Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1375/2020 31.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “ata adının dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2449/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə doğum haqqında akt qeydləri kitabında ata adının “Kamal”dan “Kalman” adına dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş və doğum haqqında akt qeydləri kitabında onun ata adı “Kamal”, soyadı isə “Vəlizadə” kimi qeyd olunmuşdur. O, cavabdeh təşkilata müraciət edərək ata adının “Kamal” adının “Kalman” adına dəyişdirilməsini xahiş etmiş, lakin cavabdeh ona ünvanladığı 05/76 1584/15 saylı, xx.xx.2019-cu il tarixli məktubu ilə onun xahişini təmin etməkdən imtina etmişdir. Hesab edir ki, imtina əsassızdır. Buna görə də cavabdehin hərəkətləri qanunsuz hesab olunmaqla doğum aktlarının qeydiyyat kitabında ata adı “Kamal” adından “Kalman” adına dəyişdirilməsi cavabdehin üzərinə vəzifə kimi qoyulmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2449/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək, qərarı ləğv etməklə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbini rədd edən məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 79 saylı Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydası”nın 6-cı bəndinə istinad etmişdir. Halbuki Ailə Məcəlləsində ata adının dəyişdirilməsi hüququ öz əksini tapmış və bu hüququn həyata keçirilməsi üçün hər hansı bir qeyd-şərt nəzərdə tutulmamışdır. Digər tərəfdən onun atası vəfat etmişdir, onun adının dəyişdirilib-dəyişdirilməməsi ilə bağlı müraciət edib-etməməsinə görə o cavabdehlik daşımır. Digər tərəfdən onun atasını hamı “Kalman” deyə çağırırdı, hamı da onun əsl adının “Kalman” olduğunu bilirdi, o da sağlığında adının dəyişdirilməsini istəmiş, bu onun arzusu olmuşdur, bu səbəbdən də onun teatr festivallarında almış olduğu diplomlarında ata adı “Kalman” kimi qeyd edilmişdir. Bundan başqa hazırda tiraja hazırlanan kitabında da o “Kalman” adını ata adı kimi qeyd etmişdir. Hazırda o Mədəniyyət və İncəsənət Universitetinin “teatr rejissorluğu” fakültəsinin 4-cü kurs tələbəsidir, bu il diplom almalıdır və mərhum atasının arzusunu reallaşdırmaqla diplomda ata adının “Kalman” kimi qeyd edilməsini istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2449/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 338432 saylı, xx xxxxxx 2019-cu il tarixli doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı xx xxxxxx 1977-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 2019-cu il tarixdə 72 saylı nömrə ilə qeyd bərpa edilmiş, atası qrafasında X1, anası qrafasında X2 yazılmışdır. İşdə olan cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 05/761584/15 saylı imtina məktubundan görünür ki, iddiaçının ata adının “Kamal”dan “Kalman”a dəyişdirilməsi barədə müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydası”na əsasən ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. Göstərilənlərə əsasən xx.xx.2019cu il tarixli 72 saylı doğum bərpa haqqında akt qeydinin uşaq bəndində ata adının “Kamal”dan “Kalman”a dəyişdirilməsinin imkan xaricində olması göstərilmişdir Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 189-cu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydası”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikasının qanunvericiliyi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Hər kəs özünün qanunla qorunan hüquq və azadlıqlarını, həmçinin maraqlarını qorumaq üçün məhkəmə müdafiəsindən istifadə edə bilər. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqların, qanunla qorunan maraqların qorunmasıdır. İddiaçı nə iddia ərizəsində, nə də apelyasiya şikayətinin dəlillərində ata adının dəyişdirilməsinin hansı zərurətdən irəli gəlməsi, “Kamal” kimi qeyd edilən ata adının onun hansı hüququnun həyata keçirilməsinə maneçilik törətməsi və ya ata adının “Kalman” kimi qeyd ediləcəyi halda onun hansı hüquqlarının yaranacağını, hansı nəticələrə səbəb olacağını əsaslandırmamışdır. İddiaçının apelyasiya şikayətində göstərdiyi kimi hamının atasını “Kalman” kimi çağırması və onun adının “Kalman” olduğunu bilməsi, atasının da adını dəyişdirməyi istəməsi, nə də ki, festivallarda almış olduğu diplomlarda ata adının “Kalman” kimi qeyd edilməsi hazırkı tələbin təmin edilməsi üçün əsas təşkil etmir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının müraciətinə Bakı şəhəri Cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamışdır. İddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillər isə qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2449/2020 saylı, xx xxx 2020-ci il tarixli dəyişdirilmədən saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1375/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1375/2020
31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver