Məhkəmə qərarları › İş №2-1(103)-1383/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1383/2022

20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1383/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dayandırılmış pensiyanın bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dayandırılmış pensiyanın bərpa edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5255/20021 saylı 24 noyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 20 aprel 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2174/2017 saylı 16 may 2017-ci il tarixli qərarı ilə İddiaçı 01.10.1995-ci il tarixdən 01.01.2006-cı il tarixinə kim işlədiyi illərin güzəştli iş stajı kimi 2004-2005-ci illərin əmək haqqısı əsasında nəzərə alınmaqla, 17 fevral 2006-cı il tarixdən 52 yaşdan güzştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin DSMF-nin Suraxanı rayon Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-1782/2017 saylı 22 avqust 2017-ci il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasınn 2-1(102)- 2269/2017 saylı 22 noyabr 2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin 26.02.2021-ci il tarixli (iş v.29) məktubunun məzmunundan görünür ki, iddiaçıya təyin edilmiş pensiya sonradan dayandırılmışdır və buna səbəb kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələbləri əsas götürüldüyünə istinad edilmişdir. İddiaçı qeyd edilən halın aydınlaşdırılması məqsədi ilə cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqanın **********4 26 fevral 2021-ci il tarixli “Güzəştli şərtlərlə əmək pensiyasının dayandırılması haqqında” məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərə çatdırılır ki, ona vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılır. Ona əmək pensiyası ödənişinin bərpa edilməsi məsələsinə araşdırmanın nəticəsi barədə müvafiq məlumatlar Mərkəzi Filiala daxil olduqdan sonra baxıla bilər. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Azərdənizneftinşaat” trestində müxtəlif vəzifələrdə işləmiş və 2011-ci ildə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası” almaq üçün Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsi göstərilən əsaslarla pensiya təmin etsə də, məbləğ düzgün hesablanmamış və bu səbəbdən onunla qurum arasında yazışmalar olmuşdur. Nəhayət, Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsi göstərilən əsaslara görə pensiya məbləğini düzgün hesablamadığı üçün o, 2017-ci ildə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmə qərarlarından sonra onun əmək pensiyasının məbləği müəyyən edilmiş və 2020-ci ilin oktyabr ayına qədər mütəmadi olaraq pensiyası ödənilmişdir. Hazırda beş aydır ki, pensiyası ödənilmir. Rəsmi müraciətlərinə cavab olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ona müəyyən edilmiş pensiyanın məhkəmə qərarları əsasında hesablandığını nəzərə almayaraq, ona göndərilmiş 22 dekabr 2020-ci il tarixli **********6 saylı və 26 fevral 2021-ci il tarixli **********4 saylı məktublarında göstərir ki, ona əmək pensiyası təyinatı zamanı əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılır. Mübahisə üç instansiya məhkəməsi tərəfindən araşdırıldığı halda göstərilən məsələnin təkrarən araşdırılması anlaşılmazdır. Bu səbəbdən hesab edir ki, onun işlədiyi və başqa heç bir gəlir mənbəyi olmadığı, yalnız pensiya ilə dolandığı halda pensiyasının dayandırılması qanunsuzdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı iddia tələbinə dair Mərkəzi Filialı tərəfindən həyata keçirilmiş inzibati icraat tədbirləri haqqında aşağıdakılar diqqətə çatdırılır: İddiaçı 11 fevral 2021-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlər bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar bildirirlər ki, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılır. Bildirilir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən açılmış cinayət işi üzrə təqsirləndirilən X7 ofisində və mənzilində aparılmış əməliyyat axtarış tədbirləri zamanı iddiaçıya məxsus saxtalaşdırıldığı ehtimal olunan pensiya hüququ yaradan sənədlər (kağız və ya elektron formada) aşkar edilmiş və adıçəkilən şəxs cinayət məsuliyyətinə cəlb olunmuşdur. Bu səbəbdən də, əmək pensiyası ödənişinin bərpa edilməsi məsələsinə araşdırmanın nəticəsi barədə müvafiq məlumatlar Mərkəzi Filiala daxil olduqdan sonra baxılacaqdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5255/20021 saylı 24 noyabr 2021-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək, İddiaçı 01 noyabr 2020-ci il tarixdən etibarən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006- cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X9 qərarlarını, X9 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Bundan əlavə bildirilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında" Qanunun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən açılmış cinayət işi üzrə təqsirləndirilən X7 ofisində və mənzilində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı iddiaçıya məxsus saxtalaşdırıldığı ehtimal olunan pensiya hüququ yaradan sənədlər (kağız və ya elektron formada) aşkar edilmiş və adıçəkilən şəxs cinayət məsuliyyətinə cəlb olunmuşdur. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı, onun nümayəndəsi və vəkili X8 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 26.02.2021-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə 30.03.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona təyin edilmiş və 2020-ci ilin noyabr ayından ödənilməsi dayandırılmış pensiyanın bərpa edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Buna görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçıya təyin edilmiş əmək pensiyasının cavabdeh qurumun özünün apardığı inzibati icraat çərçivəsində qəbul edilmiş qərar nəticəsində deyil, birbaşa qanuni qüvvəsini almış məhkəmə qərarı ilə təyin edilməsinə, inzibati orqanların apardıqları inzibati icraatda işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılmalı olmasına, cavabdeh inzibati orqanın ehtimal və şühələrinə əsasən deyil, yalnız qanunla nəzərdə tutulmuş hal və qaydada iddiaçıya təyin edilmiş əmək pensiyasını dayandırmalı olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında qeyd olunanlarla razılaşaraq aşağıdakıların da diqqətə çəkilməsini zəruri hesab edir. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2174/2017 saylı 16 may 2017-ci il tarixli qərarından görünür ki, İddiaçı 01.10.1995-ci il tarixdən 01.01.2006-cı il tarixinə kimi işlədiyi illərin güzəştli iş stajı kimi 2004-2005-ci illərin əmək haqqısı əsasında nəzərə alınmaqla 17 fevral 2006-cı il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin DSMF-nin Suraxanı rayon Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin 26.02.2021-ci il tarixli (iş v.29) məktubunun məzmunundan görünür ki, iddiaçıya təyin edilmiş pensiya dayandırılmış və bu zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələbləri əsas götürülmüşdür. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh inzibati orqanın **********6 saylı 27 oktyabr 2021-ci il tarixli “Müvafiq məlumatların təqdim edilməsi haqqında” məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar olaraq, X5 əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinin araşdırılmasına zərurət yarandığından pensiya ödənişi dayandırılmışdır. Araşdırma nəticəsində hər hansı qanunvericiliyə zidd hal aşkar edilməyəcəyi təqdirdə əmək pensiyasının ödənişi bərpa olunacaq, dayandırılma müddətində ödənilməmiş pensiya məbləği adıçəkilən şəxsin müvafiq kart hesabına köçürüləcəkdir. Eyni zamanda, tərəflərindən İddiaçı ünvanlanmış 26.02.2021- ci il tarixli **********4 nömrəli güzəştli şərtlərlə əmək pensiyasının dayandırılması haqqında məktubun təsdiq edilmiş surəti təqdim edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsinin təqdim etdiyi pensiya alt sistemindən çıxarışdan görünür ki, İddiaçı təyin edilmiş pensiyanın ödənişi sonuncu dəfə 15 oktyabr 2020-ci il tarixdə aparılmış və bu tarixdən sonra pensiya ödənişi dayandırılmışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya məhkəmə qərarı ilə 17.02.2006-cı il tarixdən təyin edilmiş pensiyanın dayandırılması cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə pensiyanın dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Belə ki, apellyasiya baxışı zamanı məlum olmuşdur ki, məhkəmə qərarı ilə iddiaçıya 17.02.2006-cı il tarixdə təyin edilmiş pensiyanın dayandırılması barədə ayrıca inzibati akt (qərar) qəbul edilməmiş, sadəcə olaraq təyin olunmuş pensiyanın ödənişi cavabdeh inzibati orqan tərəfindən sonuncu dəfə 15.10.2020-ci il tarixdə aparılmaqla, bundan sonra dayandırılmış və iddiaçıya “pensiya ödənişinin dayandırılması haqqında” 26.02.2021-ci il tarixli məktub (i.v.29) göndərilməklə, “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinə istinad edilmişdir. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya 17.02.2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi- iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola onun icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, bu barədə iddiaçıya 26.02.2021-ci il tarixli məktubla məlumat verməklə kifayətlənmiş, bununla da pensiya təyinatı üzrə ödənişin dayandırılması barədə faktiki xarakterli hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Əlavə olaraq qeyd olunmalıdır ki, cavabdeh orqan 26.02.2021-ci il tarixli “pensiya ödənişinin dayandırılması haqqında” məktubunda iddiaçıya təyin edilmiş pensiyanın dayandırılmasının “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olduğuna istinad etməklə kifayətlənmişdir. Kollegiya onu da qeyd edir ki, iddiaçıya ünvanlanmış “pensiya ödənişinin dayandırılması haqqında” 26.02.2021-ci il tarixli məktub əslində, iddiaçı barəsində qanun çərçivəsində həyata keçirilə bilən inzibati icraatın nəticəsi olaraq qəbul edilmiş inzibati aktla bağlı artıq ödənilmiş pensiya məbləğinin qaytarılması barədə göndərilə biləcək “tələbnamə” qismində çıxış edir, çünki həmin məktub “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulan “inzibati akt” anlayışına və meyarlarına cavab vermir. Bundan başqa, X13 Sistemindən çıxarış məlumatına əsasən iddiaçıya sonuncu dəfə 15.10.2020-ci il tarixdə pensiya məbləğinin ödənişi aparıldığından və 01 noyabr 2020-ci il tarixdən pensiya ödənişi dayandırıldığı halda, bu barədə sözügedən 26.02.2021ci il tarixli məktub bundan 4 aydan çox müddət sonra göndərilmiş, həmin məktubun hansı tarixdə iddiaçıya göndərildiyi kimi hallar da cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 01.11.2020-ci il tarixdən dayandırılmış pensiyasının bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5255/2021 saylı 24 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar