Məhkəmə qərarları › İş №2-1(103)-1379/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1379/2021

08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1379/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Səbail rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanovdan və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Səbail rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi 2-1(81)-1523/2016 saylı 26 dekabr 2016-cı il tarixli qərarından iddiaçı və cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti və Səbail rayon İcra Hakimiyyəti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 01 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər Badamdar Bələdiyyəsinin 183 saylı 07.09.2007-ci il tarixli və 184 saylı 07.09.2007-ci il tarixli qərarları ilə Badamdar qəsəbəsi İİİ yaşayış massivində olan hər birinə 400 kv.m. olmaqla torpaq sahələrinin İddiaçı1 və İddiaçı2 adına sənədləşdirilməsi qərara alınmışdır. MH seriyalı ******* saylı 11.10.2007-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0.06 ha. torpaq sahəsi İddiaçı1, MH seriyalı ******* saylı 17.10.2007-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0.06 ha. torpaq sahəsi İddiaçı2 mülkiyyətində olmuşdur. 24.06.2011-ci il tarixində Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 283 nömrəli Sərəncamına əsasən Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yeni məktəb və uşaq bağçası binasının tikintisinin layihələndirilməsi üçün 1.1280 ha torpaq sahəsi Səbail rayon İcra Hakimiyyətinin daimi istifadəsinə verilmiş, bununla əlaqədar olaraq iddiaçıların mülkiyyətində olan yuxarıda qeyd olunan torpaq sahələrində heç bir rəsmi xəbərdarlıq edilmədən sözügedən məktəb binasının inşasına başlanılmışdır. Sözügedən torpaq sahələrinə iddiaçıların mülkiyyət hüququnu təsdiq edən çıxarışlar olsa da, həmin sahələrin pasport və plan ölçüsü verilmədiyindən, onlar iddia ərizələri ilə ayrı-ayrılıqda məhkəməyə müraciət etmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-145/2013 saylı 29.01.2013-cü il tarixli qərarı ilə MH seriyalı ******* saylı 11.10.2007-ci il tarixli çıxarışa əsasən İddiaçı1 ayrılmış torpaq sahəsinə dair texniki sənədlərin (pasport və plan ölçünün) hazırlanaraq ona təqdim olunması vəzifəsi Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan sonuncu tərəfindən verilən apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.01.2013-cü il tarixli 2inz(81)-145/2013 nömrəli qərarı 30.10.2013-cü il tarixində qüvvəyə minmişdir. Eyni zamanda İddiaçı2 iddia ərizəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-26/2013 saylı 10.10.2013-cü il tarixli qərarı ilə təmin edilərək yuxarıda göstərilən çıxarış əsasında ona ayrılmış torpaq sahəsinə dair texniki sənədlərin (pasport və plan ölçünün) hazırlanaraq ona təqdim olunması vəzifəsi Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuş, həmin qərardan sonuncu tərəfindən verilən apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10.10.2013-cü il tarixli 2inz(81)-26/2013 nömrəli qərarı 15.05.2014-cü il tarixində qüvvəyə minmişdir. İddiaçılar Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinə zəbt olunmuş torpaq sahələrinin müqabilində müvafiq kompensasiya və ya alternativ torpaq sahəsinin verilməsi ilə bağlı ərizə vermiş, Səbail RİH tərəfindən həmin ərizələr, iddiaçılara məlumat verilməsi məqsədilə Badamdar qəsəbə nümayəndəliyinə göndərilmiş, Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbə nümayəndəliyinin 184 və 185 saylı 25.11.2014-cü il tarixli cavab məktubları ilə məsələyə dair qəbul ediləcək qərarlarla bağlı iddiaçılara əlavə məlumat veriləcəyi bildirilmiş, lakin heç bir məlumat verilməmişdir. Bundan sonra, iddiaçılar Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət etmiş, sonuncu ərizəni icra olunması üçün Səbail RİH-ə yönləndirmiş, sonuncunun 24.12.2015-ci il tarixli 4/10-C-7/4 nömrəli məktubu ilə qeyd olunan torpaq sahəsinin plan ölçüsü, cizgisi təqdim edildikdən sonra mübahisələndirilən məsələyə baxılacağı bildirilmişdir. İddiaçılar 23.12.2015-ci il tarixində kompensasiya ödənilməsi barədə pretenziya məktubu ilə Səbail RİH-ə müraciət etmiş, sonuncunun 4/10-C-7/4 saylı 24.12.2015-ci il tarixli və 6-C-7/5 saylı 30.12.2015-ci il tarixli cavab məktublarına əsasən torpaq sahəsinin planı və ölçüsü barədə sənədlərin əsli və ya təsdiqlənmiş surətləri təqdim edildikdən sonra qaldırılmış məsələyə baxılmasının mümkün olduğu bildirilmişdir. Hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Səbail rayon İcra Hakimiyyətinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “mülkiyyət hüququ ilə onlara məxsus Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən hər biri 0,6 ha olmaqla birgə sahəsi 0,12 ha olan torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq zəbt edilməsi, onların qanunsuz olaraq mülkiyyət hüquqlarından məhrum edilmələri nəticəsində dəymiş ziyanı təşkil edən 336.000 manat həcmində torpağın bazar dəyərinin, bazar qiymətinə əlavə olan 20% hissəni təşkil edən 67.200 manat məbləğini, o cümlədən, birlikdə 60.000 manat həcmində dəymiş mənəvi zərərin, cəmi məbləği 463.200 manat həcmində kompensasiya məbləğinin cavabdehlər Səbail rayon İcra Hakimiyyətindən və Bakı Şəhər İcra Hakimiyyətindən müştərək qaydada tutularaq onlara ödənilməsi” barədə qərar çıxarılmasını xahiş etmişlər. İddianın əsaslandırılması: İddia onunla əsaslandırılmışdır ki, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi ünvanında onlara məxsus və onların qanuni mülkiyyətində olan hər biri 0.06 ha olmaqla, cəmi 0.12 ha torpaq sahəsi 2011-ci ildə Səbail rayon İcra Hakimiyyəti tərəfindən zəbt olunaraq üzərində məktəb binası inşa edilmişdir. Sözügedən torpaq sahəsinin vətəndaşların qanuni mülkiyyətində olmasını hər iki iddiaçının adına ayrıca verilmiş çıxarışlar təsdiqləyir. Onların mülkiyyətində ümumilikdə 0,12 ha torpaq sahəsinin olması onu deməyə əsas verir ki, Səbail Rayon İcra Hakimiyyətinin özbaşınalığı zamanı onlar 0,12 ha torpaq sahəsindən məhrum olmuşlar. Plan və ölçü isə hüquqmüəyyənedici sənəd deyildir və qanunvericilikdə ümumiyyətlə onun tələb edilməsi nəzərdə tutulmamışdır. Onlara məxsus torpaq sahəsinin hər nə qədər Səbail rayon İcra Hakimiyyəti bəhanə məqsədilə buna şübhə etsə də, məhz məktəb binası tikilən ərazidə yerləşməsi birbaşa sübutlarla təsdiqlənir. Həmin sübutlardan biri Badamdar qəsəbə nümayəndəliyinin 184 və 185 saylı 25.11.2014-cüil tarixli məktublarında da öz təsdiqini tapmışdır. Onların mülkiyyətində ümumilikdə 0.12 ha torpaq sahəsinin olması onu deməyə əsas verir ki, onlar 0.12 ha torpaq sahəsindən məhrum olunmuşlar. Kompensasiyanın məbləği 1 sot üçün 28000 manat olmaqla 12 sot üçün cəmi 336000 manat təşkil etməlidir. Bundan əlavə, 20% əlavə və mənəvi zərərə görə də kompensasiya ödənilməlidir. Cavabdehin etirazları: Cavabdeh Səbail rayon İcra Hakimiyyəti iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, Səbail rayonu X1 qəsəbəsi, 3-cü yaşayış massivində Bakı şəhər İcra Hakimiyyəti tərəfindən torpaq sahəsi ayrılmamışdır. Bu torpaqlar Badamdar Bələdiyyəsinin mülkiyyətinə ayrılmış ərazinin hüdudlarından kənardadır və iddiaçılar tərəfindən təqdim olunan sözügedən qərarlar qanunsuzdur. Həmçinin, İddiaçı1 adına qeydiyyata alınmış torpaq sahəsinin 3-cü yaşayış massivində yerləşməsini, digər İddiaçı2 adına qeydiyyata alınmış torpaq sahəsinin isə məktəb və uşaq bağçasının yerində yerləşən torpaq sahəsi ilə üst-üstə düşməsini təsdiq edən heç bir sübut iddiaçılar tərəfindən təqdim edilməmişdir. Habelə, iddiaçıların istinad etdiyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 yanvar 2013-cü il tarixli qərarı maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, həmin qərarlar qəbul edilərkən Səbail rayon İcra hakimiyyətinin qanunla qorunan mənafelərinə toxunsa da, məhkəmələr sonuncunu məhkəmə icraatına cəlb etməmişlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1523/2016 saylı 26 dekabr 2016-cı il tarixli qərarı ilə iddianın qismən təmin edilərək, MH seriyalı ******* saylı çıxarış əsasında İddiaçı1 mülkiyyətində olmuş 0.06 ha torpaq sahəsinə görə 60.000 manat kompensasiya, habelə dəymiş mənəvi zərərə görə 2.000 manat cavabdehlər Bakı şəhər İcra Hakimiyyətindən və Səbail Rayon İcra Hakimiyyətindən müştərək qaydada İddiaçı1 xeyrinə tutulması, MH seriyalı ******* saylı çıxarış əsasında İddiaçı2 mülkiyyətində olmuş 0.06 ha torpaq sahəsinə görə 60.000 manat kompensasiyanın, habelə dəymiş mənəvi zərərə görə 2.000 manatın cavabdehlər Bakı şəhər İcra Hakimiyyətindən və Səbail rayon İcra Hakimiyyətindən müştərək qaydada İddiaçı2 xeyrinə tutulması və iddianın qalan hissələrdə rədd edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Səbail RİH müvafiq sərəncamla ayrılmış torpaq sahəsində iddiaçıların mülkiyyət hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasının qarşısının alınması istiqamətində tədbir görmədiyindən və torpaq sahəsinin dəyərini ödəmədən orada tikinti işləri apardığından iddiaçılar məhrum olduqları mülkiyyətlərinə görə kompensasiya tələb etməkdə haqlı olmuşlar. Maliyyə Nazirliyi tərəfindən təqdim edilmiş məktubda qeyd olunan kompensasiya məbləği (hər kv.m-ə görə - 100 manat) real və ədalətli olduğundan hər bir iddiaçıya 60.000 manat kompensasiya ödənilməlidir. Bundan əlavə, mülkiyyətçiyə daşınmaz əmlakın bazar qiymətinin 20%-i miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməsi üçün ilk növbədə həmin daşınmaz əmlak dövlət ehtiyacları üçün alınmalıdır. Lakin, hazırda mübahisələndirilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qərar qəbul edilmədiyindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunla nəzərdə tutulmuş 20% əlavənin ödənilməsi hissəsində iddia təmin edilə bilməz. Həmçinin, iddiaçıların torpaq sahələrində 2011-ci ildə heç bir əvəzi ödənilmədən və ya başqa torpaq sahəsi ayrılmadan məktəb binasının tikilməsinə görə dəymiş mənəvi zərərə görə hər iddiaçı üçün 2.000 manat məbləğində kompensasiyanın ödənilməsi ağlabatan hesab edilmişdir. Həmin qərardan narazı qalan iddiaçılar tərəfindən apelyasiya şikayəti verilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1523/2016 saylı 26 dekabr 2016-cı il tarixli qərarının iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi xahiş olunmuşdur. Eyni zamanda həmin qərardan narazı qalan cavabdehlər tərəfindən ayrı-ayrılıqda apelyasiya şikayətləri verilərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh Səbail rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qeyd olunan qərarı iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadan qəbul edildiyindən qanunsuz və əsassızdır. Məhkəmə həqiqətə nail olmaq üçün işi tam, hərtərəfli və obyektiv araşdırmamış, iddiaçılara məxsus torpaq sahəsinin yeni məktəb və uşaq baxçası binasının tikintisinin layihələndirilməsi üçün ayrılmış 1.1280 ha torpaq sahəsi ilə üst-üstə düşməsi barədə öz qərarında gəldiyi nəticələri mötəbər sübutlarla əsaslandırmamışdır. İddiaçıya məxsus plan və ölçü sənədlərində nəzərdə tutulan torpaq sahəsi ilə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən məktəb və uşaq baxçası tikintisi üçün ayrıc Aktı əsasında ayrılmış torpaq sahəsinin üst-üstə düşməsini müəyyən etmək məqsədilə bu sahədə xüsusi biliyə malik mütəxəssis vasitəsilə müvafiq ekspertiza keçirilməmiş və bununla da natamam qərar qəbul edilmişdir. Digər cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 04.05.2011-ci il tarixli Sərəncamı ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramı təsdiq edilmişdir. Bu proqram üzrə tədbirlər planının 2.9.32 və 2.9.37 bəndlərinə əsasən Səbail rayonu, Badamdar qəsəbəsində 880 şagird yerlik ümumtəhsil məktəbinin və 120 yerlik uşaq bağçasının tikintisi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 1452 nömrəli 20.04.2011-ci il tarixli “Bakı şəhəri, Səbail rayonunun Badamdar qəsəbəsinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamı ilə Bakı şəhərinin Səbail Rayonu İcra Hakimiyyətinə Badamdar qəsəbəsində yeni 120 yerlik uşaq bağçası və 880 şagirdlik ümumtəhsil məktəbi binalarının tikintisinə başlamaq üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat məbləğində vəsait ayrılmışdır. Bakı Şəhər icra Hakimiyyəti Başçısının 283 nömrəli 24.06.2011-ci il tarixli “Səbail RİH-nə yeni məktəb və uşaq bağçası binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin daimi istifadəyə verilməsi haqqında” sərəncamı ilə Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yeni məktəb və uşaq bağçası binasının layihələndirilməsi üçün 1.1280 ha torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin daimi istifadəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 283 saylı 24.06.2011-ci il tarixli sərəncamı verilərkən Səbail Rayon İcra Hakimiyyəti Başçısının məktubu əsas götürülmüş, məktubda isə həmin torpaq sahəsi boş sahə kimi göstərilmişdir. Bu səbəbdən də Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 13.07.2011-ci il tarixli ayrıc aktına əlavə edilmiş torpaq sahəsinin cizgisinə əsasən torpaq sahəsi boş torpaq kimi göstərilmişdir. Burada Bakı Şəhər icra Hakimiyyətinin heç bir günahı olmamış və ona görə də Bakı Şəhər İcra Hakimiyyəti bu işdə cavadeh ola bilməzdi. Səbail Rayon İcra Hakimiyyəti bu torpaq sahəsinin daimi istifadəsini qəbul edərkən burada nə fərdi evlər, daş hasarlar, ümumiyyətlə boş torpaq sahəsi olmuşdur. Səbail Rayon İcra Hakimiyyəti bu torpaq sahəsində 880 şagird yerli ümumtəhsil məktəbini və 120 yerlik uşaq bağçasını tikib və 30.08.2012-ci il tarixli “Tikinti quraşdırma işləri başa çatmış istismara qəbul edilməsi haqqında Dövlət Komissiyasının” Aktlarına əsasən sakinlərin istifadəsinə vermişdir. Mübahisəli torpaq sahələrinin cizgiləri olmamış, lakin sonradan müvafiq məhkəmə qərarı əsasında onlara cizgi verilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsinin qiymətinin müəyyən edilməsi üçün iş materiallarında 3 müxtəlif qiymətləndirmə təşkilatından verilmiş hesabat mövcuddur. 1-ci hesabat "xxxx" MMC tərəfindən hazırlanmış qiymətləndirmə hesababtına müvafiq olaraq 1 sot üçün 28 000 AZN həcmində; Məhkəmə qiyməti şişirdilmiş hesab etdiyi üçün 2-ci hesabat “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi tərəfindən 1 sot üçün 2016-cı il üçün aşağı qiymət 20 000 AZN yuxarı məbləğ isə 22 000 AZN həcmində; 3-cü hesabat "xxxx" MMC tərəfindən verilmişdir, 472 və 473 saylı hesabatlar. 2011-ci il üçün 1 sot üçün qiymət 192000 manat təşkil etmişdir. Onlara məxsus torpaq dövlət ehtiyacları üçün alınmamışdır. Amma dövlət ehtiyacları üçün daşınmaz əmlakın alınma qaydasını tənzimləyən qanunvericiliyi analogiya qismində tətbiq edilsə belə, müəyyən edilir ki, birgə iddiaçıların qanuni torpaq sahələri zəbt edildlikdən sonra onlara heç bir kompensasiyanın verilməməsi tamamilə ədalətsizdir. Bütün bu proseslər gedişatında onlara maddi ziyanla yanaşı eyni zamanda mənəvi zərər də dəymişdir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-782/2017 saylı 19 aprel 2017-ci il tarixli qərarı ilə apelyasiya şikayətlərinin təmin edilməməsi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1523/2016 saylı 26 dekabr 2016-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Belə ki, apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Həmin qərardan narazı qalan iddiaçılar və cavabdeh Bakı şəhər İcra Hakimiyyəti kassasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-1472/2017 saylı 04 oktyabr 2017-ci il tarixli qərarı ilə iddiaçılar və cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş kassasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-782/2017 saylı 19 aprel 2017-ci il tarixli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-198/2019 saylı 13 noyabr 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətlərinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1523/2016 saylı 26 dekabr 2016-cı il tarixli qərarının kompensasiya məbləğinin ödənilməsi hissəsində dəyişdirilərək, MH seriyalı ******* saylı çıxarış əsasında İddiaçı1 mülkiyyətində olmuş 0.06 ha torpaq sahəsinə görə 120.000 manat kompensasiyanın, MH seriyalı ******* saylı çıxarış əsasında İddiaçı2 mülkiyyətində olmuş 0.06 ha torpaq sahəsinə görə 120.000 manat kompensasiyanın Bakı ŞİH və Səbail RİH-dən müştərək qaydada iddiaçıların xeyrinə tutulması və qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçılara məxsus daşınmaz əmlak söküldükdən sonra bazar qiymətləri artdığından “Əmlak Bazarı İştirakçıları” İB-nin 01.07.2016-cı il tarixli 199/06-16 E-27/-V saylı ekspert rəyində təsbit olunan bazar qiymətinin həqiqiliyi reallığa daha uyğundur. Həmin qərardan narazı qalan iddiaçılar və cavabdeh Bakı şəhər İcra Hakimiyyəti kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 823/2020 saylı 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 198/2019 saylı 13 noyabr 2019-cu il tarixli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1336/2020 saylı 23 sentyabr 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayətlərinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1523/2016 saylı 26 dekabr 2016-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçılar tərəfindən kassasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 126/20210 saylı 09 fevral 2021-ci il tarixli qərarı ilə iddiaçıların kassasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1336/2020 saylı 23 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: 01 dekabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da, cavabdeh Səbail rayon İcra Hakimiyyəti və 3-cü şəxs Azərbaycan Republikası Maliyyə Nazirliyi məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Səbail rayon İcra Hakimiyyətinin və 3-cü şəxs Azərbaycan Republikası Maliyyə Nazirliyinin nümayəndəsini iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə öz apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, AB Consulting MMC tərəfindən verilmiş rəyə isə etiraz etməyərək onun qəbul edilməsini, öz apellyasiya şikayətinin təmin olunmasını, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını məhkəmədən xahiş etmişdi. Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi X4 öz apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti cavabdehlər sırasından çıxarılmalıdır. Bununla bağlı cavabdehin nümayəndəsi AB Consulting MMC tərəfindən verilmiş rəyin qəbul edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını, öz apellyasiya şikayətinin təmin olunmasını, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə isə etiraz edərək onun təmin olunmamasını məhkəmədən xahiş etmişdi. Məhkəmə qərarının elan edilməsi Azərbaycan Respublikası İPM-nin 75.1-ci maddəsinə əsasən 08 dekabr 2021-ci il tarixə təxirə salınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdə iddiaçılardan başqa digər tərəflər- hər iki cavabdeh tərəfindən də ayrıayrılıqda apellyasiya şikayəti verilməsinə baxmayaraq cavabdehlərin apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1336/2020 saylı 23.09.2020-ci il tarixli qərarı ilə təmin edilməmiş və həmin qərardan cavabdehlər tərəfindən kassasiya şikayəti verilmədiyi üçün məhkəmə qərarı həmin hissədə qüvvəyə minmişdir. Buna görə də məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı araşdırma aparılmasına zərurət görmür və qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı yalnız iddiaçıların apellyasiya şikayəti üzrə iddialarının təmin edilmədiyi hissələrdə yoxlanılır. İddiaçıların apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçıların hazırki iş üzrə müvafiq tələbləri ilə əlaqədar cavabdeh inzibati orqanlar imtina etdikləri (o cümlədən hərəkətsizlik göstərildiyi) üçün qanunla müəyyən edilmiş müddət daxilində məhkəməyə müraciət etmişlər. Kollegiya onu da nəzərə alır ki, iş üzrə məhkəmə icraatının uzun zaman davam etdiyi dövrdə də iddiaçıların tələbinin təmin olunmasından hər iki cavabdeh imtina etmişdir. Hazırki işdə iki inzibati orqanın qoyulması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 30-cu maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati məhkəmə icraatında prosessual həmiştirakçılardan hər biri digər tərəfə qarşı müstəqil şəkildə çıxış edir. Prosessual həmiştirakçılardan hər hansı birinin hərəkəti digərinin nə xeyrinə, nə də zərərinə təfsir oluna bilməz. İş üzrə araşdırmalar zamanı məlum olmuşdu ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 283 nömrəli 24.06.2011-ci il tarixli Sərəncamına əsasən Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yeni məktəb və uşaq bağçası binasının tikintisinin layihələndirilməsi üçün 1.1280 ha. torpaq sahəsi Səbail rayon İcra Hakimiyyətinin daimi istifadəsinə verilib, bununla əlaqədar olaraq iddiaçıların mülkiyyətində olan yuxarıda qeyd olunan torpaq sahələrində heç bir rəsmi xəbərdarlıq edilmədən sözügedən məktəb binasının inşasına başlanıldığı üçün iddiaçılar mülkiyyətlərindən məhrum olmuşlar. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə iki cavabdeh inzibati orqanın- Bakı şəhər İcra Hakimiyyətinin və Səbail rayon İcra Hakimiyyətinin iştirakı labüddür və bu hal iddianın mümkün sayılması məsələsinə təsir etmir. Odur ki, iddia həm də inzibati məhkəmə icraatında prosessual həmiştirakçılığın yolverilənliliyi baxımından mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçıların hər birinə ayrı-ayrılıqda məxsus olan 0.6 ha (ümumilikdə 0.12) torpaq sahəsi Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti tərəfindən zəbt edilərək üzərində Səbail rayon İcra Hakimiyyəti tərəfindən uşaq bağçası və ümumtəhsil məktəb kompleksi inşa edilmiş, əvəzində isə iddiaçılara hər hansı kompensasiya ödənilməmişdir. Hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Səbail rayon İcra Hakimiyyətinə qarşı tələbi “mülkiyyətlərində olan əmlakdan məhrum edilmələri ilə əlaqədar onlara dəymiş ziyanın müqabilində kompensasiya məbləğinin və mənəvi ziyanın ödənilməsi” ilə bağlıdır. İş materiallarında olan AN-İ seriyalı ******* saylı və AN-İ seriyalı ******* saylı 07.07.2007-ci il tarixli «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»ndən görünür ki, iddiaçılar onlara məxsus torpaq sahəsini hər biri 85.300 manata almışdır. “Əmlak Ekspert Mərkəzi” tərəfindən 21.01.2016-cı il tarixdə verilmiş rəyə əsasən 1 sotun dəyəri 28.000 manat qiymətləndirilmişdir. AR Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq verilmiş 14.04.2016-cı il tarixli DX-03/05- 03-422 nömrəli məktubunda qeyd edilmişdir ki, qeyd olunan torpaq sahəsi dövlət ehtiyacları üçün alınmayıb. Lakin müqayisə üçün Bakı-Ələt yolunun 2-4- cü km hissəsinin “X5” yenidən qurulması layihəsi çərçivəsində 1kv.m üçün 100 manat ödənilib (yəni, 1 sot-10.000 manatred.). Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza ilə bağlı “Əmlak Bazarı İştirakçıları İctimai Birliyi” tərəfindən verilmiş 01.07.2016-cı il tarixli ekspert rəyində 1 sotun dəyəri -21.000 manat kimi qiymətləndirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 23.12.2016-cı il tarixli ekspert rəyində 1 sotun dəyəri - 32.000 manat qiymətləndirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 13.03.2018-ci il tarixli ekspert rəyində 1 sotun dəyəri – 30.000 manat (13.03.2018-ci il tarixə) qiymətləndirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 13.03.2018-ci il tarixli ekspert rəyində 1 sotun dəyəri – 28.000 manat (2011-ci il tarixə) qiymətləndirilmişdir. Göründüyü kimi, iş materiallarında olan yuxarıda sadalanan sənədlərdə iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin dəyəri ilə bağlı müxtəlif qiymətləndirmələr aparılmış və fərqli qiymətlər müəyyən edilmişdir. Əmlakın qiymətləndirilməsinə dair həm rəsmi notarial müqavilələr, həm də müxtəlif ekspert rəyləri olmasına baxmayaraq işə baxan məhkəmələr qiymətlərdən ən aşağı olanını, yəni AR Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən verilmiş məktubda müəyyən edilmiş qiyməti seçmiş və onun əsasında kompensasiya məbləği hesablamışlar. Məhkəmənin əsas götürdüyü AR Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən birinci instansiya sorğusuna cavab olaraq verilmiş 14.04.2016-cı il tarixli DX-03/05-03-422 nömrəli məktubunda qeyd edilmiş qiymət hətta iddiaçıların torpaq sahələrini aldığı 2007-ci il tarixli alqı-satqı müqavilələrində təsbit edilmiş qiymətdən də təxminən 25% aşağıdır. Bununla bağlı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-126/20210 saylı 09 fevral 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 283 nömrəli Sərəncamına əsasən Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yeni məktəb və uşaq bağçası binasının tikintisinin layihəsinin icrası ilə əlaqədar hər hansı şəxsə məxsus torpaq sahəsinin alınması müqabilində on(lar)a kompensasiya ödənilib-ödənilmədiyi məsələsini araşdırmalıdır. Araşdırma nəticəsində belə hallar müəyyən olunarsa, məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçılara ödənilməli olan kompensasiyanın məbləğinin müəyyən edilməsində analoji qiymətlərin əsas götürülməsi məqbul hesab edilə bilər. Əgər belə bir hal mövcud deyilsə, bu halda, işə baxan apellyasiya instansiyası məhkəməsi 2011-ci il tarixdə həmin ərazi üzrə (Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi) torpaq sahələrinin alqı-satqısına dair bağlanmış notariat müqavilələrini tələb edib tədqiq etməklə, həmin müqavilələrdə təsbit olunmuş qiymətlər əsasında iddiaçıların torpaq sahəsinin orta bazar qiymətini müəyyən edə və həmin qiymət əsasında kompensasiya hesablaya bilər. Hər iki halda da iddiaçılara ödəniləcək kompensasiyanın məbləği 07.07.2007-ci il tarixli AN-İ N ******* saylı və AN-İ N ******* saylı «Daşınmaz əmlakın alqısatqı müqaviləsi»ndə təsbit olunmuş məbləğdən (hər bir torpaq sahəsi üçün - 85.300 manat) aşağı olmamalıdır, əks halda, ədalətli kompensasiya kimi qiymətləndirilə bilməz. Bundan əlavə iddiaçıların uzun illərdən bəri (təxminən 10 il müddətində) mülkiyyətlərindən məhrum olunması, həmçinin məhkəmə prosesinin uzun illərdən bəri davam etməsi nəzərə alınmaqla iddiaçılara mənəvi zərərə görə ödənilməli olan məbləğin həcmi də işə təkrar baxan apellyasiya instansiya məhkəməsi tərəfindən yenidən nəzərdən keçirilməlidir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin sözügedən qərarında göstərilənlər nəzərə alınaraq işin təkrar apellyasiya araşdırması zamanı müəyyən olunmuşdu ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 283 nömrəli Sərəncamına əsasən Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yeni məktəb və uşaq bağçası binasının tikintisinin layihəsinin icrası ilə əlaqədar hər hansı şəxsə məxsus torpaq sahəsinin alınması müqabilində on(lar)a kompensasiya ödənilməmişdir. Belə ki, bu barədə müvafiq sübutlar proses iştirakçıları tərəfindən məhkəməyə təqdim olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası iddiaçılara ödənilməli olan kompensasiyanın məbləğinin həmin meyarlar əsas götürülməklə analoji qiymətlərlə müəyyən edilməsini qeyri-mümkün hesab edir. Belə olan halda Kollegiya kassasiya instansiyası məhkəməsinin qərarında qeyd olunan ikinci istiqamət üzrə qiymətləndirməni aparmaq üçün Bakı şəhər Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivi ünvanında olan torpaq sahələrinin alqı-satqısına dair 2011-ci il tarixində bağlanmış notariat müqavilələrinin (bir neçə şəxslə bağlanan müqavilələrin) təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı notariat orqanlarına sorğu məktubları göndərmişdir. Həmin sorğulara cavab olaraq Bakı şəhəri 28 saylı Notariat Ofisinin 06.07.2021-ci il tarixli məktubunda Bakı şəhər Səbail rayonu Badamdar qəsəbəsi, 2-ci və 3-cü yaşayış massivilərində torpaq sahələrinin 1 sotunun satış qiymətinin 5000-19000 manat arasında olduğu qeyd edilmişdir. Eyni zamanda Bakı şəhəri 28 saylı Notariat Ofisinin 05.10.2021-ci il tarixli məktubunun məzmununa görə, Bakı şəhər Səbail rayonu Badamdar qəsəbəsi, 3-cü yaşayış massivilərində torpaq sahələrinin 1 sotunun təxminən satış qiymətinin 3300 manatdan 8400 manat arasında qiymətləndirilməsi qeyd edilmişdir. Həmçinin məhkəmə baxışı zamanı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanda yerləşən torpaq sahəsi ilə bağlı 2006, 2011 və 2013-cü illər üzrə alqı-satqı müqavilələri və birja məlumatları da əldə edilmişdir. Bununla bağlı iş üzrə qəbul edilmiş 22.09.2021-ci il tarixli qərardadla məhkəmə qiymətləndirmə ekspertizası təyin edilərək, ekspert qarşısında “Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən hər biri 0.6 ha olmaqla birgə sahəsi 0.12 ha olan torpaq sahəsinin 2011-ci il tarixə və hazırki dövrə bazar qiymətinin təqdim edilmiş 2011 və 2013-cü il tarixli alqı-satqı müqavilələri, birja məlumatları və fotoşəkillər əsasında müəyyən edilməsi” sualı qoyulmuşdur. Qərardadın icrası ilə bağlı "xxxx" MMC tərəfindən verilmiş “torpaq sahəsinin dəyərini müəyyən etmək üçün qiymətləndirmə hesabatı”ndan görünür ki, iddiaçıların mülkiyyətində olan birgə sahəsi 0.12 ha olan torpaq sahəsinin 2011-ci ilə ümumi bazar qiyməti 216000 manat, hazırki dövrə bazar qiyməti isə 279600 manat, 2011-ci il üçün 1 sotun bazar qiyməti 18000 manat, hazırki dövrə 1 sotun bazar qiyməti isə 23300 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası qiymətləndirici şirkət- "xxxx" MMC tərəfindən verilmiş rəydəki 2011-ci il üçün 1 sotun bazar qiymətinin müəyyən edilmiş 18000 manat, 6 sota görə isə 108000 manatın iddiaçıların hər biri ilə bağlanmış 07.07.2007-ci il tarixli AN-İ N ******* saylı və AN-İ N ******* saylı «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»ndə təsbit olunmuş məbləğdən (hər bir torpaq sahəsi üçün - 85.300 manat) artıq olduğunu nəzərə alaraq hesab edir ki, məhz bu məbləğdə iddiaçılara ödəniləcək kompensasiya ədalətli kompensasiya kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 203.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi, qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi, sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi, təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması, rekvizisiya, müsadirə. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmçinin “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinin tələbinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçıların iddiasının qismən təmin edilərək, kompensasiyanın hər iki cavabdehdən müştərək qaydada iddiaçıların xeyrinə tutulması ilə bağlı gəldiyi nəticə ilə razılaşsa da hesab edir ki, məhkəmə tutulacaq kompensasiyanın miqdarı ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, həmin məbləğ (iddiaçıların hər birinə 60000 manat) iddiaçılara vurulmuş ziyanı kompensasiya etmək və hüquqlarının bərpası üçün yetərli və ədalətli sayıla bilməz. Bu səbəbdən Kollegiya məhkəmə qərarının cavabdehlərdən vurulmuş ziyana görə tutulacaq kompensasiyanın miqdarı ilə bağlı hissədə "xxxx" MMC tərəfindən verilmiş rəyə uyğun dəyişdirilməsini daha ədalətli hesab edir. Belə olan halda iddiaçılara ödəniləcək kompensasiyanın məbləği hər iki iddiaçıya münasibətdə (12 sot torpaq sahəsinə) 216000 manat müəyyən edilməlidir. Bundan başqa məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “iddianın mənəvi zərərin ödənilməsi” hissəsində də qismən təmin olunması ilə bağlı gəldiyi nəticəyə münasibətdə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında göstərilmişdi ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Buna müvafiq olaraq məhkəmə kollegiyası işin sadalanan hallarını, o cümlədən iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin cavabdeh Səbail rayon İcra Hakimiyyəti tərəfindən zəbt edilməsi ilə bağlı qanunla qorunan hüquqlarını həyata keçirə bilmədiklərini və buna görə uzun zaman gedən məhkəmə mübahisələri ilə bağlı onların mənəvi iztirab və sarsıntı keçirdiyinin istisna olunmadığını, həmin mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlılığını nəzərə alaraq mənəvi zərərə görə cavabdehlərdən iddiaçıların xeyrinə hər birinə 3000 manat pulun tutulmasını ağlabatan və ədalətli hesab edir. Kollegiya, həmçinin oxşar işlər üzrə belə bir ümumi prinsipi də nəzərə alır ki, tutulan mənəvi ziyanın məbləği bir tərəfi həddən artıq varlandırmamalı, digər tərəfi isə müflis etməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1523/2016 saylı 26 dekabr 2016-cı il tarixli qərarı dəyişdirilərək, cavabdehlər Bakı şəhər İcra Hakimiyyətindən və Səbail rayon İcra Hakimiyyətindən müştərək qaydada iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə vurulmuş maddi ziyana görə ümumilikdə 216000 manat kompensasiyanın, mənəvi zərərə görə isə hər birinə 3000 manat pul tutulmalı, məhkəmə qərarı qalan “iddianın təmin edilmədiyi” hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1523/2016 saylı 26 dekabr 2016-cı il tarixli qərarı dəyişdirilərək, cavabdehlər Bakı şəhər İcra Hakimiyyətindən və Səbail rayon İcra Hakimiyyətindən müştərək qaydada iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə vurulmuş maddi ziyana görə hər birinə 108000 manat olmaqla, ümumilikdə 216000 manat kompensasiya, vurulmuş mənəvi zərərə görə isə hər birinə 3000 manat pul vəsaiti tutulsun. Qərar qalan “iddianın təmin edilmədiyi” hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar