Məhkəmə qərarları › İş №2-1(103)-1382/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1382/2024

08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1382/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası \Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11760/2023 saylı, 07 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin pensiyanın yenidən hesablanması barədə xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Q- 110978/2023 nömrəli qərarının ləğv edilməsi, əmək pensiyası təyin edildikdən sonra pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya 6 il və daha çox işləyərək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi ŞərtlərləTəyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir . İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci ilin mart ayından Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarından ehtiyata buraxılmış, istefada olan polkovnikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.5.1- ci maddəsinə əsasən “Güzəştli şərtlərlə əmək pensiyası" alanlar kateqoriyasına aiddir. 2014-cü ildən bu günə qədər isə müxtəlif mülki vəzifələrdə çalışır və DSMF-ə müntəzəm olaraq əmək haqqından ödənişlər həyata keçirir. 2023-cü ilin əvvəlinə, müraciət tarixinə, “Fərdi şəxsi hesab”ında 23 min manatdan artıq vəsait yığılmışdır. 2006-cı ildən qüvvədə olan “Əmək pensiyaları haqqinda” Azərbaycan Respublikasının Qanununun 37.3.1-ci bəndinə əsasən: “yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmagla hər növbəti 6 ildən bir həyata keçirilmişdir. Göstərilənlərlə əlaqədar olaraq iddiaçı birinci dəfə aprel 2022-ci ildə, ikinci dəfə isə bu ilin aprel ayıda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət edərək, "Əmək pensiyaları haqqinda” Azərbaycan Respublikasının Qanununun 37.3.1-ci maddəsinə əsasən “Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanmış miqdarı”nı nəzərə alaraq “Pensiyanın yenidən hesablanaraq ödənilməsi” xahişi ilə müraciət etmişdir. Hər iki müraciətinə cavab olaraq: “Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyasının 2115,50 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: -əmək pensiyasının sığorta hissəsi - 425,46 manat; -qulluq stajına görə əmək pensiyanıza əlavəniz - 1690,04 manat. “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən “bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır”. ... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25- ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarının təsviri əsaslandırıcı hissəsində də təsbit edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır”. Qeyd olunanları nəzərə alaraq, 1 may 2022-ci il müraciətinizdən sonra, 115840,47 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına bölünərək əmək pensiyası 2115,50 manat olmaqla, tərkibi aşağıdakı kimi olacaqdır: -əmək pensiyasının sığorta hissəsi-574,90 manat; -qulluq stajına görə əmək pensiyanıza əlavəniz - 1540,60 manat. xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Q- 110978/2023 nömrəli məktubunda demək olar ki, iddiaçının mart 2022-ci ilin müraciətimin cavabı təkrar edilmiş və əlavə olaraq müvafiq pensiya kapitalının iddiaçının müraciətinə əsasən istifadə olunduğu göstərilir. Qanunun həm 9.6, həm də 37.3.1-ci maddələrinin müddəalarında pensiyaya çıxmış işləyən əmək pensiyaçılarının pensiyasına əlavənin deyil, məhz əmək pensiyasının yenidən hesablanması nəzərdə tutulmuşdur. Qanunun 37.3.1-ci maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Bu norma imperativ norma olmaqla, pensiyaçıların hansı sahədə pensiya təyin edilməzdən əvvəl işlədiyi sahədə və ya hər hansı digər sahədə işləməsindən asılı olmayaraq pensiya təyin olunan günədək pensiyanın qazanılmış sığorta hissəsinin tam şəkildə ödənilməli olmasını təsbit edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair" 2 fevral 2022-ci il qərarını təkrar nəzərdən keçirən zaman, DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının rəhbərliyinin 37.3.1-ci maddəsinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəlilərin "pensiya kapitalına görə" pensiyalarının yenidən hesablanması üçün imtina kimi əsas gətirdikləri Qərarın təsviriəsaslandırıcı hissəsindəki abzas da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır. "29.2. Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır." Qanunda əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən" ifadəsi yoxdur. "Əmək pensiyaların yenidən hesablanması" şərtləri Qanunun 26-cı maddəsində göstərilmişdir ki, bütün yazılanlar da "hərbi xidmət dövründə qazanılan" pensiya məbləğinin hesablanmasına aiddir. 37.3.1. maddəsinə əsasən pensiyaya çıxdıqdan sonra digər sahələrdə əmək fəaliyyətini davam etdirən pensiyaçılara yox. Bu hal Plenum Qərarının nəticə hissəsində də 2 bənddə öz əksini tapmışdır. Eyni zamanda KMP-nun təsviri əsaslandırıcı hissəsində qeyd edilir ki, "Qeyd edilməlidir ki, Qanunun həm 9.6, həmdə 37.3.1-ci maddələrinin müddəalarında pensiyaya çıxmış işləyən əmək pensiyaçılarının pensiyasına əlavənin deyil, məhz əmək pensiyasının yenidən hesablanması nəzərdə tutulmuşdur İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin xahiş edirəm hissəsində xx.xx.2022-ci il tarixli, **********3 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə qeyd olunan ərizə iddia tələbinin qərarın ləğv edilməsi hissəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********3 nömrəli qərarının ləğv edilməsi kimi dəyişdirilməsi qəbul edilmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11760/2023 saylı, 07 dekabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli, **********3 nömrəli qərarı ləğv edilməsi, İddiaçı əmək pensiyası təyin edildikdən sonra işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya 6 il və daha çox işləyərək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi ŞərtlərləTəyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizədə qeyd edilmişdir ki, İddiaçı əmək pensiyası yenidən hesablanaraq 2968,06 manatdan 3224,47 manata çatdırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə icraata xitam verilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, təqdim olunan ərizə və 3-17-1/3-7- 2184/2024 qərarı iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğu və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin pensiyanın yenidən hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********3 nömrəli qərarının ləğv edilməsi, əmək pensiyası təyin edildikdən sonra pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya 6 il və daha çox işləyərək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar