Məhkəmə qərarları › İş №2-1(103)-1382/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1382/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1382/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X6,cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı kompensasiya məbləğinin ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5602/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı cavabdeh tərəfindən ona ayrılmış kompensasiyanın bərpa edilməsi və 2020-ci ilin yanvar ayından məhkəmə qərarı qəbul edilən günə qədər dayandırılmış hissənin hesablanaraq arada olan fərqin cavabdeh tərəfindən ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5602/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırımışıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili S.İsmayılov izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Rzayev izahat verərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla, iddia tələbinin təmin olunması haqqında yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan Bakı şəhəri Cavabdeh başçısının 56 nömrəli, xx.xx.2013-cü il tarixli “İddiaçı güzəştli mənzil uçotuna qəbul edilməsi haqqında” sərəncamından görünür ki, İddiaçı 3 nəfər ailə tərkibi ilə Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 5-də yerləşən 5 saylı evdə, başqasına məxsus olan mənzidlə qeydiyyatdadır. Lakin, ailəsi ilə birlikdə MN-nin “Ulduz” yataqxanasında yaşayır. O, Rayon İcra Hakimiyyətinə müraciətində uzun müddət orduda zabit olaraq qulluq etdiyini, hazırda isə ehtiyata buraxılıraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində hərbi qeydiyyatda olduğunu bildirərək, gələcəkdə yaşayış şəraitinin yaxşılaşdırılması üçün ona verilmiş imtiyazları nəzərə alıb, 3 nəfər ailə tərkibi ilə (özü, h/yoldaşı, oğlu) güzəştli mənzil növbəsinə qəbul olunması üçün sərəncam verilməsini xahiş edir. İddiaçı bu barədə müvafiq sənədləri təqdim etmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı yaşayış yeri üzrə 3 nəfər ailə tərkibi ilə (özü, h/yoldaşı, oğlu) güzəştli əsaslarla mənzil uçotuna götürülmüş və ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cu il tarixli “Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqavilənin (kirayə müqaviləsinin) surətindən görünür ki, X1 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 16 kv.m olan, 1 otaqlı mənzili İddiaçı kirayəyə vermişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********43 nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X7 adına Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. İşdə olan məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli, 56 nömrəli sərəncamı və onun verilməsinə əsas olmuş sənədlərin surətindən müəyyən edilmişdir ki, həmin sərəncamın verilməsinə əsas olmuş sənədlər İddiaçı ərizəsi, ailə üzvlərinin və özünün şəxsiyyət vəsiqəsinin surəti, “Müharibə veteranı” vəsiqəsi, 60 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş Forma 2 arayışı, Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsi tərəfindən verilmiş “yaşayış sahəsi ilə təmin olunmama haqqında” arayış, İddiaçı hərbi bileti olmuşdur. Bundan əlavə, həmin materiallarda İddiaçı adına Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumatın olmaması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli və xx.xx.2019-cu il tarixli arayışlar, eləcə də, Bakı şəhər Yasamal Bələdiyyəsi tərəfindən İddiaçı Yasamal Bələdiyyəsindən torpaq sahəsi almaması barədə xx.xx.2017-ci il tarixli arayış mövcuddur. İşdə olan birinci instansiya məhkəməsinin sorğusuna əsasən cavabdeh tərəfindən 1415/d nömrəli, 12 iyul 2021-ci il tarixli məktubla təqdim edilmiş məlumatdan görünür ki, Cavabdeh başçısının 56 nömrəli, 25 fevral 2013-cü il tarixli sərəncamı ilə İddiaçı yaşayış yeri üzrə 3 nəfər ailə tərkibi ilə (özü, h/yoldaşı və oğlu) güzəştli əsaslarla mənzil uçotuna götürülmüş və ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilmişdir. İddiaçı həyat yoldaşının adına mənzil olması ehtimalı olduğundan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən özünün və ailə üzvlərinin adına əmlak və torpaq sahəsinin olmaması barədə arayışları təqdim etmədiyindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.4-cü maddəsinə və yuxarıda qeyd olunanlara əsasən İddiaçına güzəştli əsaslarla mənzillə təmin edilənədək mənzil kirayə haqqının ödənilməsi müvəqqəti dayandırılmışdır. Qeyd olunan arayışlar təqdim edildikdən sonra kirayə haqqı ödəniləcəkdir. İşdə olan birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********80 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla təqdim edilmiş məlumatdan görünür ki, İddiaçı və X7 adlarına respublika ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İşdə olan məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********97 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla təqdim edilmiş məlumatdan görünür ki, X5 adına Xaçmaz rayonu, Cəfər Cabbarı küçəsi, 1-ci dalan, 5 nömrəli fərdi yaşayış evi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X5 adına respublika üzrə qeydiyyatdan keçmiş digər daşınmaz əmlak aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq Xaçmaz rayonu, Cəfər Cabbarlı küçəsi, 1-ci dalan, 5 nömrəli fərdi yaşayış evinə dair müvafiq sənədlərin surətləri təqdim edilmişdir. Həmin sənədlərdən müəyyən edilmişdir ki, vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2009-cu il tarixdə vəfat etmiş X2 vəsiyyətnamədə göstərilən miras əmlakın (ünvan 2 ünvanında yerləşən, 0.0609 ha torpaq sahəsi) vərəsəsi X8 olmuşdur. Həmin şəhadətnamə əsasında S.Abbasovanın ünvan 2 ünvanında yerləşən, 0.0609 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, buna dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. İşin araşdırılan halı ondan ibarətdir ki, İddiaçı Bakı şəhəri Cavabdeh başçısının 56 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamına əsasən yaşayış yeri üzrə 3 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, oğlu) güzəştli əsaslarla mənzil uçotuna götürülmüş və ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən güzəştli mənzil uçotuna ailə üzvləri ilə birlikdə götürülmüş və mənzil-uçot siyahısına daxil edilmiş iddiaçıdan 2020-ci ilin yanvar ayından arvadının və oğlunun adına hər-hansı bir əmlakın olub-olmaması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən rəsmi arayış təqdim edilməsi tələb olunmuş, arayış təqdim edilmədiyi üçün kirayə pulunun ödənilməsi dayandırılmışdır. İddiaçı kirayə haqqının ödənilməsinin bərpa edilməsi və digər iddia tələbi ilə məhkəməyə müraciət etdiyi üçün cavabdeh tərəfindən iddiaçının və onun ailə üzvlərinin mənzil uçotuna götürülməsi barədə Bakı şəhəri Cavabdeh başçısının 56 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamı ləğv edilməmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə Azərbaycan Respublikası Siahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfındən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyan olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq xidmət hərbi qulluqçularını yerli icra başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi pulsuz torpaq sahəsi ilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar. Azərbaycan Respublikası Silahlı sayının ixtisarı ilə əlaqədar buraxılımış hərbi qulluqçular İisa bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfındən mənzilə və ya bələdiyyələr tərəfındən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyati başçının 56 nömrəli, 25.02.201 3-cü il tarixli S.S. Abasovun güzəştli mənzil uçotuna qəbul edilməsi haqqında" sərəncamından görünür ki, iddiaçı 3 nəfər ailə tərkibi ilə Bakı şəhəri, Yasamal rayonu, O.Hüsenzadə küçəsi, dalan 5-da yerləşən 5 saylı evdə, başqasına məxsus olan mənzildə qeydiyyatdadırlar. Həmin sərəncama əsasən iddiaçı yaşayış yeri üzrə 3 nəfər ailə tərkibi ilə (özü, yoldaşı, oğlu) güzəştli mənzil uçotuna götürülmüş və ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Bakı şəhəri Yasamal rayon İcra Hakiimiyyəti başçısının 56 nömrəli, xx.xx.2013-cü il tarixli S.S. Abasovun güzəştli mənzil uçotuna qəbul edilmasi haqqında" sərəncamı ləğv edilməmiş və hal-hazırda qüvvədədir. Eyni zamanda apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, O, cavabdeh Bakı şəhəri Cavabdeh başçısının 56 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamına əsasən yaşayış yeri üzrə 3 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, oğlu) güzəştli əsaslarla mənzil uçotuna götürülmüş və ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilmişdir. Qəbul edilmiş sərəncama əsasən güzəştli mənzillə təmin edilmədiyi üçün "Hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1-ci bəndinə əsasən iddiaçıya 150 manat və ailə üzvlərimə 50 faiz miqdarında olmaqla 150 manat, cəmi 300 manat hər ay kompensasiya ödənişinə dair qarar qəbul edilmişdir. Sözügedan məbləğ sonuncu dəfə 2020-ci ilin yanvar ayında ödənildikdən sonra ona heç bir xəbərdarlıq edilmədən və bir qanuni əsas olmadan dayandırılmışdır. Bununla bağlı o, cavabdehə müraciət etsə da, heç bir əsaslı səbəb göstərilmədən qanunvericiliyin heç bir normasına istinad edilmədən şifahi cavablar verilmişdir. Belə olan halda kollegiya qeyd edir ki, "Hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1-ci bəndinə əsasən cavabdeh orqan tərəfindən təyin olunmuş kompensasiya ödənşinin dayandırılması mövcud qanunvericiliyə ziddir və cavabdeh orqanın bu qanunsuz hərəkətləri iddiaçının sosial taminat hüquqlarının ciddi pozulması ilə nəticələnmişdir. Başqa sözlə desək, hərbi qulluqçu mənzil uçotuna alınıbsa, ona müvəqqəti mənzil kirayəsi üçün pul kompensasiyası da ödənilməlidir. Kompensasiyanın verilməsi o vaxt dayandırıla bilər ki, şəxs mənzil uçotundan çıxarılsın. Lakin hazırki halda iddiaçı mənzil üçotunda ola-ola, ona kompensasiyanın verilməsi dayandırılmışdır, bu da əsaslı və qanuni hesab edilə bilməz. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, kollegiya apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək iddia tələbinin təmin edilməsinə dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5602/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli, yeni qərar qəbkl edilməklə, iddia tələbi təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5602/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı iddiası təmin edilsin. Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı ayrılmış kompensasiyanın verilməsi bərpa edilsin. Habelə 2020-ci ilin yanvar ayından məhkəmə qərarı qəbul edilən günə qədər ödənilməmiş kompensasiya məbləği cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı ödənilsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar