Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1376/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “05.09.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Vəfaddin Ələm oğlu İbayevdən ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “05.09.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1681/2019 saylı 11 oktyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 29 oktyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı 25.05.1981-ci il taixli əmək kitabçasından görünür o, 13.10.1980-ci ildən 22.12.1981-ci ilədək Azərelektroişıq Naxçıvan ETZ-də birinci dərəcəli təmizləyici, 22.12.1981-ci ildən 01.06.1994-cü ilədək birinci dərəcəli presləyici, 02.06.1994-cü ildən 15.05.1995-ci ilədək Naxçıvan MR X8 Cəmiyyətində inspektor, 15.05.1995-ci ildən 05.04.2008-ci ilədək həmin cəmiyyətdə nəzarətçi vəzifəsində işləmişdir. Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinin 03/1355 saylı 16 noyabr 2017ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı 13.10.1980-ci il tarixli 128 nömrəli əmrlə presləyici sexinə 1-ci dərəcəli təmizləyici qəbul edilməsi, 23.12.1981-ci il tarixli 176 nömrəli əmri ilə presləyici vəzifəsinə keçirilməsi, 01.06.1994-cü il tarixli 71 nömrəli əmri ilə presləyici vəzifəsindən azad edilməsi əmr kitablarında göstərilmişdir. Azərbaycan Tarix və Mədəniyyət Abidələrini Mühafizə Cəmiyyətinin Naxçıvan MR şöbəsinin 01 saylı 08.10.2019-cu il tarixli arayışına əsasən İddiaçı 1994-cü ildən 2008-ci ilə qədər Cəmiyyətdə işləmişdir. (Cəmiyyətin sabiq sədri Q. Həsənzadə tərəfindən imzalanmışdır). İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 15/**********5 saylı 12.03.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 61 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-ci il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22.1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin şərtlərini ödəmədiyi üçün, yəni 61 yaşının tamam olmadığı səbəbindən ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliklə mümkün deyildir. Cavabdehin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “onun 13.10.1980-ci ildən 01.06.1994-cü ilədək Azəreletroişıq Naxçıvan ETZ-də, 02.06.1994-cü il tarixdən 01.01.2006-cı il tarixədək Azərbaycan Tarixi Abilələri Mühafizə Cəmiyyətində işlədiyi illər nəzərə alınmaqla ona 05.09.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, BPO “Azərlektrosovet” Naxçıvan ETZ-də 13.10.1980-cı ildə Selen turşularının və kuproks düzləndiricilərinin istehsalı üzrə zaçistitca” (yapışdırıcı) vəzifəsinə işə qəbul olunmuşdur. 22.12.1981-ci ildə presləyici vəzifəsinə köçürülmüş, 05.04.2008-ci ilə 1995-ci il tarixdə verilmiş 26 nömrəli əmrə əlavə edilərək uzun müddət davam edən xəstəliyini nəzərə alaraq, ərizəsinə əsasən işdən azad olunmuşdur. AR Nazirlər Kabinetinin qəbul etdiyi 12 nömrəli qərarı əsasında Güzəştli şərtlərlə yaşa görə əmək təqaüdü hüququ verən peşələr üzrə iş stajı 12 il 6 ay kifayət edir. Onun Naxçıvan MR-da “Azərelektroişıq” İstehsalat birliyində 13.10.1980-cı ildən 02.06.1994-cü ilədək zəhərli maddə olan “selen” turşularının istehsalı üzrə yapışdırıcı və presləyici vəzifəsində 14 il müddətində fasiləsiz işləmişdir. Güzəştli şərtlərlə əmək pensiyasına qadınlar 50 yaşından buraxılır. Onun 50 yaşı 05.09.2013-cü ildə tamam olub və 05.09.2013-cü ilədək 28 il iş stajı olub. Qadınlara əmək pensiyasına çıxmaq üçün ümumi 20 il iş stajı lazımdır. Güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün 12 il 6 ay əvəzinə iddiaçının 14 il iş stajı var. Qadınlar üçün 15 il lazım olduğu halda onun ümumilikdə 28 il iş stajı var. Dəfələrlə Dövlət Sosial X11 rayon şöbəsindən 50 yaşı tamam olduqdan sonra onu güzəştli şərtlərlə əmək pensiyasına buraxılmağını tələb etmiş, lakin ona məhkəməyə müraciət etməsini təklif ediblər və indiyə qədər onu pensiyaya buraxmayıblar. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 61 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatında imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək hüququ vardır. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-ci il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22.1.2-ci maddəsinə uyğun olaraq hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin şərtlərini ödəmədiyi üçün, yəni 61 yaşının tamam olmadığı səbəbindən ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliklə mümkün deyildir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)1681/2019 saylı 11 oktyabr 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, 13.10.1980-ci ildən 01.06.1994-cü ilədək Azərelektroişıq Naxçıvan ETZ-də, 02.06.1994-cü il tarixdən 01.01.2006-cı il tarixədək Azərbaycan X8 Cəmiyyətində işlədiyi illər nəzərə alınmaqla İddiaçı 05.09.2013cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 01 yanvar 2006-cı il tarixdən Azərbaycan Respublikasında vətəndaşların pensiya təminatı ’’Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçular eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 4.2.7 bəndinə əsasən zəruri sayılan hallarda əmək stajının yerində qarşılıqlı araşdırılması və yoxlanılması həyata keçirilir. İddiaçının sosial sığorta stajının araşdırılması üçün Naxçıvan MR-nın DSMF-na sorğu verilmiş, sorğuya verilən cavab məktubunda Azərbaycan X8si Cəmiyyətinin sənədlərinin arxivə təhvil verilmədiyindən vətəndaşın sosial sığorta stajının araşdırılmasının mümkün olmadığı bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-195/2020 saylı 10 mart 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)1681/2019 11 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddianın təmin olunmaması qərara alınmışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1597/2020 saylı 12 avqust 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-42/2021 saylı 26 yanvar 2021-ci il tarixli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdir ki, 13.10.1980-ci ildən 01.06.1994-cü ilədək Azərelektroişıq Naxçıvan ETZ-də təmizləyici və presləyici işləmiş, işlədiyi peşə zərərli olmuş, lakin hazırda həmin müəssisə mövcud olmadığı üçün peşəsinin zərərli olmasını təsdiq edən sənədi təqdim edə bilmir, 02.06.1994-cü il tarixdən 15.05.1995-ci il tarixədək isə Azərbaycan X8 Cəmiyyətinin Naxçıvan MR Şöbəsində işləmiş, həmin müəssisənin rəhbəri tərəfindən onun işləməsi ilə bağlı 08.10.2019-cu il tarixdə müvafiq arayış da verilmiş, lakin bu yaxınlarda həmin cəmiyyətin sabiq sədri Q.Həsənzadə vəfat etdiyi üçün onun məhkəməyə dəvət olunmasını təmin edə bilmir, bu barədə işə qəbul və işdən azad olunması ilə bağlı əmrlərin surətlərini almaq üçün Naxçıvan MR-na sabiq sədr Q.Həsənzadənin evinə gedəndə məlumatlı olmuş, belə ki, sabiq müəssisə rəhbərinin evində olarkən həyat yoldaşı ona mərhum tərəfindən sağ olarkən müəssisənin sənədlərinin hansı orqana verilməsi ilə bağlı məlumatının olmadığını bildirmiş, buna görə o, Tarix və X1 və Bərpası Komitəsinin sədri Fəxrəddin Miralayevin yanında da olmuş, o da həmin Komitənin Naxçıvan MR Şöbəsinin sədri Q.Həsənzadə tərəfindən cəmiyyətin sənədlərinin hara təhvil verməsindən məlumatı olmadığını bildirmişdir. Lakin keçmiş Komitə sədri Fəxrəddin Miralayev də onun Cəmiyyətin Naxçıvan MR Şöbəsinin işçisi olduğunu təsdiq edir. Buna görə də qeyd olunan işlədiyi illər nəzərə alınmaqla ona 05.09.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin cavabdehə həvalə olunması barədə məhkəmə qərarının dəyişdirilmədən saxlanılmasını, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. 27 oktyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında bu barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 15 sentyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclsında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X7 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 12.03.2019-cu il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə 29.03.2019-cu il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı 01.01.2006-cı il tarixədək ümumi iş stajının 20 ildən artıq olmasına, güzəştli şərtlərlə pensiya təyin olunması üçün tələb olunan 10 il güzəştli iş stajının toplanmasına əsaslanaraq ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə pensiya təyin edilməsini tələb edir. Bu barədə cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələblərinin ödənilməməsinə istinad edərək tələbinin təmin olunmasından imtina etmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 01.01.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajına, həmçinin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən 10 il iş stajı – xüsusi staja malik olduğundan onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 01.01.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 01.01.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə əmək kitabçasını və arxiv arayışlarını təqdim etmişdir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, 13.10.1980-cı il tarixdən 23.12.1981-ci il tarxədək Azərelektroişıq Naxçıvan ETZ-də “birinci dərəcəli təmizləyici”, 23.12.1981-ci il tarixdən 01.06.1994-cü il tarixədək “birinci dərəcəli presləyici”, 02.06.1994cü il tarixdən 15.05.1995-ci il tarixədək Naxçıvan MR X8 Cəmiyyətində inspektor, 15.05.1995-ci il tarixdən 05.04.2008-ci il tarixədək “nəzarətçi” vəzifələrində çalışmışdır. İddiaçının ümumi iş stajı ilə bağlı qeyd olunur ki, onun 13.10.1980-cı il tarixdən 23.12.1981-ci il tarxədək Azərelektroişıq Naxçıvan ETZ-də “birinci dərəcəli təmizləyici”, 23.12.1981-ci il tarixdən 01.06.1994-cü il tarixədək isə “birinci dərəcəli presləyici” işləməsi faktı məhkəmə sorğularına əsasən Naxçıvan MR Dövlət Arxivinin təqdim etdiyi arxiv arayışları və əmrlərdən çıxarışlarla da təsdiq olunur. Belə ki, həmin sənədlərə əsasən iddiaçının 13.10.1980-ci ildə 124 “k” saylı əmrlə “təmizləyici” işinə qəbul edildiyi, 23.12.1981-ci ildə “presləyici” vəzifəsinə keçirilsə də, bu barədə əmrin tapılmadığı, belə ki, həmin tarixdə 176 “k” nömrəli əmrin başqa şəxsin adına tərtib olunduğu, lakin şəxsi kartoçkaya əsasən iddiaçının həqiqətən də həmin tarixdə “presləyici” vəzifəsinə keçirilməsi barədə qeydin aparıldığı, 02.06.1992-ci ildən 01.06.1994-cü il tarixədək isə öz hesabına məzuniyyətdə olduğu, 01.06.1994-cü il tarixdə 70 “k” saylı əmrlə işdən azad olunduğu, əmək kitabçasındakı məlumatlarda isə iddiaçının 22.12.1981-ci il tarixdən presləyici vəzifəsinə 23.12.1981-ci il tarixli 176 “k” saylı əmrlə keçirildiyi müəyyən olunur. Göründüyü kimi, arxiv arayışında olan bu məlumatlarla əmək kitabçasında olan qeydlər arasında belə ziddiyyət mövcud olsa da, bunda iddiaçının təqsiri yoxdur, belə ki, əmək kitabçasında qeyd olunan məlumatlar müəssisisə rəhbərliyi tərəfindən doldurulur və bu zaman texniki səhvə yol verilməsi ehtimalı istisna olunmur. Həmçinin nəzərə alınmalıdır ki, əsas məsələ iddiaçının qeyd olunan müəssisədə 13.10.1980 - 01.06.1994-cü illərdə işləməsi faktıdır ki, bu da istər əmək kitabçasındakı qeydlərlə, istərsə də arxiv arayışları və onlara əlavə olunmuş əmrlər kitablarından (əmrlərdən) çıxarışlarla tam təsdiq olunur. İddiaçının 02.06.1994 - 05.04.2008-ci il tarixləri arasında işlədiyi müəssisəyə gəlincə isə, bu müəssisənin adı Azərbaycan Tarix və X2 Cəmiyyətinin Naxçıvan MR şöbəsi olmuş, həmin müəssisə tərəfindən sonuncu dəfə verilmiş 08.10.2019-cu il tarixli arayışda iddiaçının qeyd olunan dövrdə müəssisədə işlədiyi təsdiq olunmuş, iddiaçının izahatına görə müəssisənin rəhbəri Q.Həsənzadə vəfat etdiyi üçün hazırda onun məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamış, sabiq rəhbər tərəfindən müəssisəyə dair sənədlərin dövlət arxivinə təhvil verilmədiyi Naxçıvan MR Dövlət Arxivinin 11.10.2021-ci il tarixdə verdiyi arayışla da təsdiq olunmuş, həmçinin işdən çıxarılma barədə qeydin əsasını təşkil edən əmr barədə məlumatın əmək kitabçasında əks etdirilməməsi birmənalı olaraq iddiaçının həmin müəssisədə işləməməsini deməyə əsas vermir. Azərbyacan Respublikası Nazirlər Kabineti yanında Tarix və X1 və Bərpası Komitəsinin sabiq sədri X4 notarial qaydada verdiyi ərizədə 12.07.1992-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin 71 saylı Fərmanı ilə adı çəkilən Komitəyə sədr təyin edildiyi və 24.03.2000-ci il tarixdə Azərbaycan Respublikasl Prezidentinin 305 saylı Fərmanı ilə Komitə sədrinin səlahiyyətlərini icra etməkdən azad edildiyini göstərmiş, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı həqiqətən də 02.06.1994-cü il tarixdən 05.09.2000-ci il tarixədək Naxçıvan MR Tarixi abidələrin mühafizə cəmiyyətində işlədiyini öz imzası ilə təsdiq etmişdir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: (-). İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1-ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir. 3-cü qrafada işin adı, peşəsi, yaxud vəzifəsi, həmçinin vahid tarif cədvəli üzrə əməyin ödənilməsi dərəcəsi konkret göstərilməklə hansı sexə, şöbəyə, bölməyə, sahəyə, peşə və ya vəzifəyə təyin edilməsi yazılır. İşçinin qəbul edildiyi işin, peşənin, yaxud vəzifənin adı haqqında qeyd fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatına və müvafiq sahələr üzrə fəhlə peşələrinin və qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçalarına və digər müvafiq sənədlərə əsasən aparılır. İşəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə, fəhlə və qulluqçuya yeni dərəcə verildikdə, ştat cədvəlində; vəzifələrdə, əmək şəraitinin şərtlərində dəyişikliklər aparıldıqda əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılır. Beləliklə, iddiaçının 13.10.1980 - 01.06.1994-cü illərdə Azərelektroişıq Naxçıvan ETZ-də, 02.06.1994 - 05.04.2008-ci il tarixləri arasında isə Azərbaycan Tarix və X2 Cəmiyyətinin Naxçıvan MR şöbəsində işləməsi faktı iş materialları, o cümlədən iddiaçının əmək kitabçasındakı qeydlər, arxiv arayışları, sonuncu müəssisənin mərhum rəhbəri tərəfindən verilmiş arayış, həmin müəssisənin tabe olduğu Komitənin sabiq sədrinin notariat qaydada verdiyi ərizə ilə tam təsdiq olunduğu üçün Kollegiya iddiaçının 01.01.2006-cı il tarixədək qanunla tələb olunan 20 ildən çox ümumi stajının olduğu qənaətinə gəlir və nəzərə alır ki, bu faktı təkzib edə biləcək hallar cavabdeh tərəfindən əsaslandırılmamaqla yanaşı, bu barədə hər hansı sübut da təqdim olunmamışdır. İddiaçının işlədiyi “presləyici” vəzifəsinin zərərli olub-olmaması ilə bağlı araşdırma aparılarkən müəyyən olundu ki, iddiaçının 23.12.1981-ci il tarixdən 01.06.1994-cü il tarixədək Azərelektroişıq Naxçıvan ETZ-də işlədiyi “presləyici” peşəsi zərərli olmaqla, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ vermişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Hazırki işdə iddiaçının 23.12.1981-ci il tarixdən 01.06.1994-cü il tarixədək işlədiyi Azərelektroişıq Naxçıvan ETZ-nin hazırda fəaliyyət göstərmədiyini və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-703/20 saylı 18.11.2020-ci il tarixli icmal məktubunda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası güzəştli arayışın oxşar sahədə fəaliyyət göstərən müəssisədən alınmasını məqsədəmüvafiq hesab etmişdir. Belə ki, sözügedən icmal məktubda qeyd edilmişdir ki, iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırılmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilər. Bu halda ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən müəssisə olub-olmaması yoxlanılmalıdır. Zərurət yaranarsa bununla bağlı müvafiq dövlət qurumlarına sorğular verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində deyil, həmçinin tələb olunduğu halda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Müəssisənin məhkəmə araşdırılmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış onun hüquqi varisindən, hüquqi varis olmadıqda isə müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırılmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin siyahıdakı kodlara uyğunluğuna dair arayış verə bilər. Bununla bağlı məhkəmə tərəfindən 25.10.2021-ci il tarixdə X5 Zavodunun fəaliyyət istiqamətləri, həmin zavodda zərərli sahədə “presləyici” vəzifəsinin mövcud olub-olmadığı, mövcud olduğu təqdirdə həmin peşənin funksiyalarının nədən ibarət olması, vəzifə təlimatı barədə, bu peşədə fəaliyyət göstərən şəxsin güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun olub-olmadığı, həmin şəxsə icra etdiyi bu peşənin funksiyaları ilə bağlı iş yerində hansı güzəştlərin tətbiq olunduğu və bu peşənin, eyni zamanda iddiaçının işlədiyi “selen” turşularının istehsalı üzrə “presləyici” peşəsinin funksiyalarının “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahıda hansı kod altında olan peşəyə uyğun gəlməsi ilə bağlı X5 Zavoduna sorğu məktubu göndərmişdir. Həmin sorğuya cavab olaraq X5 Zavodundan məhkəməyə daxl olmuş məktubdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” İstehsalat Birliyi “X3 Zavodu” MMC-nin fəaliyyəti dövlət sirrinə aid olduğundan məlumat verilməsi məxfidir. Hal-hazırda müəssisədə “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının 35-ci maddəsində göstərilmiş plastik kütlələrin presləyiciləri peşəsində işləyən işçilər mövcuddur. Azərbaycan Respublikasının qüvvədə olan mövcud qanunlarına uyğun olaraq həmin işçilər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdirlər və 2005-ci il 30 may tarixli 95 saylı qərara müvafiq əlavə əmək haqqı və məzuniyyət verilir. Ona görə də iddiaçının işlədiyi “Selen turşularının istehsalı üzrə presləyici” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 2 №-li Siyahısında XVİ “Radioaparatların və elektrotexnikasının məmulatlarının istehsalı” bölməsinin 21702000 yarımbölməsinin 1. Selen turşularının və kuprokslarının düzləndiricilərinin istehsalı 2170200a-12790 kodu altında “pressləyicilər-yapışdırıcılar” peşəsinin funksiyalarına uyğundur. Beləliklə, məhkəmə kollegiyası iddiaçının yuxarıda qeyd olunan tarixlərdə işlədiyi Azərelektroişıq Naxçıvan ETZ-nin fəaliyyət istiqamətinin adından da göründüyü kimi, elektroişıq avadanlıqları ilə bağlı olub, onun icra etdiyi “selen turşularının və kuproks düzləndiricilərinin istehlası üzrə yapışdırıcı”, yəni “pressləyici” vəzifəsinin “X3 Zavodu” MMC-də mövcud olan “plastik kütlələrin presləyiciləri” peşəsinin funksiyaları ilə eynilik təşkil etdiyini nəzərə alaraq hesab edir ki, həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahının XVİ “Radioaparatların və elektrotexnikasının məmulatlarının istehsalı” bölməsinin 21702000 yarımbölməsinin 1. Selen turşularının və kuprokslarının düzləndiricilərin istehsalı 2170200a-12790 kodu altında “pressləyicilər-yapşdırıcılar” peşəsinin funksiyalarına uyğun gəldiyindən onun həmin dövr üzrə (23.12.1981-ci ildən 01.06.1994cü ilədək) güzəştli iş stajı 10 ildən artıq təşkil edir. Göründüyü kimi, iddiaçıya 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 20 ildən az olmayan ümumi, 10 ildən az olmayan xüsusi stajı tam olaraq tamamlanmış, işlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı oxşar funksiyaların həyata keçirildiyi müəssisə tərəfindən təsdiq olunur. Buna görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilini qəbul etmir və hesab edir ki, həmin dəlil qərarın ləğv edilməsi üçün əsas vermir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1681/2019 saylı 11 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2-1(103)-1376/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1376/2021
29.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver