Məhkəmə qərarları › İş №2-1(103)-1382/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1382/2023

02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1382/2023 02.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədova (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(112)-8812/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 02 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri,Binəqədi rayonu, Binəqədi Qəsəbəsi, 10-cu may küçəsi,496 ünvanında yerləşən 1 mərtəbəli xüsusi mülkiyyətində olan qeyri- yaşayış sahəsinin 2-ci mərtəbəsini tikmək üçün təqdim etdiyi Layhiyə (Memarlıq Planlaşdırma-Bölməsi) cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə təsdiq edilməsi, tikintiyə icazə verilməsi öhdəliyi qoyulması barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür. İddiaçı tələblərini onunla əsaslandırmışlar ki, ünvan 2 ünvanında uzun müddətdir ki, xüsusi mülkiyyətində olan 1 mərtəbəli qeyri- yaşayış sahəsinin 2-ci mərtəbəsini tikmək məqsədilə AR Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq eskiz (Memarlıq- Planlaşdırma Bölməsi) layihəsini təsdiq etdirmək, tikintiyə icazə verilməsi üçün AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edib. Lakin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən ona verilmiş xx.xx.2020-ci il tarixli, xx/xx-1996 saylı cavab məktubunda heç bir əsas göstərmədən 2-ci mərtəbənin layihəsini (memarlıq-planlaşdırma bölməsi) təsdiq etməkdən imtina etmişdir. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi heç bir ciddi əsas olmadan layihəni təsdiq etməkdən qanunsuz olaraq boyun qaçırmaqla mülkiyyət üzərindəki hüquqlarını pozmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Təqdim etdiyi sənədlərə və mülkü qanunvericiliyimizin normalarına əsasən hesab edir ki, uzun müddətdir ki, xüsusi mülkiyyətində olan 1 mərtəbəli qeyriyaşayış sahəsinin 2-ci mərtəbəsinin tikilməsilə bağlı təqdim etdiyi 361,87 kv.m. eksiz layihənin (Memarlıq-Planlaşdırma Bölməsi) təsdiq edilməsi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə həvalə edilməlidir. Qeyd olunduğu kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən seriya RX №********** saylı verilmiş çıxarışa əsasən mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240-cı maddəsində qeyd olunur ki, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Şəhərsalma və Tikinti Məcəlləsinin 23,48, 75,79,80 və digər maddələrinin tələblərinə uyğun olaraq təqdim etdiyi layihəni Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi təsdiq etməliydi. Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(112)-8812/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin (xx.xx.2022-ci il tarixli, 2-1 (112)- 8812/2022 nömrəli qərardadı əsassız olmaqla bərabər işin faktiki hallarına uyğun deyil və tam, obyektiv, hərtərəfli araşdırılmamış, maddı və prosessual hüquq formalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və işə yenidən baxılması məhkəmə icraatına qaytarılmalıdır.Məhkəmənin istinad etdiyi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-411/2022saylı xx.xx.2022-ci il tarixli qərarı məhkəmənin hüquqi mövqeyini özündə ehtiva edir və icrası məcburi xarakter daşımır. Həmin qərara istinad edərək iddianı mümkünsüz saymaq absurddur, süründürməçilikdir və heç bir qanuna əsaslanmır.Məlikəmə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektora Komitəsi yanmda Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə iddianın təmin olıınmasıyla bağlı öhdəlik qoymalı idi. Məhkəməyə yenidən müraciət edilməsinə səbəb olmuş Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin qanunsuz imtinaları Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 411/2022 nömrəli Qərarı üzrə verilmişdir. Çünki Məhkəmənin hüquqi mövqeyinin icrası məcburi xarakterdə olunmayıb. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Beləliklə, məhkəmə qeyd edir ki, qüvvədə olan məhkəmə qərarının icrasının təmin edilməsi iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında həyata keçirilməlidir. Məhkəməyə müraciət Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və X5 Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) məqsədlərinə əsasən hüquqların nəzəri və xəyali deyil, praktik və səmərəli müdafiəsini təmin edir. Odur ki, məhkəmə qərarının tam icra edilməməsi məhkəməyə çatım hüququnun pozulması ilə nəticələ bilər. Belə ki, qüvvədə olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-411/2022 nömrəli üzrə xx.xx.2022-ci il tarixli qərarına əsasən məhkəmənin hazırki qərarda hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin üzərinə İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 3 ünvanında yerləşən 1 mərtəbəli qeyriyaşayış sahəsinin 2-ci mərtəbəsinin tikilməsi üçün təqdim etdiyi Layihənin (Memarlıq- Planlaşdırma Bölməsi) təsdiq edilməsi və tikintiyə icazəverilməsi müraciəti ilə bağlı iddiaçının xeyrinə inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq qərar qəbul edilməsi haqqında öhdəliyin qoyulması qərara alınmışdır. Həmin iş üzrə məhkəmə inzibati orqan tərəfindən inzibati icraatın qüsurlu həyata keçirildiyini müəyyən etdiyindən, məhkəmənin nəticəsi inzibati orqanın məsələyə yenidən baxılmasının cavabdehə həvalə edilməsi deyil, inzibati orqanın üzərinə məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulması ilə bağlı olmuşdur. (İPM 73.2-ci maddəsi) . Lakin həmin məhkəmə qərarının icrası ilə bağlı məlumatın təqdim edilməsi barədə məhkəmənin sorğusuna cavab olaraq məhkəmə qərarının baş idarə tərəfindən icra olunduğu bildirilsə də, qərarda qeyd edildiyi kimi iddiaçının xeyrinə inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq qərar qəbul edilməsi müəyyən edilmir. Odur ki, kollegiya hesab edir ki, iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsi məhkəmə qərarının tam icra olunmaması ilə bağlı tədbirlərin həyata keçirilməsinin təmin edilməsidir. Həmin tədbirlər yeni iddia qaldırmaqla deyil, “məhkəmə prosesi”nin ayrılmaz hissəsi olan məhkəmə qərarının icrası qaydasında həyata keçirilməlidir. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 19 noyabr tarixli, 10 saylı Qərarının 25-ci bəndində nəzərdə tutulmuşdur ki, 25. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir.

26. İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Yuxarıda qeyd edilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddiaçıların hazırki tələbi üzrə iddianın mümkünlük şərtləri ödənilmir. Ona görə iddia mümkün sayılmamalıdır. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, iddiaçıların apellyasiya şikayəti iddia tələbi ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçıların apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(112)-8812/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar