Məhkəmə qərarları › İş №2-1(103)-138/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-138/2021

29.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-138/2021 29.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Məmmədov Kamal Ağaqulu oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X7 üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının məbləğinin düzgün təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qоyulmаsı tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-765/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-765/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim M.Hacıbəyova). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh DSMF-nun X7 İdarəsi - cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İşin halları: İddiaçı Məmmədov Kamal Ağaqulu oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2009-cu il tarixindən 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, “Əmək pensiyaları haqqında” Qanununun 10-cu maddəsinin 10.2-ci bəndinin və 27-ci maddəsinin xx.xx.2009-cu il tarixində qüvvədə olan tələblərinə uyğun yenidən hesablanması və xx.xx.2009-cu il tarixindən bu günə qədər təyin olunaraq iddiaçıya ödənilən əmək pensiyasının məbləğinin və pensiyanın xx.xx.2017-ci il tarixindən yenidən haqq-hesab edilərək fərdi hesabının sığorta hissəsində toplanan istifadə olunmamış pensiya kapitalının üzərinə əlavə olunaraq, yenidən hesablanması zamanı yaranacaq məbləğ fərqinin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya xx.xx.2016-ci il tarixdən ikinci siyahı ilə 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Əmək pensiyası təyin edilib hesablanarkən xx xxxxxx 2010-cu il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa (xx.xx.2009, İİİQD)dəyişikliklər və əlavələr edilməsi barədə Qanunu iddiaçıya münasibətdə tətbiq edilmişdir. Baxmayaraq ki, güzəştli şərtlərlə əmək pensiyası hüququ 50 yaşından xx.xx.2009-cu il tarixdə yaranmışdır. Bununla da “Əmək pensiyaları haqqında” Qanunun (xx.xx.2006 54- İİQ)xx.xx.2009-cuil tarixində qüvvəddə olan 10-cu maddəsinin 10.2 bəndindəki və 27-ci maddəsindəki hüquqları pozulmuşdur. İddiaçı 50 yaşı tamam olduğu zaman və ondan sonra cavabdehə müraciət etsə də cavabdehdən müsbət cavab ala bilməmişdir. Halbuki iddiaçının 30 ildən çox ümumi, 22 ildən artıq xüsusi stajı (xx.xx.1983- xx.xx.1992-ci ilədək “Xəzərqazmaneftqazsənaye”İB, “28 May ”NQÇİ-də dəniz şəraitində daxiliyanma mühərrikinin maşinisti işləmişdir) vardır. xx.xx.1975-xx.xx.1978-ci il tarixədək peşə məktəbində oxumuş,xx.xx.1978-xx.xx.1979-cu ilədək traktorçu vəzifəsində çalışmışdır.xx.xx.1979-xx.xx.1981-ci ilədək hərbi xidmətdə olmuş, xx.xx.1981- xx.xx.1983cü ilədək yenidən traktorçu, xx.xx.1983- xx.xx.1992- cu ilədək “Xəzərqazmaneftqazsənaye”İB-nin “İliç Buxtası”X8 İdarəsində, xx.xx.1992-ci ildən halhazıradək 28 may NQÇİ-də işləyir. İddiaçı 50 yaşı tamam olduğu xx.xx.2009-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: İddiaçı Məmmədov Kamal Ağaqulu oğlu verdiyi apellyasiya şikayətində göstərmişdir ki, iddiçının pensiya hüququ verən iş stajı “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinin "a” bəndinin tələblərinə tam cavab verir. Yəni iddiaçının xx.xx.1997-ci il tarixinə 21 il 8 ay ümumi iş stajı və 14 il 2 ay 7 gün açıq dəniz şəraitində xüsusi iş stajı mövcuddur. İddiaçı qanunvericliyin tələblərinə əsasən ümumi və açıq dəniz şəraitində güzəştli iş stajını xx.xx.1997-ci il tarixinədək topladığı üçün birinci instansiya məhkəməsinin istinad etdiyi Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 199 nömrəli Qərarı ” Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarına 01,01.2006-cı ildən sonrakı dövrdə əlavə edilmişdir. Yuxarıda göstərdiyi kimi iddiaçının 1 nömrəli siyahıya görə tələb olunan ümumi və xüsusi stajı xx.xx.1997-ci il tarixinədək toplandığı üçün ona Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı deyil, 1997-ci ildə qüvvədə olan Nazirlər Kabinetinin xx.xx.1993-cii il tarixli 320 saylı qərarının 10-cu bəndi şamil olunmalıdır. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Məmmədov Kamal Ağaqulu oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İddiaçı tərəfindən iddia tələbini təsdiq edən sübut qismində məhkəməyə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının, hərbi biletinin, texniki peşə məktəbində təhsil alması barədə diplomun surətləri, arxiv arayışları, cavabdehin imtina məktubu təqdim edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaçıya aid pensiya işi təqdim edilmişdir. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. DSMF-nun Xəzər rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2016-ci il tarixdən 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hazırda ona yaşa görə əmək pensiyasının 57 yaşından təyin edilməsinin səhv olduğu üçün, güzəştli şərtlərlə əmək pensiyasının 50 yaşından, yəni xx.xx.2009-cu ildən təyin edilərək, həmin tarixdən yaranmış fərqin ödənilməsi, xx.xx.2017-ci il tarixindən pensiyanın yenidən hesablanaraq, fərdi hesabın sığorta hissəsində toplanan istifadə olunmamış pensiya kapitalının pensiyanın üzərinə əlavə olunmaqla, yaranacaq məbləğ fərqinin birdəfəyə ödənilməsi barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçı Məmmədov Kamal Ağaqulu oğlunun iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İş materiallarından görünür ki, cavabdeh iddiaçıya 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin həmin vaxtı qüvvədə olan redaksiyasına və “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin Siyahısı“nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarına əsasən təyin etmişdir. Belə ki, “Əmək pensiyaları haqqında ” Qanunun 9.1-ci maddəsinin xx xxxx 2017-ci il tarixədək olan redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı hazırda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın xx.xx.2009-cu il tarixdən 50 yaşından təyin edilməsini tələb edir. Lakin bu tələbinin qanuni əsası mövcud deyil. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qanunun həmin dəyişikliyə qədər olan redaksiyasında nəzərdə tutulan 50 yaşdan pensiyanın təyin edilməsi üçün xx.xx.1997-ci il tarixinədək 20 il ümumi və 10 il güzəştli əmək stajı olmalı idi. Bundan başqa iddiaçıya güzəştli şərtlərlə pensiya hüququ verən “daxiliyanma mühərrikləririnin maşinisti” peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 1 nömrəli siyahıda nəzərdə tutulmamışdır. Sözügedən peşə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli, 199 nömrəli qərarı ilə əlavə edilmişdir. Belə ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” Siyahısı“nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarına əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli, 199 nömrəli Qərarının 1-ci bəndinə əsasən, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” Siyahısı“na aşagıdakı əlavələr edilmişdir: 1.1 10.2-ci bəndin “a” yarımbəndinə aşagıdakı məzmunda iyirmi doqquzuncu- otuz ikinci abzaslar: daxiliyanma mühərriklərinin maşinistləri...” Beləliklə, iddiaçının xx.xx.2009-cu il tarixinə (nə ümumi iş stajına, nə güzəştli stajına,nədə ki peşəsinə görə) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsinin tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yuxarıda göstərilən əsaslara görə təmin etməyərək haqlı olmuşdur və belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı Məmmədov Kamal Ağaqulu oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-765/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar