Məhkəmə qərarları › İş №2-1(103)-1375/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1375/2021

25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1375/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1951-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X2rşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2-1(112)-1169/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 24.06.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X2rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona təzminat ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2018-ci ilin avqust ayında ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək təqaüdçü olduğunu, sağlamlığı ilə bağlı heç bir probleminin olmadığını, təqaüdünün onun şəxsi eytiyaclarını ödəsə də, əlavə xərclərə maddi imkanının çatmadığını bildirmiş və Cavabdehnə müraciət edərək, onun özünəməşğulluq proqramına cəlb olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Onun müraciətindən bir neçə gün sonra o, Cavabdehnə dəvət edilmiş və heyvandarlıq sahəsi üzrə qeydiyyata alınmışdır. Bununla bağlı bütün tələb olunan sənədləri təqdim etmişdir. 2019-cu ilin aprel ayında o, yenidən Mərkəzə dəvət edilmiş, sənədləri yoxlandıqdan sonra istifadə edəcəyi torpağın fotoşəkillərini çəkib Mərkəzə təqdim etmişdir. Bu vaxta qədər o, bankdan təqaüdcü kimi heyvandarlıqla məşğul olması üçün 2000 manat məbləğində kredit götürmüşdür. Ona aid olan torpaqda tövlə və ambar tikmişdir. Sonradan əlavə olaraq 1000 manat məbləğində borc götürmüşdür. X1 bildirilmişdir ki, təlimlər başlanan zaman ona məlumat veriləcəkdir, o vaxta kimi gözləməlidir. 2019-cu ilin sentyabr ayında özü Mərkəzə yenidən müraciət etmiş və ona bildirilmişdir ki, heyvandarlıq ləğv edildiyindən onu özünəməşğulluq layihəsi üzrə qeydiyyatdan çıxarmışlar. Sonra o, məcbur olub yenidən Nazirliyə müraciət etmiş və sonra Mərkəzə dəvət edilmiş və bu dəfə onu quşçuluq üzrə qeydiyyata almışlar. O, 2019-cu il oktyabr ayının 15-dən 25-nə kimi təlimlərdə iştirak etmiş, dərslərə cəlb olunmuşdur. 25 oktyabrda dərs əsnasında Mərkəzin müdriyyəti onu çağıraraq təqaüdçü olduğu üçün layihədən kənarlaşdırıldığını bildirmişdir. Nəticədə o, bir ildən coxdur ki, təqaüdünün 77 manatını əbəs yerə götürdüyü krediti ödəməyə borcludur. 19.10.2020-ci il tarixində iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilmiş, ərizədə iddiaçıya dəyən zərərin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi xahiş olunmuşdur. 19.10.2020-ci il tarixli qərardad ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Daha sonra iddiaçı tərəfindən cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi barədə ərizə təqdim edilmiş, ərizədə hazırkı cavabdehin əsl cavabdeh ƏƏSMN tabeliyində X5 ilə əvəz edilməsi xahiş olunmuşdur. 16 noyabr 2020-ci il tarixli məhkəmə iclas protokolu ilə hazırkı cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində X5 ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2-1(112)-1169/2021 nömrəli qərardadı ilə (hakim P.Hüseynov) iddia mümkün sayılmamışdır. İddiaçı 15.03.2021-ci il tarixdə ərizə verərək, məhkəmə araşdırmalarında gəldiyi nəticə ilə və çıxarılan qərardan narazı qaldığı üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin apellyasiya icraatı zamanı, iddaçının Bakı İnzibati Məhkəməsinin 05 mart 2021ci il tarixli, 2-1(112)-1169/2021 nömrəli qərardadından verdiyi apellyasiya şikayətinin məzmunu İnzibati Prosessual Məcəllənin tələblərinə uyğun olmadan verilmişdir. Belə ki, şikayət ərizəsində tələb göstərilməmiş, ərizənin başlıq hissəsi “apellyasiya şikayəti” əvəzinə “ərizə” kimi qeyd edilmiş, ərizədə məhkəmə qərardadının nömrəsi və tarixi göstərilməmişdir. Bu səbəbdən iddiaçıya apellyasiya şikayətinin İnzibati Prosessual Məcəllənin tələblərinə uyğun olaraq tərtib edib məhkəməyə ünvanlaması təklif olunmuşdur. Məhkəmə tərəfindən iddiaçının apellyasiya şikayəti mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı izahat verərək, apellyasiya şikayətini müdafiə etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində ona dəyən zərərin ödənilməsini tələb etsə də, dəyən zərəri konkret olaraq göstərməmişdir. İş materiallarından göründüyü kimi iddia tələbinin dəqiqləşdirilməsi iddiaçıya təklif edilsə də, iddiaçı zərərin məhkəmə araşdırmasına əsasən müəyyən edilməli olduğunu hesab etdiyini və buna görə dəymiş zərəri dəqiq göstərmək niyyətində olmadığını bildirmiş və iddia tələbinin dəqiqləşdirilməsindən imtina etmişdir. Məhkəmə Kollegiyasi həmçinin qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh orqana müraciət etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təklif edilsə də, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl iddia tələbində göstərilən məsələ ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmədiyini bildirmiş və müraciət etməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2-1(112)-1169/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar