Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1376/2022 15.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi (məruzəçi) ilə, Oruczadə Aytən Pənah qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyriyaşayış sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5649/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardadda onun icraatdan yayındığı qeyd olunsa da, iclaslar barədə ona lazımi qaydada xəbərdarlıq edilməmiş, eyni zamanda gəlməməyinin hüquqi nəticələri izah edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından müəyyən olunur ki, İddiaçı cavabdeh inzibati orqana qarşı qərarın ləğv edilməsi tələbi ilə birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmə tərəfindən 13.09.2021-ci il tarixli qərardadla inzibati mübahisə üzrə məhkəmə icraatına xitam verilmişdir. Birinci instansiya məhkəməsi icraata xitam verilməsinə dair nəticəsini əsaslandırarkən qeyd etmişdir ki, “...məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən artıq müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmışdır.” Kollegiya məhkəmənin mövqeyilə razılaşmır, işin hallarını nəzərə alaraq hesab edir ki, prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilərək iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Qeyd edilən normanın mənasına görə nəzərdə tutulan müddət ərzində ardıcıl olaraq üzürsüz səbəbdən məhkəmə icraatından yayındıqda iddia ərizəsi geri götürülmüş sayıla bilər. Həmçinin, məhkəmə iddianın geri götürülmüş hesab edilməsi nəticəsinə gələrkən onun icraatdan yayınmasına dair passiv davranışı iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına da əsas ola bilər. Lakin hazırki iş üzrə məhkəmənin bu qənaətə gəlməsinə əsas olan hal mövcud deyil. AR İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. AR MPM-in 185.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. İşdən aydındır ki, hazırki işə birinci instansiya məhkəməsində baxılarkən 16.05.2021, 01.06.2021, 09.07.2021, 10.08.2021 və 13.09.2021-ci il tarixlərinə məhkəmə iclasları təyin edilmiş, lakin qeyd edilən tarixlərin heç birində iddiaçı tərəf məhkəmə iclaslarında iştirak etməmişdir. Lakin, iş materiallarından qeyd edilən iclaslar barədə İddiaçı İmişli rayonu, Telişli kəndi ünvanına poçt vasitəsilə məhkəmə bildirişləri göndərilməsi görünsə də, iddiaçının həmin bildirişlər barədə məlumatlı olmasına dair hər hansı sübutun olması müəyyən edilmir. Həmin Məcəllənin 185.3-cü maddəsinə əsasən, əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır. Eyni zamanda, işdən görünür ki, məhkəmə tərəfindən iddiaçıdan məhkəmə iclasına gəlməsinin tələb edilməsinə dair 11.08.2021-ci il tarixli, 2-1(112)-5649/2021 saylı sərəncam qəbul edilmiş, məhkəmə icraatından yayınmasının nəticələri izah olunmuşdur. Lakin, həmin sərəncam barədə İddiaçı məlumatlı olmasını sübut edn hər hansı sənəd də iş materiallarında mövcud deyildir. Apelyasiya şikayətinin məzmunundan da görünür ki, iddiaçı yuxarıda sadalanan məhkəmə iclasları və məhkəmə iclasına gəlməməsinin hüquqi nəticələri barədə məlumatlandırılmadığını bildirmişdir. Göründüyü kimi iddiaçının məhkəmə iclaslarının yeri və vaxtı, həmçinin məhkəmə icraatından yayınmasının nəticələri barədə məlumatlı olması iş materialları ilə öz təsdiqini tapmır. Birinci instansiya məhkəməsi isə bu halı nəzərə almadan “üzürsüz səbəbdən icraatdan yayınma əsası” ilə inzibati iş üzrə icraata xitam verməklə qanunsuz və əsassız qərardad qəbul etmişdir. AR İPM-nin 82-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qərarı ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5649/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1376/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1376/2022
15.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver