Məhkəmə qərarları › İş №2-1(103)-1378/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1378/2025

20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1378/2025 20.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X3 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3770/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. “Ləhiş ərazisindəki 2415 nömrəli bağın istifadəyə verilməsi” barədə xx.xx.2004-cü il tarixli, 20817 nömrəli Müqavilə “Birlik” adlandırılacaq X2 və İstismarı Birliyi və Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarxili Sərəncamı (139 saylı Protokol) əsasında hərəkət edən, gələcəkdə “İstifadəçi” adlandırılacaq X1 arasında bağlanmışdır. Birlik Sabunçu rayonunun Ləhiş ərazisində 0,25 hektar torpaq sahəsi olan bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla istifadəçiyə verir və istifadəçi həmin bağı istifadəsinə götürür.

2. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı şəhər İHB-nin xx.xx.2004-cü il tarixli 139 saylı protokolu və 20817 saylı müqavilə əsasında Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 2415 saylı bağ evi tikintisi üçün torpaq sahəsi ilə bağlı İddiaçı adına “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir.

3. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) Aktına əsasən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 0,25 ha qeyd olunsa da, faktiki 0,2352 ha təşkil edir. Bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb. Bağ sahəsində İ yarımçıq tikilisi var. Təqdim olunmuş kadastr planındakı ölçü və koordinatlarla faktiki ölçü və koordinatlar arasında fərq olduğundan, bağ sahəsinin faktiki vəziyyətə uyğun cizgisi və koordinatları ərizəyə əlavə olunmuşdur. Bağ sahəsinin naturada yerləşməsi sxematik xəritəyə uyğun gəlmir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri İcra Hakimiyyəti X2 və İstismarı Birliyi tərəfindən verilmiş 13 iyul 2004-cü il tarixli, 20817 saylı müqaviləyə əsasən 2415 saylı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ masivində yerləşən 0.25 hektar torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin 0.25 hektar torpaq sahəsindən ibarət 2415 saylı bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.

5. İddiaçı daha sonra ərizə təqdim edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən və ümumi sahəsi 0,2352 ha torpaq sahəsini özündə əks etdirən 2415 №-li bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən və ümumi sahəsi 0,2352 ha torpaq sahəsini özündə əks etdirən 2415 nömrəli bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulması” kimi dəyişdirilmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti X2 və İstismarı Birliyinin 13 iyul 2004-cü il tarixli, 20817 saylı Müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ masivində yerləşən 0.25 ha torpaq sahəsindən ibarət 2415 saylı bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. Həmçinin iddiaçının adına xx.xx.2009-cu il tarixli, A №212415 nömrəli torpaq sahəsinin plan və ölçüsü tərtib edilməklə torpaq sahəsinin kadastr göstəriciləri müəyyən edilmişdir. Qeyd edilən torpaq sahəsi iyirmi ilə yaxın müddətdir ki, iddiaçının istifadəsindədir. Bununla əlaqədar, iddiaçı Ləhiş bağ masivində yerləşən 25 hektar torpaq sahəsindən ibarət 2415 saylı bağ sahəsinin mənim adıma ilkin dövlət qeydiyyatına alınaraq Çıxarış verilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən müraciətin icra edilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinasını qanunsuz və əsassızdır. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir.

8. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, təqdim edilmiş müqavilə barədə İdarənin arxiv məlumatlarında, həmçinin torpaq sahəsinin planı və ölçüsü barədə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş sənədlər bazasında məlumat aşkar edilməmişdir. Qeyd olunanlarla yanaşı, idarənin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə texniki baxış keçirilməsinə şərait yaradılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3770/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

10. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, təqdim edilmiş müqavilə barədə İdarənin arxiv məlumatlarında, həmçinin torpaq sahəsinin planı və ölçüsü barədə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş sənədlər bazasında məlumat aşkar edilməmişdir. Həmçinin sonradan idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilmiş və məlum olmuşdur ki, ərazidə hasarlanma bağların bölgüsünə sxematik xəritəyə əsasən aparılmamış və əksər hissəsi digər bağ sahələrinin ərazisinə uyğun gəlir. Odur ki, məhkəmə tərəfindən tərəfindən torpaq sahəsinin iddiaçının adına qanunamüvafiq qaydada ayrılması ilə bağlı tam və ətraflı araşdırma aparılmamışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

13. Məhkəmədə iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanması xahiş etmişdir.

14. Cavabdeh məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə kollegiyası iclası cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

15. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ...

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

21. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 15-17-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

22. Belə ki, hazırkı işin hallarından görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2415 saylı torpaq sahəsinə dair çıxarışın verilməsini tələb edir.

23. Cavabdeh orqan isə təqdim edilmiş müqavilə barəsində İdarənin arxiv məlumatlarında, həmçinin torpaq sahəsinin planı və ölçüsü barədə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş sənədlər bazasında məlumat aşkar edilmədiyinə, ərazidə hasarlanma bağların bölgüsünə sxematik xəritəyə əsasən aparılmadığına və əksər hissəsi digər bağ sahələrinin ərazisinə uyğun gəlməsinə istinad edərək, iddia ərizəsini təmin etməkdən imtina etmişdir.

24. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və X6 Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 18 fevral 2025-ci il tarixli məktubu ilə təqdim edilmiş sxematik xəritədən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən “2415” saylı bağ sahəsi bağlar ərazisinin xəritəsində mövcuddur.

25. Bakı Apellyasiya Məhkəməsinin DƏDKR PHŞ Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC qeyd olunan torpaq sahəsinin plan və ölçü sənədinin təqdim edilməsi ilə bağlı sorğu aidiyyatı üzrə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış və verilən cavab məktubundan məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinin plan və ölçü sənədi mövcud deyil.

26. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 04 fevral 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, X2 və İstismarı Birliyi tərəfindən verilən müqavilələr Bakı şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır.

27. Məhkəmə kollegiyası iş materialları üzrə müəyyən olunan aşağıdakı hallar və qanunvericiliyin tələbləri nəzərə alınmaqla cavabdehin qeyd olunan dəliləri ilə razılaşmır.

28. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 113 nömrəli Fərmanına əsasən Qanunun 8.0.1-ci maddəsində müəyyən edilmiş "icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirir.

30. Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 saylı Sərəncamının 2.1-ci bəndinə əsasən ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivləri Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinə verilməsi öhdəliyi qoyulmuşdir.

31. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında5 fevral 2015-ci il tarixli 453 saylı Sərəncamının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni aparmaq səlahiyyəti Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinə həvalə edilmişdir. Yəni qeyd olunan sərəncama əsasən DTXK-nin yuxarıda sadalanan səlahiyyətləri üzrə hüquqi varisi ƏMDRX olmuşdur.

32. Yuxarıda sadlanan Azərbaycan Respublikası Prezidentinin hər iki sərəncamından bəlli olur ki, istər Bağlar Təsərrüfatı İdarəsi tərəfindən, istərsə də X5 Komitəsi tərəfindən verilən sənədlərin saxlanması və həmin sənədlərlə bağlı yaranmış sonrakı məsələlərin tənzimlənməsi funksiyası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında olan DƏDRX-nə həvalə edilmişdir. Başqa sözlə desək, Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş müqavilələrin, plan və ölçü sənədlərinin lazımi qaydada qorunub saxlanması və onların preyudisiallığı ilə bağlı şübhələrin aradan qaldırılması misiyyası məhz DƏDRX-nin üzərinə düşür. Lakin DƏDRX başqa arxivlərdə saxlanmayan hüquqi sənədlərin nüsxəsinin özündə olmaması ilə bağlı və iddiaçı tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədlərin həqiqətə uyğun olmamasına dair məhkəmə mübahisəsinin açılması ilə bağlı tutarlı dəlillərini məhkəməyə təqdim etməmişdir. Bu isə “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində qeyd olunmuş Mötəbərlik prinsipinə əsasən cavabdehin irəli sürdüyü arqumenti əsassız edir. Belə ki, həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

33. Cavabdehin arqumentinin əksinə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, iddiaçının üzərində mülkiyyət hüququnu qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyəti X2 və İstismarı Birliyinin 13 iyul 2004-cü il tarixli, 20817 saylı Müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ masivində yerləşən 0.25 ha torpaq sahəsindən ibarət 2415 saylı bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. İddiaçıya torpaq (bağ) sahəsinin ayrılması barədə müvafiq müqavilə hal-hazırda qüvvədə olmaqla cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Həmçinin iddiaçının adına xx.xx.2009-cu il tarixli, A №212415 nömrəli torpaq sahəsinin plan və ölçüsü tərtib edilməklə torpaq sahəsinin kadastr göstəriciləri müəyyən edilmişdir.

34. Göründüyü kimi Bakı şəhəri İcra Hakimiyyəti X2 və İstismarı Birliyinin 13 iyul 2004-cü il tarixli, 20817 saylı müqavilə əsasında iddiaçıya torpaq (bağ) sahəsinin ayrılması işin mübahisəsiz halıdır.

35. Kollegiya qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

36. Həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir

37. İstinad olunan normaların hazırkı mübahisənin hallarına tətbiqi baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirilən bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmışdır və həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə müvafiq çıxarış verilməlidir.

38. Cavabdehin imtina cavabından göründüyü kimi mübahisəli torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını mümkünsüz hesab etməsinin əsasları kimi göstərilmişdir ki, İdarənin arxiv məlumatlarında, həmçinin torpaq sahəsinin planı və ölçüsü barədə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş sənədlər bazasında məlumat aşkar edilməmişdir. Əlavə olaraq, ümumi ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmamışdır. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) Aktına əsasən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 0,25 ha qeyd olunsa da, faktiki 0,2352 ha təşkil edir.

39. Kollegiya qeyd edir ki, Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) Aktına əsasən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 0,25 ha qeyd olunsa da, faktiki 0,2352 ha təşkil etməsi də onun hüquqlarının qeydə alınmasından imtina etmək üçün əsas ola bilməz.

40. Belə ki, iddia tələbinin predmeti olan 2415 saylı bağ sahəsi hazırda faktiki olaraq İddiaçı qanuni istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə və ya üçüncü şəxslərin tələbi mövcud deyil.

41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

42. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

43. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3770/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3770/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar