Məhkəmə qərarları › İş №2-1(103)-1381/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1381/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1381/2025 30.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X11 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi üçün müraciət edilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7269/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona yəni, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı “müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə xx/xx-2021- ci il tarixədək SHXÇDX-nin Qaradağ rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq xx.xx.2020-ci il tarixdə ölkə ərazisində başlanan və xx.xx.2020-ci il tarixdə bitən 44 günlük “Vətən müharibəsi”nə cəlb olunmuşdur və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 157 saylı Hərbi hissəsində xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli 274 № li əmrinə əsasən xx.xx.2021-ci il tarixdə Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılmış və SHXÇDX-nin Qaradağ rayon şöbəsində qeydiyyata durmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək, ona müharibə veteranı adı verilməsini xahiş etmiş, sonuncunun xx.xx.2024-cü il tarixli məktubu ilə müraciətinə imtina verilmişdir. Hesab edir ki, imtina qanunsuz və əsassızdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, N nömrəli hərbi hissədən təqdim olunmuş xx.xx.2024-cü il tarixli 1075 nömrəli sənədə əsasən iddiaçının xidmət keçdiyi 5-ci taborun 13-cü bölüyün şəxsi heyəti tam tərkibdə döyüş əməliyyatları zamanı tam tərkibdə hərbi hissənin daimi dislokasiya məntəqəsi olan Tərtər rayonunun Sarov yaşayış məntəqəsində yerləşmiş və N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında hər hansı təminat növü üzrə tapşırıqlar yerinə yetirməmiş, heç bir döyüş əməliyyatlarında iştirak etməmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7269/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qərarı (hakim: N.Abıyev) ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, müharibə veteranı adının verilməsi üçün iddiaçının qanuni əsaslarla göndərilməsi və ya qanuni əsaslarla tərxis olunması ona müharibə veteranı adı və vesiqəsinin verilməsi üçün yetərli deyil, eyni zamanda o, döyüş zonasında hərbi xidmət keçməsi və bilavasitə döyüş əməliyyatlarında iştirakı bağlı şərti də yerinə yetirilmiş olmalıdır. Həmin şərt iddiaçı tərəfindən ödənilmədiyindən, cavabdehin üzərinə iddia olunan məzmunda vəzifə qoyula bilməz. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR Ali Məhkəməsi vətən müharibəsində AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində onunla eyni taborda minaatan batereyasının komandiri X3 barəsində Gəncə Apellyasiya Məhkəməsinin 03 avqust 2023-cü il tarixli qərarından verilən kassasiya şikayətini təmin edərək X5 müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin AR Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul etmişdir. Ali Məhkəmə kassasiya şikayətinə baxarkən X5 onunla eyni vaxtda “Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezidentin xx.xx.2020-ci il tarixli sərəncamına əsasən onun kimi eyni vaxtda təltif olduğunu əsas gətirərək kassasiya şikayətini təmin etmişdir. AR Prezidentinin xx.xx.2020-ci il tarixli 2373 nömrəli AR Silahlı Qüvvələrinin “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncamında AR Prezidenti AR Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq Laçın rayonunun işğaldan azad edilməsi uğrunda şəxsi igidlik və şücaət nümayiş etdirmiş AR Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları “Laçının azad olunmasına görə medalı ilə təltif olunublar ki, həmin hərbi qulluqçulardan biri də odur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.2-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-nin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslıdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Hərbi qulluqçuların statusu haqqında” xx.xx.1991-ci il tarixli Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 8-ci yarımbənd Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Bu Əsasnamənin 1-ci hissəsində göstərilən sənədlərin və ya məlumatların X7 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X7 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin ikinci-səkkizinci abzaslarında qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir.https://eqanun.az/framework/13385 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq apellyasiya şikayətini əsaslı hesab edərək aşağıdakıları qeyd etməyi zəruri bilir. Qanunvericiyilin yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi, şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: 1) şəxsin hərbi xidmət keçməsi və 2) bunun müvafiq sənədlərdə əks edilməsi. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə qeyd olunan şərtlərin iddiaçıya münasibətdə mövcudluğu təsdiq olunur. Belə ki, iddiaçıya məxsus SX seriyalı ******* №li hərbi biletdəki qeydlərə əsasən o, 22 iyul 2015-ci il tarixdən xx.xx.2017-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2020-ci il tarixdə hərbi xidmətə cəlb olunmuş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 157 saylı Hərbi hissəsində xidmət keçmiş və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli 274 № li əmrinə əsasən xx.xx.2021-ci il tarixdə Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılmışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, № 3-25-4/2-6292/2024 saylı cavab məktubu ilə məhkəməyə təqdim edilmiş; -157 №-li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 279 №-li əmrinin surətində göstərilmişdir ki, Səfərbərlik hazırlığı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbələrindən (şöbə, bölmə) çağırılmış və N nömrəli hərbi hissədən gəlmiş aşağıda adları çəkilən hərbi vəzifəlilər xx.xx.2020-ci il tarixdən şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilsinlər və vəzifələrə təyin olunsunlar.

64. X2, 5-ci taborun 13-cü bölüyünün 2-ci taqımının 3-cü manqasının baş atıcısı Təvəllüdü: xx.xx.1997-ci il, azərbaycanlı Çağırıldığı: Qaradağ rayon Şöbəsi Əsas: Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və bölmələrindən gəlmiş adlı siyahıları -157 №-li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 03 №-li əmrinin surətində göstərilmişdir ki, aşağıda adları çəkilən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları N nömrəli hərbi hissə komandirinin müvafiq sərəncamı ilə hərbi xidmətlərini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəldiklərinə görə xx.xx.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil önləri bütün növ təminatlara qoyulsunlar və vəzifələrə təyin olunsunlar.

19. X2, 5-ci taborun 13-cü bölüyünün 2-ci taqımının 3-cü manqasının baş atıcısı vəzifəsindən - 2-ci taborun 4-cü bölüyünün 1-ci taqımının 2-ci manqasının baş atıcısı vəzifəsinə -157 №-li hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 09 №-li əmrinin surətində göstərilmişdir ki; Azərbaycan Respublikasında elan edilmiş qismən səfərbərlik üzrə hərbi xidmətə çağrılmış aşağıda adları çəkilən hərbi qulluqçuları səfərbərlikdən tərxis edildiklərinə görə 09 yanvar 2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatından çıxarılsınlar və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qurumlarına göndərilsinlər.

140. X2,2-ci taborun 4-cü bölüyünün 1-ci taqımının 2-ci manqasının baş atıcısı- Qaradağ rayon İdarəsinə Əsas: Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli 274 nömrəli əmri. -157 №-li Hərbi Hissə tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, № 1077 saylı “X6 döyüş əməliyyatlarında iştirakı haqqında” məktubunda göstərilmişdir ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu ehtiyatda olan X2 qismən səfərbərlik zamanı xx.xx.2020-ci il tarixdə 5-ci taborun 13-cü bölüyün 2-ci taqım 2-ci manqasının qumbaraatanı vəzifəsinə xidmətə qəbul edilmiş və xx.xx.2021-ci il tarixdə hərbi qeydiyyata durmaq üçün Xətai rayon idarəsinə göndərilmişdir. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu ehtiyatda olan X2 qismən səfərbərlik zamanı xidmət etdiyi 5-ci tabor 13-cü bölüyün şəxsi heyəti tam tərkibdə döyüş əməliyyatları zamanı hərbi hissənin daimi dislokasiya məntəqəsi olan Tərtər rayonununSarov yaşayış məntəqəsində yerləşmiş və N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında hər hansı təminat növü üzrə tapşırıqlar yerinə yetirməmiş, heç bir döyüş əməliyyatlarında iştirak etməmişdir. İş materiallarında olan İ-1993 nömrəli AR Medalının vəsiqəsinin surətindən görünür ki, iddiaçı AR Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2373 nömrəli Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İşdə olan AR Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında AR Prezidentinin sərəncamı ilə AR Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş AR Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları “Laçının azad olunmasına görə” medalı ilə təltif edilsinlər. ... X8 ... Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının Vətən müharibəsi zamanı şəxsi heyətin döyüş əməliyyatlarına cəlb edilməsi haqqında hərbi hissə komandirinin müvafiq əmrində adının olmaması, həmçinin iddiaçının xidmət keçdiyi 5-ci taborun 13-cü bölüyün şəxsi heyətinin tam tərkibdə döyüş əməliyyatları zamanı hərbi hissənin daimi dislokasiya məntəqəsi olan Tərtər rayonunun Sarov yaşayış məntəqəsində yerləşməsi və N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında hər hansı təminat növü üzrə tapşırıqları yerinə yetirməməsi, heç bir döyüş əməliyyatlarında iştirak etməməsi əsası ilə iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Lakin işin müəyyən edilən hallarından göründüyü kimi iddiaçı hərbi xidmətə “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında çağırılmış, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Vətən müharibəsində iştirak etmiş, mükafatlandırma qaydasında Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli, 2373 nömrəli Sərəncamına əsasən “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün mövcud qanunvericilikdə nəzərdə tutulan istisna hallar mövcud olmamış, cavabdehin imtinasının əsası kimi sadəcə olaraq iddiaçının birbaşa döyüş əməliyyatlarında iştirak etməməsi göstərilmişdir. Cavabdehin imtina dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Göründüyü kimi, qanunvericilikdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər də müharibə veteranı hesab edilirlər. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi nəticəsində hərbi xidmətə çağırılmış və eləcə də, Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli, 2373 nömrəli Sərəncamına əsasən “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Birinci instansiya məhkəməsi şəxsin Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli, 2373 nömrəli Sərəncamına əsasən “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsini nəzərə almadan yanlış nəticəyə gəlmişdir. Oxşar iş üzrə AR Ali Məhkəməsinin 2-1(102)-2869/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında da mövqe bu şəkildə əsaslandırılmışdır. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı cavabdeh inzibati orqana sorğu ünvanlanaraq, işin obyektiv araşdırılması məqsədi ilə, N nömrəli hərbi hissədə xidmət edən X9 və X10 müharibə veteranı adı və vəsiqəsinin verilib-verilməməsi barədə, əgər verilmişdirsə bununla bağlı bütün inzibati icraat materiallarının məhkəməyə təqdim edilməsi xahiş edilmiş, sorğuya 23 aprel 2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, vətəndaş X9 və X10 “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair Müdafiə Nazirliyi tərəfindən AR Nazirlər Kabinetinə siyahı göndərilmişdir. Təqdim olunan siyahıya əsasən AR Nazirlər Kabineti tərəfindən müsbət qərar qəbul edilərək vətəndaş X9 və X10 “Müharibə veteranı” adı verilmişdir və tərəflərindən “Müharibə veteranı vəsiqəsi” hazırlanaraq vətəndaşlara təqdim edilmişdir. Beləliklə, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən iddiaçının N nömrəli hərbi hissənin döyüş əməliyyatları zamanı daimi dislokasiya məntəqəsi olan Tərtər rayonunun Sarov yaşayış məntəqəsində yerləşməsini əsas gətirsə də, işin araşdırılması zamanı müəyyən edilmişdir ki, eyni nömrəli hərbi hissədə iddiaçı ilə birlikdə xidmət edən X13 və X14 adlı şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsinə baxmayaraq, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən yuxarıda qeyd olunan əsaslarla imtina edilmiş, nəticədə etimad hüququnun qorunması və bərabərlik prinsipinin tələbləri pozulmuşdur. Beləliklə də, iş materiallarına əlavə edilmiş sənədlərə məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya münasibətdə müharibə veteran adının və vəsiqəsinin verilməsindən imtinası qanunvericiyin tələblərinə uyğun olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmədiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan və apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia təmin edilməlidir.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7269/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı “müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar