Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1382/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi ilə, İddiaçı cavabdeh "Təhsildə Keyfiyyət Təminatı Agentliyi" publik hüquqi şəxsinə qarşı Rusiya Federasiyası “Texnologiya Universitetinin № 115018 ******* saylı, 21 fevral 2020-ci il tarixli diplomu üzrə ali təhsilə aid kvalifikasiyasının tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2-1(112)-6287/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Təhsildə Keyfiyyət Təminatı Agentliyi" publik hüquqi şəxsinə qarşı Rusiya Federasiyası “Texnologiya Universitetinin № 115018 ******* saylı, 21 fevral 2020-ci il tarixli diplomu üzrə ali təhsilə aid kvalifikasiyasının tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Rusiya Federasiyası Korolyov şəhərində Texnologiya Universitetinin psixologiya ixtisası üzrə qiyabi magistr təhsilini 21 fevral 2020-ci il tarixdə bitirmiş, diplomu Moskva şəhər Elm və Təhsil Departamenti tərəfindən tanınmışdır. Həmin diplomun tanınması üçün iddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə müraciət etmiş və tələb olunan bütün sənədləri Nazirliyə təqdim etmişdir. Nazirliyin 00021298 saylı, 30 dekabr 2023-cü il tarixli məktubunda ali təhsilin magistratura səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmamasının müəyyən edilməsini qeyd edərək Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “X2 təhsilə aid kvalifıkasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilmişdir. Qeyd olunan məktubun özündə göstərildiyi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramlarının 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi magistratura səviyyəsində ildə 120-160 saat nəzərdə tutulmuşdur. Təhsil aldığı müddətlərdə sessiyalarda iştirak etmək üçün iddiaçı hər il Rusiya Federasiyasına getmiş, bütün tədris müddətində həmin ölkədə olaraq universitetin tədris etdiyi dərslərdə iştirak etmişdir. Belə ki, qeyd olunan diploma əlavədən göründüyü kimi iddiaçı bütün təhsil proqramını ölkənin qanunvericiliyinə uyğun olaraq yerinə yetirməklə başa çatdırmış və həmin əlavə də Moskva şəhər Elm və Təhsil Departamenti tərəfindən apostil edilmişdir. Həmçinin, iddiaçının xarici pasportunda olan Rusiya Federasiyasına giriş-çıxış möhürlərindən də göründüyü kimi xx.xx.2018-2020-ci illərdə həmin ölkənin ərazisində olmuşdur. X2 Təhsil Sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 may 2003-cü il tarixli 64 saylı qərarının 3.6-cı bəndində göstərilir ki, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy: təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin qərarın 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda: təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Beləliklə, göründüyü kimi imtina üçün qanunda nəzərdə tutulan əsasların heç biri mövcud olmadan əsassız olaraq iddiaçının xarici dövlətin ali təhsilə aid kvalifıkasiyasının tanınmasından imtina edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixində “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə birinci instansiyası məhkəməsinə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və bildirmişdir ki, cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: 2017/2018-ci tədris ili üzrə - getməyib, 2018/2019-cu tədris ili üzrə - 7 gün, 2019/2020-ci tədris ili üzrə - 7 gün. Ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2023-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6287/2024 saylı qərarı ilə (hakim S.İ.Salahova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 6287/2024 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı təhsil aldığı müddətlərdə sessiyalarda iştirak etmək üçün hər il Rusiya Federasiyasına getmiş, bütün tədris müddətində həmin ölkədə olaraq universitetin tədris etdiyi dərslərdə iştirak etmiş, qeyd olunan diploma əlavədən də göründüyü kimi bütün təhsil proqramını ölkənin qanunvericiliyinə uyğun olaraq yerinə yetirməklə başa çatdırmış və həmin əlavə də Moskva şəhər Elm və Təhsil Departamenti tərəfindən apostil edilmişdir. Həmçinin, iddiaçının xarici pasportunda olan Rusiya Federasiyasına giriş-çıxış möhürlərindən də göründüyü kimi xx.xx.2018-2020-ci illərdə həmin ölkənin ərazisində olmuşdur. Oxuduğu ali təhsil müəssisəsi tərəfindən verilmiş arayışlarda bütün proqram üzrə təhsildə iştirakı öz təsdiqini tapmış, imtahan vermiş, bilik və bacarığı qiymətləndirilmiş, bununla bağlı diploma əlavə də verilmişdir. Təhsil müddəti ərzində bütün semestrlərdə imtahan sessiyalarında iştirak etmiş, tələbə qrupları ilə birlikdə dövlət imtahan komissiyası qarşısında yekun dövlət imtahanında da iştirak etmişdir. İddiaçı tam dərs yükünü yerinə yetirməklə Rusiyada olduğu müddətdə həmin tapşırıqlar əsasında müəllimlər qarşısında hesabat vermiş və onun biliyi məqbul qiymətləndirilmişdir. Həmçinin, iddiaçı məktəbin dəvəti olmadan həmin məktəbə gedə bilməzdi və konkret olaraq illik dərs yükü məktəb tərəfindən müəyyən olunmuş və bu müddətdə dərsdən qalmamışdır. Cavabdehin ekvivalentlik haqqında Şəhadətnamənin verilməsindən imtina etməsi üçün səbəb ola bilən mənfi rəy yalnız "X2 təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın 3.7-ci bəndində sadalanan hallarda verilə bilər. Cavabdehin istinad etdiyi hal isə həmin bənddə nəzərdə tutulmamışdır. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş "X2 təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın 1.6-cı bəndinin üçüncü abzasında isə deyilir ki, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarını işə şifahi və ya yazılı icraat qaydasında baxılması, şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməyə borcludur. İnzibati Prosessual Məcəllənin 62.2-ci maddəsinə görə, məhkəmə bildirişi şifahi məhkəmə baxışı ilə bağlı iclasın təyin edildiyi tarixə (günə) ən azı 10 gün qalmış proses iştirakçılarına təqdim edilməlidir. Xüsusilə təcili hallarda sədrlik edən hakim həmin müddəti azalda bilər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini nəzərə alaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - İddiaçı 2017-2020-ci illərdə Moskva vilayətinin “Texnologiya Universitet”nin “Psixologiya” ixtisası üzrə magistratura səviyyəsində qiyabi təhsil almış, bu barədə ona 115018 ******* saylı diplom verilmiş, diplom xx.xx.2021-ci il tarixdə Moskva şəhərində Moskva şəhər Elm və Təhsil Nazirliyi tərəfindən apostil edilmişdir - X3 X1-Kosmonavt A.A.Leonov adına Tenoloji Universitetinin xx.xx.2024-cü il tarixli, 01-04-xx-xx/1745 nömrəli arxiv arayışından görünür ki, 2017-ci ildə Moskva vilayətinin "Texnoloji Universiteti" ali təhsil dövlət büdcəli təhsil müəssisəsi (22 sentyabr 2017-ci il tarixli xx-xx/1419 nömrəli qəbul əmri) 37.04.01 “Psixologiya” magistraturasında ali təhsil almaq üçün qiyabi təhsilin 1-ci kursuna qəbul olunub. 2018-ci ildə 37.04.01 “Psixologiya” magistratura hazırlığı istiqamətinin 1-ci kursundan 2-ci kursuna keçirilmişdir (xx.xx.2018-ci il tarixli, xx-xx/1255 nömrəli əmr). 2019-cu ildə 37.04.01 “Psixologiya” magistratura hazırlığı istiqamətinin 2-ci kursundan 3- cü kursuna keçirilmişdir (xx.xx.2019-cu il tarixli, xxxx/1442 nömrəli əmr). - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli, 3-38-2/33-1751/24 nömrəli məktubuna əsasən, iddiaçının 2017-2020-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə məlumatlar İAMAS bazasında aşağıdakı kimi qeydə alınmışdır: xx.xx.2017 Çıxış Türkiyə - xx.xx.2017 Giriş Türkiyə; xx.xx.2017 Çıxış Gürcüstan - xx.xx.2017 Giriş Gürcüstan; xx.xx.2018 Çıxış Türkiyə - xx.xx.2018 Giriş Türkiyə; xx.xx.2018 Çıxış Rusiya - xx.xx.2018 Giriş Rusiya; xx.xx.2019 Çıxış Türkiyə xx.xx.2019 Giriş Türkiyə; xx.xx.2019 Çıxış Türkiyə - xx.xx.2019 Giriş Türkiyə; xx.xx.2019 Çıxış Türkiyə - xx.xx.2019 Giriş Türkiyə; xx.xx.2019 Çıxış Türkiyə - xx.xx.2019 Giriş Türkiyə; xx.xx.2019 Çıxış Almaniya - xx.xx.2019 Giriş Almaniya; xx.xx.2019 Çıxış Rusiya xx.xx.2019 Giriş Rusiya; xx.xx.2020 Çıxış Rusiya -xx.xx.2020 Giriş Rusiya. İddiaçının diplom aldığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “X2 təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarının 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli, 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.5-ci bəndinə müvafiq olaraq, magistratura səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) və qiyabi təhsilalma formaları müəyyən edilir. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən, magistratura səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 1,5-2 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən altı ay artıqdır). Bu müddət ayrı-ayrı ixtisaslaşmaların təhsil proqramları ilə müəyyənləşdirilir. Magistratura səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Həmin Qaydaların 2.10-cu bəndinə müvafiq olaraq, tələbənin auditoriya və auditoriyadankənar (bütün tədris, elmi tədqiqat və elmi-pedaqoji) həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman dərslər 12-16 saat təşkil edir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 120-160 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti 15 sentyabr tarixindən başlanır və tədris planına müvafiq olaraq yekunlaşır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli, 104 nömrəli qərarı ilə təsdiq olunmuş "Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti" nin 1.5-ci bəndinə görə, magistratura səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 1-2 ildir. Qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır. Bu müddət ixtisaslaşmaların təhsil proqramları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.2-ci bəndinə əsasən, Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. Həmin Qaydaların 3.2.3-cü bəndinə müvafiq olaraq, qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Həmin Qaydaların 3.2.4-cü bəndinə görə, ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 5.5-ci bəndinə müvafiq olaraq, ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. Həmin Proqramın 8.7-ci bəndinə əsasən, ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrıayrıixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Birinci instansiyası məhkəməsi həmçinin qərarında qeyd etmişdir ki, iddiaçının cavabdehə müraciət etdiyi dövrdə olan qanunvericilik də mübahisənin həllini onun xeyrinə dəyişmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “X2 təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 1.5-ci bəndinə əsasən, kvalifikasiyanın akademik tanınması – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasında təhsilin növbəti pilləsində (səviyyəsində) təhsilini davam etdirmək hüququnun verilməsi; kvalifikasiyanın peşə tanınması – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən onun əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təqdim edilən təhsil sənədində qeyd edilən müvafiq peşə fəaliyyəti göstərmək hüququnun verilməsi; tanınma şəhadətnaməsi – “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan və elektron formada verilən tanınmaya dair sənəd; tanınma – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin (bundan sonra – X2 təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi. Həmin Qaydaların 4-cü bəndinə müvafiq olaraq, tanınma üzrə ümumi tələblər aşağıdakılardır: müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). İstinad olunan normadan görünür ki, qanunverici ali təhsilə aid kvalifikasiyanın tanınmasını o halda tanıyır ki, şəxs hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olsun və tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsil əldə olunsun. İşin yuxarıda göstərilən hallarından görünür ki, iddiaçı bu tələblərdən heç birini ödəmir. Buna görə də, birinci instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamaldır. Hazırki işin xüsusi halları baxımından iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünün yerinə yetirilmədiyi və bununla Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunmadığı nəticəsinə gəlinir. Belə ki, iddiaçı təhsil aldığı illər ərzində təhsil aldığı ölkəyə 2017/2018-ci tədris ili üzrə - getməmiş, 2018/2019-cu tədris ili üzrə - 7 gün, 2019/2020-ci tədris ili üzrə - 7 gün getmişdir. Göründüyü kimi, iddiaçı təhsil aldığı müddətdə qısa müddət ərzində təhsil aldığı ölkəyə getmiş, birinci il isə ümumiyyətlə getməmişdir. Deməli, o, həmin dövrdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak etməmişdir. Təhsil aldığı ölkədə olma müddətləri iddiaçı tərəfindən mübahisələndirilməmiş, apellyasiya şikayətində isə ona istinad edilmişdir ki, “ ... mən təhsil müddəti ərzində bütün semestrlərdə imtahan sessiyalarında iştirak etmiş, tələbə qrupları ilə birlikdə dövlət imtahan komissiyası qarşısında yekun dövlət imtahanında da iştirak etmişəm.Tam dərs yükünü yerinə yetirməklə Rusiyada oduğum müddətdə həmin tapşırıqlar əsasında müəllimkər qarşısında hesabat vermiş və mənim biliyim məqbul qiymətləndirilmişdir. Mən məktəbin dəvəti olmadan həmin məktəbə gedə bilməzdim və konkret olaraq illik dərs yükü məktəb tərəfindən müəyyən olunmuş və bu müddətdə mənim dərsdən qalmagım halı olmamışdır”. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının faktiki olaraq xarici ölkədə olduğu qısa müddət ərzində magistr pilləsi üzrə proqramın mənimsənilməsi qeyri-mümkündür. Bu müddət həm də Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilin dövlət standartlarına uyğun olmadığı nəticəsini yaradır. Hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi üçün tələb olunan şərtlərin mövcudluğu birinci instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş və düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2-1(112)-6287/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2-1(112)-6287/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-1382/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1382/2025
05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver