Məhkəmə qərarları › İş №2-1(103)-1376/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1376/2023

22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1376/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Ləman Elmar qızının katibliyi, iddiaçının nümayəndə və vəkili Vəkil iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı (üçüncü şəxs Cəbrayılova (Cəfərova) Sevinc Aydın qızı) “qərarın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10202/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fərdi evinin tikilməsi üçün 600 kv.metr torpaq sahəsinin Cəfərova (Cəbrayılova) Sevinc Aydın qızına ayrılması haqqında Bakı şəhər Binəqədi rayon Biləcəri Bələdiyyəsinin 28 iyun 2005-ci il tarixli 199 nömrəli qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cəbrayılova (Cəfərova) Sevinc Aydın qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10202/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10202/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Biləcəri Bələdiyyəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə dair sərəncam vermə səlahiyyəti olmadığından Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən Bakı şəhər Binəqədi rayon Biləcəri Bələdiyyəsinin 28 iyun 2005-ci il tarixli 199 nömrəli qərarının etibarsız hesab edilməsi Bakı İnzibati Məhkəməsində mübahisələndirilmişdir. Birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyən etməyə, əlavə məlumat və sübutlar tələb etməyə borclu olduğu halda, heç bir araşdırma aparmadan əsassız olaraq iddianı mümkün saymamışdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi"nin 2.4-cü bəndinə əsasən, Şirkət fəaliyyət növlərinin səmərəli həyata keçirilməsini təmin etmək üçün qanunazidd olmadan, Şirkətin və onun strukturuna daxil olan qurumların istifadəsi üçün ayrılmış torpaqların təyinatı üzrə istifadə edilməsi, bu torpaqlardan istifadə hüquqlarının strukturuna daxil olan qurumlara ötürülməsi və həmin torpaqların mülkiyyətçiyə geri qaytarılmasına müvafiq qaydada razılıq verilməsi barədə müstəqil qərar qəbul etmək səlahiyyətinə malikdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10202/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv olunmasını və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin (nümayəndəsinin) iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndə və vəkilinin izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Biləcəri Bələdiyyəsinin 199 nömrəli, 28 iyun 2005-ci il tarixli qərarının surətindən görünür ki, Biləcəri qəsəbəsi hüdudları daxilində 600,0 kv metr torpaq sahəsi əlavə olunmuş cizgi əsasında fərdi yaşayış evinin tikintisi üçün alqı-satı yolu ilə ünvan 1 ünvanda yaşayan X2 ayrılmışdır. İş materiallarında olan Azərbaycan Repsublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X1 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2020-ci il tarixli müraciətinə baxılmış, elektron kadastr baza məlumatlarına əsasən ayrılmış torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olduğu və sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar olunmadığı bildirilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddiaçı cavabdehin xx.xx.2005-ci il tarixli qərarının etibarsız hesab edilməsini tələb etsə də, əslində, iddiaçının məqsədi həmin qərarın ləğvinə nail olmaqdır. Bu baxımdan, hazırkı iddia faktiki olaraq, mübahisələndirmə haqqında iddiaya uyğun gəlir. Belə olan halda, İnzibati Prosessual Məcəllənin 36.1-cı maddəsinə müvafiq, həmin qərarın etibarsızlığının tanınması barədə iddia kimi qaldırılsa da, sözügedən Məcəllənin 36.4-cü maddəsinin tələbi baxımından, hazırkı tələbi mübahisələndirmə haqqında iddia tələbinə münasibətdə subsidiar xarakter daşıyır. İddiaçı cavabdehin 2005-ci il tarixdə qəbul edilmiş qərarının ləğv edilməsi ilə bağlı 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, 2000-ci ildən sonra ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası MPM-in “Müvafıq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat” adlanan XXVİİ fəslinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə) (Həmin fəsil 10 iyun 2011-ci il tarixli, 143-lVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə MPM-dən çıxarılmışdır). Bundan başqa, 01 yanvar 2011-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati Prosessual Məcəllənin qanuni qüvvəyə mindiyi 01 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, həmin aktlar inzibati prosessual qanunvericiliyə istinadən mübahisələndirilə bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, iddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. İddiaçı tərəfindən həm cavabdehin mübahisələndirilən qərarı qəbul edilərkən qüvvədə olmuş, həm da hazırda qüvvədə olan inzibati hüquq normalarının tələbləri baxımından iddia müddət buraxılmışdır. Başqa sözlə, iddianın mümkünlük şərti yerinə yetirilmir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir. Qeyd edilməlidir ki, artıq formalaşmış məhkəmə təcrübəsində eyni hallara dair iddialar mümkün sayılmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də iddiaçının şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10202/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar