Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1384/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, iddiaçı X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7600/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona ona 65 yaşının tamam olduğu, xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1). İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 29 aprel 2021-ci il tarixli cavab məktubu ilə imtina edərək bildirmişdir ki, iddiaçının 21 dekabr 1971-ci il tarixində tərtib olunmuş əmək kitabçasına əsasən 01 yanvar 2006-cı il tarixinədək onun sığorta stajı 17 il hesablanmışdır ki, bu da, əmək pensiyasının təyin olunması üçün qanunla nəzərdə tutulmuş 25 il müddətindən azdır.İddiaçı hesab edir ki, imtina qanunsuzdur. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının Qanunun 7-ci maddəsində tələb olunan 25 il sığorta stajı və 28800 manat pensiya kapitalı, eləcə də, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yoxdur. Bu səbəbdən, vətəndaşa yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7600/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı 65 yaşından, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, «…məhkəmə hüququn tətbiqində və təfsirində səhvə yol vermiş, qanunvericiliklə nəzərdə tutulan normaları düzgün tətbiq etməmiş, düzgün olmayan qərar qəbul etmişdir. Belə ki, xx.xx.1971-ci il tarixli əmək kitabçasının, ******* nömrəli hərbi biletin və 287815 nömrəli peşə-texniki təhsil attestatının surətindən görünür ki, onun xx.xx.2006-cı il tarixədək 17 il sığorta stajı və müvafiq olaraq hüququnun yarandığı tarixədək indeksləsdirilməklə 12 955,19 manat pensiya kapitalı vardır. Sosial Ödənişlərin Təyinatı üzrə X4 daxili nəzarət və monitorinq departamentinin Monitorinq və araşdırma şöbəsinin xidməti yoxlaması nəticəsində tərtib edilmiş Azərbaycan Respublikası Nəqliyyat, Rabitə yə Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2021-ci il tarixli Aktından görünür ki, vətəndaşın xx.xx.1989-cu il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi dövrlər üzrə sənədlər aşkar edilməmişdir (arxiv sənədi qoşmaya əlavə edilir). Bu səbəbdən həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Məhkəmə qərarda müəyyən etmişdir ki, "xxxx" ASC tərəfindən verilmiş iddiaçıya məxsus 125 nömrəli şəxsi vərəqədən görünür ki, Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli sərəncamına əsasən müəssisənin adı dəyişərək "xxxx" ASC olmuşdur. O, xx.xx.1989-cu il tarixdə sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.1998-ci il tarixdən 27 nömrəli, xx.xx.1998-ci il tarixli əmrlə işdən azad edilmişdir. Halbuki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 125 nömrəli şəxsi vərəqədə iddiaçının qeyd olunan illərdə işə daxilolma və işdən azad olması barədə hər hansı bir qeyd yoxdur. İddiaçının «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsi ilə tələb olunan 25 il sığorta stajı və 28800 manat pensiya kapitalı, eləcə də, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yoxdur. Bu səbəbdən ona pensiya təyin edilməsi mümkün hesab edilmir...» Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Əfəndiyev apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı hərbi biletinin və təhsilinə dair attestatın surətini məhkəməyə təqdim edərək əmək kitabçasına əsasən iş stajı və hərbi xidmət dövrü də nəzərə alınmaqla onun 25 ildən çox stajı olduğunu qeyd edərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmasından imtina etməsi tamamilə əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının işə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətinə (Suraxanı RPİ xx.xx.2009; №0*******) əsasən xx.xx.1956-cı ildə doğulmuşdur. Belə olan halda onun xx.xx.2021-ci il tarixində Qanunun qeyd olunan 7-ci maddəsinin nəzərdə tutduğu birinci şərti ödənilir, yəni onun 65 yaşı tamam olur. Onun Qanunun həmin normasınında digər şərtində nəzərdə tutulan 25 il sığorta stajının mövcudluğu da iş materiallarına əsasən öz təsdiqini tapır. Belə ki, həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçının cavabdehə müraciət etdiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” na əsasən: 3.1.Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Eyni zamanda, iddiaçının əmək fəaliyətinin 2006-cı ilə qədər olan dövrə təsadüf etdiyi nəzərə alındıqda, həmin vaxt qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinin 1-ci hissəsində nəzərdə tutulurdu ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. İddiaçının hazırkı mərhələdə məhkəməyə təqdim etdiyi hərbi biletinin (№ ********) və 21.Xİİ.1971-ci il tarixdə doldurulmasına başlanılmış əmək kitabçasının surətinə əsasən aşağıdakı kimi sosial sığorta stajı müəyyən olunur: xx.xx.1971 - xx.xx.1974 Tibbi təsərrüfatda baxıcı, çilingər-maşınıst ( 3 il 15 gün); xx.xx.1974--xx.xx.1974 trestdə (A/B-84 «Armpromstroy») sürücü (1 ay 24 gün); xx.xx.1974-xx.xx.1976 həqiqi hərbi xidmət (2 il 10 gün); xx.xx.1977 - xx.xx.1977 syunin quşçuluq fabrikində sürücü (4 ay 12gün); xx.xx.1977-xx.xx.1977 Partiya №104 sürücü (3 ay 16 gün); xx.xx.1977-xx.xx.1983 Kafanda təsərrüfatda sürücü (5 il 7 ay 8 gün); xx.xx.1983-xx.xx.1983 Kafan «DRSU» çilingər, sürücü (2 ay ); xx.xx.1983-xx.xx.1985 «APO Armenjijqaz sürücü (2 il 1 gün); xx.xx.1985-xx.xx.1986 ATP qaz təsərrüfatında sürücü (5 ay 1 gün ); xx.xx.1986-xx.xx.1988 «Armenjijqaz» İB sürücü (0 2 il 10 ay 28 gün); xx.xx.1989-xx.xx.1989 AATP №6 sürücü (2 ay 12 gün ) xx.xx.1989-xx.xx.1998 Bakı İstehsalat Avtotresti. Avtokalon № 2701 Həmin müəssisənin adı AR Dövlət Əmləak Komitəsinin 423 saylı xx.xx.1997-ci il tarixli sərəncamına əsasən dəyişdirilərək "xxxx" Səhmdar Cəmiyyəti olmuşdur (9 il 3 ay 13 gün ) xx.xx.1999- xx.xx.1999 «Dərnəgül» firması sürücü-operator (7 ay) Beləliklə də iddiaçının qeyd olunan iş stajı ümumiləşdirildikdə 27 il 6 gün sığorta stajı toplanır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi dövrün, müvafiq arxiv materialları aşkar olunmadığına istinadən, sığorta stajı kimi nəzərə alınmasının mümkünsüz olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır. Belə ki, birincisi, iddiaçının çalışdığı həmin müəssisənin sənədlərinin arxivə təhvil verilməməsi iddiaçının hüquqlarını məhdudlaşdıra öilməz. İkincisi, iddiaçının əmək kitabçasının sözügedən qeydləri işə əlavə olunmuş "xxxx" ASC tərəfindən verilmiş iddiaçının adına doldurulimuş 125 nömrəli şəxsi vərəqəsinin təsbit olunan qeydləri ilə də öz təsdiqini tapır. O cümlədən həmin vərəqədə, iddiaçı barədə tam məlumatlar təsbit olunmuş, işlədiyi müəssisənin adının dəyişdirilən "xxxx" ASC adı müəssisənin dairəvi möhürü ilə təsdiq olunmuş və ən əsası, iddiaçının 03.04.89-cu il tarixdə həmin müəssisəyə daxil olması, əmək məzuniyyətində olduğu tarixlər, nəhayət xx.xx.1998-ci il tarixində işdən azad olunması barədə qeydlər öz əksini tapmışdır. Üçüncüsü, əmək kitabçasının sözügedən qeydlərində də iddiaçının həmin müəssisəyə işə daxil olduğu və işdən azad olunduğu tarixlərin tam rekvizitləri, müəssisənin adındakı dəyişiklik təsbit olunmuş, məsul şəxsin imzası və müəssisənin möhürü ilə təsdiq olunmuqşdur, qaralama və pozuntular yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi, iddiaçının əmək kitabçası üzrə xx.xx.1989-xx.xx.1998-ci illərdə Bakı İstehsalat Avtotrestinin 2701 №-li Avtomobil dəstəsində, daha sonra, həmin müəssisənin adının dəyişdirildiyi "xxxx" ASC-də çalışdığı dövrün (9 il 3 ay 13 gün ) sığorta satjı kimi nəzərə alınmaması üçün heç bir əsas yoxdur. Həmin dövr iddiaçının sığorta stajı kimi eəzərə alınmalıdır. Belə olan halda isə iddiaçının 25 ildən də çox sığorta stajı mövcud olur . Beləliklə də cavabdehin apellyasiya şikayətinin iddiaçının sığorta stajının 25 ildən az təşkil etdiyini mübahitsələndirən dəlilərinin əsassız olduğu sübuta yetirilir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh iddiaçıya yaşa görə pensiya ttəyin olunmasından imtina etməklə onun qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası qeyd olunanları ümumiləşdirərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi mahiyyəti üzrə düzgün nəticədir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin məhkəmə tərəfindən hüququn tətbiqində səhvə yol verildiyini və düzgün olmayan qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7600/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7600/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1384/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1384/2022
30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver