Məhkəmə qərarları › İş №2-1(103)-1384/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1384/2020

05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1384/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı mənzillə təmin edilməsi və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin edilməsi, mənzillə təmin edilənə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılana qədər iddiaçıya 375 manat kompensasiyanın ödənilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2739/2020 saylı qərardadından iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə dair işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddiaçı və övladları X2, X3 mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin edilməsi, xx xxxxxx 2018-ci il tarixdən hesablanmaqla mənzillə təmin edilənə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılana qədər iddiaçıya 375 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı xx.xx.1973-cü il təvəllüdlü X4 xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyində, xx.xx.2002-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Sərhəd Qoşunlarında, 20 ildən artıq müddətdə zabit kimi qüsursuz həqiqi hərbi xidmət keçmişdir. X4 hərbi xidmət zamanı xəstələnərək xx.xx.2018-ci tarixdən 12.06..2018-ci il tarixədək Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının terapiya şöbəsində müalicə almışdır. Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 1136 nömrəli qərarı ilə X4 hərbi xidmətə yararsız hesab edilmiş və xx.xx.2018-ci il tarixdə istefaya buraxılmışdır. O, güzəştli mənzillə təmin olunması üçün səlahiyyətli şəxslərin qəbulunda olmuşdur. Onun səhhətinin getdikcə pisləşməsi, habelə bir sıra amillər üzündən tələb olunan sənədləri toplamaq cox vaxt aparmış və nəticədə X1 cavabdeh inzibati orqana təqdim edə bilmədən xx.xx.2019cu il tarixdə həmin xəstəlikdən vəfat etmişdir. Odur ki, iddiaçı xx.xx.2019-cu il tarixdə Binəqədi rayon İcra Hakimiyyətinə vəfat etmiş hərbi qulluqçuların ailə üzvü kimi mənzillə təmin olunmaları barədə xahiş etmişdir. Binəqədi rayon İcra Hakimiyyəti iddiaçının müraciətinə imtina cavabı vermişdir. Cavabden iddia tələbinə dair yazılı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, qanunvericiliyə əsasən vətəndaşların mənzillə təmin olunmaları üçün ilk şərt yaşayış yeri üzrə qeydiyyatda olduqları rayonun icra hakimiyyətində mənzil növbələrinin olmasıdır. Güzəştli mənzil növbəsinə dayanmaq istəyən şəxsin özünə məxsus olduğu halda o, həmin güzəştli mənzil növbəsinə dayana bilər. İddiaçı iddia ərizəsində mərhum həyat yoldaşının vəfat edərək mənzil növbəsinə götürülməsi ilə bağlı tələb olunan sənədlərin toplanmasının çox vaxt aparması və bir sıra bürokratik amillər səbəbindən təqdim edə bilmədiyini qeyd etmişdir. Qeyd edirlər ki, iddiaçının mərhum həyat yoldaşı X4 vəfat etməmişdən əvvəl Rayon İcra Hakimiyyətinə şifahi qaydada müraciət etmiş və AR Mənzil Məcəlləsinin 51.4-cü maddəsinə əsasən ondan Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən müvafiq sənədlərin təqdim olunması xahiş olunmuşdur. İddiaçı Rayon İcra Hakimiyyətinə etdiyi müraciətlərində mərhum həyat yoldaşına məxsus olmuş imtiyazları ona şamil edərək, mənzil növbəsinə götürülməsinə və mənzillə təmin olunanadək müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İddiaçının həyat yoldaşı vəfat etdiyindən ona məxsus olmuş imtiyazların onun həyat yoldaşına şamil edilməsi qanunvericilikdə nəzərdə tutulmadığından məsələsinin müsbət həlli mümkün olmamışdır. Bundan başqa, iddiaçı iddia ərizəsində Binəqədi Rayonu İcra Hakimiyyətinin üzərinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunması vəzifəsinin qoyulmasını xahiş etmişdir. Bununla bağlı qeyd etmişlər ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, vətəndaşlara hər-hansı bir məqsəd üçün torpaq sahəsinin ayrılması xx xxxxxx 2001-ci il tarixdən bələdiyyələrin səlahiyyətinə verilmişdir. İddiaçıya Rayon İcra Hakimiyyətində qəbulda olarkən bununla bağlı dəfələrlə müvafiq izahatların verilməsinə baxmayaraq, o, məhkəmə qarşısında Rayon İcra Hakimiyyətinin səlahiyyət çərçivəsində olan öhdəliyinin üzərinə qoyulması barədə iddia qaldırmışdır. Hazırkı iddianın qaldırılmasına iddaçının subyektiv hüququ olmadığından iddianın mümkünlüyü məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2739/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı mənzillə təmin edilməsi və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin edilməsi, mənzillə təmin edilənə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılana qədər iddiaçıya 375 manat kompensasiyanın ödənilməsi tələbinə dair iddiası mümkün hesab edilməmişdir. Həmin qərardaddan iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti verib Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2739/2020 saylı qərardadının ləğv edilərək iddianın mümkün hesab edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququnun olmaması barədə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddianın mümkün sayılmasını xahiş etdi. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini və iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İşin faktik hallarından müəyyən edilir ki, iddiaçı onun mənzil növbəsinə götürülməsinə köməklik göstərilməsi barədə xx.xx.2019-cu il tarixdə İ-132/2-068/2 saylı məktubla Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmiş, cavabdeh orqanın xx.xx.2019-cu il tarixli məktubu ilə güzəşt mənzil növbəsinə dayanmaq istəyən şəxsin özünə məxsus olduğu halda onun həmin güzəştlə mənzil növbəsinə dayana biləcəyi əsası ilə müraciətinin təmin olunmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının vəfat etmiş hərbi qulluqçunun ailə üzvləri kimi mənzillə təmin olunmaları predmetli iddia qaldırmağa dair subyektiv hüququn olmadığı qənaətinə glib iddia tələbini qeyri-mümkün hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafıq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfındən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfındən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Həmin maddənin 7-ci hissəsinə görə yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər) Həmin Qanunun 21.5-ci maddəsinə əsasən hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə), onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə mənzil növbəsinə dayanmaq hüququnun olması qanunvericiliyin yuxarıda qeyd olunan normalarında birbaşa göstərilmişdir. Lakin birinci instansiya məhkəməsi qanunveriliyin normalarını və işin hallarını kifayət qədər araşdırmadan onun subyektiv hüququ olmadığı qənaətinə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün qanunauyğun əsaslar mövcud olmuşdur, ona görə də apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)- 2739/2020 saylı qərardadı ləğv edilərək iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90. və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)- 2739/2020 saylı qərardadı ləğv edilsin və inzibati iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar