Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1374/2025 10.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X5 Asəf qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarların ləğv edilməsi və göndəriş əsasında orqanizmin funksiyalarının müvafiq faiz dərəcəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8568/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona əlillik təyin edilməsindən imtina edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarının, əyani müayinənin nəticələrinə dair xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və ona Q00132630Nİİ nömrəli göndəriş əsasında orqanizmin funksiyalarının müvafiq faiz dərəcəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, o, ağır parkinson xəstəsidir. Hazırda da həmin xəstəlikdən əziyyət çəkir və sağalmayan xəstəlikdir. Hətta daha da pisləşmişdir. Onun xəstəlik tarixindən çıxarışları vardır və həmin xəstəlikdən əziyyət çəkdiyi onun həmin sənədlərində təsdiq olunur. Onun müayinədən keçməsi barədə sənədləri vardır. Həmçinin onun xəstəlik çıxarışları vardır. O, xəstə ola-ola ona 2-ci qrup əlilliyə görə verilən pensiya da kəsilmişdir. Cavabdeh işin birinci instansiya icraatı zamanı iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, “İcraatınızda olan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə bildiririk ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Parkinson xəstəliyi. Əsmə-rigid forma. Xen-yar şkalası üzrə-lll mərhələ. Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, Beyin xroniki işemiyası. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8568/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Şahbaz Əli oğluna əlillik təyin edilməsindən imtina edilməsinə dair xx.xx.2023-cü il tarixli və əyani müayinənin nəticələrinə dair xx.xx.2023-cü il tarixli qərarları ləğv edilmiş və İddiaçı Q00132630Nİİ nömrəli göndəriş əsasında orqanizmin funksiyalarının müvafiq faiz dərəcəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbəindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Bu isə işin nəticələrinin ətraflı araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun öz təsdiqini tapmaması İddiaçı əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirirlər ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8568/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı işin hallarından görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.2017-ci il tarixdən 5 il müddətinə, “Parkinson xəstəliyi, Akineto-rigid sindrom. Koqnitiv pozğunluqlarla. Ürək çatmamazlığı, Ürək çatmamazlığı, İİ-İİİ funksional sinif. Proqressivləşən damar leykoensefalopatiyası, Dissirkulyator hipertonik subkortikal ensefalopatiya lakunar infarktlar. Proqressiv gedişli. Başın digər və dəqiqləşdirilməmiş travmaları, Qapalı kəllə-beyin travmasının (1981-ci il) davamlı qalıq əlamətləri. Nəzərə çarpan ocaqlı simptomlarla Presbiopiya, Görmə funksiyasının pozulması. Essensial [birincili] hipertenziya, İİ mərhələ İV risk qrupu. Qeyri-stabil stenokardiya Şiddətlənən stenokardiya, İİİ funksional sinif” diaqnozu ilə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçının əlillik vəziyyətinə dövlət tibb müəssisəsinin Q00132630Nİİ nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə baxılmış və Diaqnozun mətni: Parkinson xəstəliyi. Əsmə-rigid forma. Xen-yar şkalası üzrə - İİİ mərhələ. Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, Beyin xroniki işemiyası; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb: Xəstədə son bir il ərzində əsas diaqnozun ağırlıq dərəcəsinə görə stasionar müalicə Diaqnoz əlillik əlaməti təyin etmir.” səbəbi ilə imtina verilmişdir. İddiaçının əyani müayinəsinin nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli qararı iddiaçıya diaqnoz əlillik təyin etməməsi səbəbi ilə əlillik verilməsindən imtina edilmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və Q00132630Nİİ nömrəli göndəriş əsasında orqanizmin funksiyalarının müvafiq faiz dərəcəsi ilə əlilliyin təyin edilməsini xahiş edir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “cavabdeh iddiaçının instrumental müayinəsini deyil, əyani müayinəsini apararaq iddiaçıda olan diaqnozun əlillik təyinatına əsas verməməsi qərarına gəlmişdir. Halbuki iddiaçıda olan diaqnozların əyani müayinə nəticəsində müəyyən edilməsi mümkün deyildir. Belə ki, iddiaçı Baş beyinin xroniki işemiyası G20 - Parkinson xəstəliyi, Ağırlaşmalar: R26- Yeriş və hərəki funksiyaların pozğunluğu və həyat fəaliyyətinin pozulması. Yanaşı xəstəliklər: İ10- Hipertoniya xəstəliyi İİ mərhələ, EH-Şəkərli diabet, diabetik neyropatiya. Baş beyinin atrofıya xəstəliyi”ndən əziyyət çəkir və onun xx.xx.2024-cü il tarixdə orada baş beyinin MRT müayinəsi zamanı kortikal sulkus və girusların dərinliyi və genişliyi artmışdır (kortikal atrofıya). Beyinin hər iki yarımkürəsində alın-təpə paylarında bir neçə ədəd mikroangiopatik ocaqlar aşkar olunmuşdur. Bu xəstəliklərin iddiaçıda olması ekspert rəyi və digər tibbi sənədlərlə müəyyən edilir.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81- 100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilmişdir. Məhkəməyə təqdim edilmiş T 643Ə2024 №-li ekspert rəyində qeyd edilmişdir ki, Ş.A.Nəbiyev “X7” PHŞ-də 03.06-xx.xx.2024-cü il tarixlərdə “Əsas xəstəlik: İ67.8-Baş beyinin xroniki işemiyası G20- Parkinson xəstəliyi, Ağırlaşmalar: R26- Yeriş və hərəki funksiyaların pozğunluğu və həyat fəaliyyətinin pozulması. Yanaşı xəstəliklər: İ10- Hipertoniya xəstəliyi İİ mərhələ, EH-Şəkərli diabet, diabetik neyropatiya. Baş beyinin atrofıya xəstəliyi” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Onun xx.xx.2024-cü il tarixdə orada baş beyinin MRT müayinəsi zamanı kortikal sulkus və girusların dərinliyi və genişliyi artmışdır (kortikal atrofıya). Beyinin hər iki yarımkürəsində alıntəpə paylarında bir neçə ədəd mikroangiopatik ocaqlar aşkar olunmuşdur. Həmin diaqnoz ona xx.xx.2017-ci il tarixdə əlillik təyinatı zamanı qoyulmuş diaqnozla ümumən eynilik təşkil edir. Beləliklə, iddiaçıya əvvəllər təyin edilmiş əlilliyin diaqnozu ilə, onun barəsində rəsmiləşdirilmiş Q00132630Nİİ nömrəli göndərişdə olan diaqnozların eynilik təşkil etməsi müəyyən edilir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının əlilliyi təkrar əlillikdir və 2017-cü ildən həmin xəstəliklərdən əziyyyət çəkir. Həmin tarixdən iddiaçıya davamlı olaraq əlillik təyinatı aparılmış, müvafiq olaraq ambulator və stasionar müalicə və müayinələrdə olmuş, həmin sənədləri cavabdeh özü məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1637/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətini mümkünsüz hesab edərək qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir. Bu zaman iddiaçının dəyişməyən xəstəliyi, habelə ötən müddət ərzində xəstəliyinin ağırlaşması, eyni zamanda, iddiaçıya həmin diaqnoz əsasında müvafiq əlillik dərəcəsinin artıq bir neçə dəfə təyin olunduğu da cavabdeh tərəfindən nəzərə alınmalıdır. Eləcə də, şəxsin əlilliyinin müəyyən olunması məsələsinə münasibətdə, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinin tələbləri baxımından nəzərə alınmalıdır ki, həmin bənddə təsbit edilən müalicə müddəti ilə bağlı şərt aşkar mövcud olmadığı hallarda, diaqnozun dəqiqləşdirilməsi ilə bağlı araşdırma zərurəti aradan qalxır”. Əlavə olaraq qeyd edilməlidir ki, cavabdeh əyani müayinənin nəticəsi olaraq qeyd etmişdir ki, “Obyektiv müayinə zamanı, baş ağrıları, əllərin əsməsindəndir, dəri və görünən selikli qişaları təmiz, dərialtı piy qatı- kafi inkişaf edib, periferik limfa düyünləri - əllənmir, sümük-əzələ sistemi – ciddi patologiya aşkar edilməyib, tənəffüs sistemi – ağciyərlərdə vezikulyar tənəffüs eşidilir, ürəkqan damar sistemi- ciddi patologiya aşkar edilməyib, həzm sistemi – ciddi patologiya aşkar edilməyib, sidik cinsiyyət sistemi-ciddi patologiya aşkar edilməyib. Status neurosusKBS tərəfindən patologiya aşkar edilmədir. Hərəki sferada ətraflarda əzələ tonusu normaldır, rigidlik və ya dişli çarx fenomeni aşkar edilmədi, hipo və ya bradikineziya, hipo və ya bradimimiya yoxdur. Əllərindəki tremor yüksək amplitudu, qeyriritmik, xaotik, keçicismilyasiya xarakteri daşıyır.Yeriyərkən özünü gərginləşdirir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Diaqnozun öz təsdiqini tapmaması” qərarı verilir. Kollegiya qeyd edir ki, TSEK-in əyani müayinənin nəticəsi olaraq qəbul etdiyi qərarı lazımi qaydada, şəxsin xüsusi halları ilə əlaqələndirilməklə əsaslandırılmamış, göndərişdə göstərilmiş diaqnozlar müvafiq tibbi sənədlərə istinadla deyil, ümumi ifadələrdən istifadə edilməklə inkar olunmuşdur. Əyani müayinənin nəticəsində qəbul edilən qərarlara münasibətdə nəzərə alınmalıdır ki, sözügedən müayinələr şəxsin sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirildiyi barədə nəticəyə gəlməyə imkan verən şəkildə aparılmalıdır. Bu zaman çıxarılan qərarlar şəxsin hərtərəfli, funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələrinə, mütəxəssislərin ətraflı obyektiv məlumatlarına, aparılmış müalicə tədbirləri və onların səmərəliliyinə, klinik proqnozlara əsaslanmalıdır. Belə olan halda cavabdehin iddiaçının xarici görünüşünə əsaslanan formal əyani müayinədən ibarət dəlili, yəni iddiaçıda olan diaqnozun əlillik təyinatı əsas verməməsi barədə dəlili də əsassızdır. Həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X7 PHŞ-in xx.xx.2024-cü il tarixli, 6810 nömrəli xəstəlik tarixindən çıxarışdan müəyyən edilir ki, iddiaçı dəqiqləşməmiş insult diaqnozu ilə xx.xx.2024-xx.xx.2024-cü il tarixdə müayində olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə:
6. Sinir sistemi xəstəlikləri; 6.6. Ekstrapiramid və digər hərəki pozuntular; 6.6.1. parkinson xəstəliyi.G20 6.6.1.1. ümumən hərəkətin mülayim pozulması, dönmə zamanı tarazlığın pozulması (Hoehn və Yahr şkalası üzrə xəstəliyin İİİ mərhələsi) Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıda əsas diqanoz olan G20 - Parkinson xəstəliyindən əlavə, Ağırlaşmalar: R26 - Yeriş və hərəki funksiyaların pozğunluğu və həyat fəaliyyətinin pozulması. Yanaşı xəstəliklər: İ10 - Hipertoniya xəstəliyi İİ mərhələ, EH-Şəkərli diabet, diabetik neyropatiya. Baş beyinin atrofıya xəstəliyi”nin olması da iş materiallarında olan tibbi sənədlər və eksert rəyi ilə təsdiq olunur. Yuxarıda göstərilən Meyarlara Əlavənin:
2. Qan dövranı sisteminin xəstəlikləri; 2.1.1. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının mülayim pozulması (zədələnməsi) ilə; 2.1.2. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ciddi pozulması (zədələnməsi) ilə; 2.1.3. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ağır pozulması (zədələnməsi) ilə. 11.2. Şəkərli diabet. 11.2.1. insulindən asılı şəkərli diabet; insulindən asılı olmayan şəkərli diabet; Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1940/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətini mümkünsüz hesab edərək qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının X2 Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 2-1(102)-1038/2023 nömrəli, X1 Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 2-1(102)-437/2024 nömrəli, X3 Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 2-1(102)-73/2024 nömrəli, X4 Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 2-1(102)-234/2024 nömrəli, X5 Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 2- 1(102)-589/2024 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş diaqnozu iş materialları ilə öz təsdiqini tapırsa və həmin diaqnoz şəxsə müvafiq əlillik dərəcəsinin təyin edilməsi üçün meyarların müvafiq bəndinə uyğundursa, cavabdeh inzibati orqan tərəfindən müvafiq əlillik dərəcəsinin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olacaq və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmayacaqdır. Cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir”. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, göstərilən əsaslar formal xarakter daşıyır. Belə ki, cavabdeh inzibati orqan öz qiymətləndirməsini əsasən əyani yoxlanış və gözlə görünən simptomlar üzərindən qurmuş,laborator müayinələr və xəstəlik tarixçəsini lazımi dərəcədə təhlil etməmişdir. Halbuki, bu kimi xəstəliklərin (xüsusilə Parkinson) ağırlıq səviyyəsini və funksional pozulmalarını yalnız əyani müayinə ilə obyektiv qiymətləndirmək mümkün deyil. Göründüyü kimi cavabdehin qüiymətləndirməsi yalnız formal meyarlar üzərində qurulmuş, lakin tibbi məzmun və funksional vəziyyət konteksində qanunvericiliyn mahiyyətinə uyğun olmamışdır. . Birinci instansiya məhkəməsi isə işin faktiki hallarını, mövcud meyarları və Ali Məhkəmənin formalaşdırdığı məhkəmə təcrübəsini əsas tutaraq düzgün və qanuni qiymətləndirmə aparmışdır. Azərbaycan Respublikası İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8568/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8568/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.