Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1380/2025 20.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X1 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6441/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. İddiaçıya məxsus AD seriyalı ******* №li hərbi biletin surətində olan qeydlərdən və; N №-li hərbi hissə komandirinin xx.xx.2018-ci il tarixli, № 277 saylı əmrindən çıxarışdan müəyyən olunur ki, müddətdən artiq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı, Müdafiə nazirinin müavini- Hərbi Hava Qüvvələri komandanının 28 sentyaor 2018-ci il tarixli 082əç nömrəli əmrinə əsasən ehtiyatdan Azərbaycan Respublikası Silahlı Qüvvələrində bağlaşma əsasında 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü qəbul edilərək N nömrəli hərb’ hissənin S300PMU2 divizionlar qrupunun komanda məntəqəsinin döyüşü idarəetmə bölməsinin (54K6E2) operatoru vəzifəsinə təyin edilmiş, SHXŞDX-nin Sabunçu rayon idarəsindən gəlmiş hesab edilmiş, 12 oktyabr 2018-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxii edilmişdir. Əsas. SHXŞDX-nin Sabunçu rayon idarəsinin xx.xx.2018-ci il tarixli 73 nömrəli təyinat vərəqəsi N №-li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, № 327 saylı əmrindən çıxarışdan müəyyən olunur ki, Döyüş fəaliyyətlərinin aparılması məqsədilə N nömrəli hərbi hissəyə ezamiyyətə getmiş hesab edilsinlər. Divizionlar qrupu komanda məntqəsi 1. MAHHXHQ əsgər İddiaçı. Əsas: xx.xx.2020-ci il tarixli 4161 nömrəli ezamiyyət vəsiqəsi
2. N №-li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, № 384 saylı əmrindən çıxarışdan müəyyən olunur ki, N №-li hərbi hissənin (Bakı şəhəri) aşağıda adları göstərilən hərbi qulluqçuları xx.xx.2020-ci il tarixədək ezamiyyətə gəlmiş hesab edilsinlər: 7. MAHHXHQ əsgər İddiaçı. Əsas. xx.xx.2020-ci il tarixli 4134, 4124, 4127, 4121, 4157, 4123, 4161, 4173 nömrəli ezamiyyət vəsiqələri.
3. N №-li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, № 392 saylı əmrindən çıxarışdan müəyyən olunur ki, N nömrəli hərbi hissənin (Bakı şəhəri) aşağıda adları göstərilən hərbi qulluqçuları xx.xx.2020-ci il tarixdən getmiş hesab edilsinlər, xx.xx.2020-ci il tarixdən hərbi hissənin qazan təminatından çıxarılsınlar. 7. MAHHXHQ əsgər İddiaçı. Əsas. xx.xx.2020-ci il tarixli 4134, 4124, 4127, 4121, 4157, 4123, 4161, 4173 nömrəli ezamiyyət vəsiqələri.
4. N №-li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, № 337 saylı əmrindən çıxarışdan müəyyən olunur ki, Döyüş fəaliyyətlərinin aparılması məqsədilə N nömrəli hərbi hissəyə ezamiyyət olunmuş aşağıda adları çəkilən hərbi qulluqçular ezamiyyətdən qayıtmış hesab edilsinlər. 54. MAHHXHQ əsgər İddiaçı. Əsas: xx.xx.2020-ci il tarixli 4161 nömrəli ezamiyyət vəsiqəsi.
5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən N nömrəli hərbi hissəyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, № 2/2-11949 saylı cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarxli Qərarının 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərdə fəaliyyəti təsdiq olunmadığına görə xx.xx.2023-cü il tarixli iclasının protokoluna əsasən komissiya tərəfindən əsgər İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir.
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən iddiaçıya yəni, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı İİ Qarabağ Müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar olaraq “Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş etmişdir.
8. İddiaçı bildirir ki, o, Müdafiə Nazirinin müavini - Hərbi Hava Qüvvələri Komandanının 28 sentyabr 2018-ci il tarixli 082əç nömrəli əmrinə əsasən ehtiyatdan Azərbaycan Respublikası Silahlı Qüvvələrində bağlaşma əsasında 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü qəbul edilərək N nömrəli hərbi hissənin S300PMU2 divizionlar qrupunun komanda məntəqəsinin döyüşü idarəetmə bölməsinin operatoru vəzifəsinə təyin edilmişdir. İkinci Qarabağ müharibəsi zamanı xidmət etdiyi N nömrəli hərbi hissə komandirinin əmrinə əsasən 11 gün müddətinə döyüş fəaliyyətlərinin aparılması məqsədilə 952 (Mingəçevir şəhəri) nömrəli hərbi hissəyə ezam olunmuşdur. Onun Mingəçevir şəhərinə ezamiyyətə getməyi və qayıtmağı N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 327 nömrəli, xx.xx.2020-ci il tarixli 337 nömrəli əmrindən çıxarışla təsdiq olunur. Onun ezamiyyətə getməyi döyüş tapşırığı və döyüş təminatının yerinə yetirməsi ilə əlaqədar olmuşdur. Lakin o, indiyədək müharibə veteranı adı və vəsiqəsi almamışıdr. Xidmət etdiyi N nömrəli hərbi hissənin müraciəti əsasında aparılmış araşdırma nəticəsi olaraq Müdafiə Nazirliyi tərəfindən xx.xx.2023cü il tarixli 2/2-11949 nömrəli məktubla müharibə veteranı adının və vəsiqəsinin verilməsinin razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. İmtinanın əsası kimi onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərdə fəaliyyətinin təsdiq olunmadığı qeyd edilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina qanunsuz və əsassız olduğundan iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. O, döyüş əməliyyatlarına cəlb olunaraq döyüş tapşırığını tam icra etmişdir İlk növbədə qeyd edir ki, o, İkinci Qarabağ müharibəsi zamanı xidmət etdiyi N nömrəli hərbi hissə komandirinin əmrinə əsasən xx.xx.2020-xx.xx.2020-ci il tarixdə döyüş fəaliyyətlərinin aparılması məqsədilə bir qrup hərbi qulluqçu ilə hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatların döyüş təminatı üzrə tapşırıqların yerinə yetirilməsi üçün Mingəçevir şəhərində yerləşən N nömrəli hərbi hissəyə ezam olunmuşdur. Onun Mingəçevir şəhərinə N nömrəli hərbi hissədə ezamiyyətə getməyi və qayıtmağı N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 327 nömrəli, xx.xx.2020-ci il tarixli 337 nömrəli, həmçinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 384 nömrəli və xx.xx.2020-ci il tarixli 392 nömrəli əmrlərindən çıxarışlarla tam təsdiq olunur. Mingəçevir şəhərində yerləşən N nömrəli hərbi hissə İkinci Qarabağ müharibəsi zamanı döyüş əməliyyatlarına cəlb olunaraq döyüş tapşırığının yerinə yetirmişdir. Bununla bağlı Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli № 062, Müdafiə Nazirinin müavini Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli № 019 müvafiq əmrləri vardır. Belə olduğu halda onun həqiqətən döyüş əməliyyatlarına cəlb olunaraq döyüş tapşırığının yerinə yetirməsi təkzib edilmədiyi halda, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilə bilməz.
9. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə müvafiq olaraq Müharibə veteranı adı 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və yaorqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarın 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərdə fəaliyyəti təsdiq olunmadığına görə xx.xx.2023-cü il tarixli iclasın protokoluna əsasən komissiya tərəfindən əsgər İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna zidddir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6441/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, iddiaçı xx.xx.1990-cı il təvəllüdlü İddiaçı 2-ci Qarabağ Müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar olaraq “Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.
11. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Mingəçevir şəhərində yerləşən N saylı hərbi hissəsinin tərkibində öz xidməti vəzifələrini icra etmiş və texnikanın sürücüsü kimi fəaliyyət göstərərək, dizel aqreqatlarına nəzarət etmiş, döyüş mövqeyinin mühafizəsini təmin edərək döyüş növbəsinə cəlb edilmiş və yerdəyişmələr zamanı ona təhkim edilmiş texnikanı idarə edərək xidməti vəzifələrini yerinə yetirmişdir. Göründüyü kimi Mingəçevir şəhəri Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil deyildir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı döyüş əməliyyatlarına bilvasitə cəlb edilməmiş, döyüş əməliyyatlarının hər hansı bir təminat növü üzrə tapşırıqları yerinə yetirməmiş, hərbi xidmət keçərkən Əsasnamənin 1-ci hissəsinin onuncu abasında qeyd olunan ərazilərdə olmamışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
14. Məhkəmədə iddiaçı, onun vəkili və nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdilər.
15. Cavabdeh təşkilat məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından cavabdehin nümayəndəsinin iştrakı olmadan məhkəmə iclasının keçirilməsi kolleqiya tərəfindən mümkün hesab edildi.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
17. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinin 3-cü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır. 3.2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (2024-cü il 28 fevral tarixli, 110 №-li Qərarla edilmiş əlavə və dəyişikliklərlə) müddəalarına əsasən Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (10-cu abzas) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (11-ci abzas) 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.
19.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
23. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 16-19-cu bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
24. Hazırki işdən görünür ki, iddiaçı İİ Qarabağ Müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar olaraq ona “Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsini tələb edir. 25.Cavabdeh orqan isə iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarın 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərdə fəaliyyətinin təsdiq olunmadığı bildirirək, imtina cavabı vermişdir.
26. Məhkəmə kollegiyası iş materialları üzrə müəyyən olunan aşağıdakı hallar və qanunvericiliyin tələbləri nəzərə alınmaqla cavabdeh orqanın qeyd olunan dəliləri ilə razılaşmır.
27. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək iddiaçı N №-li hərbi hissəyə ezam olunması əsası kimi döyüş tapşırığını yerinə fəaliyyət növü ilə məşğul olub – döyüş tağşırığını yerinə yetirmək məqsədilə, 44 günlük vətən müharibəsində N nömrəli hərbi hissənin tərkibində Mingəçevir su elektrik stansiyasının qorunmasında döyüş tapşırıqlarını yerinə yetirilməsi, dizel aqreqatlarına nəzarət etmək, ayıq sayıq döyüş növbəsi aparmaq, döyüş mövqeyinin mühafizəsini təmin etmək, yerdəyişmə zamanı təhkim olunmuş döyüş texnikasını idarə etmək göstərilmişdir.
28. Kollegiya qeyd edir ki, Əsasnamənin 1-ci hissəsinin 11-ci abzasında qeyd olunan tələblərinə əsasən 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adının verilməsi nəzərdə tutulmuşdur.
29. Göründüyü kimi, iddiaçının 44 günlük “Vətən Müharibəsi” dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı hərbi əməliyyatların döyüş təminatı üzrə tapşırıqların yerinə yetirməsi, eləcə də hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması (tərxis olunması) faktları işdə olan sübutllarla öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin döyüş təminatı üzrə tapşırıqların yerinə yetirilməsi ilə bağlı məlumat xarakterli arayışının surətindən görünür ki, N saylı hərbi hissənin əsgəri İddiaçı xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək Mingəcevir su elektrik stansiyasının qorunmasında N saylı hərbi hissənin nəznində döyüş təminatı ilə bağlı müvafiq tapşırıqları yerinə yetirib.
30. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbində haqlıdır. Belə ki, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina olunması onun hüquqlarını pozur.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsaslı deyildir. Hesab olunur ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlar hərtərəfli araşdırlmış, onlara düzgün hüquqi qiymət verilmiş, əsaslı olaraq iddia təmin edilmişdir.
33. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
34. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6441/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6441/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.