Məhkəmə qərarları › İş №2-1(103)-1379/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1379/2025

30.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1379/2025 30.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9364/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, ona - İddiaçı müharibə veteranı statusu və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 06 yanvar 1992-ci ildən snayperçi kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmişdir. Bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 10 may 2023cü il tarixli arxiv arayışında da qeyd olunmuşdur ki, N () saylı hərbi hissənin komandiri X4 tərəfindən 10 sentyabr 2009-cu il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmiş hərbi hissənin 1992-ci il tarixə aid olan siyahılarında (əsas: səh-38, sıra 82) 06 yanvar 1992-ci ildən İİ motoatıcı rotanın İ tağımında snayperçi İddiaçı adı qeyd edilmişdir. İddiaçı müharibə veteranı statusu və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətindən imtina olunmuşdur. İmtinanın əsası kimi isə N () nömrəli hərbi hissədə sənədlərin arxivə təhvil verilmədiyi göstərilmişdir. Sənədlərin arxivə verilməməsi vətəndaşın vəzifəsi və öhdəliyi deyildir. Buna cavabdehlik daşıyan Müdafiə Nazirliyi özü olmuş, bu qurum tərəfindən işə səhlankarlıq edilmiş, öz etməli oludgu vəzifəni icra etməmiş və bunu da əsas götürərək iddiaçını müharibə veteranı statusu və vəsiqəsinin verilməsi hüququndan məhrum etmişdir. Buna görə də cavabdeh orqanın hərəkətsizliyi qanunsuz hesab edilməlidir. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-9364/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı xx.xx.1969-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar olaraq “Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublıkasının Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmişdir. Həmin qərar əsassız olduğundan ləğv olunmalıdır. Məhkəmə N () nömrəli əmrlərin arxivdə olmadığı ilə kifayətlənərək iddiaçının xidməti barədə hərbi qeydiyyata alındığı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq şöbəsinə, N nömrəli hərbi hissənin ləğv olunma tarixi və bundan sonra şəxsi heyətin digər hərbi hissələrdə xidmətlərini davam etmələri barədə sorğular göndərmədən, İddiaçı hərbi biletində aparılmış qeydlərin mötəbər olubolmadıqlarını yoxlamadan, hərbi biletdə xx.xx.1992-xx.xx.1993-cü ilə kimi yazılar aparmış şəxsin həqiqətən də həmin dövrdə N () nömrəli hərbi hissənin komandiri olub-olmamasını müəyyən etmədən iddia tələbini təmin etmişdir. Məhkəmə iddiaçının xx.xx.1992-ci ildən sonra həqiqətən də xidmət etməyini yoxlamadan, nə vaxt hərbi xidmətdən ehtiyata buraxıldığını iddiaçıdan soruşmadan belə qənaətə gəlmişdir ki, o, xidmətini qanuni əsaslarla yekunlaşdırıb. Qərardan görmək olar ki, iddiaçı məhkəmə iclasında iştirak etsə də, məhkəmə aktında həmin şəxsin konkret nə vaxta kimi N () nömrəli hərbi hissədə xidmətinin sonu barədə məlumat yoxdur, iddiaçının öz sözləri əsasında konkret həmin tarix barədə izahat alınmamışdır. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədlərdən görmək olar ki, iddiaçı Komissiyanın məktubunu mübahisələndirmişdir. İmtina məktubunda qeyd olunmuşdur ki, hərbi xidməti təsdiq olunmadığından (əmrlər arxivə təhvil verilməmişdir) ona “Müharibə veteranı” adının verilməsindən imtina olunur. Mərkəzi Arxivin arayışına əsasən iddiaçının adı 1992-ci il tarixə aid olan siyahılarda qeyd olunsa da, “Müharibə veteranı” adının verilməsinə əsas ola bilməzdi, çünki xidməti təsdiq edən sənədlər - əmrlərdir. Məhkəmə hərbi hissənin siyahısında iddiaçının xx.xx.1992-ci ildən adının qeyd olunduğunu göstərərək hesab etmişdir ki, iddia əsaslıdır. Lakin iddiaçının həmin tarixdən sonra orada xidmətini davam edib-etmədiyini, qanuni əsaslarla ehtiyata buraxıldığını araşdırmadan birtərəfli qərar qəbul etmişdir. Hərbi hissənin əmrləri arxivdə olmasa da, məhkəmə sorğu etməli idi ki, N () nömrəli hərbi hissə nə vaxt ləğv olunub və şəxsi heyəti hansı hərbi hissənin tərkibinə keçib. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, xidmət dövründə hərbi hissəni özbaşına tərk etməməsi, qanuni əsaslarla ehtiyata buraxılması da şərtdir. Buna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Ona əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Məhkəmə isə həmin müddəaları nəzərə almadan, bununla bağlı ətraflı araşdırma aparmadan, yalnız Ağdam hərbi prokurorluğunun xx.xx.2023-cü il tarixli məktubuna istinad edərək göstərmişdir ki, iddiaçı barəsində Ağdam hərbi prokurorluğunda cinayət işi istintaq olunmayıbsa və belə material orada araşdırılmayıbsa, bu o deməkdir ki, iddiaçı hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılıb. Lakin Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1997-ci il tarixli 383-İQR Qərarı nəzərə alınaraq, həmin məktub iddiaçının qanuni əsaslarla xidmətdən ehtiyata buraxılması kimi qəbul olunması üçün kifayət sayılmamalı idi. Çünki xx.xx.1997-ci il tarixli Qərara əsasən törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin icraatına xitam verilmişdir, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilmişdir. Qeyd olunan Qərarın 9-cu bəndinə əsasən: “...Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır.” Həmin Qərarda göstərilmişdir ki, “... törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin”. Bu o deməkdir ki, məhkəmə iddiaçı barəsində xx.xx.1997-ci il tarixli 383-İQR Qərarın tətbiq olunub-olunmaması barədə araşdırmanın aparılması üçün, iddiaçının hansı sənədlər əsasında hərbi qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq şöbəsinə sorğu göndərməli idi. Qeyd olunanlardan görmək olar ki, məhkəmə tərəfindən işin natamam araşdırılması, prosessual və maddi normaların pozulması əsassız qərarın çıxarılması ilə nəticələnmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2023 cü il tarixli arxiv arayışından görünür ki, N () №-li hərbi hissənin komandiri X4 tərəfindən xx.xx.2009-cu il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmiş hərbi hissənin 1992-ci il tarixə aid olan siyahılarında (əsas: səh-38, sıra-82) 06.01.92-ci ildən İİ motoatıcı rotanın İ tağımında snayperçi İddiaçı adı qeyd edilmişdir. N () №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildirilir ki, “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-2332 nömrəli arayışına əsasən N () nömrəli hərbi hissədə sənədlər Arxivə təhvil verilmədiyi üçün hərbi xidmətiniz təsdiqlənmədiyinə görə Sizə “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktublarda qeyd edilir: “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N () nömrəli hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. 18112(824) nömrəli həbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmədiyindən İddiaçı xidməti barədə əlavə araşdırma apara bilmirik. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 8-ci abzasına əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini tələb edir. Lakin iş materiallarında olan sənədlər əsasında iddiaçının döyüş əməliyyatlarında iştirakı, qanuni əsaslarla hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması iş materialları ilə öz təsdiqini tapmadı. İddiaçı qeyd olunan hallarla əlaqədar sübutları məhkəməyə təqdim edə bilmədi. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hərbi biletin surətində də onun qanuni əsaslarla hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması barədə qeyd mövcud deyildir (müvafiq əmr, nömrəsi, tarixi, müvafiq normaya istinad edilməklə əsaslar və s.). İddiaçının hərbi biletində onun xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək N nömrəli hərbi hissə tərkibində hərbi əməliyyatlarda iştirak etməsi qeyd olunsa da, qanunvericiliyin sadalanan normalarından göründüyü kimi, hərbi biletlər hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda onun əsasında müharibə veteranı adı verilir. Bununla əlaqədar müvafiq məhkəmə sorğusu verilsə də, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə X9 rayon şöbəsi tərəfindən məhkəməyə yalnız hərbi biletdə olan qeydlər (hərbi biletin uçot kartası) təqdim edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış məktubda isə 18112(824) nömrəli həbi hissə komandirinin nizami hissə üzrə əmrlərinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmədiyi bildirilmişdir. İddiaçının hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və arxiv arayışları təqdim edilə bilmədiyi halda isə hərbi bilet müharibə veteranı adının verilməsi üçün əsas kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, “Müharibə veteranı” statusunu alması üçün hərbi qulluqçu: -döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməli; -hərbi xidmət keçməsini sübut edən sənədləri mövcud olmalıdır. Hərbi xidmət keçmə hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılmasını (tərxis edilmə) ehtiva edir. Qanunvericilikdə şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, həmin hərbi hissədən qanuni əsaslarla tərxis olunması və hər iki halın qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsi tələb edilir. Beləliklə, şəxsin hərbi hissədə hərbi xidmətdə olma faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini və qanunla nəzərdə tutulmuş müddətdə hərbi xidmət keçməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. İddiaçının 1992-cü ilin yanvar ayından sonra hərbi xidməti barədə məlumat mövcud deyildir. Belə ki, iddiaçının hərbi xidmətini davam etdirməsi, eləcə də hərbi xidmətdən qanunla müəyyən olunmuş qaydada tərxis olunması iş üzrə materiallardan görünmür. Eyni zamanda iddiaçının qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən ehtiyata buraxılması işə əlavə olunmuş sənədlərlə təsdiqini tapmamış, iddiaçının hərbi xidmətini davam etdirməsi, xüsusən də hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması barədə məhkəməyə hər hansı mötəbər sənəd təqdim edilməmişdir. Beləliklə, iddiaçının xidməti, onun hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə qanunla nəzərdə tutulmuş sənədlər iş üzrə müəyyən olunmadığından iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə əlaqədar müraciətinin təmin edilməsindən cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. İddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Eyni zamanda cavabdeh apellyasiya şikayətində işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etsə də, bununla əlaqədar əsaslar mövcud olmadığı üçün apellyasiya şikayəti qeyd olunan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9364/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar