Məhkəmə qərarları › İş №2-1(103)-1378/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1378/2024

31.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1378/2024 31.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Mənzilə çıxarışın verilməsi” ) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı və onun vəkili (nümayəndəsi) Vəkil, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5501/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********95 saylı və xx.xx.2022-ci il tarixli məktublardan görünür ki, iddiaçının Bakı şəhəri Binəqədi rayonu, Sumqayıt şossesi, 8 nömrəli evin, 56 nömrəli mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli, 18/2 saylı sərəncamından görünür ki, ünvan 2 ünvanda 36,0 kv.metr olan 2 otaqlı, 56 saylı mənzildə 1996-cı ildən qeydiyyatda olmaqla yaşayan İddiaçı müraciəti nəzərə alınaraq qeyd olunan mənzilə 6 nəfər ailə üzvü ilə (özü, arvadı, 2 oğlu, gəlini və nəvəsi) onun adına kirayə müqaviləsinin bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab olunması müəyyən edilmiş, sözügedən mənzilə İddiaçı adına şəxsi maliyyə hesabının açılması 2 saylı Xüsusi Təyinatlı MKTB-nin 138 saylı Mənzil-Kommunal İstismar Sahəsinə tapşırılmışdır.

3. Kirayəyə verən 138 saylı Mənzil-Kommunal İstismar Sahəsi ilə kirayəçi İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 06 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, dövlət mənzil fonduna aid Bakı şəhəri, Sumqayıt şossesi, 8 nömrəli evin 56 nömrəli mənzili yaşayış sahəsi 36 kv.m olan 2 otaqlı yaşayış sahəsi müddətsiz olaraq kirayəçinin sahibliyinə və istifadəsinə verilmiş və həmin mənzilə dair iddiaçının adına şəxsi maliyyə hesabı açılmışdır. Müvafiq sorğu ilə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti tərəfindən iddia olunan mənzilə dair İddiaçıla kirayə müqaviləsinin bağlanması üçün əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə əlavə edilmiş: -İddiaçıya məxsus 18 sentyabr 1988-ci il tarixdən doldurulmağa başlanmış əmək kitabçasının notarial qaydada təsdiq edilən surətindən görünür ki, İddiaçı xx.xx.1994xx.xx.2005-ci il tarixədək Azərbaycan Respublikası daxili işlər orqanlarında işləmişdir. -YM və QXİBİ-nin sosial-inkişaf və maddi-texniki təminat komissiyasının 27 noyabr 1995-ci il tarixli, 21 saylı protokolunun surətindən görünür ki, 37-ci MHYH/n yanğınsöndürəni d/x-nin kiçik serjantı İddiaçı mənzil çətinliyi ilə bağlı müraciət edərək 4 nəfər ailə üzvü ilə birlikdə yataqxanaların birində yerləşdirilməsini xahiş etmişdir. Komissiya onun ailəsində azyaşlı uşaqlarının olmasını və düşdüyü çətin şəraiti nəzərə alaraq 1 saylı yataqxanadan ona 1 (bir) ayrılmasını məqsədəuyğun hesab etmiş, nəticədə YM və QXİBİ-nin 1 saylı yataqxanasından 56 saylı bir otaqlı mənzil 37MHYH/n əməkdaşı İddiaçı ailəsinə ayırmışdır. -YM və QXİBİ-nin xx.xx.1997-ci il tarixli orderinin surətindən görünür ki, YM və QXİBİnin sosial-inkişaf və maddi-texniki təminat komissiyasının 27 noyabr 1995-ci il tarixli, 21 saylı protokoluna əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 1, blok 2, 16 kv.metr sahədən ibarət 56 saylı otaq 4 (dörd) nəfər ailə üzvü ilə (özü, arvadı, iki oğlu) İddiaçı verilmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi təyinatlı MKTB-nin 133 saylı MKİS-in xx.xx.2022-ci il tarixli Forma 2 arayışından görünür ki, şəxsi maliyyə haqq-hesabı açılmış, vətəndaş İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sumqayıt şossesi küçəsində yerləşən 8 nömrəli evin 56 №li mənzilində yaşayır.

4. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentindən daxil olmuş 18 aprel 2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 sentyabr 2016-cı il tarixli 508s nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 421 saylı sərəncamı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X9 Xidmətinin balansında olan, ünvan 2 ünvanda yerləşən yataqxana binası 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmişdir. Qeyd edilən yaşayış binası və orada yerləşən 56 saylı mənzil dövlət mənzil fonduna aiddir.

5. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yangından Mühafizə Xidməti tərəfindən daxil olmuş 02 may 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 sentyabr 2016-cı il tarixli 508s nömrəli sərəncamına əsasən Bakı Şəhər icra Hakimiyyəti Başçısının 18 oktyabr 2016-cı il tarixli 421 saylı sərəncamı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X9 Xidmətinin balansında olan ünvan 3 ünvanda yerləşən 5 mərtəbəli, çoxmənzilli yataqxana binası dövlət mənzil fonduna qəbul edilməklə 2 saylı Xüsusi Təyinatlı Mənzil-X2 balansına verilmişdir. Müvafiq sənədlər aidiyyəti üzrə təhvil verildiyindən X9 Xidmətində ünvan 3 ünvanında yerləşən yataqxana binasında yaşayan vətəndaş İddiaçı mənzilin təhvil verilib-verilməməsi ilə bağlı məlumat yoxdur.

6. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti tərəfindən daxil olmuş 04 may 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Yanğından mühafizə idarəsinin 37 saylı Müstəqil hərbiləşdirilmiş yanğın hissəsinin 66 ş/h nömrəli xx.xx.1994-cü il tarixli əmri ilə həmin hissənin yanğınsöndürəni vəzifəsinə təyin edilmişdir. Bölmə komandiri, kiçik inspektor vəzifələrində xidmət etmişdir. 01 fevral 2005-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 idarəsinin Bakı şəhəri Nəsimi rayon X5 Xidmətinin Növbətçi yanğınsöndürmə xidmətinin baş yanğınsöndürəni vəzifəsindən daxili xidmət baş çavuşu rütbəsində səhhətinə görə xidmətdən xaric edilmişdir.

7. Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyindən daxil olmuş 12 may 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 4 ünvanındakı yataqxana binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 sentyabr 2016-cı il tarixli, 508 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin balansından xx.xx.2017-ci il tarixdə əvəzsiz olaraq, mövcud vəziyyətdə 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilərək, Birliyin tabeçiliyindən 138 saylı Mənzil-Kommunal İsitismar Sahəsinin xidməti ərazisinə daxil edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi 8 nömrəli evin 56 nömrəli mənzili hal-hazırda 2 saylı Xüsusi Təyinatlı MənzilKommunal Təsərrüfatı Birliyinin faktiki balansında olmaqla 138 saylı Mənzil-Kommunal İsitismar Sahəsinin xidməti ərazisinə daxildir.

8. Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentindən daxil olmuş 01 iyun 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi, 8 ünvanında yerləşən evin 56 saylı mənzili dövlət mənzil fonduna aiddir, xüsusi təyinatlı mənzil fondu yaşayış sahələrinin (xidməti mənzil) növünə aid deyildir.

9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı adına Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak (özəlləşdirilmiş mənzillər daxil olmaqla) aşkar edilməmişdir.

10. İddiaçının ailə üzvləri X6, X7, X4, X11 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, ünvan 5 ünvanda yerləşən 56 saylı mənzilin İddiaçı adına sənədləşdirilməsinə etiraz etmirlər.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Binəqədi rayonu, Sumqayıt şossesi, 8 nömrəli evin, 56 nömrəli mənzili üzərində daşınmaz əmlaka dair iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq adına müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, 8 nömrəli evin, 56 nömrəli mənzili üzərində daşınmaz əmlak üzərində hüquqlarını dövlət qeydiyyatına alınaraq adına müvafiq çıxarışı və texniki pasportun verilməsi barədə ərizə ilə cavabdehə iki dəfə müraciət etmiş, lakin müraciətləri təmin edilməmişdir. Cavabdehin hər iki imtinasında hansı hüquqmüəyyənedici sənədlərin çatışmadığı göstərilməmişdir. Belə ki, iddiaçıya onun 1994-cü ildən işlədiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə İdarəsi tərəfindən növbəlilik əsasında 1996-cı ildə qeyd olunan Bakı şəhəri Binəqədi rayonu, Sumqayıt şossesi, 8 nömrəli evin, 56 nömrəli mənzili (otaqlar) verilmişdir. 1996-cı ildən bugünədək ailə üzvləri də həmin mənzildə pasport qeydiyyatında olmaqla yaşayırlar. Sözügedən mənzilə iddiaçının adına kirayə müqaviləsi bağlanması barədə müraciəti əsasında Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 30 mart 2022-ci il tarixli 18/2 nömrəli sərəncamı ilə “Bakı şəhəri Binəqədi rayonu, Sumqayıt şossesində yerləşən 8 saylı evin, yaşayış sahəsi 36,0 kv.metr olan 2 otaqlı 56-cı mənzilinə 6 nəfər ailə üzvü ilə (özü, arvadı, 2 oğlu, gəlini və nəvəsi) İddiaçı adına daimi kirayə müqaviləsi bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab olunması 2 saylı Xüsusi Təyinatlı MKTB-nin 138 saylı Mənzil-Kommunal İstismar Sahəsinə tapşırılmışdır. Hal-hazırda da iddiaçı ailə üzvlərilə həmin mənzildə yaşayır, onun adına mənzilin kirayə müqaviləsi bağlanmış və o, həmin mənzilin kirayəçisi hesab olunmuş, mənzilin şəxsi maliyyə hesabı onun adına açılmış, vaxtlı-vaxtında mənzil kommunal xidmətlərin haqqını ödəyir. Sadalananları qeyd edərək, Bakı şəhəri Binəqədi rayonu, Sumqayıt şossesi, 8 nömrəli evin, 56 nömrəli mənzil olan daşınmaz əmlak üzərində hüquqlarımın dövlət qeydiyyatına alıb iddiaçının adına müvafiq çıxarışın və texniki pasportun verilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən yuxarıda qeyd etdiyi imtina məktubu verilmişdir. İmtina məktubunda çatışmazlıqların nədən ibarət olduğu, hansı sənədlərin təqdim edilməli olduğu konkret göstərilməmişdir.

13. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki, iddiaçı müvafiq tələb ilə bağlı xx.xx.2022-ci il tarixdə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum oldu ki, qeyd olunan ünvanda yerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, qeyd olunan mənzilə dair verilən Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 18/2 saylı sərəncamı xx.xx.2022-ci il tarixdə verilmişdir. Bundan başqa, 06 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə verilməsi ilə bağlıdır. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış və bu barədə xx.xx.2022-ci il tarixli, **********95 nömrəli məktub ünvanlanmışdır. Cavabdeh “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11, 11-ci maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Binəqədi rayonu, Sumqayıt şossesi, 8 nömrəli evin, 56 nömrəli mənzilinin 36 kv.metrdən ibarət sahəsi üzərində daşınmaz əmlaka dair iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq adına müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Məhkəmənin 04 sentyabr 2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5501/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı Bakı şəhəri, Sumqayıt şossesi 8 ünvanında yerləşən evin 56 nömrəli, 16 (on altı) kv.metr sahədən ibarət 1 (bir) otaqlı mənzili üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq onun adına bu barədə çıxarışın və mənzilin texniki pasportunun tərtib edilərək verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, iddia qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

17. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı işin hallarından görünür ki, iddiaçının mənzil şəraiti nəzərə alınaraq YM və QXİBİ-nin sosial-inkişaf və maddi-texniki təminat komissiyasının iclasının xx.xx.1995-ci il tarixli, 21 nömrəli protokolu ilə 1 saylı yataqxanadan ona bir otaq ayrılması məqsədəuyğun hesab edilmiş və ona xx.xx.1997-ci il tarixli, 056 saylı order ilə 56 nömrəli, bir otaqlı, 16 (on altı) kv.metr sahəsi olan mənzil verilmişdir. İddiaçı uzun müddətdir qeyd olunan mənzildə qeydiyyatda olmaqla yaşayır, həmçinin mənzildə faktiki yaşayan iddiaçının ailə üzvləri mənzilin iddiaçının adına özəlləşdirilməsinə razıdırlar. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının 56 nömrəli, bir otaqlı, 16 (on altı) kv.metr sahəsi olan mənzilə hüquqları 1 oktyabr 2009-cu il tarixdən əvvəl yarandığı təsdiq olunduğundan onunla qeyd olunan mənzilin balanssaxlayıcısı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış kirayə müqaviləsi bu münasibətlərin sadəcə rəsmiləşdirilməsi olmuşdur. Bu baxımdan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının Bakı şəhəri, Sumqayıt şossesi 8 ünvanında yerləşən evin 56 nömrəli mənzilin, bir otaqlı, 16 (on altı) kv.metr sahəsi olan otağına mülkiyyət hüquqları yaranmışdır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

18. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5501/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının qismən-iddianın təmin edilmədiyi hissədə ləğv edilməsini və iddiaçının iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

19. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, iddianın təmin olunmayan hissəsinə gəldikdə nəzərə almaq lazımdır ki, mənzil iddiaçının qanuni istifadəsində olmaqla kirayəçisi olaraq hüquq və vəzifələrini həyata keçirməkdədir.İddiaçı 2000-ci ildən əvvəl həmin mənzildə yaşadığından iddia olunan mənzilə kirayə müqaviləsinin 2022-ci ildə, yəni yeni Mənzil Məcəlləsinin qüvvəyə minməsindən (2009-cu il) sonra yazılı formada bağlanması həmin Məcəllənin qüvvəyə minməsindən əvvəl yaranmış və davam edən münasibətlərin mahiyyətinə təsir etmir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatları

21. Məhkəmə Kollegiyasının iclasında iddiaçı və vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

22. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

23. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

24. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 146.1-ci maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.

25. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun: 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. 3-cü maddəsində yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması mənzil fondunun özəlləşdirilməsinin əsas prinsiplərindən biri kimi nəzərdə tutulmuşdur. 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. 8-ci maddəsində göstərilir ki, vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.

26. «Daşınmaz«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; -139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; -139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya şikayətində qərar qismən-iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.

30. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

32. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 24-26-cı bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

33. Belə ki, tətbiq edilən hüquq normalarından göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma əsaslarının dairəsini konkret müəyyən edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə mindiyi 2009-cu il oktyabrın 1dək dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi bu əsaslar sırasında nəzərdə tutulmuşdur.

34. Hazırkı işin hallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli, 18/2 saylı sərəncamından görünür ki, ünvan 2 ünvanda 36,0 kv.metr olan 2 otaqlı, 56 saylı mənzildə 1996-cı ildən qeydiyyatda olmaqla yaşayan İddiaçı müraciəti nəzərə alınaraq qeyd olunan mənzilə 6 nəfər ailə üzvü ilə (özü, arvadı, 2 oğlu, gəlini və nəvəsi) onun adına kirayə müqaviləsinin bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab olunması müəyyən edilmiş, sözügedən mənzilə İddiaçı adına şəxsi maliyyə hesabının açılması 2 saylı Xüsusi Təyinatlı MKTB-nin 138 saylı Mənzil-Kommunal İstismar Sahəsinə tapşırılmışdır.

35. İddiaçı Bu Qərarın 34-cü bəndində qeyd edilənlərə istinad etməklə Bakı şəhəri Binəqədi rayonu, Sumqayıt şossesi, 8 nömrəli evin, 56 nömrəli mənzilinin 36 kv.metrdən ibarət sahəsi üzərində daşınmaz əmlaka dair iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq adına müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

36. Qeyd olunmalıdır ki, işin hallarına görə iddiaçının mənzil şəraiti nəzərə alınaraq YM və QXİBİ-nin sosial-inkişaf və maddi-texniki təminat komissiyasının iclasının xx.xx.1995ci il tarixli, 21 nömrəli protokolu ilə 1 saylı yataqxanadan ona bir otaq ayrılması məqsədəuyğun hesab edilmiş və ona xx.xx.1997-ci il tarixli, 056 saylı order ilə 56 nömrəli, bir otaqlı, 16 (on altı) kv.metr sahəsi olan mənzil verilmişdir. İddiaçı uzun müddətdir qeyd olunan mənzildə qeydiyyatda olmaqla yaşayır, həmçinin mənzildə faktiki yaşayan iddiaçının ailə üzvləri mənzilin iddiaçının adına özəlləşdirilməsinə razıdırlar.

37. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 56 nömrəli, bir otaqlı, 16 (on altı) kv.metr sahəsi olan mənzilə hüquqları 1 oktyabr 2009cu il tarixdən əvvəl yarandığı təsdiq olunduğundan onunla qeyd olunan mənzilin balanssaxlayıcısı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış kirayə müqaviləsi bu münasibətlərin sadəcə rəsmiləşdirilməsi olmuşdur.Odur ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının Bakı şəhəri, Sumqayıt şossesi 8 ünvanında yerləşən evin 56 nömrəli mənzilin, bir otaqlı, 16 (on altı) kv.metr sahəsi olan otağına mülkiyyət hüquqları yaranmışdır.

38. İddianın təmin edilməyən hissəsinə gəldikdə isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi 36 kv.metr sahədən ibarət 56 saylı mənzilin iddiaçıya kirayəyə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin Sərəncamı xx.xx.2022-ci il, kirayə müqaviləsi isə xx.xx.2022-ci il tarixlidir. İddiaçı qeyd olunan mənzilin 20 kvadrat metr sahəsinə (16 kv.metr sahədən əlavə olan) dair istifadə hüquqlarının 01 oktyabr 2009-cu il tarixədək yaranmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, məhkəmənin bu istiqamətdə apardığı araşdırma nəticə verməmişdir.

39. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq diqqətə çəkir ki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

40. Məhkəmə Kollegiyası apellyasiya baxışının predmeti iddianın təmin olunmayan hissəsi ilə məhdudlaşdığını nəzərə almaqla qeyd edir ki, iddiaçının 56 saylı mənzilin qeyd olunan 20 kvadrat metr sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədləri olmadığından iddia bu hissədə hissədə təmin edilə bilməz.

41. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1) 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

42. Həmçinin, apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri və iddiaçının vəkilinin (nümayəndəsinin) şifahi vəsatəti baxımından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə sorğusu göndərilərək hazırkı mübahisə ilə bağlı ünvan 7 ünvanında yerləşən bina üzrə mülkiyyətə dair çıxarışların və çıxarışların verilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim olunması xahiş olunmuşdur.

43. Təqdim edilən sənədlərdən də iddiaçının iddiasının təmin olunmayan hissəsinə münasibətdə analoji hallarla bağlı qonşul mənzillərə mülkiyyətə dair çıxarış verilməsi müəyyən olunmamışdır.

44. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

45. Daha sonra apellyasiya şikayətinin iddiaçı 2000-ci ildən əvvəl həmin mənzildə yaşadığından iddia olunan mənzilə kirayə müqaviləsinin 2022-ci ildə, yəni yeni Mənzil Məcəlləsinin qüvvəyə minməsindən (2009-cu il) sonra yazılı formada bağlanması həmin Məcəllənin qüvvəyə minməsindən əvvəl yaranmış və davam edən münasibətlərin mahiyyətinə təsir etmədiyi dəlilinə münasibətdə məhkəmə Kollegiyası bir daha qeyd edir ki, iddiaçı qeyd olunan mənzilin 20 kvadrat metr sahəsinə (16 kv.metr sahədən əlavə olan) dair istifadə hüquqlarının 01 oktyabr 2009-cu il tarixədək yaranmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, məhkəmənin bu istiqamətdə apardığı araşdırma nəticə verməmişdir.

46. Qeyd edilənlərə əsasən məhkəmə Kollegiyası iddiaçının şikayətin dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir.

47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

48. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

49. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək iddia təmin edilməmişdir.

50. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5501/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5501/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar