Məhkəmə qərarları › İş №2-1(103)-1382/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1382/2021

01.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1382/2021 01.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs Bakı İslam Universitetinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Texnologiya Universiteti) «dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsi» tələbinə dair iş üzrə 02 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-705/2019 saylı, 24 may 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Texnologiya Universiteti) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, imtina əsassız sayılmaqla iddiaçıya Azərbaycan Texnologiya Universitetində tam kursu bitirməsi barədə diplom verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-2012-ci illərdə Qafqaz Müsəlmanlar İdarəsinin Bakı İslam Universitetində axund-imam, islamşünas, şəriət müəllimi ixtisası üzrə təhsil almış, 2013-2017-ci illərdə Azərbaycan Texnologiya Universitetinin iqtisadiyyat fakultəsində oxumuş, orada ikinci təhsil almışdır. Hər iki təhsili ödənişli olmuşdur. Birinci təhsil üzrə 3.500 manat, ikinci təhsil üzrə isə 5.200 manat vəsait ödəmişdir. Hazırkı cavabdeh Azərbaycan Təhsil Nazirliyi ona Azərbaycan Texnologiya Universitetini bitirməsi barədə diplom verilməsindən imtina etmişdir. İmtina Bakı İslam Universitetinin 2007-ci ildə, yəni iddiaçı qəbul olunduğu vaxt dövlət qeydiyyatından keçməməsi ilə əsaslandırmışdır. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin hərəkəti qanunsuzdur. Belə ki, Bakı İslam Universiteti təhsil müəssisəsi kimi yaranmış, lakin dövlət qeydiyyatından 2009-cu ildə keçmişdir. Universitetin 2009-cu ildə dövlət qeydiyyatından keçməsi, onun (iddiaçının) 2012-ci ildə diplom almasına xələl gətirə bilməz. Tələbə kimi fəaliyyətdə olan təhsil müəssisəsinə qəbul olunarkən, həmin müəssisənin dövlət qeydiyatına alınıb-alınmaması, lisenziyanın olub-olmaması soruşulmur. Universitet fəaliyyət göstərirsə, aidiyyəti dövlət orqanları onun fəaliyyətini dayandırmadan qəbul edirsə, vergi ödəyicisi kimi qeydə alırsa, ona lisenziya alınmasına sonradan imkan verirsə, deməli həmin Universitet ali təhsil müəssisəsi kimi tanınır. Göstərilənlərə və «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə, İPM-in 2.2-ci, 2.2.2-ci maddələrinə əsaslanaraq, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin imtinası əsassız sayılmaqla ona (iddiaçıya) Azərbaycan Texnologiya Universitetində müvafiq ixtisas üzrə tam kursu bitirməsi barədə diplom verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Sonradan iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçının Bakı İslam Universitetini müvafiq ixtisas üzrə tam kursu bitirməsi barədə diplom verilməsi üçün dövlət nümunəli diplom blankının həmin təhsil müəssisəsinə göndərilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-705/2019 saylı, 31 may 2019-cu il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı Bakı İslam Universitetini müvafiq ixtisas üzrə tam kursu bitirməsi barədə diplom verilməsi üçün dövlət nümunəli diplom blankının həmin təhsil müəssisəsinə göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, iddiaçının təhsil aldığı təhsil müəssisəsinə Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar»a, Azərbaycan Respublikası Prezidentinin 06.08.2009-cu il tarixli 143 nömrəli Fərmanına və Təhsil Nazirliyinin 26.08.2009-cu il tarixli 1018 saylı əmri ilə Bakı İslam Universitetinin fəaliyyətinə dünyəvi təhsil müəssisəsi kimi (bakalavr pilləsində dinşünaslıq ixtisası, magistr pilləsi üzrə Dinlərin tarixi və İslamşünaslıq ixtisaslaşdırılması üzrə) 5 il müddətinə lisenziya verilmişdir. Həmin vaxtdan qeyd olunan ali təhsil müəssisəsində alı təhsilin dövlət standartlarına uyğun hazırlanmış tədris planları əsasında bakalavr pilləsində «dinşünaslıq», magistr pilləsində «Dinlərin tarixi» və «İslamşünaslıq» proqramları üzrə kadr hazırlığı aparılır. Bu səbəbdən də, 2014-cü ildən etibarən Təhsil Nazirliyi tərəfindən Bakı İslam Universitetinə dövlət nümunəli sənədlər verilməyə başlanmışdır. Bakı İslam Universitetinə 5 illik lisenziya verilsə də, fəaliyyət göstərdiyi müddət ərzində ali təhsil müəssisəsinin akkreditasiyası aparılmamışdır. «Təhsil haqqında» AR Qanunun 16.4-cü maddəsinə görə, təhsil müəssisəsinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən edilmiş qaydada yaratdığı dövlət akkreditasiya xidməti həyata keçirir. Akkreditasiya müvafiq keyfiyyət sənədinin - sertifikatın verilməsi ilə başa çatır. Həmin Qanunun 16.5-ci maddəsinə görə isə, Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir. Qeyd olunanlara əsasən də, iddiaçının adına Bakı İslam Universiteti tərəfindən yazılmış nömrəli diplom blankı dövlət nümunəli sənəd deyildir. Buna səbəb isə iddiaçının 2006-cı ildə daxili test imtahanvermə yolu ilə Bakı İslam Universitetinə qəbul olunmasıdır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 06 Aprel 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə»nin 6.1-ci bəndinə əsasən təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi Komissiyanın əsas vəzifələrindən biridir. Nəticə etibarı ilə, Bakı İslam Universitetinin fəaliyyəti qanunsuz olduğundan iddiaçının adına dövlət nümunəli təhsil sənədinin verilməsinə heç bir əsas yoxdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1909/2019 saylı 05.09.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-705/2019 saylı, 31 may 2019-cu il tarixli qərarı ləğv edilərək iddia tələbi təmin edilməmişdir. İddiaçının kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-4/2021 saylı 16 fevral 2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-1909/2019 saylı 05.09.2019-cu il tarixli qərarı ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı Bakı İslam Universiteti ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə hər hansı bir müraciəti olmamışdır, odur ki, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Bakı İslam Universitetinin nümayəndəsi izahat verərək iddianın məhkəmənin mülahizəsinə əsasən həll edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, iddiaçı Azərbaycan Dövlət Texnologiya Universitetinin müvafiq ixtisas üzrə tam kursu bitirməsi barədə diplom verilməsi üçün dövlət nümunəli diplom blankının həmin təhsil müəssisəsinə göndərilməsi məqsədi ilə Təhsil Nazirliyinə müraciət etmiş, sonuncu isə müraciətə baxaraq, ona müvafiq sənədin (diplom blankı) verilməsindən imtina etmişdir. İddiaçı bu imtinanı mübahisələndirərək cavabdehin üzərinə Azərbaycan Dövlət Texnologiya Universitetinin müvafiq ixtisas üzrə tam kursu bitirməyi barədə diplom verilməsi barədə öhdəliyin qoyulmasına dair iddia ilə məhkəməyə müraciət etmiş, məhkəmə baxışı zamanı iddia tələbini dəyişdirərək 2007- 2012-ci illərdə təhsil aldığı Bakı İslam Universitetinin müvafiq ixtisas üzrə tam kursu bitirməsi barədə diplom verilməsi üçün dövlət nümunəli diplom blankının həmin təhsil müəssisəsinə göndərilməsi öhdəliyinin Təhsil Nazirliyinin üzərinə qoyulmasını tələb etmiş və birinci instansiya məhkəməsinin hazırda mübahisələndirilən qərarı ilə iddianın təmin olunması qərara alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçının tələbinin mümkün hesab edilərək inzibati icraat qaydasında baxılması üçün əsaslar mövcud olmamışdır. Azərbaycan Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.1-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində başqa qayda nəzərdə tutulmamışdırsa, ərizə maraqlı şəxs tərəfindən həmin ərizədə qaldırılmış məsələ ilə əlaqədar inzibati akt qəbul etmək səlahiyyətinə malik olan müvafiq inzibati orqana şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən maraqlı şəxs tərəfindən vəsatət müvafiq inzibati orqana bu Qanunun 29.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yazılı formada təqdim olunur. Qanunvericiliyin yuxarıdakı maddələrinə istinad edən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən cavabdeh inzibati orqana edilən müraciət ona Azərbaycan Dövlət Texnologiya Universitetinin müvafiq ixtisas üzrə tam kursu bitirməsi barədə diplom verilməsi ilə bağlı olmuş, cavabdeh inzibati orqan bu tələbin təmin olunmasından imtina etmişdir. İddiaçı ona Bakı İslam Universitetinin müvafiq ixtisas üzrə tam kursu bitirməsi barədə diplom verilməsi üçün dövlət nümunəli diplom blankının həmin təhsil müəssisəsinə göndərilməsi barədə tələblə inzibati orqana müraciət etməmiş, inzibati orqan tərəfindən onun tələbinin təmin olunmasından imtina edilməsi və ya müraciətinə cavab verilməməsi barədə hər hansı sübutu iş materiallarına əlavə etməmiş, yalnız məhkəmə baxışı zamanı qeyd edilən tələbi irəli sürmüş, bununla da öhdəliyin icrası haqqında iddia tələbləri ilə bağlı iddianın mümkünlük şərtlərinə riayət etməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Azərbaycan Respublikası İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı 2007-2012-ci illərdə təhsil aldığı Bakı İslam Universitetinin müvafiq ixtisas üzrə tam kursu bitirməyi barədə diplom verilməsi üçün dövlət nümunəli diplom blankının həmin təhsil müəssisəsinə göndərilməsi barədə ilkin müraciət olmadığına görə apellyasiya şikayəti qismən təmin edilməli, 02 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-705/2019 saylı, 24 may 2019-cu il tarixli qərarı ləğv edilərək iddia tələbi mümkün hesab edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə 02 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-705/2019 saylı, 24 may 2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Texnologiya Universiteti) «dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsi» tələbinə dair iddiası mümkün hesab edilməsin. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar