Məhkəmə qərarları › İş №2-1(103)-1377/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1377/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1377/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X6 iştiraklar ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7085/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, Q00105 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı fiziki şəxs kimi qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ünvan 1 ünvanında geyim əşyaların satışı ilə məşğul olmuşdur. Satış yaxşı olmadığından məcburən xx.xx.2021-ci il tarixdən həmin obyekti təhvil verərək çıxmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən iddiaçının barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli, Q00105 nömrəli qərarla “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 18cı maddəsinin 1-ci bəndinin üçüncü abzasının tələblərinin guya pozulmasına görə 5500 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qərar qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, iddiaçı ünvan 1 ünvanından xx.xx.2021-ci il tarixdən həmin obyekti təhvil verərək çıxdığından cavabdeh onun iştirakı olmadan və iştirakını təmin etmədən iclas keçirərək onu məsuliyyətə cəlb etmişdir. İddiaçının barəsində maliyyə sanksiyasının tətbiq edilməsi barədə Qaradağ rayon icra şöbəsində icra işləri icra edilərkən xx.xx.2022-ci il tarixdə xəbəri olmuşdur. Cavabdeh iddiaya dair etirazında bildirmişdir ki, iddiaçının tələbi tamamilə əsassızdır və şikayət müddət buraxılmaqla verilmiş, barəsində inzibati icraat aparılan şəxs Dövlət Xidmətinin bütün hərəkətləri barədə tam məlumatlandırılmışdır. İddiaçı həmin qərarı xx.xx.2021-ci il tarixdə qəbul etməsinə baxmayaraq, xx.xx.2021-ci il tarixə kimi qərardan heç bir şikayət vermədiyindən iddia müddətini ötürmüşdür. Eyni zamanda iddiaçı barəsində qəbul edilmiş qərarın qanunsuz və əsassız olduğunu bildirmişdir. Dövlət Xidmətinin qərarı tamamilə qanunvericiliyə uyğun qəbul edilmişdir. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə orqanlarından, təşkilati-idarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan hər bir məlumat, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ vardır. Həmin Qanunun 18-ci maddəsinə görə təsərrüfat subyektləri müvafiq icra hakimiyyəti orqanına bu Qanunun 13cü, 13-1-ci və 16-cı maddələrində göstərilmiş məlumatları və sənədləri vermədikdə, yaxud düzgün olmayan məlumatlar verdikdə - beş min beş yüz manatadək maliyyə sanksiyası şəklində cərimə olunurlar. Belə ki, “OFF WHİTE” LLC şirkətinə məxsus “OFF WHİTE” əmtəə nişanından ünvan 2 ünvanında yerləşən “MİX- Art of Fashion” adlı mağazada qanunsuz istifadə edilməsi ilə bağlı həmin şirkətin etibarnamə üzrə nümayəndəsi "xxxx" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciəti daxil olmuşdur. Bununla əlaqədar Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli AİBNDX 05/01-7/1451 nömrəli məktubu ilə iddiaçıdan “OFF WHİTE” əmtəə nişanından istifadə hüququnu təsdiq edən sənədlərin təqdim edilməsi, belə sənədlərin olmadığı təqdirdə həmin əmtəə nişanından istifadənin dayandırılması və bu barədə Xidmətə məlumat verməsi tələb olunmuşdur. Lakin bunun icrası təmin edilməmişdir. Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli AİBNDX 05/01-5/1895 nömrəli məktubu ilə yenidən iddiaçıdan tələb olunan məlumatların Xidmətə təqdim edilməsi xahiş olunmuşdur. 008481 nömrəli poçt qəbzinə əsasən məktubun xx.xx.2021-ci il tarixdə qəbul edildiyi görünür (poçt qəbzi əlavə edilir). Lakin göstərilənlərlə əlaqədar mağaza rəhbərliyi tərəfindən Dövlət Xidmətinə heç bir məlumat təqdim edilməmişdir. Bununla əlaqədar Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı barəsində “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır. Həmin qərara əsasən haqqında çaldırılan şəxsdən tələb olunan sənədlər istənilmiş və işə baxılma iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. 000046 nömrəli poçt qəbzinə əsasən sözügedən qərar xx.xx.2021-ci ildə qəbul edilmişdir (poçt qəbzi əlavə olunur). Dövlət Xidməti tərəfindən lazımi məlumatlandırılmasına baxmayaraq barəsində iş qaldırılan şəxs işə baxma iclasında iştirak etməmiş, tələb olunan sənəd və məlumatları Dövlət Xidmətinə təqdim etməmişdir. Qeyd olunanlara əsasən Dövlət Xidməti tərəfindən İddiaçı barəsində “Antiinhisar qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərar qəbul edilmiş və həmin qərara əsasən 5500 (beş min beş yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Qərar sifarişli poçt vasitəsilə barəsində qərar çıxarılmış şəxsə göndərilmiş və xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir (000376 nömrəli poçt qəbzi əlavə olunur). Həmin qərar əsasında xx.xx.2021-ci il tarixli göstəriş verilmiş və bu barədə iddiaçıya məlumat verilmişdir (000551 nömrəli poçt qəbzi əlavə olunur). “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsinə əsasən bu maddənin 1-ci bəndində maliyyə sanksiyası şəklində tutulan cərimələr müvafiq icra hakimiyyəti orqanı bu barədə qərar qəbul etdikdən sonra 30 gün ərzində mübahisəsiz qaydada dövlət büdcəsinə tutulur. Təsərrüfat subyektləri cəriməni vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda, müvafiq icra hakimiyyəti orqanı cərimənin, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu qərarın məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən həyata keçirilir. Məhz Qanunun həmin müddəasına əsasən Dövlət Xidməti tərəfindən “Tələbin (maliyyə sanksiyasının) icraya yönəldilməsi barədə” xx.xx.2021-ci il tarixli 7 nömrəli qərar qəbul edilmiş və icrasını təmin etmək məqsədilə Qaradağ rayon icra şöbəsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7085/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı onunla əsaslandırılmışdır ki, iddiaçı “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinin tələblərini pozduğuna görə həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinin üçüncü abzasına əsasən 5500 (beş min beş yüz) manat məbləğində maliyyə sanksiyası şəklində cərimə tətbiq edilməsinin qanunsuzluğu barədə məhkəməyə heç bir dəlil təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı da cavabdeh tərəfindən qərarın qəbulu zamanı “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun və “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulması halı müəyyən edilməmişdir. Əksinə, iddiaçı tərəfindən “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinin tələbləri pozularaq, tələb olunan məlumat və sənədlər ümumiyyətlə, cavabdehə təqdim edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, cavabdeh inzibati orqan ərizə və bildirişləri düzgün olmayan ünvana göndərməklə, onun iclasda iştirakını təmin etməmiş və iştirakı olmadan qərar qəbul etmişdir. İnzibati icraat qanunvericiliyini pozmuşdur. Əgər cavabdeh inzibati orqan tərəfindən göndərilən məktublar ona çatmış olsa idi və ya məlumatlı olsa idi “OFF WHİTE” əmtəə nişanlı malların satışını etmədiyini təsdiqləyən sübutlar təqdim edərdi. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun hüquqi məsələlərə dair izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozuntusu ilə qərar qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib, iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı mümkün hesab edərək, mahiyyəti üzrə qərar qəbul etmişdir. Hazırkı iş üzrə verilmiş iddia İPM-nin 2.2.1-ci və 32-ci maddələrinə əsasən mübahisələndirmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. İddiaçının mübahisələndirdiyi qərar xx.xx.2021-ci il tarixli olsa da, iş materiallarından aydın olur ki, iddiaçıya həmin qərar inzibati orqan tərəfindən 31 mart 2022-ci il tarixli məktubla təqdim edilmişdir. Cavabdeh inzibati orqan sözügedən qərar haqqında iddiaçıya daha əvvəllər məlumat verməsini və ya həmin qərarın iddiaçıya çatdırmasını sübut edə bilməmişdir. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İddianın mümkün iddia olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə haqlı olmamış, maddi və prosessual hüquq normalarının pozuntusu ilə qərar qəbul etmişdir Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Antiinhisar fəaliyyəti haqqında” Qanunun: -16.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə orqanlarından, təşkilati-idarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan hər bir məlumat, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ vardır. -18.1-ci maddəsinə əsasən təsərrüfat subyektləri müvafiq icra hakimiyyəti orqanına bu Qanunun 13-cü, 13-1-ci və 16-cı maddələrində göstərilmiş məlumatları və sənədləri vermədikdə, yaxud düzgün olmayan məlumatlar verdikdə beş min beş yüz manatadək maliyyə sanksiyası şəklində cərimə olunurlar. “İnzibati icraat haqqında” Qanunun: - 12-ci maddəsinə görə Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. -28-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). -21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. -62.3-cü maddəsinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iş materiallarından göründüyü kimi “OFF WHİTE” LLC şirkətinə məxsus “OFF WHİTE” əmtəə nişanından iddiaçının icarəyə götürdüyü ünvan 2 ünvanında yerləşən “MİX- Art of Fashion” adlı mağazada qanunsuz istifadə edilməsi ilə bağlı həmin şirkətin etibarnamə üzrə nümayəndəsi "xxxx" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciəti daxil olmuşdur. Bununla əlaqədar cavabdehin xx.xx.2021-ci il tarixli AİBNDX 05/01-7/1451 nömrəli məktubu ilə iddiaçıdan “OFF WHİTE” əmtəə nişanından istifadə hüququnu təsdiq edən sənədlərin təqdim edilməsi, belə sənədlərin olmadığı təqdirdə həmin əmtəə nişanından istifadənin dayandırılması və bu barədə Xidmətə məlumat verməsi tələb olunmuşdur. Cavabdehin xx.xx.2021-ci il tarixli AİBNDX 05/01-5/1895 nömrəli məktubu ilə yenidən iddiaçıdan tələb olunan məlumatların Xidmətə təqdim edilməsi xahiş olunmuşdur. Daha sonra cavabdehin xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı barəsində “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmış, inzibati icraat çərçivəsində həmin qərara əsasən tələb olunan sənədlər yenidən iddiaçıdan istənilmişdir. Daha sonra cavabdeh inzibati orqan tərəfindən İddiaçı barəsində “Antiinhisar qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərar qəbul edilmiş və həmin qərara əsasən İddiaçı 5500 manat məbləğində cərimə edilmişdir. Mübahisələndirilən qərarın qəbul edilməsinə əsas məhz iddiaçı tərəfindən tələb edilən sənəd və ya məlumatların təqdim edilməməsi ilə bağlı olmuşdur. İddiaçının iddia tələbinin və apellyasiya şikayətinin əsas dəlili də ondan ibarətdir ki, ona ümumiyyətlə inzibati icraat barədə məlumat verilməmiş, müvafiq məlumat və ya sənədlərin təqdim edilməsinin tələb edilməsindən məlumatlı olmamışdır. Həmçinin, inzibati icraat nəticəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərardan məlumatı olmamış, həmin qərardan yalnız icra mərhələsində xəbərdar olmuşdur, odur ki, xx.xx.2021-ci il tarixli qərar inzibati icraat haqqında hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Məhkəmə kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olmaqla, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Kollegiya öz mövqeyini aşağıdakılarla əsaslandırır. İş materiallarından görünür ki, 22 may 2020-ci il tarixli 20/160 saylı qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilə əsasında "X4" MMC icarə və idarəetmə hüququ əsasında istifadəsində olan, Azərbaycan Respublikası ünvan 3 ünvanında yerləşən binada (bundan sonra “Bina") qeyri-yaşayış sahələrini “Greenenergy" MMC-yə icarəyə vermiş, "xxxx" MMC isə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bir hissəsini özü istifadə edərək digər yerdə qalan hissəsini beş sahibkara subicarəyə vermişdir. Bununla bağlı subicarə müqavilələri iş materiallarına əlavə edilmişdir. Həmçinin işdə olan 12 avqust 2020-ci il tarixli subicarə müqaviləsindən görünür ki, “Greenenergy" MMC ünvan 5 ünvanında yerləşən binanın birinci mərtəbəsində ümumi sahəsi 291,90 kv.m olan qeyri-yaşayış sahəsinin 50 kv.m-ni İddiaçı icarəyə vermişdir. İşdə olan 01 mart 2021-ci il tarixli təhvil-qəbul aktından isə görünür ki, Bakı ş., Səbail ray., Səməd Vurğun küçəsi 21 ünvanında yerləşən, hüquqi cəhətdən "xxxx" MMC-nin istifadəsində olan “MİX ART FASHİON” idman malları mağazasından sub icarəyə götürülmüş obyekt xx.xx.2021-ci il tarixdən etibarən fiziki şəxs kimi fəaliyyət göstərən İddiaçı tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir. Beləliklə, müəyyən edilir ki, İddiaçı barəsində inzibati icraat aparılarkən onun subicarəyə götürdüyü mağaza da ümumiyyətlə fəaliyyət göstərməmişdir. Belə ki, “OFF WHİTE” əmtəə nişanından istifadə hüququnu təsdiq edən sənədlərin təqdim edilməsi ilə bağlı birinci məktub 22 aprel 2021-ci il tarixdə göndərilmiş, həmin tarixdən bir aydan da çox müddət əvvəl İddiaçı subicarəyə götürdüyü mağazanı icarədar "xxxx" MMCyə təhvil vermişdir. İşdən görünür ki, xx.xx.2021-ci il tarixdən İddiaçı subicarəyə götürdüyü mağazanı icarədar "xxxx" MMC-yə təhvil verməsinə baxmayaraq, həm 22 aprel 2021-ci il tarixli məktub, həm də 02 iyun 2021-ci il tarixli məktub, eləcə də “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması haqqında” qərar iddiaçının yaşadığı ünvan 6 ünvanına deyil, “Mix-Art of Fashion" adlı mağazanın yerləşdiyi ünvan 1 ünvanına göndərilmişdir. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqan tərəfindən ünvan 1 ünvanına göndərilmiş məktubların və qərarın İddiaçı tərəfindən şəxsən qəbul edilməsinə istinad edərək iddia tələbini əsassız hesab etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin mövqeyi əsassızdır. Belə ki, iş materiallarında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən verilən məktubların ünvan 7 ünvanına çatdırılması ilə bağlı 000376, 000551, 008481, 007503 və 000046 nömrəli qaimələr mövcuddur. 000376, 000551 nömrəli qaimələrdən görünür ki, həmin qaimələrin bağlı olduğu məktublar Əzizov. R və Ələkbərov R. adlı şəxslər tərəfindən qəbul edilmiş, digər qaimələrdə isə sadəcə imzalar olmaqla, qəbul edən şəxslərin adları qeyd olunmamışdır. Apellyasiya baxışı zamanı iddiaçının vəkili tərəfindən təqdim edilmiş əmək müqaviləsi bildirişlərindən görünür ki, 000376, 000551 nömrəli qaimələr əsasında məktubları qəbul edən Əzizov. R və Ələkbərov R. ,yəni X3 və X8 adlı şəxslər "xxxx" MMCnin işçiləri olmaqla, onların İddiaçıla və xx.xx.2021-ci il tarixə kimi onun icarə müqaviləsi əsasında işlətdiyi “Mix-Art of Fashion" adlı mağaza ilə heçbir əlaqələri yoxdur. Həmçinin işin obyektiv araşdırılması məqsədilə 000376, 000551, 008481, 007503 və 000046 saylı qaimələrə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən verilən məktubların təhvil alınması, kimə verilməsi, hansı tarixdə verilməsi halının araşdırılması məqsədilə qeydiyyat jurnalının və çatdırılmanı həyata keçirən kuryerlərin (Könül və İltifat) məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədilə Berkut Ekspress MMC-yə sorğu ünvanlanmış, 14 iyun 2023-cü il tarixli məhkəmə iclasında kuryerlərdən X1 iştirakı təmin edilmişdir. 14 iyun 2023-cü il tarixli məhkəmə iclasında İltifat Məmmədov şahid kimi verdiyi ifadəsində qeyd etmişdir ki, o, Dövlət Xidmətindən sənədləri qəbul edərək paylanması üçün kuryerlərə vermişdir, yəni o, kuryer olmamışdır, birinci sənədi xx.xx.2021-ci ildə Sadiq müəllimdən qəbul etmişdir, qaimə nömrəsi 207503-dür, kuryer Aygün adında xanım xx.xx.2021-ci ildə ünvan 7 ünvanına çatdırmışdır. Adətən belə məktublar kuryerlər vasitəsilə çatdırılarkən mağazada obyektlərin sahibi olmur, məktublar satıcılara təqdim edilir, satıcılar isə birinci dəfədən heç vaxt qəbul etmir, əvvəl mağazanın sahibinə zəng edirlər, o razılıq verəndən sonra imzalayıb qəbul edirlər. Ona əlavə qeydiyyat ünvanı kimi Qaradağ rayonunda yerləşən ünvan verilmiş, lakin həmin ünvanda qapını açan olmadığından geri qaytarılmışdır. Həmin gün 4046 nömrəli qaiməli məktub Qaradağda yerləşən ünvana verilib, 3045 nömrəli qaiməli məktub isə Səməd Vurğun küçəsində yerləşən ünvana verilib. Kuryer şirkəti olaraq məktubun qəbul edilib-edilməməsinin onlar üçün fərqi yoxdur, məktub əgər qəbul edilməkdən imtina edilirsə, bu zaman akt tərtib edilib möhür vurulur. Məktubların qəbul edilməsi ilə bağlı qəbzlərdə çox vaxt yalnız imza çəkirlər, ad soyad yazmırlar. Qaradağda yerləşən ünvana gedən məktub 26 iyul 2021-ci ildə göndərilmiş, lakin qapını açan olmamışdır. Cavabdeh inzibati orqan İnzibati icraat haqqında qanunun 62.2-ci maddəsinə istinad edərək sənəd və məlumatların tələb edilməsi, eləcə də qərarın göndərilməsi poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra təqdim edilmiş sayılmasına istinad etsə də, həmin Qanunun 62.3-cü maddəsindən aydın olduğu kimi Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. İnzibati orqan isə mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olan –yəni sənədlərin və ya məlumatın təqdim edilməsi ilə bağlı məktubların iddiaçıya çatdırılmasını, iddiaçı tərəfindən alınmasını sübuta yetirə bilməmişdir. Beləliklə, işin araşdırılmış hallarından göründüyü kimi, inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan tələbləri nəzərə alınmamış, iddiaçı inzibati icraat barədə ümumiyyətlə məlumatlandırılmamış, hansı sənədlərin, məlumatların tələb edilməsi ilə bağlı məlumatlı olmadan, dinlənilmə hüququ təmin edilmədən, icraat bilavasitə onun iştirakı olmadan aparılaraq barəsində tələb olunan sənədlərin və ya məlumatların təqdim edilməməsi əsası ilə “Antiinhisar qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərar edilərək 5500 manat məbləğində cərimə edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası mübahisələndirilən qərarın qanunsuz əlverişsiz inzibati akt olması nəticəsinə gələrək iddia tələbini əsası hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, şikayət təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7085/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7085/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, Q00105 saylı qərarı ləğv edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar