Məhkəmə qərarları › İş №2-1(103)-1379/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1379/2023

02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1379/2023 02.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədova (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə İddiaçı3 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2-1(112)-13346/2022 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə 02 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “30 sentyabr 2022-ci il tarixli dinc toplantının keçirilməsinə cavabdeh tərəfindən qadağa qoyulmasının qanunsuz hesab edilməsi, cavabdehin hərəkətinin “Sərbəst toplaşmaq haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin pozuntusu kimi tanınması tələblərini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə iddiaçıların daxil olduğu piketin təşkilatçılar qrupu cavabdehə rəsmi xəbərdarlıq göndərərək xx.xx.2022-ci il tarixdə Milli Məclisin qarşısında piketin keçirilməsi barədə məlumat vermişlər. Piketin keçirilməsində məqsəd parlamenti “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulundan imtinaya çağırış etmək idi. Xəbərdarlıqda dinc toplantının yeri, tarixi və saatı, təşkilatçılar barədə məlumatlar dəqiq göstərilmişdir. Toplantıda səslənəcək şüar haqqında xəbərdarlıqda geniş məlumat verilmişdir. Təşəbbüskarın piketin keçirilməsi barədə cavabdehə göndərdiyi xəbərdarlığa bu qurumdan verilmiş cavab məktubunda dinc toplantının keçirilməsi “məqsədəuyğun” sayılmamış və bununla onun keçirilməsinə icazə verməmişdir. Halbuki təşkilatçılar tərəfindən icra hakimiyyətinə müraciətin məqsədi icazəalmaq yox, keçiriləcək toplantı barəsində onu xəbərdar etmək idi. Çünki belə bir icazənin alınması qanunvericilikdə nəzərdə tutulmamışdır. Cavabdehin bu məktubu onun qərarı kimi qəbul edilməli və cavabında mitinqin keçrilməsinin məqsədəuyğun hesab edilməməsi toplantının keçirilməsinin qadağan edilməsi kimi qiymətləndirilməlidir. Bu əsaslara görə cavabdehin bu qadağası qanunazidd və əsassız hesab edilməlidir. Hesab edir ki, cavabdeh orqan piketin keçirilməsinə bu formada müdaxilə etməklə Azərbaycan Respublikasının qanunvericiliyində təsbit olunmuş insan hüquqlarının, xüsusən də sərbəst toplaşmaq azadlığının pozuntusuna yol vermişdir. Bakı İnzibati Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2-1(112)-13346/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə Kollegiyasının iclasında iştirak edən İddiaçı3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş digər işdə iştirak edən şəxslər iclasa gəlməmişlər.Kollegiya İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və iddiaçını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin 1-569-003 nömrəli, 26 sentyabr 2022-ci il tarixli məktubu müstəqil hüquqi nəticə yaratmadığından inzibati akt sayıla bilməz. Bundan başqa iddiaçıların müraciəti üzrə cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti müvafiq tövsiyə vermiş, qanun layihəsinin xüsusi kommisiya tərəfindən hazırlandığını bildirmiş və Azərbaycan Respublikası Milli Məclisinin inzibati binası qarşısında keçirilməsi planlaşdırılmış toplantının keçirilməsinin məqsədəuyğun olmadığını bildirmişdir. Həmçinin, iddiaçıların müraciəti üzrə cavabdeh inzibati orqanın cavab məktubu “toplantı keçirilməsinə icazə verilməsi”ndən imtina olunması hərəkəti və müstəqil inzibati icraatın nəticəsi kimi inzibati məhkəmə icraatında mübahisə predmeti ola bilməz. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan tərəfindən iddiaçıların hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Belə olan halda iddia mümkün sayılmamalıdır. Yuxarıda qeyd edilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddiaçıların hazırki tələbi üzrə iddianın mümkünlük şərtləri ödənilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, iddiaçıların apellyasiya şikayəti iddia tələbi ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçıların apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14 noyab 2022-ci il tarixli, 2-1(112)-13346/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar