Məhkəmə qərarları › İş №2-1(103)-1374/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1374/2023

23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1374/2023 23.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X9 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X7 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4, Üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti və Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X8) “sərəncamın və çıxarışın qanunsuz sayılaraq etibarsız hesab edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6429/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən qəbul edilmiş xx.xx.2007-ci il tarixli 118 saylı Sərəncamın (inzibati aktın) və həmin Sərəncam əsasında verilmiş ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il tarixli Çıxarışın qanunsuz sayılaraq etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 1989-cu ildən Ç.İldırım adına Politexnik İnstitutunun “Elektrotexnika” fakültəsini bitirərək, Rabitə Nazirliyinin təyinatı əsasında “Azərrabitəinşaat” trestinin layihə axtarış bürosuna işə qəbul olunub. Müdiriyyətlə həmkarlar komitəsinin xx.xx.1989-cu il tarixli birgə qərarına uyğun olaraq Bakı şəhəri, Razin qəsəbəsi, 20 saylı yataqxananın 2 otaqdan ibarət 17 saylı mənzili yaşayış üçün 48 saylı Order əsasında ona və bacısı Arzu Cəfərovaya verilmişdir. 1990-cı ildən müdiriyyətlə həmkarlar ittifaqının birgə qərarına əsasən mənzil növbəsinə götürülmüş və bu növbəliliyinə hər hansı əsasla xitam verilməmişdir. Hələ bacısı ilə birlikdə bu mənzildə yaşayarkən, həmin yataqxananın 13-cü mənzilində qeydiyyatda olan Zərifə İbrahimova və Məhluqə Sadıqova otaqlarında olan təmirlə bağlı müvəqqəti olaraq onların yaşadığı mənzilə yerləşdirilmişlər. Bir müddət sözügedən yaşadıqdan sonra Zərifə İbrahimova və Məhluqə Sadıqova qeydiyyatda olduqları mənzilə qayıtmaqdan imtina edərək həmin yaşamağa davam etmişlər. 1998-1999-cu illərdə bacısı Arzu Cəfərova isə ailə həyatı quraraq həmin mənzildən çıxmış və başqa mənzillə təmin olunmuş, o isə 17 saylı mənzilin 12 kvadratmetr otağında yaşamağa davam etmişdir. Həmin mənzilin 14 kvadratmetr otağında isə Zərifə İbrahimova və Məhluqə Sadıqova yaşamağa davam etmişlər. 2000-ci ildə o, özü ailə həyatı quraraq qeydiyyatda olduğu 17 saylı mənzildə yaşamaq istəsə də, Zərifə İbrahimova və Məhluqə Sadıqova mənzili tərk etməmiş, bu səbəbdən də o məcburiyyət qarşısında qalaraq ərimlə birlikdə həmin mənzildən müvəqqəti kirayədə yaşamağa çıxmışam. Müxtəlif təşkilat və idarələrə məsələnin həll edilməsi ilə bağlı tərəfindən çoxsaylı müraciətlər olunmuş, lakin yuxarıda qeyd edilən şəxslərin qeydiyyatda olduqları əvvəlki mənzilə qaytarılması məsələsi öz həllini tapmamışdır. 2021-ci ilə qədər yaşayış yeri üzrə qeydiyyat haqqında aldığı rəsmi arayışların heç birində nə Zərifə İbrahimovanın, nə də Məhluqə Sadıqovanın həmin mənzilin qeydiyyatında adları qeyd olunmamışdır. Lakin, sonradan ona məlum olmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 118 saylı Sərəncamına uyğun olaraq Bakı şəhəri, Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsində yerləşən 20 saylı evin, yaşayış sahəsi 12 kvadratmetr olan birotaqlı 17a saylı mənzilinə X3 adma icarə müqaviləsi bağlanmış və o, həmin mənzilin icarədarı hesab edilmişdir. Həmin Sərəncam əsasında Məhluqə Sadıqova Bakı şəhəri, Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsində yerləşən 20 saylı evin, yaşayış sahəsi 12 kvadratmetr olan birotaqlı 17a saylı mənzilinə mülkiyyət hüququ əldə etmişdir. Sözügedən sərəncamın mənafeyinə toxunmağına baxmayaraq, bu Sərəncam məlumat üçün ona göndərilməmişdir. Belə ki, sözügedən sərəncamın ləğvi ilə bağlı həmin inzibati aktı qəbul etmiş Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət olunsa da, həmin ərizə üzrə hər hansı araşdırılma aparılmamış və bu araşdırılmada iştirakı təmin olunmamış və xx.xx.2007-ci il tarixli 118 saylı Sərəncamı ləğv etməkdən imtina olunmuş və bununla bağlı xx.xx.2021-ci il tarixli C-28 saylı məktub göndərilmişdir. Sözügedən mənzilin sıra sayı arxiv sənədlərinə əsasən də 17 olmuş və bu mənzilin 17a saylı mənzilə çevrilməsinə dair heç bir hüquqi əsas və rəsmi sənəd mövcud olmamışdır. Eləcə də həmin mənzilə onun adına 1989-cu ildə rəsmi order verilmiş və mən həmin mənzildə 1989-cu ildən hal-hazıradək daimi yaşayış qeydiyyatındadır. Göründüyü kimi hazırkı vəziyyətdə onun həmin mənzildən məcburi qaydada başqa yerə getməyi qeyd olunan mənzilə olan hüquqlarının xitamına əsas ola bilməzdi, buna görə də onun həmin mənzilə olan hüquqlarının itirilməsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən hər hansı Sərəncam qəbul olunmamışdır. Bununla da onun sözügedən mənzilə hüquqları bu gün də qüvvədədir və bu hüququ əsasında yeganə yaşayış sahəsi olaraq bu mənzilə dair mülkiyyət hüququ əldə etməklə bağlı onun qanuni və əsaslı gözləntisi var. Mənzil növbəliliyinə əsasən mənzillə təmin olunmadan və bu günədək qeydiyyatda olduğu mənzil üzərində hüquqları itirilmədən sözügedən mənzilin Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2007ci il tarixli 118 saylı Sərəncamı ilə onun sıra sayı da saxtalaşdırılmaqla, Məhluqə Sadıqovanm icarəsinə verilməsinə dair qəbul edilmiş inzibati akt tamamilə qanunsuzdur. Cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraz onunla əsaslandırmışdır ki, müvafiq daşınmaz əmlak (Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi 20, mənzil 17) Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2007-ci il tarixli, 118 saylı sərəncamı əsasında daşınmaz əmlakın dövlət reyestrində X5 adına qeydiyyata alınmış və ona ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il tarixli çıxarış verilmişdir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X8 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6429/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli qərardadı (hakim G.Sevdimalıyeva) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun yazılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçıya verilmiş xx.xx.1989-ci il tarixli orderin surətindən görünür ki, həmin order ona “Azərrabitəinşaat” LTB tərəfindən həmin müəssisədə işlədiyi müddətdə verilmiş və o sözügedən mənzildə bugünədək pasport qeydiyyatındadır. Həmçinin, həmin təşkilat bugün mövcud olmasa da, hüquqi varisi hazırda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı Telefon Rabitə MMC-nin 2 saylı Rabitə Xidmətləri Mərkəzində çalışır və fasiləsiz olaraq rabitə nazirliyi sistemində işləmişdir. Adına olan order bugünədək ləğv edilməmiş və həmin mənzildən qeydiyyatdan çıxarılmamışdır. Onun hazırki inzibati aktın mövcudluğundan yalnız 2021-ci ildə xəbər tutmağına dair işdə kifayət qədər sübutlar mövcud olduğu halda məhkəmə vaxtında iddia qaldırmamağı səbəblərinə dair obyektiv halların mövcud olmaması kimi əsassız və qanunsuz bir nəticəyə gəlmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, mənzildə bacısı ilə birlikdə yaşamış, bacısı ailə həyatı quraraq yataqxananı tərk etmiş, Sadıqova Məhluqə və İbadanova Zərifə qonşuluqdakı mənzildə yaşamışlar, özü 2000-ci ildə ailə həyat qurandan sonra mənzil ölçüsü kiçik olduğundan yataqxananı tərk etmişdir. Lakin orderi ləğv edilməmiş, özü də bu vaxtadək həmin mənzildə pasport qeydiyyatındadır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi iş materiallarına uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs iş materiallarına uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, 1990-cı illərin əvvəlindən Sabunçu rayonu, ünvan 3 ünvanında yaşayır və həmin mənzilə dair orderi də vardır. Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, digər cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfat Departamentinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı sübutlara nəzər yetirir: - xx.xx.1989-cu il tarixli orderin kötüyünə əsasən, “Azərrabitəinşaat” LTB tərəfindən texnik və korrektor vəzifələrində işləyən Cəfərova Arzu və İddiaçı müəssisədə işlədiyi müddətdə Əfəndiyev küç., ev 20, mən. 17-də yaşamağa icazə verilmişdir. - Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 456 nömrəli sərəncamına əsasən X1 ailə tərkibi 2 nəfər (özü, qızı) olmaqla yaşadığı A.Bakıxanov qəsəbəsi, Əfəniyev küçəsi ev 20, mən. 17 yaşayış sahəsi 14 kv.m. olan bir otaqlı sıxlaşdırılmış mənzilinə daimi order verilmişdir. - Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı MKTD-nin xx.xx.2007-ci il tarixli 118 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Bakıxanov qəs., Oskar Əfəndiyev küçəsində 20 saylı evin yaşayış sahəsi 12 kv.m. olan 1 otaqlı 17a saylı mənzilinə X3 adına icarə müqaviləsi bağlanılmış və o həmin mənzilin icarədarı hesab olunmuşdur. - İddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, 20 saylı evin 17 saylı mənzilinə dair X5 adına verilmiş sərəncamın ləğv edilməsi barədə müraciətinə cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən bildirilmişdir ki, əvvəllər Azərbaycan Respublikasının Rabitə Nazirliyinə məxsus olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində yerləşən 20 saylı evin 17 saylı mənzilinə dair Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, 456 nömrəli sərəncamına əsasən İbadova (Məmmədova) Zərifə İbrahimxəlil qızına xx.xx.2001-ci il tarixli, 026518 saylı order verilmiş, mənzilə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq xx.xx.1992-ci il tarixli, 53 saylı order əsasında 17a saylı mənzilə orada faktiki olaraq yaşayan M.F.Sadıqovanın adına kirayə müqaviləsinin bağlanılması barədə müvafiq sərəncam verilmişdir və hazırda həmin yaşayış sahəsi onun xüsusi mülkiyyətindədir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İşin araşdırılmış hallarından aydın olur ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti MKTD tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 118 saylı sərəncamının və onun əsasında verilmiş çıxarışın qanunsuzluğunun tanınmasını tələb edir ki, bu iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra –İPM): 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri iləbağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər; 35.1-ci maddəsinə əsasən, həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında vəmüəyyən hərəkətləri etməkdən çəkinməyədair iddia mümkün sayılır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə iddia qaldırmaq səlahiyyətinə və iddia qaldırmaq müddətinə əməl olunmalıdır. İddiaçının hazırki iddia tələbinin əsası ondan ibarətdir ki, Bakı şəhəri, Razin qəsəbəsi, 20 saylı yataqxananın 2 otaqdan ibarət 17 saylı mənzilin işlədiyi “Azərrabitəinşaat” trestinin müdriyyəti ilə həmkarlar ittifaqının xx.xx.1989-cu il tarixli birgə qərarına uyğun olaraq 48 saylı Order əsasında ona yaşayış üçün ona verildiyindən , həmin yataqxanada 17a saylı mənzil mövcud olmadığından Bakı şəhər İcra Hakimiyyəti MKTD tərəfindən qəbul edilmiş xx.xx.2007-ci il tarixli 118 saylı sərəncam və onun əsasında verilmiş çıxarış qanunsuz sayılaraq etibarsız hesab edilməlidir. Göründüyü kimi, iddiaçının tələbi 2 hissədən ibarətdir: - Bakı şəhər İcra Hakimiyyəti MKTD tərəfindən qəbul edilmiş xx.xx.2007-ci il tarixli 118 saylı sərəncamın etibarsız hesab edilməsi; - 110772604 qeydiyyat nömrəli, xx.xx.2007-ci il tarixli Çıxarışın qanunsuz sayılaraq etibarsız hesab edilməsi. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçı tərəfindən hər iki tələb eyni anda irəli sürülsə də və iddia tələbləri üzrə həm Bakı şəhər İcra Hakimiyyəti MKTD, həm də Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cavabdehlər qismində qeyd edilmişdir. Əvvəla qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində cavabdehlər qismində səlahiyyətli orqanları göstərsə belə, həmin tələblərin hər biri ayrı xarakter daşıyır və cavabdeh qismində çıxış edən tərəflər müstəqil şəkildə çıxış etmək hüququna malikdirlər. Başqa sözlə desək, iddia üzrə prosessual həmiştirakçılağa və iddia tələbinin birgə baxılmasına yolverilmir. Azərbaycan Respublikasının İPM-nin 30.1 və 30.2 -ci maddələrinə əsasən Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəlləsinin 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi tərəfindən bir iddiada birləşdirilə bilər. Şərh olunan maddələrinin normalarına əsasən, eyni bir işdə iddiaçı və ya cavabdehin tərəfində əks tərəflə mübahisəli hüquq münasibətində olan, tələbləri və ya vəzifələri birbirini istisna etməyən bir neçə şəxsin iştirakı prosessual həmiştirakçılıq adlanır. Prosessual həmiştirakçılığın əsas əlaməti iştirakçıların ümumi birgə və bir-birini istisna etməyən maraqlarının olmasıdır. Bu maraq biri digərini istisna etməyən iddia tələblərində və ya iddia tələbindən doğan və biri digərini istisna etməyən vəzifələrdə ifadə oluna bilər. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddia tələbinin ümumilikdə mümkün sayılmaması üçün digər şərtlər də ödənilmədiyi üçün, yəni yuxarıda qeyd edilən mümkünlük şərtindən başqa əsaslar da mövcud olduğundan bu halın aradan qaldırılması istiqamətində iddiaçıya hüquqi yardımın göstərilməsini əhəmiyyətsiz hesab edir. Belə ki, bundan əlavə Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan xx.xx.1989-cu il tarixli orderin kötüyünə əsasən, “Azərrabitəinşaat” LTB tərəfindən texnik və korrektor vəzifələrində işləyən Cəfərova Arzu və İddiaçı müəssisədə işlədiyi müddətdə Əfəndiyev küç., ev 20, mən. 17-də (yataqxanada) yaşamağa icazə verilmişdir. Məhkəmə araşdırmaları zamanı da müəyyən olundu ki, iddiaçı ən azı 2000- cı illərin əvvəllərindən qeyd edilən mənzildə yaşamır,mənzil sahəsi kiçik olduğundan ailə həyatı qurandan sonra könüllü olaraq başqa yaşayış sahəsinə köçmüş və qeyd edilən müddətdə məhkəməyə müraciət hüququna hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtləri bildirməmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyrihüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Hazırki işin hallarından iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə ki, iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə verilmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Bundan əlavə Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirdiyi inzibati akt Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, 20 saylı evin 17a mənzilinə M.F.Sadıqovanın adına icarə müqaviləsinin bağlanması haqqındadır. İddiaçı isə iddia tələbində, təqdim etdiyi sənədlərdə, məhkəmə araşdırmaları zamanı verdiyi izahatlarında həmin 20 saylı evin 17 nömrəli mənzilinin ona yaşamaq üçün verildiyini qeyd edir. Yəni ki, 17 saylı mənzilə iddialı olsa da, sözügedən binada 17a saylı mənzilə dair hüquqmüəyyənedici sənədləri mübahisələndirir. Bunu da onunla əsaslandırır ki, sözügedən binada 17a saylı mənzil olmayıb, halbuki inzibati orqanın arxivindən təqdim edilmiş sənədlərin içərisində iddiaçının əlində olan orderlə eyni formada tərtib edilmiş 1990-cı il tarixli orderdən görünür ki, sözügedən order 17a saylı mənzildə X2 yaşaması üçün verilmişdir. Göründüyü kimi, iddiaçının həmin sərəncamı və sonradan onun əsasında verilmiş çıxarışı mübahisələndirməyə subyektiv hüququ yoxdur. Belə ki, «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir.Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür.Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir.Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır.Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Bununla da, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6429/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar