı ilə (4 ay 13 gün) qədər nəqliyyat vasitələrinin sürücülüyü proqramı üzrə peşə məktəbində “C” kateqoriyasının proqramı üzrə təhsil almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin üçüncü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Bu maddi hüquq normasının məzmunundan da görünür ki, qanunvericilik texniki peşə məktəblərini bitirən şəxslərin təhsil müddətinin işçinin iş stajına daxil edildiyini müəyyən etmiş və bu zaman yalnız əyani təhsil formasında təhsil alanların təhsil müddətinin staja daxil edilməsi ilə bağlı tələb qoymamışdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 25.12.2019-cu il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız sayır və qəbul etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1633/2021 saylı 05 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1633/2021 saylı 05 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar