Məhkəmə qərarları › İş №2-1(103)-1375/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1375/2023

23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1375/2023 23.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1496/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 1042 saylı sərəncamı əsasında ayrılmış və Bakı şəhəri, Səbail rayonu, Badamadar qəsəbəsində yerləşən 600 (altı yüz) kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamadar qəsəbəsində yerləşən 600 (altı yüz) kv.m torpaq sahəsi uzun müddət faktiki istifadəsində və sahibliyidə olmuş, Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 1042 saylı sərəncamı ilə qeyd olunan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçının adına rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********57 saylı cavab məktubu ilə əriz təmin edilməmiş, imtina məktubunda göstərilib ki, təqdim edilmiş torpaq sahəsinin yerləşmə sxemində istinad və məsafələr qeyd olunmamış və faktiki vəziyyəti ilə uyğunsuzluq təşkil edir. Həmçinin torpaq sahəsinin bir hissəsi digər şəxsin adına keçmiş DTXK tərəfindən mülkiyyət hüququn haqqında verilmiş şəhadətnamənin baza məlumatı ilə üst-üstə düşür. Bundan əlavə qeyd edilən sahənin 23.0 metr məsafəsindən d=700.0 mm.lik qaz xətti keçir və ümumi ərazi fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmamışdır. İddiaçı hesab edir ki, cavabdeh orqanın ərizənin tmin edilməsindən imtinası əsassız və qanunsuz olmaql onun daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının əldə edilməsinə maneçilik törədir. İşin birinci instansiya icraatı zamanı cavabdeh məhkəməyə yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1496/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, döngə 323 ünvanında yerləşən 600 kv.m. torpaq sahəsinə dair İddiaçı xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti yazılı etiraza uyğun tərtib edilmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab eidlmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1496/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 8.0.1. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Hazırkı iş üzrə müəyyən edilir ki, iddiaçı Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 1042 saylı sərəncamı əsasında ayrılmış və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 (altı yüz) kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, cavabdeh iddiaçının hüquqlarının qeydə alınmasından imtinanı onunla əsaslandırmışdır ki, təqdim edilmiş torpaq sahəsinin yerləşmə sxemində istinad və məsafələr qeyd olunmamış və faktiki vəziyyəti ilə uyğunsuzluq təşkil edir. Həmçinin torpaq sahəsinin bir hissəsi digər şəxsin adına keçmiş DTXK tərəfindən mülkiyyət hüququn haqqında verilmiş şəhadətnamənin baza məlumatı ilə üst-üstə düşür. Bundan əlavə qeyd edilən sahənin 23.0 metr məsafəsindən d=700.0 mm.lik qaz xətti keçir və ümumi ərazi fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmamışdır. İşin birinci instansiya icraatı zamanı məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən aşağıdakı məsələlər üzrə mütəxəssis rəyi alınması qərara alınmışdır. Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilmişdir ki: “İddiaçının iddia etdiyi və naturada göstərilən mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən ölçülmüş ərazinin koordinatlarını, baza məlumatlarını və sair texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır.(sxemlər əlavə edilir). “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC tərəfindən təqdim olunmuş mütəxəssis rəyinə əsasən bildirilmişdir ki: - Bakı şəhər Səbaıl rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 1042 saylı sərəncamı əsasında ayrılmış və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisi miqyassız, koordinatsız.hər hansı istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən mübahisəli torpaq sahəsinin yerləşmə mövqeyini tam dəqiqliklə naturada müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçının göstərdiyi və faktiki istifadəsində olan torpaq sahəsinin naturada koordinatları müəyyən edilərək ölçülmüş, müəyyən olunmuş koordinatlar əsasında elektron kadastr məlumat bazasında araşdırılaraq yerquruluşu planı tərtib olunmuşdur.(yerquruluşu planları əlavə olunur). - Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisi miqyassız, koordinatsız hər hansı istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən torpaq sahəsinin həqiqi ərazisi (sənəd üzrə) və naturada ölçülmüş faktiki vəziyyəti arasında olan uyğunsuzluğun mövcud olub- olmamasını müəyyən etmək mümkün olmamışdır Elektron kadastr məlumat bazasına əsasən torpaq sahəsi elektrik ötürücü şəbəkəsinin mühafizə zonasında yerləşir. Eyni zamanda ərazidən yeraltı qaz xətti keçsədə, qazın mühafizəsi barədə elektron kadastr məlumat bazasında hər hansı məlumat qeydə alınmamışdır - Torpaq sahəsi hal-hazırda İddiaçı istifadəsindədir və elektron kadastr məlumat bazasında digər hüquqi şəxsə məxsus olması barədə məlumat yoxdur. - iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi yaşayış məntəqələrinin hüdudları daxilində yerləşir. Ölçülmüş ərazinin faktiki ölçüsü 461 kv.m-dir, dövlət mülkiyyəti torpağıdır.” Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Belə ki, Torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil və faktiki olaraq ölçüsü 600 kv.m olmaqla iddiaçının istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi döngə 323 ünvanında yerləşən 600 kv.m. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 1042 saylı sərəncamı əsasında İddiaçı ayrılmışdır. Qeyd edilən sərəncam hazırda qüvvədədir, ləğv edilməmişdir, yerləşmə cizgisi müvafiq olaraq Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili olan torpaq sahəsinin bir hissəsinin X1 adına keçmiş DTXK tərəfindən verilmiş JN30074 nömrəli şəhadətnamənin baza məlumatı ilə üst-üstə düşməsi, ərazidən qaz xətti keçməsi ilə bağlı qeyd edir ki, iş üzrə verilmiş mütəxəssis rəyinə əsasən elektron kadastr məlumat bazasında torpaq sahəsinin digər şəxsə məxsus olması barədə, eləcə də qazın mühafizəsi barədə elektron kadastr məlumat bazasında hər hansı məlumat qeydə alınmamışdır. Digər tərəfdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nda torpaq üzərində mülkiyyət hüququnun tanınmasını istisna edən norma yoxdur. Əksinə, Qaydaların 2.8-ci bəndində qeyd edilir ki, Boru kəmərlərinin mühafizə zonalarına daxil olan torpaq sahələri, torpaq istifadəçilərindən, mülkiyyətçilərindən və icarəçilərindən alınmır. Qaydaların 2.7-ci bəndində torpaq sahəsinə dair mühafizə zonasının təyin edir. Ümumi ərazinin fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmaması məsələsinə münasibətdə məhkəmə qeyd edir ki, Səbail rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə təsdiq edilmiş cizgiyə əsasən, ərazi 2-ci yaşayış massivində yerləşir. Odur ki, yaşayış massivində yerləşən sahənin fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmamasına dair cavabdehin dəlilini məhkəmə əsassız hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1496/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1496/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar