Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1380/2022 15.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2-1(112)-5996/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 12-15 aprel 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, imtinanın əsassız hesab edilməsi və hüququnun yarandığı vaxtdan, yəni 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə əlaqədar 09.03.2021-ci il tarixli ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Həmin orqan ərizəsinə 02.04.2021-ci il tarixdə cavab verərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının ümumi peşələr bölməsində qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsi nəzərdə tutulduğu, işlədiyi qaynaqçı peşəsinin həmin siyahıda nəzərdə tutulmadığı, həmçinin pensiya kapitalının az olduğu səbəbindən tələbindən imtina etmişdir. O, bu imtina ilə razı deyildir. Belə ki, iddia ərizəsinə əlavə etdiyi NT-İ и ******* nömrəli əmək kitabçasından və işlədiyi Yevlax NEM Mingəçevir filialından verilən güzəştli arayışından da, göründüyü kimi, o, 25 il Yevlax NEM-in Mingəçevir filialında qaynaqçı işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahısının Ümumi peşələr bölməsində, 2004-cü il 5 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının ümumi bölməsində, 23.01.2007-ci i! tarixli 12 nömrəli qərarının “35” ümumi peşələr bölməsinin 19-cu sətr yarı bölməsində bilavasitə nəzərdə tutulur və işlədiyi bu peşə sahəsi ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna təminat verir. Bundan başqa o, 2005-ci ilə qədər həmin müəssisədə işləmişdirsə, ona həmin il qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun pensiya təyin edilməlidir. Buna həm onun yaşı, həm də, işlədiyi sahə imkan verir. Bundan əlavə imtinanın 2-d hissəsində qeyd edilən kapital məsələsinə gəlincə isə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən, bu qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir və əvvəllər qüvvədə olmuş qanunvericiliklə pensiya təyin edilirsə pensiya kapitali tələb edilmir. Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2-1(112)-5996/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. (hakim: A.Abdullayeva) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ciil tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi NT-İ ******* nömrəli əmək kitabçasında və “Yevlax NEM”-nin Mingəçevir filialının ona dair arayışında 19.05.1977-11.05.1979-cu il və 09.06.1981-16.11.2005-ci tarixləri arasındakı dövrlər ərzində adıçəkilən müəssisədə qaynaqçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi qaynaqçı vəzifəsi yuxarıda qeyd olunan qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Bundan başqa onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40200,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23146,23 manat təşkil edir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X10 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı hüququnun yarandığı vaxtdan, yəni 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və hesab etmişdir ki, iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olduğundan, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1960-ci il təvəllüdlüdür. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir rayon Şöbəsi tərəfindən verilmiş 04.03.2021-ci il tarixli, 399 nömrəli arayışdan görünür ki, iddiaçı 12.05.1979-cu il tarixdən 05.06.1981-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası DİN Baş Yanğından Mühafizə və Qəza-Xilasetmə İşləri İdarəsi 2 saylı Hərbiləşdirilmiş Yanğından Mühafizə Dəstəsi tərəfindən verilmiş 72 saylı, 06 03.1996-cı il tarixli arayışdan görünür ki, arayış Mingəçevir şəhər X5 verilmişdir ondan ötrü ki, həqiqətən 2 fevral 1996-cı il tarixdə avtokombinatın fəhlə yeməkxanasında baş vermiş yanğın nəticəsində güclü küləyin təsirindən yanğın yeməkxanadar ekspedisiya müəssisəsinin otaqlarına yayılmış və nəticədə otaqda olan əşyalar və damüstü örtük yanıb sıradan çıxmışdır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası “Azəravtonəqliyyat” X11 X6 tərəfindən verilmiş 47 saylı, 24.10.1997-ci il tarixli arayışdan görünür ki, X7 Müəssisəsi “Azəravtonəqliyyat” Dövlət Konserninin əmrinə əsasən 01.01.1997-ci il tarixdən Yevlax İANB-nin tərkibinə verilmişdir. Yevlax X6 29.09.1995-ci il tarixdə D-762 saylı şəhadətnamə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. İş materiallarında olan iddiaçıya məxsus notarial qaydada təsdiq edilmiş NT-İ и0990103 nömrəli, 05.03.1996-cı il tarixdə açılmış əmək kitabçasının surətindən görünür ki, İddiaçı 19.05.1977-ci il tarixdə X2ynaqçı işinə qəbul edilmiş 11.05.1979-cu il tarixdə hərbi xidmətə getdiyinə görə işdən azad edilmiş, 09.06.1981-ci ildən hərbi xidmətdən gəldiyinə görə ərizəsinə əsasən qaynaqçı işinə qəbul edilmiş, 16.11.2005-ci il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 02 aprel 2021-ci il tarixli, **********3 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubdan görünür ki, iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi Mərkəzi Filiala təqdim edilən NT-İ и0990103 nömrəli əmək kitabçasında və “Yevlax NEM”-nin Mingəçevir filialının ona dair arayışında 19.05.1977- 11.05.1979-cu il və 09.06.1981-16.11.2005-ci tarixləri arasındakı dövrlər ərzində adıçəkilən müəssisədə qaynaqçı vəzifəsində işlədiyi qeyd olunduğu, qaynaqçı vəzifəsi qeyd olunan qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsinə uyğun olmadığı, bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi, belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40200,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23146,23 manat təşkil etdiyi, qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi göstərilmişdir. İş materiallarında olan məhkəmənin sorğusuna əsasən “Yevlax” NEM-in Mingəçevir Filialı Azərbaycan Respublikası “Azəravtonəqliyyat” Dövlət Konserni "xxxx" Respublika İstehsalat Birliyi X7 Müəssisəsi tərəfindən verilmiş iddiaçı barəsində olan 25.06.2021-ci il tarixli “Güzəştli arayış”-dan görünür ki, İddiaçı həqiqətən tam iş günü ərzində ağrı və zərərli iş şəraitində Yevlax NEM-in Mingəçevir filialında qaynaqçı işində işləmişdir. Onun tam iş günü ərzində ağır və zərərli iş şəraitində güzəştli əmək fəaliyyəti güzəşti iş stajı işini əhatə enir və aşağıda qeyd edilən qaydada olmuşdur: Yevlax NEM-in Mingəçevir filialında 19.05.1977-ci il tarixdən qaynaqçı işinə qəbul edilmiş (əmr № 10/k), 11.05.1979-cu il tarixdə həqiqi hərbi xidmətə getdiyi üçün işdən azad edilmişdir (əmr № 112/k). 09.06.1981-ci il tarixdə hərbi xidmətdən qayıtdıqdan sonra yenidən həmin müəssisədə Qaynaqçı işinə qəbul edilmiş (əmr № 201/k), 16.11.2005-ci ildə müqavilə vaxtı qurtardığı üçün qaynaqçı işindən azad edilmişdir (əmr № 185/k). Beləliklə, İddiaçı yuxarıda qeyd edilən illərdə tam iş günü ərzində ağır və zərərli iş şəraitində işləmiş, onun göstərilən illər ərzində tam iş günü işlədiyi bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21.06.1993-cü il tarixli 520 nömrəli, 2004-cü il 5 iyul tarixli 92 nömrəli və 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarında bilavasitə nəzərdə tutulur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna təminat verir. Qərarlar üzrə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi haqqında” 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının ümumi peşələr bölməsinin (kod ********) rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınlarının elektrik qaynaqçıları (kod 1210000-19905) bölməsi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 2004-cü il 5 iyul tarixli, 92 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının qaynaq işləri bölməsinin (X bölmə) Avtomat və yarımavtomat maşınlarında işləyən elektrik qaynaqçısı (11-ci sıra) və əllə qaynaq edən elektrik qaz qaynaqçısı, elektrik qaynaqçısı (12-ci sıra) bölməsi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının ümumi peşələr bölməsində (35-ci bölmə) rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları sırası. İddiaçı güzəştli iş stajı 26 il 6 ay təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 12 il 6 aydan, ümumi stajı 25 ildən az olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 57 yaşı 20.12.2017-ci il tarixdə tamam olmuşdur və o, 12.05.1979-cu il tarixdən 05.06.1981-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmiş (2 il 23 gün), əmək kitabçasına əsasən iddiaçı 19.05.1977-ci il tarixdən 11.05.1979-cu il tarixədək və 09.06.1981-ci il tarixdən 16.11.2005-ci il tarixədək X1ynaqçı vəzifəsində işləmişdir (26 il 4 ay 29 gün). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi xidmət müddəti nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 28 il 5 ay 22 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin işə götürən tərəfindən verilmiş arayışlara əsasən iddiaçının 19.05.1977-ci il tarixdən 11.05.1979-cu il tarixədək və 09.06.1981-ci il tarixdən 16.11.2005-ci il tarixədək X7 Müəssisəsində işlədiyi qaynaqçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21.06.1993-cü il tarixli 520 nömrəli, 2004-cü il 5 iyul tarixli 92 nömrəli və 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarında bilavasitə nəzərdə tutulur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna təminat verir. Qərarlar üzrə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi haqqında” 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının ümumi peşələr bölməsinin (kod ********) rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınlarının elektrik qaynaqçıları (kod 1210000-19905) bölməsi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 2004-cü il 5 iyul tarixli, 92 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının qaynaq işləri bölməsinin (X bölmə) Avtomat və yarımavtomat maşınlarında işləyən elektrik qaynaqçısı (11-ci sıra) və əllə qaynaq edən elektrik qaz qaynaqçısı, elektrik qaynaqçısı (12-ci sıra) bölməsi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının ümumi peşələr bölməsində (35-ci bölmə) rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları sırasına daxildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İşə götürən tərəfindən verilmiş arayışdan göründüyü kimi iddiaçı 01.01.2006-cı il tarixədək 26 il 4 ay 29 gün güzəştli iş stajına malik olmuşdur. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən hər iki şərt - ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə ödənildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni 20.12.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdeh inzibati orqanın iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsinə dair irəli sürüdüyü dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin bu imtina əsası əsassızdır. Çünki “Əmək pensiyaları haqqında” Qanunun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması şərtlərini müəyyən edən 9-cu maddəsinin 9.8-ci bəndində qeyd edilir ki, Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İşin araşdırılmış hallarından da bəllidir ki, iddiaçı 01.01.2006-cı ilədək qüvvədə olmuş qanunvericiliyin tələbləri üzrə ümumi və xüsusi stajı toplamışdır. 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalının olması tələb olunmurdu. “Andreyeva Latviyaya qarşı” məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması müddəasını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2-1(112)-5996/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1380/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1380/2022
15.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver