Məhkəmə qərarları › İş №2-1(103)-138/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-138/2024

15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-138/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3608/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.1-ci maddəsinə əsasən “pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanmış miqdarı”nın hesabına “pensiyasına əlavə”nin hesablanaraq 2021-ci ilin sentyabr ayından ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, o, 1998-ci ilin mart ayından Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən yaşa görə ehtiyata buraxılmış və həmin ilin iyul ayından başlayaraq əvvəlcə Bakı (sonra Heydər Əliyev adına) neft emalı zavodunun hərbiləşdirilmiş mühafizə dəstəsinin rəisi, 2005-ci ilin dekabrından Socar-ın Təhlükəsizlik İdarəsində, 2015-ci ilin iyul ayından bu günə kimi isə “CBC” telekanalında işləyir. İstefada olan polis mayorudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.5.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası alır. 2006-cı ilin yanvar ayından başlayaraq bu günə qədər işlədiyi müxtəlif qurumlarda müntəzəm olaraq əmək haqqından Dövlət Sosial Müdafiə Fonduna ödənişlər etmiş və 2021-ci ilin sentyabr ayına **********082 saylı şəxsi hesabında 48 mindən artıq vəsait yığılmışdır. Göstərilənlərlə əlaqədar olaraq, o, 14 sentyabr 2021-ci il tarixində cavabdehə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.1-ci maddəsinə əsasən “Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanmış miqdarı”nın hesabına “Pensiyasına əlavə”nin hesablanaraq ödənilməsini xahiş etmiş, lakin müraciətindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3608/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı pensiya təyin olunduqdan sonra onun fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalına əsasən qanunvericiliyin müvafiq maddələri nəzərə alınmaqla onun əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, iddiaçının əmək pensiyasının yenidən hesablandığını bildirirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-5583/2024 nömrəli qərarla iddiaçı V.Sultanovun əmək pensiyası qulluq stajına görə əmək pensiyasına əlavə artım qədər azaldılmamaqla yenidən hesablanmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən tərəflər iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, təqdim olunan 3-17-1/3-7-5583/2024 nömrəli qərarı iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğu və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.1-ci maddəsinə əsasən “pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanmış miqdarı”nın hesabına “pensiyasına əlavə”nin hesablanaraq 2021-ci ilin sentyabr ayından ona ödənilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar