Məhkəmə qərarları › İş №2-1(103)-1376/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1376/2025

05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1376/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçı barəsində qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçı barəsində hesablanmış əvvəlki pensiyanın bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2-1(112)- 2384/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasına dair hərəkətləri qanunsuz hesab edilməsi barədə məhkəmə qərarı qəbul edilməsi xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçının yazılı müraciətinə cavab olaraq, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, iddiaçıya xx.xx.2020 xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 6252.70 manat artıq pul vəsaiti ödənilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilənlər qanunvericiliyə zidddir. Belə ki, cavabdeh öz mülahizələrini əsaslandırmamış və normativ hüquqi aktları düzgün tətbiq etməmiş və əsassız nəticəyə gəlmişdir. Bu səbəbdən, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı münasibətdə xx.xx.2020 - xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində əmək pensiyasının yenidən hesablanmasına dair hərəkətləri qanunsuz hesab edilməlidir. Sonradan birinci instansiyası məhkəməsinin qərardadı ilə iddia tələbi “Dövlət Sosial Müdafiə Fondu Sosial Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçı barəsində qəbul edilmiş “əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2023cü il tarixli qərarının ləğv edilməsi və iddiaçı barəsində hesablanmış əvvəlki pensiyanın bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz məhkəməyə təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Nəsimi rayon şöbəsi tərəfindən 28 yanvar 2015-ci il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 01 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla aparılan araşdırma zamanı məlum olmuşdur ki, 01 iyun 2020-ci il tarixində iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1232 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 369,60 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 167,70 manat, ixtisas dərəcəsinə görə əlavə 100 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 410,67 manat olmaqla orta aylıq əmək haqqı 2279,97 manat təşkil edib. Bununla əlaqədar, iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 27 il 5 ay 1 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (2279,97 manat) 80 faizi - 1823,98 manat məbləğində hesablanmalı olduğu halda, 2025,68 manat müəyyən edilməklə xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də iddiaçının həmin dövr üzrə ümumilikdə 6252,70 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 01 yanvar 2023-cü il tarixindən iddiaçının əmək pensiyası 2301,31 manat məbləğində hesablanmalı olduğu halda, 2555,80 manat müəyyən edilməklə xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də iddiaçıya həmin dövr ərzində ümumilikdə 1272,45 manat artıq pul vəsaiti ödənilib. İddiaçıya xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 2188,78 manat məbləğində maddi yardım ödənilməli olduğu halda, 2430,82 manat ödənilib. Nəticədə həmin dövr üzrə iddiaçıya 242,04 manat artıq maddi yardım ödənilib. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə iddiaçıya xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 7767,19 (6252,70+1272,45+242,04) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Bakı İnzibati Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2-1(112)-2384/2024 saylı qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia tələbi təmin edilmiş, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-10510/2023 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Birinci instansiyası məhkəməsinin qərarı cavabdeh tərəfindən mübahisələndirilmiş, apellyasiya şikayəti etirazın məzmununa uyğun əsaslandırılmış, eyni zamanda şikayətdə aşağıdakılar göstərilmişdir: “ ... sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. ... Pensiya hüquq münasibətləri çərçivəsindən yanaşdıqda, bu kateqoriyadan olan şəxslərin dairəsi geniş olduğu üçün həmin şəxslərin hamısının dinləmək faktiki cəhətdən mümkün olmur. ... formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu qərara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. ... inzibati icraatın formal (prosessual) tələblərinin pozulması əsası ilə əleyhimizə qərar qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarının icrası məqsədilə müvafiq şəxslərin pensiya ödənişi bərpa edilir və ya əvvəlki məbləğə çatdırılır. Bundan sonra tərəfimizdən həmin şəxslər barəsində inzibati icraatın bütün qaydalarına riayət edilməklə yenidən pensiya ödənişinin dayandırılması və ya qanunauyğun qaydada yenidən hesablanaraq azaldılması haqqında qərarlar qəbul edilir. Yəni əleyhimizə qəbul olunmuş qərarlar müvafiq iş üzrə inzibati orqanın yekun nəticədə qəbul edəcəyi qərarın məzmununda hər hansı dəyişikliyə səbəb olmur. Əksinə, sırf məhkəmə qərarının icrası məqsədilə dövlət büdcəsi hesabına əsassız pensiya məbləğlərinin daha bir neçə ay (inzibati icraatın formal tələblərinə riayət edilməklə aparıldığı müddət ərzində) ödənilməsinə və bununla da dövlət büdcəsinə vurulmuş ziyanın məbləğinin artmasına səbəb olur. Hesab edirik ki, sözügedən işlərdə məhkəmə müdaxilənin qanunuliyi məsələsinə onun mütənasibliyi (ədalətli tarazlığa riayət edilməsi) ilə bir yerdə qiymət verməlidir. Belə ki, vətəndaşın hər hansı pozulmuş hüququnun bərpasına xidmət etməyən qərarlar, eyni zamanda dövlət büdcəsindən səmərəsiz istifadəyə gətirib çıxarır”. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, “ ... Bakı İnzibati Məhkəməsi hazırkı iş üzrə iddia tələbini təmin etməkdə haqlı olmuşdur və qətnamənin nəticə hissəsi tam qanuni və əsaslıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, iddia tələbini təmin edən zamanı məhkəmənin qərarını əsaslandıran zamanı iddiaçının Azərbaycan SSR Ət və Süd Sənayesi Nazirliyində idarə rəisinin müavini və idarənin şöbə rəisi kimi çalışdığı vəzifənin yardımçı şöbənin müdiri vəzifəsinə uyğun gəlməsi ilə bağlı mövqeyi istisna olmaqla məhkəmənin öz qərarını əsaslandırdığı digər hallarla, ən əsası isə inzibati orqanın 1 illik müddəti ötürməklə və iddiaçının dinləmək hüququnu pozulmaqla qanunsuz qərar qəbul etməsi ilə bağlı mövqeyi ilə iddiaçı tam razılaşır. İddiaçıya 1823,98 manat məbləğində hesablanmalı olduğu halda, 2025,68 manat müəyyən edilməklə xx.xx.2020xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb və iddiaçıya həmin dövr üzrə ümumilikdə 6252,70 manat artıq pul vəsaiti ödənilib. maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən iddiaçının əmək pensiyası 2301,31 manat məbləğində hesablanmalı olduğu halda, 2555,80 manat müəyyən edilməklə xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb və iddiaçıya həmin dövr ərzində ümumilikdə 1272,45 manat artıq pul vəsaiti ödənilib. İddiaçıya xx.xx.2022xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 2188,78 manat məbləğində maddi yardım ödənilməli olduğu halda, 2430,82 manat ödənilib və nəticədə həmin dövr üzrə ona 242,04 manat artıq maddi yardım ödənilib. Cavabdeh son üç il üzrə iddiaçıya xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 7767,19 (6252,70+1272,45+242,04) manat artıq pul vəsaitinin ödənildiyini iddia edib. Cavabdeh apelyasiya şikayətində və hətta birinci instansiya məhkəməsində təqdim etdiyi yazılı etirazda məhz bu hesablamanın nəyə əsasən aparıldığını qeyd etməmişdir. Cavabdeh məhkəməyə və iddiaçıya təqdim etdiyi məlumatlarda bunun yalnız iddiaçının Azərbaycan SSR Ət və Süd Sənayesi Nazirliyində idarə rəisinin müavini və idarənin şöbə rəisi kimi çalışdığı vəzifənin təminedici şöbənin müdiri deyil, yardımçı şöbənin müdiri vəzifəsinə uyğun olduğunu və bu səbəbdən də, guya iddiaçıya pensiya daha yüksək vəzifə maaşı nəzərə alınaraq təyin edilmişdir. Cavabdeh Bakı İnzibati Məhkəməsinin qərarının hansı maddi və prosessual hüquq normasının tələbinin pozulması ilə bağlı şikayətində aydın şəkildə bildirməsə də bu hissədə birinci instansiya məhkəməsinə təqdim etdiyi etirazı sözbəsöz təkrarlamaqla kifayətlənmişdir. Qanunvericiliyin tələblərinə görə, artıq ödənilmiş pensiya və əlavənin məbləği iddiaçının razılığı, razılıq olmadıqda məhkəmə qaydasında tutulması təsbit edilmişdir. Cavabdeh nəzərə almır ki, qeyd edilən hüquq norması icra edilməsi tələbinə görə imperativ xarakterli normadır, yəni hüquq norması olduğu kimi icra edilməlidir. Bu normanın tələbinə uyğun olaraq cavabdeh iddiaçının pensiyasından tutulmanı iddiaçının razılığı ilə, razılıq olmadıqda isə ancaq məhkəmə qaydasında həyata keçirilməli olduğunu nəzərə almamışdır. İş materialları ilə tam sübuta yetirilir ki, pensiyadan tutulma barədə nə iddiaçının razılığı, nədə ki məhkəmə qərarı mövcud deyil. Cavabdehin şikayətinin məzmunundan da müəyyən edilir ki, əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-10510/2023 nömrəli qərarı qəbul edilən zamanı iddiaçının dinlənilmə hüququnun reallaşması üçün hər hansı tədbir görməmiş və hatta iddiaçının dinlənilmə hüququnu formal tələb hesab edib. Cavabdehin məhkəmənin hazırkı iş üzrə qərarını ümumi formada əhəmiyyətsiz, yəni yenidən iddiaçını dinləməklə eyni məzmunlu qərar qəbul olunacağını, əleyhinə qəbul olunmuş bu kimi qərarlar müvafiq iş üzrə inzibati orqanın yekun nəticədə qəbul edəcəyi qərarın məzmununda hər hansı dəyişikliyə səbəb olmayacağı barədə şikayətdəki dəlilləri ilə bağlı bildirilir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Cavabdehin apelyasiya şikayətində Dövlətin adından çıxarılan qərara bu cür yanaşması təəssüf hissi doğurmaqla yanaşı, cavabdehin qanunvericiliyə, o cümlədən məhkəmə qərarına münasibətini açıq şəkildə ortaya qoyur. Cavabdeh nəzərə almalıdır ki, iddiaçının pensiya hüququ ilə bağlı qanuni qüvvəyə minmiş qərarı hamı üçün, o cümlədən onun üçün məcburidir və qərarın icrasından yayınma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Cavabdehin əmək pensiyasının yenidən hesablanmasına səbəb kimi iddiaçının Azərbaycan SSR Ət və Süd Sənayesi Nazirliyində idarə rəisinin müavini və idarənin şöbə rəisi kimi çalışdığı vəzifəsinin yardımçı şöbənin müdiri vəzifəsinə uysun olmasını əsas şötürməsinə qanunsuz və tam əsassızdır. ... Məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdeh orqan iddiaçının iddia etdiyi uyğunsuzluğu 1 il müddətində aradan qaldıra bilərdi və 8 ildən çox müddət keçdikdən sonra bununla bağlı qərar qəbul etmək hüququ olmayıb. ... İddiaçının vaxtı ilə işlədiyi Azərbaycan SSR Ət və Süd Sənayesi Nazirliyinin idarəsinin rəis müavini, çatdırılm a şöbəsinin rəisi idarənin şöbəsi nazirliyə həvalə edilmiş səlahiyyətləri bilavasitə həyata keçirən idarə və idarənin şöbəsi olmuşdur. Bundan əlavə məhkəmənin nəzərinə çatdırırıq ki, iddiaçıya nəinki artıq pensiya məbləği ödənilib, əksinə ona cavabdeh tərəfindən qanunla müəyyən edilməli olan pensiyadan nəzərəçarpacaq dərəcədə az məbləğdə pensiya ödənilib. Hətta hesab edilsə belə iddiaçının vaxtilə çalışdığı vəzifənin yardımçı vəzifəsinə uyğun olduğu cavabdeh tərəfindən sübut olunsa belə, pensiya təyin edilən zamanı aylıq əmək haqqının 780,0 manat olduğunu və əlavələrlə birlikdə 28 yanvar 2015-ci il tarixə pensiyanın məbləği 1279,20 manat təşkil etdiyini görərik. Bu hal bir daha təsdiq edir ki, iddiaçının yardımçı şöbənin müdiri kimi vəzifədə işləməsi nəzərə alınsa belə iddiaçının pensiya hüququ kobud şəkildə pozulub. İlkin hesablamalara görə 2019-2022-ci illər üzrə iddiaçının əmək pensiyasını formalaşdıran məvaciblər, əlavələr nəzərə almarsa iddiaçıya ən azı aşağıdakı məbləğdə pensiya ödənilməli idi. ... Beləliklə, müəyyən olunur ki, iddiaçıya ödənilməli olan pensiyanın məbləği xx.xx.2015-ci ilə 1279,20 manat, 1.03.2018-ci ilə 2031,33 manat, xx.xx.2019-cu ilə 3164,50 manat və 01,02.2022-ilə 4272,0 manat təşkil etdiyi halda cavabdeh tərəfində daha az məbləğdə pensiya təyin edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Prezidentinin 1 mart 2022-ci il tarixli, 1016 №-li Fərmanı ilə 01 fevral 2022-ci il tarixdən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidmətinin aparatında çalışan 6-cı təsnifat inzibati vəzifə tutan dövlət qulluqçularına aylıq vəzifə maaşının 1.35 misli həcmində əlavə müəyyən edilmişdir. Cavabdeh bu halda da iddiaçının hüququnu pozaraq əlavəni nəzərə almadan iddiaçıya pensiya ödənişini davam etdirmiş və nəticədə iddiaçı külli miqdarda pensiya məbləğindən məhrum edilmişdir”. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, işin mübahisəli halı ondan ibarətdir ki, iddiaçının vaxtilə işləmiş olduğu Ət və Süd Sənaye Nazirliyinin İdarəsində rəisinin müavini, şöbə müdiri vəzifəsində işlədiyi dövr vaxtilə pensiya təyinatı üçün əsas götürülən hal kimi sonradan uyğunlaşdırılıb və pensiya məbləği yenidən hesablanıb. 290 nömrəli Fərmanla təsdiq edilmiş Siyahının 1.15-ci bəndində göstərilmişdir ki, nazirliklərin, komitələrin aparatlarındakı vəzifələr, həmin siyahı üzrə idarənin şöbə müdiri kimi işləmiş şəxslərin vəzifəsi hazırda təminedici şöbənin müdiri vəzifəsinə uyğundur. Həmin vəzifə üzrə vəzifə maaşı sonuncu dəfə 2019-cu ildə dövlət qulluqçularının vəzifə maaşı artırıldıqda 1473 manat məbləğində müəyyənləşdirilmişdir. Lakin vətəndaş nazirliyin qeyd edilən şəkildə aparatında deyil, şöbəsində rəis müavini vəzifəsində çalışmışdır. Həmin vəzifə də yardımçı şöbə müdiri vəzifəsinə uyğunlaşır. Həmin vəzifə üzrə vəzifə maaşı da sonuncu artımlardan sonra 1290 manat məbləğində təşkil edir. Yəni 1981-ci ildən 1986-cı ilədək olan dövr üçün əmək pensiyasının məbləği son 24 ayla deyil, ardıcıl gələn 60 ayla hesablanmışdır. Bu dövrə münasibətdə də iddiaçı 52 ay şöbə müdiri vəzifəsində çalışmışdır. Digər 8 ayı isə onun aparıcı məsləhətçi vəzifəsində çalışmış olduğu dövrə təsədüf edir. Bu səbəblə də 52 aya münasibətdə onun vəzifə maaşı 1290 manat, digər 8 aya nəzərən isə aparıcı məshəhətçı vəzifəsinin vəzifə maaşına uyğun olaraq 855 manat məbləğində əmək pensiyası məbləği hesablanmışdır. Bundan sonra iddiaçının qanuni əmək pensiyası uyğunlaşdırılaraq 2301 manat təşkil etmişdir. Qarşı tərəf pensiya məbləği azalandan sonra inzibati orqanın qərarından narazı qalaraq məhkəməyə müraciət etmiş və iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddia bir illik müddət nəzərə alınmaqla təmin edilmişdir. 2015-ci ildə iddiaçının bir məhkəmə prosesi də olmuşdur. Həmin məhkəmə prosesinin nəticəsində hakimiyyət səlahiyyətlərinə görə əlavə 30% qulluq əlavəsinin hesablanması və s. kimi öhdəliklər Mərkəzi Filialın rayon şöbəsinin (həmin dövrdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı hələ mövcud deyildi) üzərinə qoyulmuşdur. Rayon şöbəsi tərəfindən də qərar icra edilmişdir. 2023-cü ildə aparılmış əmək pensiyasının yenidən hesablanması həmin məhkəmə qərarının icrasına hər hansı maneçilik törətmir. Əvvəl iddiaçının əmək pensiyası 2555 manat 80 qəpik, hazırda isə yenidən hesablama aparılaraq 2301 manat 31 qəpik təşkil etmişdir. Apellyasiya şikayətimizin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edirik. Eyni zamanda cavabdehin nümayəndəsi ona verilmiş suallara cavab olaraq bildirdi ki, pensiya məbləği yenidən hesablanarkən iddiaçının dinlənilmə hüququ təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiazın məzmununa uyğun izahat verdi və eyni zamanda məhkəməyə bildirdi ki, məsələ ilə bağlı iddiaçının qarşı tərəfə çoxlu sayda müraciətləri və yazışmalar da mövcuddur. İddiaçıya bildirilmişdir ki, o, təminedici şöbənin deyil, yardımçı şöbənin müdiri vəzifəsində çalışdığına görə əmək pensiyasının məbləğində azalmalar olmuşdur. Qarşı tərəf bildirir ki, iddiaçı nazirliyin aparatında deyil, onun tabeliyindəki şöbənin müdiri vəzifəsində çalışmışdır. Lakin iddiaçının əmək kitabçasından da bəlli olur ki, o, nazirliyin aparatında şöbənin müdiri vəzifəsində çalışmışdır. Həmçinin iddiaçının əmək kitabçasından görünür ki, iddiaçı SSRİ dövründə əsas təminat şöbəsinin müdiri olmuş və iki vəzifə daşımışdır. Cavabdeh inzibati orqanın qərarı iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnu pozmuş və onun hüquqi vəziyyətini ağırlaşdırmışdır. İnzibati orqan tərəfindən iddiaçının pensiya məbləğinin azaldılması ilə bağlı iddiaçı inzibati orqana da çağırılmayıb və razılığı alınmamışdır. Bu yanaşma qanunvericiliyin imperativ normalarının tələblərinə ziddir. Çünki qanunvericilikdə bununla bağlı sadəcə iki hal nəzərə tutulur. Birincisi, vətəndaşın razılığının alınması, ikincisi isə, məhkəmə qərarının olması. Hazırkı vəziyyətdə bu hallardan heç biri mövcud deyil. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Nəsimi rayon şöbəsinin xx.xx.2014-cü il tarixli, 2212 nömrəli qərar əsasında İddiaçı xx.xx.2014-cü il tarixdən yaşa görə ömürlük əmək pensiyası təyin edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Nəsimi rayon şöbəsinin pensiya təyin edən komissiyanın qərarı əsasında İddiaçı xx.xx.2015-ci il tarixdən sabiq dövlət qulluqçusu kimi ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Nəsimi rayon şöbəsinin xx.xx.2015-ci il tarixli, №14/856: p.№719483 arayışına əsasən, iddiaçıya xx.xx.2013-cü ildən ayda 779,72 manat pensiya hesablanmışdır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Nəsimi rayon şöbəsinin xx.xx.2018-ci il tarixli, №14/455: p.№719483 arayışına əsasən, iddiaçıya xx.xx.2018-ci ildən ayda 1259,23 manat pensiya hesablanmışdır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-10510/2023 nömrəli Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarın surətindən görünür ki, iddiaçının pensiya məbləği 2555,80 manatdan 2301,31 manata endirilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, faktiki olaraq cavabdeh tərəfindən qəbul edilmiş əlverişsiz inzibati akt “İnzibati icraat haqqında” Qanunun tələbləri (maraqlı şəxsi icraata cəlb etmək, onun dinlənilmə hüququnu təmin etmək və s.) riayət edilmədən qəbul edildiyi işin mübahisəsiz halıdır. Belə ki, bu hal nə etirazda, nə apellyasiya şikayətində təkzib edilmiş, eyni zamanda məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında da maraqlı şəxsin icraata cəlb edilməməsi və onun dinlənilmə hüququnun təmin edilməməsini təsdiq etmişdir. İşin hallarına əsasən isə iddiaçının dinlənilmə hüququnu istisna edən qanuni müddəa olmamışdır. “İnzibati icraat haqqnda” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. İnzibati orqanın öz təşəbbüsü ilə inzibati icraat başlanması hüququ qanunda nəzərdə tutulmuşdur. Bununla belə, həmin hüquq digər vəzifələrlə əlaqəli şəkildə tətbiq edilməli, invenarizasiya nəticəsində müəyyən olunan halların inzibati orqana əvvəllər məlum olmasının və ya aşkar olunmasının mümkünlüyü ilə birlikdə qiymətləndirilməlidir. Əks yanaşma hüquqi dövlət, hüquq müəyyənliyi və etimad hüququnun qorunması prinsiplərinə uyğun hesab edilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. İş materiallarında olan sənədlərdən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(81)-2894/2015 saylı qərarı ilə İddiaçı pensiya hesablanması üçün əsas götürülən dövr üçün ilə üç vəzifə maaşı mislində mükafat, bir vəzifə maaşı həcmində müavinətin, dövlət qulluğunda iş stajı 15 ildən çox olduğundan qulluq stajına görə 30 faiz əlavə haqq, hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15 faiz məbləğində verilən əlavə haqqın nəzərə alınmaqla dövlət qulluqçusu kimi pensiya hüququnun yarandığı tarixdən pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Nəsimi rayon şöbəsinin üzərinə qoyulmuşdur. İşin hallarından məlum olur ki, aktın ləğv olunmasını şərtləndirən xüsusatlar hələ 2015-ci ildə (*birinci məhkəmə araşdırılması zamanı) məlum olsa da, cavabdeh tərəfindən müvafiq hesablama (uyğunlaşma) inzibati icraat qaydalarına riayət etmədən 8 ildən sonra 2023-cü ildə həyata keçirilmişdir. Hazırkı işin hallarında cavabdeh tərəfindən Qanunun 67.6.1-ci maddəsinin (rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda) hallarının mövcudluğuna istinad edilmir. Qeyd edilənlərə əsasən birinci instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsi ilə müəyyənləşdirilmiş bir illik müddət ötürülmüşdür. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “dövlət büdcəsinə vurulmuş ziyanın məbləğinin artmasına səbəb” qanunsuzluğu aradan qaldıran “məhkəmə müdaxiləsi” deyil, inzibati orqan tərəfindən vəzifələrinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd icra etməsidir. Belə ki, qanunvericiliyin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Məhkəmə kollegiyası həmçinin xüsusi olaraq qeyd edir ki, analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış hüquqi mövqeyi və məhkəmə təcrübəsi də cavabdeh tərəfindən nəzərə alınmalı və həmin təcrübəyə əməl olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla birinci instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas olaraq qəbul edilə bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2-1(112)-2384/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2-1(112)-2384/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar