Məhkəmə qərarları › İş №2-1(103)-138/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-138/2022

27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-138/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar 59 saylı Mənzil-Tikinti Kooperativinin təsisçiləri adından İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “qeyri-yaşayış sahəsinə dair aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı3, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçılar 59 saylı Mənzil-Tikinti Kooperativinin təsisçiləri adından İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “qeyri-yaşayış sahəsinə dair aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 505/2021 saylı 05 mart 2021-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə 27 aprel 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar 59 saylı Mənzil-Tikinti Kooperativinin təsisçiləri adından İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Komitəsi tərəfindən ünvan 3 ünvanında yerləşən 9 mərtəbəli kooperativ binanın 1-ci mərtəbəsində yerləşən sahəsi 192 kv.m. olan kooperativin üzvlərinin şərikli mülkü olan xeyir-şər zalının dövlət mülkiyyətində olan əmlak kimi registrdə qeydiyyata alınmasının ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Komitəsi tərəfindən onlara verilmiş 16 avgust 2018-cı il tarixli **********65 saylı məktubla Azərbaycan Respublikasının Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi” qaydalarına əsasən ünvan 4 ünvanında yerləşən 59 saylı MTK-ya məxsus yaşayış binasının 1-ci mərtəbəsində olan qeyri-yaşayış sahəsi dövlət mülkiyyətinə olan əmlak hesab edilir. Göstərilənləri nəzərə alaraq sahəsi 192.0 kv.m. təşkil edən həmin qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olan əmlak kimi dövlət əmlakının Registrində qeydiyyata alınmış və bu barədə məktub verilmişdir. Bu məktub qeyri-qanuni, əsassızdır və registr qeydiyyatı ləğv olunmalıdır. Belə ki, ünvan 3 ünvanında (keçmiş 3-cü Zavodskaya 2) 1969-cu ildə 99 nəfərdən ibarət 59 saylı (keçmiş JCK BQİ №59) kooperativin keçmiş Sovetin nümunəvi nizamnamə əsasında yaranması, təsis olunması və fəaliyyətinə başlanması barədə ümumi iclas keçirilmişdir. 9 mərtəbəli 2 bloklu kooperativ binanın ümumi smeta dəyəri (mənzillər, zirzəmi, bloklar, 1-ci mərtəbədə xeyir-şər zalı, həyatyanı ərazinin yaşıllaşdırılması, su nasosların və gözətçi otaqlarının, yanğın hovuzunun, 2 ədəd liftin quraşdırılması və elektrik yarımstansiya daxil olmaqla) 99 nəfər təsisçilərin arasında bölünmüşdir. 1974-ci ildə 99 payçılardan ibarət 9 mərtəbəli 2 bloklu yaşayış binası tam şəkildə tikilmiş, istismara verilmiş və hal-hazırda şərikli mülkiyyət hüququ əsasında fəaliyyət göstərir. Heç bir dövlət qurumu 59 saylı Mənzil-Tikinti Kooperativinin 9 mərtəbəli binasının inşaatında iştirak etməmiş, binanın və birinci mərtəbəsində yerləşən xeyir-şər zalının tikintisində heç bir pul vəsaiti dövlət tərəfindən xərclənməmişdir. Bundan əlavə, 59 saylı Mənzil-Tikinti Kooperativinin Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamına heç bir aidiyyəti yoxdur. Onların binasında yerləşən qeyri-yaşayış sahələri dövlət vəsaiti hesabına inşa edilməmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı yanında Mənzil Kommunal Təsərrüfatı Departamentinin 365 saylı 18.10.2011-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, «araşdırma zamanı müəyyən edilmişdir ki, göstərilən bina rəhbəri olduğunuz Kooperativin balansındadır. Mənzil-tikinti kooperativləri evlərin istismarı və təmir-abadlıq xərcləri kooperativlərin vəsaiti hesabına maliyyələşdirilir. Dövlət vəsaiti hesabına isə yalnız dövlət mənzil fondunda olan binalarda bu və ya digər təmir-abadlıq işləri aparılır. Yuxarıda qeyd edilənlərlə əlaqədar bildirilir ki, bina kooperativ üzvlərinin mülkiyyətidir». Eyni məzmunda Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən onlara verilmiş 181 saylı 24.04.2018-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, həmin ünvanda 9 mərtəbəli çoxmənzilli bina 1974-cü ildə payçıların şəxsi maliyyə vəsaiti hesabına inşa olunmuş kooperativ binadır və dövlət mənzil fondunun balansına daxil deyil. Azərbaycan SSR Nazirlər Sovetinin 07.01.1965-ci il tarixli 5 saylı Qərarında deyilir: “Azərbaycan SSRdə mənzil-tikinti kooperativinin Nümunəvi Nizamnaməsinə əsasən mənzil-tikinti kooperativi evlərinin içində və yanında inşa edilmiş tikililərdə həmin kooperativlərin razılığı ilə ticarət, ictimai-iaşə və əhaliyə mədəni-məişət xidməti müəssisə və idarələri yerləşdirilə, habelə ictimai təyinatlı yerlər düzəldilə bilər. Həmin sahələrin tikintisi üçün xərclər müvafiq dövlət və ya ictimai təşkilatlar tərəfindən ayrılan büdcə vəsaiti hesabına ödənilir. Binanın inşası başa çatdıqdan sonra qeyd edilən işlərin dəyəri bu tikililərin istismarını həyata keçirən müəssisələrin balanslarına aid edilir.” Daşınmaz Əmlakın Dövlət Komitəsi nə onların 59 saylı Mənzil-Tikinti Kooperativinin razılıq ərizəsini, nə həmin qeyri-yaşayış sahəsinin dövlət hesabına tikilməsini təsdiq edən sənədlərin, nə də binanın 1-ci mərtəbəsində 192 kv.m. kooperativin üzvlərinin şərikli mülkü olan xeyir-şər zalının hansı ticarət, ictimai-iaşə və əhaliyə mədəni-məişət xidməti müəssisinin və idarələrinin balansında olunması və həmin qeyri-yaşayış sahəsinin 1974-ci ildən bu günə kimi tikilməsi üçün aparılmış dövlət ödənişlərinin bank qəbzlərinin və kimin hesabına köçürülməsi barədə sənədləri təqdim edə bilməmişdir. Belə olan halda Daşınmaz Əmlakın Dövlət Komitəsi tərəfindən binanın 1ci mərtəbəsində 192 kv.m. kooperativin üzvlərinin şərikli mülkü olan xeyir-şər zalını dövlət mülkiyyətində olan əmlak kimi dövlət əmlakının Registrində qeydiyyata alınması qeyriqanunidir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddia 59 saylı Mənzil-Tikinti Kooperativi tərəfindən qaldırılmış və həmin kooperativin təsisçiləri adından İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən imzalanmışdır. Lakin nə “59 saylı Mənzil-Tikinti Kooperativi” adlı hüquqi şəxsin mövcud olması, nə də adları çəkilən şəxslərin həmin kooperativin adından iddianı imzalamaq səlahiyyətinə malik olması barədə iddia ərizəsinə hər hansı mötəbər sənəd əlavə olunmamışdır. İddiaçılar tərəfindən iddia ərizəsinə əlavə edilmiş “59 saylı MTK-nın 16 sentyabr 2018-ci il tarixli ümumi iclasın protokolu” hüquqi sənəd kimi qəbul edilə bilməz. Belə ki, “59 saylı Mənzil- Tikinti Kooperativi” adında hüquqi şəxs mövcud olmadığından, onun təsisçiləri adından keçirilmiş hər hansı iclas qanuni sayıla bilməz. Eyni zamanda, həmin hüquqi şəxs tərəfindən qaldırılmış iddiaya da məhkəmə tərəfindən baxıla bilməz. 59 saylı Mənzil-Tikinti Kooperativi o halda hüquqlara, o cümlədən məhkəmədə iddia qaldırmaq hüququna malik ola bilər ki, hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış olsun. Lakin 59 saylı Mənzil- Tikinti Kooperativi adlı hüquqi şəxsin mövcud olması barədə işin materiallarında heç bir mötəbər sübut yoxdur. Azərbaycan SSR Nazirlər Sovetinin 07.01.1965-ci il tarixli 5 nömrəli Qərarına və Azərbaycan SSR Nazirlər Sovetinin 03.06.1983-cü il tarixli 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-də mənzil-tikinti kooperativinin Nümunəvi Nizamnaməsi”nə əsasən mənzil tikinti kooperativi evlərinin içində və yanında inşa edilmiş tikililərdə həmin kooperativlərin razılığı ilə ticarət, ictimai-iaşə və əhaliyə mədəni-məişət xidməti müəssisə və idarələri yerləşdirilə, habelə ictimai təyinatlı yerlər düzəldilə bilər. Həmin sahələrin tikintisi üçün xərclər müvafiq dövlət və ya ictimai təşkilatlar tərəfindən ayrılan büdcə vəsaiti hesabına ödənilir. Binaların inşası başa çatdıqdan sonra qeyd edilən işlərin dəyəri bu tikililərin istismarını həyata keçirən müəssisələrin balanslarına aid edilir. Eyni zamanda Xətai rayon Məhkəməsinin 06.08.2018-ci il tarixli 2(011)-4886/2018 nömrəli qətnaməsi ilə Xətai rayonu, Sabit Orucov ev 2 ünvanında yerləşən 59 saylı MTK-ya məxsus yaşayış binasının 1-ci mərtəbəsində olan qeyri-yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun tanınması barədə iddiaçıların iddia tələbi təmin edilməmişdir. Beləliklə, qeyd edilən binada yerləşən qeyri-yaşayış sahəsi dövlət büdcəsinin vəsaiti hesabına inşa edildiyindən həmin sahə dövlət mülkiyyətindədir və bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 09.12.1999cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registr haqqında Əsasnamə”yə uyğun olaraq dövlət əmlakının Registrində qeydiyyat aparılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-505/2021 saylı 05 mart 2021-ci-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: İddiaçı3 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 26.01.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş İddiaçı4 Vaqif oğlu iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 09.03.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş İddiaçı5 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, ünvan 5 ünvanda yerləşən 59 saylı Mənzil-Tikinti Kooperativinin 16 sentyabr 2018-ci il tarixli ümumi iclasın protokolunda göstərilmişdi ki, 10.09.2018-ci il tarixdə poçt vasitəsilə alınmış Xətai rayon Məhkəməsinin 06.08.2018-ci il tarixli qətnaməsi vasitəsilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən MTK binasının 1-ci mərtəbəsində 192 kv.m. kooperativin üzvlərinin şərikli mülkü olan xeyir-şər zalının qeyri-qanuni dövlət mülkiyyətində olan əmlak kimi dövlət əmlakının registrində qeydiyyata alındığı məlum olmuşdur. Həmin protokola əsasən Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Komitəsi tərəfindən binanın 1-ci mərtəbəsində yerləşən sahəsi 192 kv.m. olan kooperativin üzvlərinin şərikli mülki olan xeyir-şər zalının qeyri-qanuni dövlət mülkiyyətində olan əmlak kimi dövlət əmlakının registrində qeydiyyata alınmasının ləğv edilməsi barədə məhkəməyə müraciət etmək və məhkəmədə 59 saylı MTK-nın təsisçiləri kimi təmsil etmək üçün İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 seçilmişlər. Bundan sonra iddiaçılar hazırki iddia ilə məhkəməyə 09.10.2018-ci il tarixdə müraciət etmişlər. İddiaçıların subyektiv hüququnun mövcudluğu ilə bağlı isə qeyd olunur ki, iddiaçılar İddiaçı1, İddiaçı5 və X1 cavabdeh X3 qarşı qeyri-yaşayış sahəsinin boşaldılıb 59 saylı MTK-ya qaytarılması barədə iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4475/2018 saylı 27.06.2018-ci il tarixli və 2(102)-890/2019 saylı 24.01.2019-cu il tarixli Qərarlarında göstərilmişdi ki, “....mübahisəli qeyri-yaşayış sahəsinə dair cavabdeh Emin Hacıyevə qarşı bütün iddialar (onun adına verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi barədə) hazırki iş üzrə iddiaçılar tərəfindən qaldırılmaqla bu barədə qəbul edilmiş qətnamələrin hamısı qanuni qüvvəyə minmiş və icra olunmuşdur. Həmin işlər üzrə iddiaçılar tələb irəli sürmək hüququna malik olan şəxslər hesab edilməklə həmin hal mübahisə doğurmamışdır. Həmin işlər üzrə qəbul edilmiş qətnamələrin mövcudluğu cavabdehin mübahisəli əmlakdan istifadə etməkdə davam etməsini istisna etdiyindən iddiaçılar hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşlar.” Həmçinin qeyd olunmalıdır ki, hazırki iş üzrə iddiaçıların iddiası birinci dəfə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-342/2019 saylı 17.01.2019-cu il tarixli qərardadı ilə subyektiv hüququn olmaması əsası ilə mümkün sayılmamış, lakin həmin qərardad Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1018/2019 saylı 23.04.2019-cu il tarixli qərardadı ilə ləğv edilmiş və qərardadda məhkəmə kollegiyasının mövqeyi belə olmuşdur ki, iddiaçılar fərqli subyektlər olsa da, eyni obyekt ilə (qeyri-yaşayış sahəsi ilə) bağlı kassasiya instansiya məhkəməsinin müvafiq qərarları mövcuddur, həmin qərarlarda isə iddiaçıların hazırki iddia obyektinə subyektiv hüququnun olması öz əksini tapmışdır. Buna görə də inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsinin 2-1(103)-1018/2019 saylı 23.04.2019-cu il tarixli qərardadı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş kassasiya şikayətinin mümkün sayılmaması və kassasiya şikayətinin qəbulundan imtina edildiyinə görə (2- 1(102)-2238/19 saylı 10.07.2019-cu il tarixli qərardadla) qüvvəyə minmişdir. Göründüyü kimi, iddiaçıların sözügedən qeyri-yaşayış sahəsi ilə bağlı qadırdıqları iddialar üzrə subyektiv hüquqa malik olmaları artıq qanuni qüvvəsini almış və icra olunmuş məhkəmə qətnamələri ilə tanınmışdır. Həmin mülki işlərdə yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi üçüncü şəxs qismində iştirak etmiş və mövcud məhkəmə qətnamələrindən məlumatlı olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia onu vermək üçün subyektiv hüquqa malik olan şəxslər tərəfindən qanunla müəyyən edilmiş müddət daxilində verildiyindən mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçı 59 saylı Mənzil-Tikinti Kooperativinin təsisçiləri adından İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı tələbləri, “Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Komitəsi tərəfindən binanın 1-ci mərtəbəsində yerləşən sahəsi 192 kv.m. olan koperativin üzvlərinin şərikli mülki olan xeyir-şər zalının dövlət mülkiyyətində olan əmlak kimi registrdə qeydiyyatının ləğv edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə həmin qeyri-yaşayış sahəsinin dövlət vəsaiti hesabına inşa edilməsinə, onun dövlət mülkiyyətində olmasına, iddiaçılar tərəfindən Registrdə qeydiyyatın qanunsuz və əsassız olmasına dair sübutların məhkəməyə təqdim edilməməsinə, məhkəmə araşdırması zamanı qeyd olunan halın öz təsdiqini tapmamasına, habelə Registrdə qeydiyyatın aparılması zamanı hər hansı qanun pozuntusuna yol verilməsinin müəyyən edilmədiyinə istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən 59 saylı Mənzil-Tikinti Kooperativinə ünvanlanmış 181 saylı 26.04.2018-ci il tarixli məktubdan görünür ki, Xətai rayonu, Sabit Orucov küçəsi, 2 ünvanda yerləşən 9 mərtəbəli çoxmənzilli bina 1974-cü ildə payçıların şəxsi maliyyə vəsaiti hesabına inşa olunmuş kooperativ binadır və dövlət mənzil fondunun balansına daxil deyil. Xətai rayonu, Sabit Orucov küçəsi 2 ünvanda yerləşən 59 saylı MTK hazırda Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin tabeçiliyindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 59 saylı Mənzil-Tikinti Kooperativinə ünvanlanmış **********65 saylı 16.08.2018-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyriyaşayış sahələrinin özəlləşdirilməsi” qaydalarına əsasən həmin binada yerləşən qeyriyaşayış sahəsi dövlət mülkiyyətində olan əmlak hesab edilir. Göstərilənlər nəzərə alınaraq sahəsi 190.2 kv.m. təşkil edən həmin qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olan əmlak kimi dövlət əmlakının Registrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Dövlət Əmlakının Registrindən çıxarışından (i.v. 9) görünür ki, ünvan 5 ünvanında yerləşən 59 saylı MTK-nın yaşayış binasının qeyri-yaşayış sahəsi Dövlət Əmlakının Registrində (Kod 825, registr nömrəsi ***-*******1) qeydiyyata alınmış, 9 mərtəbənin birinci mərtəbəsində olan tikilinin ümumi sahəsi 190.2 kv.m.-dir. MTK-nın yaşayış binasında yerləşən qeyri-yaşayış sahəsi Azərbaycan SSR Nazirlər Sovetinin “Mənzil-Kooperativ Tikintisinin sonrakı inkişafı haqqında” 07 yanvar 1965-ci il tarixli 05 saylı qərarının 2-ci hissəsinə və Azərbaycan Respublikasının Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi” Qaydalarına əsasən həmin əmlak dövlət əmlakı hesab edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin **********81 saylı 27 avqust 2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 07.01.1965-ci il tarixli 5 nömrəli Qərarına və Azərbaycan SSR Nazirlər Sovetinin 03.06.1983-cü il tarixli 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-də mənzil tikinti kooperativinin Nümunəvi Nizamnaməsi”nə uyğun olaraq ünvan 3 ünvanında yerləşən 9 mərtəbəli kooperativ binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi dövlət vəsaiti hesabına inşa edilməklə dövlət mülkiyyətindədir və həmin əmlaka dair dövlət əmlakının Registrində qeydiyyat aparılmışdır. Qeyd edilən qeyri-yaşayış sahəsinin istismarının hansı müəssisə tərəfindən həyata keçirilməsinə dair dövlət əmlakının Registrində məlumat yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin **********59 saylı 30 aprel 2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 07.01.1965-ci il tarixli 5 nömrəli Qərarına və Azərbaycan SSR Nazirlər Sovetinin 03.06.1983-cü il tarixli 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-də mənziltikinti kooperativinin Nümunəvi Nizamnaməsi”nə əsasən mənzil tikinti kooperativi evlərinin içində və yanında inşa edilmiş tikililərdə həmin kooperativlərin razılığı ilə ticarət, ictimaiiaşə və əhaliyə mədəni-məişət xidməti müəssisə və idarələri yerləşdirilə, habelə ictimai təyinatlı yerlər düzəldilə bilər. Həmin sahələrin tikintisi üçün xərclər müvafiq dövlət və ya ictimai təşkilatlar tərəfindən ayrılan büdcə vəsaiti hesabına ödənilir. Həmin tikililərin inşası mənzil-tikinti kooperativlərinin vəsaiti hesabına maliyyələşdirilə bilməz. Binaların inşası başa çatdıqdan sonra qeyd edilən işlərin dəyəri bu tikililərin istismarını həyata keçirən müəssisələrin balanslarına aid edilir. Qeyd edilən normativ hüquqi aktlara əsasən ünvan 3 ünvanında yerləşən 9 mərtəbəli kooperativ binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin dövlət mülkiyyətində olmasına dair dövlət əmlakının Registrində qeydiyyat aparılmışdır. İş üzrə iddiaçılar ünvan 5 ünvanında yerləşən 9 mərtəbəli binanın 1-ci mərtəbəsindəki 192 kv.m. qeyri-yaşayış sahəsinin (xeyir-şər evi) 59 saylı Mənzil Tikinti Kooperativinə məxsus olduğuna, onun balansında olduğuna, dövlət mənzil fondunun balansına aid olmadığına, kooperativ bina və ona aid tikililərin smeta dəyərinin 99 nəfər təsisçinin arasında bölüşdürülməsinə, buna görə də onun tikintisi üçün heç bir dövlət vəsaitinin sərf olunmamasına, bu barədə sənədlərin mövcud olmamasına və belə olan halda dövlətin adına registrdə aparılmış qeydin qanunsuz və əsassız olmasına istinad edərək həmin qeydiyyatın ləğv olunmasını tələb edirlər. Apellyasiya baxışı zamanı dövlət registrində mübahisələndirilən qeydiyyatın aparılması üçün əsas olan sənədlərin, o cümlədən sözügedən obyektin (xeyir-şər evinin) dövlət vəsaiti hesabına inşa edilməsini təsdiq edən sənədlərin təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məhkəmə sorğuları göndərilmişdir. Həmin sorğulara cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 19.10.2021-ci il, 13.12.2021-ci il və 10.01.2022-ci il tarixlərdə məhkəməyə daxil olmuş məktublardan görünür ki, Nərimanov rayon Məhkəməsinin 28.10.2016-cı il tarixli qərarı ilə ünvan 7 ünvanda yerləşən, ümumi sahəsi 192.0 kv.m. olan qeyri-yaşayış sahəsinə dair X2 mülkiyyət hüququ ləğv edilmişdir. Məktublara qeyri-yaşayış sahəsinin X3 verilməsi ilə bağlı sənədlər də əlavə olunmuşdur. Sorğuya cavab məktublarında o da qeyd olunmuşdu ki, Azərbaycan SSRİ Nazirlər Sovetinin “Mənzil-Kooperativ Tikintisinin sonrakı inkişafı haqqında” 5 saylı 07.01.1965-ci il tarixli Qərarının 2-ci hissəsinə əsasən MTK-nın razılığı ilə onların binalarında qeyri-yaşayış sahələri tikilərsə, həmin tikili işlərinin maliyyələşdirilməsi müvafiq dövlət və ictimai təşkilatlara əsaslı inşaat üçün ayrılan pul hesabına aparılır. Azərbaycan Respublikası Prezidentinin 432 saylı 23.12.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi” Qaydalarına əsasən həmin binada yerləşən qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olan əmlak hesab edilir. Eyni zamanda bildirilmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinin dövlət vəsaiti hesabına inşa edilməsini təsdiq edən sənədlərin – yaşayış binasının mərtəbələr üzrə planının və digər sənədlərin əldə edilməsi məqsədilə aidiyyəti üzrə Milli Arxiv İdarəsinə müraciət edilməsi tövsiyə olunur. Bununla bağlı məhkəmə tərəfindən ünvan 5 ünvanında yerləşən 59 saylı MTK-ya məxsus 9 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindəki 192 kv.m. qeyri-yaşayış sahəsinin (xeyir-şər zalının) dövlət əmlakının Registrində qeydiyyata alınması üçün əsas olan sənədlərdən biri olan onun dövlət vəsaiti hesabına inşa edilməsini təsdiq edən sənədlərin təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq 19.10.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialından məhkəməyə daxil olmuş cavab məktubundan görünür ki, ünvan 5 ünvanında yerləşən 59 saylı MTK-ya məxsus 9 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindəki 192 kv.m. qeyri-yaşayış sahəsinin (xeyir-şər zalının) dövlət vəsaiti hesabına inşa edilməsi barədə hər hansı bir sənəd əldə etmək imkan xaricindədir. Beləliklə, cavabdeh inzibati orqan iddiaçıların qeydiyyatının ləğv olunmasını tələb etdiyi xeyir-şər evinə dair registrdəki qeydiyyatın aparılması üçün əsas olan sənədləri məhkəməyə təqdim edə bilməmişdir, bununla yanaşı iş üzrə mübahisələndirələn qeydiyyatın aparılması üçün əsas olan sənədlər təqdim olunmadığı üçün həmin qeyriyaşayış obyektinin dövlət vəsaiti hesabına inşa edilməsi halı iş materialları ilə öz təsdiqini tapmır. İşə əlavə olunmuş qanuni qüvvəsini almış və icra olunmuş məhkəmə qətnamələrindən, o cümlədən iddiaçılar İddiaçı1, İddiaçı5 və X1 cavabdeh X3 qarşı qeyriyaşayış sahəsinin boşaldılıb 59 saylı MTK-ya qaytarılması tələbinə dair iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4475/2018 saylı 27.06.2018-ci il tarixli qərarında göstərilmişdi ki, mübahisəli qeyri-yaşayış sahəsi və onun yerləşdiyi bina kooperativ üzvləri tərəfindən ödənilmiş əmlak payları hesabına tikilmişdir. Həmin binanın və mübahisəli qeyri-yaşayış sahəsinin başqasının hesabına tikilməsi və ona məxsus olması barədə işdə heç bir sübut yoxdur. Belə vəziyyətdə qeyri-yaşayış sahəsinin MTK-nın mülkiyyətində olmamasına dair məhkəmənin nəticəsi əsaslı sayıla bilməz. Mübahisəli qeyri-yaşayış sahəsinin MTK tərəfindən kooperativ üzvlərinin payı hesabına tikilməsi təsdiq edir ki, həmin əmlak MKT-ya aid olsa da kooperativ üzvlərinin ümumi mülkiyyəti sayılır. 1982-ci ildə qəbul edilmiş və 01.10.2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə Mənzil-Tikinti Kooperativləri özlərinə məxsus mülkiyyəti hüquqları əsasında istismar edirlər. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 112-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Mənzil-tikinti kooperativi üzvlərindən ən azı biri tərəfindən pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativinin çoxmənzilli binada mülkiyyət münasibətlərinə bu Məcəllənin Vİ fəslinin müddəaları şamil edilir. Həmin Məcəllənin Vİ fəslində nəzərdə tutulmuş 35-ci maddəyə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir (35.1). Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir (35.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 110.1-ci maddəsinə əsasən kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq surətdə onun üzvlərinin paylarına bölünür. Kooperativin əmlakı (vəsaitləri) onun əsas fondlarından, dövriyyə vəsaitindən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir. Kooperativin əmlakının formalaşdırılması mənbələri onun öz vəsaiti və cəlb edilmiş vəsait ola bilər. Kooperativin öz vəsaitini onun nizamnaməsində nəzərdə tutulmuş əmlak pay haqları, sahibkarlıq fəaliyyətindən, öz vəsaitlərinin banklarda və digər kredit təşkilatlarında, qiymətli kağızlarda yerləşdirilməsindən daxil olan gəlirlər, kreditlər, fiziki və hüquqi şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırır. Kooperativ tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada cəlb edilən vəsaitin həcmi kooperativin ümumi vəsaitlərinin (əmlakının) 50 faizindən çox olmamalıdır. Kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir. Kooperativin üzvü onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün kooperativə verə bilər. Kooperativ ittifaqı onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün onun üzvü olan kooperativə verə və ittifaqın nizamnaməsində müəyyənləşdirilmiş digər məqsədlər üçün istifadə edə bilər. Hazırki iş üzrə birinci instansiya məhkəməsi mübahisəni həll edərkən işin yuxarıda göstərilən hallarına əhəmiyyət verməmiş və nəzərə almamışdır ki, onun istinad etdiyi normalar göstərilən vəziyyətdə iddianın rədd edilməsi üçün əsas verməmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (hazırki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) iş materiallarına əlavə olunmuş qanuni qüvvəsini almış və icra olunmuş məhkəmə qətnamələrini iş üzrə üçüncü şəxs qismində iştirak etməsinə baxmayaraq yuxarı instansiya məhkəmələrində mübahisələndirməmişdir. Bu fakt həm işdə olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9820/2018 saylı iş üzrə qəbul edilmiş 03.10.2018-ci il tarixli məhkəmə qətnaməsinin tərəflərə, o cümlədən 3-cü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilməsi barədə 08.10.2018-ci il tarixli məktubu, həm də kassasiya instansiya məhkəməsinin 2(102)- 890/2019 saylı 24.01.2019-cu il tarixli qərarında (i.v. 242-243) göstərilənlərlə öz təsdiqini tapır. Belə ki, adı çəkilən kassasiya instansiya məhkəməsinin qərarında göstərilmişdi ki, “.......eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ümumiyyətlə iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında mübahisələndirməməsi nəzərə alınmamışdır.” İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında məhkəmənin hüquqi mövqeyi belə olmuşdu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, yuxarıda da qeyd olunduğu kimi, iş materiallarına əlavə olunmuş mülki işlər üzrə çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə mübahisəli qeyri-yaşayış sahəsi və onun yerləşdiyi binanın kooperativ üzvləri tərəfindən ödənilmiş əmlak payları hesabına tikildiyi, həmin binanın və mübahisəli qeyri-yaşayış sahəsinin başqasının hesabına tikilməsi və ona məxsus olması barədə işdə heç bir sübutun mövcud olmaması və həmin əmlakın kooperativ üzvlərinin ümumi mülkiyyəti sayıldığı müəyyən edildiyindən, həmin qətnamələr də işdə 3-cü şəxs qismində iştirak etmiş- Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (hazırki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) tərəfindən mübahisələndirilmədiyindən sözügedən məhkəmə qətnamələrində əks olunmuş, araşdırılmış və qiymətləndirilmiş faktların yenidən mübahisələndirilməsi və sübut edilməsi hazırki işdə yolverilməzdir. O ki qaldı mübahisələndirilən qeydiyyatın aparılma əsası kimi Registrdən çıxarışda (i.v. 9) istinad olunan Azərbaycan SSR Nazirlər Sovetinin “Mənzil-Kooperativ Tikintisinin sonrakı inkişafı haqqında” 05 saylı 07.01.1965-ci il tarixli Qərarı və “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi” Qaydalarına, məhkəmə kollegiyası hesab edir ki, həmin normalar da mübahisəli qeyri-yaşayış obyektinin dövlət əmlakı kimi registrdə qeydiyyatının aparılması üçün əsas ola bilməzdi. Belə ki, istinad olunan normalarda söhbət yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan və dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrindən gedir. Hazırki işdə isə mübahisəli qeyri-yaşayış sahəsinin yerli icra hakimiyyəti orqanının sərəncamında olması və dövlət vəsaiti hesabına tikilməsi sübut olunmur. Həmçinin Azərbaycan SSR Nazirlər Sovetinin 03.06.1983-cü il tarixli 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-də mənzil-tikinti kooperativinin Nümunəvi Nizamnaməsi”nə əsasən mənzil tikinti kooperativi evlərinin içində və yanında inşa edilmiş tikililərdə həmin kooperativlərin razılığı ilə ticarət, ictimai-iaşə və əhaliyə mədəni-məişət xidməti müəssisə və idarələri yerləşdirilə, habelə ictimai təyinatlı yerlər düzəldilə bilər. Həmin sahələrin tikintisi üçün xərclər müvafiq dövlət və ya ictimai təşkilatlar tərəfindən ayrılan büdcə vəsaiti hesabına ödənilir. Binaların inşası başa çatdıqdan sonra qeyd edilən işlərin dəyəri bu tikililərin istismarını həyata keçirən müəssisələrin balanslarına aid edilir. Qeyd olunmalıdır ki, iddiaçıların registrdəki qeydiyyatının ləğv edilməsini tələb etdikləri mübahisəli qeyri-yaşayış obyektinin tikintisi üçün xərclərin Azərbaycan SSR Nazirlər Sovetinin 03.06.1983-cü il tarixli 252 nömrəli Qərarı qəbul edilənədək (obyekt 1974-cü ildə tikilib istismara qəbul edilib) müvafiq dövlət təşkilatları tərəfindən ayrılan büdcə vəsaiti hesabına ödənilməsini təsdiq edən hər hansı sübut da iş materiallarında mövcud deyildir. Belə olan halda sözügedən qeyri-yaşayış obyektinin dövlət əmlakı kimi registrdə qeydiyyatının aparılması ilə bağlı cavabdeh inzibati orqanın hərəkəti qanunsuz olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 139-1 maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlər sadalanmışdır. Həmin sənədlər demək olar ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində də öz əksini tapmışdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Hazırki işdə isə cavabdeh inzibati orqan tərəfindən mübahisəli qeyri-yaşayış obyekti ilə bağlı dövlət əmlakının registrindəki qeydiyyatın aparılması üçün əsas olan hallar nə əvvəlki, yəni yuxarıda sadalanan maddi hüquq normaları ilə, nə də hazırki qanunvericiliyin tələblərinə əsasən yetərli qədər əsaslandırılmamış, həm də bu halları təsdiq edə biləcək sübutlar məhkəməyə təqdim olunmamışdır. Bununla da cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən obyektin (MTK-ya məxsus xeyir-şər evinin) registrdəki qeydiyyatı (Kod 825, registr nömrəsi ***-*******1) qanunsuz və əsassız olaraq aparıldığı üçün ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçılar apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-505/2021 saylı 05 mart 2021-ci il tarixli qərarı ləğv edilməli, iddia təmin edilməli, ünvan 3 ünvanında yerləşən 9 mərtəbəli kooperativ binanın 1-ci mərtəbəsində yerləşən sahəsi 192 kv.m olan koperativin üzvlərinin şərikli mülki olan xeyir-şər zalının dövlət mülkiyyətində olan əmlak kimi dövlət əmlakının registrindəki qeydiyyatının (Kod 825, registr nömrəsi ***-*******1) ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar 59 saylı Mənzil-Tikinti Kooperativinin təsisçiləri adından İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-505/2021 saylı 05 mart 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən 9 mərtəbəli kooperativ binanın 1-ci mərtəbəsində yerləşən sahəsi 192 kv.m olan koperativin üzvlərinin şərikli mülki olan xeyir-şər zalının dövlət mülkiyyətində olan əmlak kimi dövlət əmlakın registrindəki qeydiyyatının (Kod 825, registr nömrəsi ***-*******1) ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar