Məhkəmə qərarları › İş №2-1(103)-1384/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1384/2021

14.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1384/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin direktoru X1 oglunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3378/2021 saylı 02.03.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı “xxxx” MMC-nin direktoru X1 oglu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində X2 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən tətbiq edilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə 1000 manat cərimə növündə inzibati tənbeh vermə haqqında 20.11.2020-ci il tarixli MN № ******* saylı qərarın ləgv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3378/2021 saylı 02.03.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edib yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Qərardad əsassızdır. Belə ki, qərardadda iddianın mümkünsüzlüyü AR İnzibati Xətalar Məcəlləsinin 430.2.3-cü və 431.1.3-cü maddələrinə istinad etmiş, lakin həmin Məcəllədə belə maddələr mövcud deyil. Eyni zamanda. Məhkəmə Azərbaycan Respublikasının inzibati icraat haqqında» Qanunun 3.2.2-ci maddəsinə istinad edir .Əvvəla Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 32.1-ci maddəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün qaldırıla bilər. Məhkəmə kollegyasının iclası barədə xəbərdar edilmiş tərəflər məhkəməyə gəlməməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir (İddiaçı “xxxx” MMC-nin direktoru X1 oglu məhkəmənin qərardadı elan olunarkən məhkəmə iclas zalına daxil olmuş və elanda iştirak etmişdir). İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması, mənası baxımından belə təfsirə malikdir ki, inzibati məhkəməyə verilən istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən və prosessual qanunvericiliyin tələblərinə uyğun qaydalar çərçivəsində, qanunla cavabdehliyi müəyyən edilən inzibati orqana qarşı qaldırılmalı və iddiaçı (müvafiq sübutları əlavə edilməklə) qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılsın. Əks təqdirdə, məhkəmə İPM-in 35.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarır. Konkret halda isə iddiaçının hazırkı iddia tələbinin məhkəmə icraatını mümkün edən əsaslar müəyyən olunmur. Belə ki, cavabdeh inzibati orqan X2 Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçı “xxxx” MMC-nin direktoru X1 oglu barəsində AR İXM-in 192.4-cü maddəsi ilə inzibati xətaya dair protokol tərtib olunmuş və həmin protokol əsasında İdarənin 20.11.2020-ci il tarixli MN ******* saylı qərarı ilə iddiaçı 1000 manat cərimə növündə tənbeh olunmuşdur. İddiaçı hal-hazırda həmin qərarın inzibati məhkəmə icraatı qaydasında ləğv edilməsini tələb edir. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir Qeyd olunan prosessual hüquq normasının mənasından göründüyü kimi, qanunla başqa aidiyyət qaydası müəyyən olunduğu təqdirdə, bu həbildən olan mübahisələrə inzibati məhkəmə icratı qaydasında baxılması istisna olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 3.2.2-ci maddəsi isə nzərədə tutur ki, bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Qeyd olunan maddi hüquq normasının müəyyən etdiyi imperativ qaydadan isə göründüyü kimi, “İnzibati icraat haqqında” qanunvericilik inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Birinci instansiya məhkəməsinin qərardadından da məhz görünür ki, məhkəmə haqlı olaraq inzibati xəta haqqında qərarlardan şikayətə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinin ödənilmədiyini qeyd edərək iddianı mümkünsüz saymamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi gəldiyi həmin nəticə ilə razılaşaraq hesab edir ki, işdə olan sübutlara və prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərardadın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3378/2021 saylı 02.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 87, 89, 90 və 94-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3378/2021 saylı 02.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar