Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1382/2020 07.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Ağayev Valeh Məmməd oğlundan ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Penitensiar Xidmətin Həbsxanasının rəhbərliyinə qarşı “müəyyən hərəkətləri etməkdən çəkinmə və s.” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2698/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2698/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Penitensiar Xidmətin Həbsxanasının rəhbərliyinə qarşı “müəyyən hərəkətləri etməkdən çəkinmə və s.” tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikası Penitensiar Xidmətin Qobustan Həbsxanasında cəza çəkən iddiaçıya məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşin hallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Qobustan Həbsxanasının rəhbərliyinə qarşı müəyyən hərəkətləri etməkdən çəkindirməyə dair və iddiaçının həbsxana əməkdaşlarının qanunsuz əməlləri barədə məhkəmə qərarının qəbul edilməsi, tərəflərin şəxsən məhkəmədə iştirak etmələri barədə sərəncam verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir Birinci instansiya məhkəməsi iddianı subyektiv tərkib baxımından inzibati qanunvericiliyin tələblərinə uyğun olmaması əsası ilə mümkün saymamışdır. Məhkəmə kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya ilk öncə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görəməhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı X2 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmiş və xx xxxxxx 2003-cü il tarixdə Qobustan həbsxanasında saxlanılır. O, həbsxananın rəisi ədliyyə polkovniki Afdandil Ağayev və həbsxananın əməliyyat üzrə rəis müavini Rauf Nəbiyevin onunla uzunmüddətli görüşə gələn qohumlarının görüşə buraxmadıqlarını, sonuncuların onun qohumlarına qarşı hədə qorxu gəlməklə qanunsuz hərəkətlər etdiyini iddia edir və bununla bağlı həbsxananın rəhbərliyinin belə hərəkətlərdən çəkinməsini inzibati məhkəmə icraatı qaydasında tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin (fiziki və ya hüquqi şəxs) hüquq və vəzifələri ilə bağlı inzibati orqanların qərarları, hərəkət və ya hərəkətsizliyindən verilmiş iddialara baxıla bilər. İnzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə cavabdeh qismində müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs, yəni İİQ-nun 2.0.2-ci maddəsi anlamında inzibati orqan çıxış edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın yönəldiyi həbsxana rəhbərliyi-konkret halda iddia ərizəsində qeyd etdiyi həbsxana rəisi və onun müavini inzibati məhkəmə icraatı qaydasında cavabdeh qismində çıxış edən inzibati orqan deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nda da cavabdeh qismində qoyulmuş həbsxana rəhbərliyi inzibati orqan kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbindən də görünür ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin hallarından görünür ki, hazırki halda iddia tələbi inzibati orqan statusunda olan cavabdehə qarşı yönəlməmişdir və işə baxan məhkəmə iddianı mümkün saymamaqda haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2698/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Ülvi Mayılov Hakim: Valeh Ağayev
Məhkəmə qərarları › İş №2-1(103)-1382/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1382/2020
07.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver