Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1374/2022 17.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə qarşı pensiya təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-1955/2016 saylı, 07 iyun 2016-cı il tarixli qərarı ilə yekunlaşmış iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı ərizəyə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(82)-1955/2016 saylı, 22 dekabr 2021-ci il tarixli qərardadından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “onun ARM ******* №-li əmək kitabçasına əsasən 12.01.1972-ci il tarixdən 19.12.1988-ci il tarixədək Ermənistan SSR Zod qızıl mədənində yeraltı betonçu işlədiyi dövrdəki iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq olaraq xüsusilə zərərli iş stajı kimi nəzərə alınmasını, 05.01.2001-ci il tarixdən 01.10.2004-cü il tarixədək “X2” şirkətində işlədiyi dövr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, qanunverciliklə müəyyən edilmiş qaydada sığorta stajına daxil edilməsini, 01.01.2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq Dövlət Statistika Komitəsinin mədənçıxarma sənayesi üçün müəyyən etdiyi 846 manat nominal orta aylıq əmək haqqı və ya “X2” şirkətində işlədiyim dövr üçün təqdim etdiyim son 2 ilin əmək haqqı əsas götürülməklə təyin olunaraq hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1955/2016 saylı, 28.07.2016-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsi apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1955/2016 saylı, 28.07.2016-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2433/2016 saylı, 28.10.2016-cı il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ünvan 3 ünvanlayaraq məhkəmənin 2-1(82)- 1955/2016 saylı, 28.07.2016-cı il tarixli qərarını cavabdehə göndərərək onun icrası barədə 06 yanvar 2017-ci il tarixədək məhkəməyə məlumat verilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun ünvan 4 ünvanlayaraq 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsindən daxil olmuş 02.11.2016-cı il tarixli, 2-1(82)-1955/2016 saylı sorğunun aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə göndərildiyini bildirmişdir. Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi 13.03.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İlkin məhkəmə icraatında baxılan zaman güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında DSMFnun rayon şöbələrinin səlahiyyətlərinə aid olduğundan, iş üzrə cavabdeh qismində məhz ƏƏSMN-nın DSMFnun Xətai rayon şöbəsi çıxış etmişdir. Hazırda Qanunvericiliyin tələbi üzrə Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aid edildiyini nəzərə alaraq Məhkəmə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1955/2016 saylı, 28 iyul 2016-cı il tarixli qərarı ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğundan, ərizəçi Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin əsl ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi barədə ərizəni təmin etmişdir. Daha sonra Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı 05 noyabr 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondunun 3-cü şəxs qismində işə cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1955/2016 saylı, 23.11.2021-cı il tarixli qərardadına əsasən ərizənin rədd edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1955/2016 saylı, 22 dekabr 2021-ci il qərardadı (hakim F.Mədətli) ilə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan ərizəçi tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və ərizəyə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi əsassız və qanunsuz olaraq müddətin ötməsi səbəbilə ərizəni mümkün hesab etməmişdir. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılan istənilən növ iddianın məhkəmə icraatı yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtlərinin yerinə yetirildiyi təqdirdə yolverilən sayılır, iddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikasının Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Mümkünlük şərtlərini nəzərdə tutan normalar yalnız iddialar üzrə tətbiq edilməklə cavabdeh inzibati orqana qarşı iddianın mümkünlük şərtlərini yoxlayır. Hazırki mübahisə isə yeni açılmış hallara dair ərizədir və bu ərizə cinayət işinin başlandığı və bu barədə məlumat verildiyi vaxtdan 3 ay ötürülmədən təqdim edilmişdir. Hazırki ərizəyə mahiyyəti üzrə baxılmalı idi. Belə ki, məhkəmədə işə baxılarkən ümumiyyətlə heç bir təhqiqatın aparılmadığı aşkar edilmiş, saxtalaşdırıldığı ehtimal olunan əmək kitabçasının surətinə istinad olunmaqla kifayətlənilmişdir. Pensiya təyinatının aparılması barədə vətəndaşın xeyrinə 2016-cı ilin avqust ayından qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğu halda qeyri-müəyyən səbəbdən həmin dövrdən 2016-cı ilin noyabr ayınadək vətəndaş tərəfindən Nazirliyin yerli qurumlarına pensiya təyinatı ilə bağlı müraciət edilməsi barədə hər hansı bir sənəd pensiya işində aşkar edilməmişdir. Habelə məhkəmə qərarında müvafiq icraetmə Fondun Bakı şəhəri Xətai rayon şöbəsinə həvalə edilməsinə baxmayaraq pensiya təyinatı Fondun Zəngilan rayon şöbəsi tərəfindən qanunsuz olaraq icra edilmişdir. Pensiya işində vətəndaşın hərbi xidmətdə olması, ali və orta ixtisas təhsil alması barədə sənədlər aşkar edilməmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsi, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ərizəyə mahiyyəti üzrə baxılması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək, inzibati məhkəmə icraatının iştirakçısının izahatlarını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin “yeni açılmış hallarla” bağlı ərizənin mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Azərbaycan Respublikası İPM-in 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Həmin Məcəllənin 106-cı maddəsinə görə məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün İPM-in 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. İş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1955/2016 saylı, 28.07.2016-cı il tarixli qərarı rəsmi qaydada cavabdehə 22.08.2016-cı il tarixdə təqdim edilmişdir. Yəni ərizəçi sözügedən məhkəmə qərarı barədə hələ qeyd olunan tarixdən məlumatlı olmuşdur. O cümlədən, ərizəçinin məhkəməyə təqdim etmiş olduğu yeni açılmış hallara dair 15 oktyabr 2020-ci il tarixli ərizəsində də 01.12.2019-cu il tarixədək vətəndaşın plastik kartına aylıq pensiya məbləğinin köçürüldüyü qeyd edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, inzibati orqan artıq 01.12.2019-cu il tarixdə sözügedən hallarla bağlı məlumatlı olsa da, lakin yeni açılmış hallarla bağlı ərizə qanunvericiliklə nəzərdə tutulmuş 3 aylıq müddət ötürülməklə verilmişdir. Ümumiyyətlə isə yeni açılmış hallarla bağlı ərizə məhkəməyə 13.03.2020-ci il tarixdə, yəni 3 il 06 ay vaxt keçdikdən sonra təqdim edilmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi (cavabdeh inzibati orqan) məhkəmə qərarının mövcudluğundan məlumatlı olmuş, buna baxmayaraq yeni açılmış hallar barədə ərizəni qanunvericiliklə müəyyən edilmiş 3 illik müddəti ötürməklə vermişdir. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin ərizəsində qeyd etdiyi “Pensiya işində vətəndaşın hərbi xidmətdə olması, ali və orta ixtisas təhsil alması barədə sənədlər aşkar edilməməsi, iddiaçının müvafiq sənədlərin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya alması faktına hüquqi qiymətin verilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq materialların Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi” barədə dəlili qanuni qüvvədə olan məhkəmə qərarının yeni açılmış hal üzrə icraat qaydasında ləğv edilməsi üçün əsas yaratmır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1955/2016 saylı 22 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1374/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1374/2022
17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver