Məhkəmə qərarları › İş №2-1(103)-1384/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1384/2024

12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1384/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququ haqqında çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2-1(112)-2531/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində “Şabandağ” bağçılıqyoldaşlığı tərəfindən ayrılmış 30 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən bağ sahəsi ayrılmış, yoldaşlığın üzvlüyünə qəbul edilmə barədə üzvlük kitabçası verilmiş, protokoldan çıxarış da təqdim edilməsinə baxmayaraq, həmin sənədlər əsasında cavabdeh çıxarışın verilməsindən qanunsuz və əsassız imtina etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının adı təsərrüfat üzvlərinin siyahısında mövcud olmamış, torpaq sahəsi bağçılıq-yoldaşlığın ayrıc aktından kənar yerləşmiş, ümumi əraziyə dair X5 adına DTXK tərəfindən verilmiş plan və ölçü sənədi (kadastr planı) mövcud olmuşdur. Bu səbəbdən də müraciətin təminindən imtina edilmişdir Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2-1(112)-2531/2023 saylı qərarı ilə (hakim O.Həsənov) iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın tam ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmış, o cümlədən göstərilmişdir ki, iddiaçı 1991-ci ildən "Şabandağ" bağçılıq-bostançılıq cəmiyyətinin üzvü olub və ona Şabandağ sahəsində sahəsi 0,12 ha olan 30 saylı bağ sahəsi ayrılıb. Bu, Bakı şəhər X2 İcraiyyə Komitəsinin 11/546 nömrəli, 07 avqust 1991-ci il tarixli qərarı və bağçılıq cəmiyyətinin xx.xx.1990-cı il tarixli, 10 nömrəli protokolu ilə təsdiq olunur. Birinci instansiya məhkəməyə təqdim edilmiş bağçının üzvlük kitabçası, protokoldan çıxarış, 30 saylı bağ sahəsinin plan-cizgisi, bağçılıq-bostançılıq kollektivinin üzvlərinin ümumi siyahısı və s. iddiaçının həmin bağ sahəsi üzərində hüquqlarının əmələ gəlməsinin əsaslarını təşkil edir. Başqa sözlə, istinad edilən qanunun və Mülki Məcəllənin normalarına əsasən iddiaçının sözügedən bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün hüquqi əsaslar mövcuddur. Mübahisələndirilən qərarda isə iddiaçının sözügedən bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün kifayət edən sənədlərə - üzvlük kitabçası və üzvlərin iclasının protokolundan çıxarışa hər hansı bir münasibət bildirilməyib. Bu isə həmin qərarın qanunsuz və əsassız olduğunu təsdiq edir. Cavabdeh inzibati orqanın 29 mart 2022-ci il tarixli **********96 saylı imtina bildirişində İdarədə mövcud olan arxiv məlumatlarına əsasən təqdim edilmiş bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının aşkar edilmədiyi qeyd edilib. Cavabdeh orqanın məhkəməyə təqdim etdiyi sənədlər 1986-cı ilə aid olmaqla "Qaradağneft" neft qaz çıxarma idarəsinin bağçılıq-yoldaşlıq təsərrüfatına aiddir. İddiaçının üzvü olduğu Şabandağ bağçılıq-yoldaşlıq təsərrüfatına isə torpaq sahəsi Bakı şəhər XDSnin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 11/546 nömrəli qərarı ilə 26 Bakı Komissarı, yəni indiki Ə.Əmirov adına neft qaz çıxarma idarəsinə ayrılıb. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdə isə onun adı bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin sədri Şamil Abbasovun təsdiqlədiyi 83 nəfərlik siyahıda sıra sayı ilə 32-ci yerdə göstərilib. Bu səbəbdən də mübahisləndirilən qərar qanunsuz və əsassızdır və apellyasiya qaydasında ləğv edilməlidir. Bakı İnzibati Məhkəməsi iddianın təmin edilməməsinin səbəblərindən biri kimi mübahisəli torpaq sahəsinin X5 daimi istifadəsinə verilməsinə dair BŞİH başçısının xx.xx.2005-ci il tarixli, 330 nömrəli sərəncamının və onun əsasında verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədinin hər hansı qaydada mübahisələndirilməməsini və hazırda qüvvədə olmasını göstərib. Həmin sərəncama əsasən X5 xx.xx.2005-ci il tarixli, 01/0026 saylı məktubu nəzərə alınaraq, Binəqədi və Qaradağ rayonlarının ərazilərində Xocasən kəndinin şərqində yerləşən Xocasən gölünün ətrafındakı torpaq sahəsi universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün həmin fondun daimi istifadəsinə verilib. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 319656 №-li (xx.xx.2011-ci il tarixdə 23519 nömrə ilə qeydə alınmış) Torpaq sahəsinin plan və ölçüsündən müəyyən olunur ki, BŞİH Başçısının xx.xx.2005-ci il tarixli 330 saylı sərəncamı ilə X7 Binəqədi rayonu Xocasən kəndinin şərq hissəsində yerləşən Xocasən gölünün ətrafında 17276776 kv. metr torpaq sahəsi universitet kampusunun tikintisi üçün daimi istifadəyə ayrılıb. Ancaq hazırkı iş üzrə BŞİH-nin 330 nömrəli sərəncamını aşağıdakı səbəblərdən iddiaçının mübahisələndirmək öhdəliyi yoxdur. Əvvəla, BŞİH-in sərəncamından 14 il əvvəl XDS İK-nin 11/546 nömrəli 07 avqust 1991-ci il tarixli qərarı və bağçılıq cəmiyyətinin xx.xx.1990-cı il tarixli 10 nömrəli protokolu ilə iddiaçı da daxil olmaqla onlarla bağçıya torpaq sahəsi ayrılıb. Həmin qərar və protokol hazırda da qüvvədədir. BŞİH, XDS İK-nin 11/546 nömrəli 07 avqust 1991-ci il tarixli qərarı və bağçılıq cəmiyyətinin xx.xx.1990-cı il tarixli 10 nömrəli protokolunu ləğv etmədən həmin torpaq sahəsini X7 verə bilməzdi. BŞİH bu kobud qanunsuzluğa yol versə də, onun iddiaçının istifadəsinə torpaq sahəsinin verilməsini təmin edən yuxarıda qeyd edilmiş sənədləri ləğv etmədən 330 saylı sərəncamı qəbul etdiyi üçün iddiaçıya 30 saylı bağ sahəsi üzərində istifadə hüququ verən aktlar da eyni zamanda qüvvədə qalıb. "İnzibati icraat haqqında" Qanunun 64.2-ci maddəsində göstərilir ki, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Göründüyü kimi, BŞİH başçısı 330 nömrəli inzibati aktı qanunvericiliyin tələblərini pozaraq qəbul edib. "İnzibati icraat haqqında" Qanunun 2.0.11-ci maddəsinə əsasən, maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt əlverişsiz (yükləyici) inzibati akt sayılır. BŞİH başçısının 330 saylı sərəncamı iddiaçını 30 saylı bağ sahəsi üzərində istifadə hüququndan məhrum etdiyi üçün əlverişsiz inzibati aktdır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.2-ci maddəsinə görə, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qeyd edilən maddədən aydın oldur ki, BŞİH başçısının 330 saylı sərəncamı qanunsuz əlverişsiz inzibati aktdır. Qanunun 67.2-ci maddəsinə görə, qanunsuz inzibati aktı qəbul etmiş inzibati orqanın, subordinasiya baxımından yuxarı inzibati orqanın və yaxud məhkəmənin həmin aktı ləğv etmək səlahiyyəti qeyd edilsə də, bir inzibati aktı qanunsuz hesab etmək yalnız bu instansiyaların səlahiyyətində deyil. Beləcə, digər icra hakimiyyəti orqanı, o cümlədən cavabdeh 1 saylı Bakı Ərazi idarəsi və ya subordinasiya baxımından ondan yuxarı orqanın bir inzibati aktı qeyd edilən instansiyaların qərarı olmadan belə qanunsuz hesab etmək səlahiyyəti var. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilir: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Qeyd edilən müddəalardan göründüyü kimi, yalnız qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanı tərəfindən dövlətə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar dövlət qeydiyyatı üçün əsas hesab olunur. Burada "qanunla müəyyən edilmiş qayda" Konvensiya ilə nəzərdə tutulan anlamda "qanunilik" ilə sinonimdir. Bu səbəbdən yerli icra hakimiyyəti tərəfindən "qanunla müəyyən edilmiş qayda"da qəbul olunmayan inzibati akt dövlət qeydiyyatı üçün əsas ola bilməz. BŞİH-in 330 saylı sərəncamı "qanunla müəyyən edilmiş qayda"da qəbul olunmayan inzibati akt olduğu üçün iddiaçının torpaq sahəsi həmin akt əsasında X5 adına qeydiyyata alına bilməzdi və həmin aktın qanunsuz olub-olmamasına yalnız 67.2-ci maddədə göstərilən instansiyalar deyil, qeydiyyat orqanı özü də qərar verə bilər. Yuxarıdakıları diqqətə alaraq bu qənaətə gəlmək olar ki, iddiaçının BŞİH başçısının 330 şaylı sərəncamını mübahisələndirmək öhdəliyi yoxdur, çünki ona 30 saylı bağ sahəsi üzərində istifadə hüququ vermiş XDS İK-nin 11/546 nömrəli 07 avqust 1991-ci il tarixli qərarı və bağçılıq cəmiyyətinin xx.xx.1990-cı il tarixli 10 nömrəli protokolu BŞİH tərəfindən ləğv edilməyib və hazırda da qüvvədədir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2-1(112)-2531/2023 saylı qərarının ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2-1(112)-2531/2023 saylı qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Bağçının üzvlük kitabçasının və “26 Bakı komissarı” adına neft və qaz çıxarma idarəsinin və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1990-cı il tarixli ümumi iclasının 10 saylı protokolundan çıxarışın surətlərindən görünür ki, İddiaçı 1991-ci ildən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, ona Lökbatan-Xocəsən yolunun qərbində bağçılıq cəmiyyətinin ümumi sahəsindən 1200 kv. metr olan 30 nömrəli bağ sahəsi ayrılmışdır. Bakı şəhər İH başçısının xx.xx.2005-ci il tarixli, 330 sərəncamından görünür ki, Binəqədi və Qaradağ rayonlarının ərazilərində Xocasən kəndinin şərqində yerləşən Xocasən gölünün ətrafındakı torpaq sahəsinin X5 xx.xx.2005-ci il tarixli, 01/0026 saylı məktubu nəzərə alınaraq universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün həmin Fondun daimi istifadəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 319656 №-li (xx.xx.2011-ci il tarixdə 23519 nömrə ilə qeydə alınmış) Torpaq sahəsinin plan və ölçüsündən müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 330 saylı sərəncamı ilə X7 Binəqədi rayonu Xocasən kəndinin şərq hissəsində yerləşən Xocasən gölünün ətrafında 17276776 kv.m torpaq sahəsi Universitet Kampusunun tikintisi üçün daimi istifadəyə ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir: 1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Mülki Məcəllənin 140.1-ci maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi qanunvericilik daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 66-cı maddəsinə əsasən torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər 1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinə əsasən 1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. ... 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1-ci maddələri). Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Qanunvericiliyin tələbindən göründüyü kimi, bağ sahəsinə hüququn qeydə alınması üçün 2007-ci il mayın 22-dək ya müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqaviləsi, sərəncam və orderdən hər hansı biri, ya da kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış mövcud olmalıdır. İddiaçı qeyd olunan sənədlərdən üzvlük kitabçasını təqdim etsə də, bu sənədlər Qanunun tələblərinə müvafiq olmamışdır. Belə ki, yuxarıda istinad olunan normadan da göründüyü kimi, qanunverici həmin sənədlərin kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olmasını tələb edir. Lakin işdən iddiaçının adı “Şabandağ” bağçılıq yoldaşlığın üzvlərinin siyahısında olması müəyyən edilmir. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 saylı Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmişdir. Həmin Sərəncamın 2.1-ci bəndinə əsasən ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsinin təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələlərin qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən 20 oktyabr 2022-ci il tarixli cavabdan görünür ki, İddiaçı adına Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ bağ massivi, 30 saylı torpaq sahəsinin ayrılmasına dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən 25 may 2023-cü il tarixli cavabdan görünür ki, İddiaçı adına Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ bağ massivi, 30 saylı torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər (üzvlük kitabçası, protokoldan çıxarış və s.), eləcə də “Azneft” İstehsalat Birliyi Ə.C.Əmirov adına neft və qaz çıxarma idarəsinin “Şabandağ” bağçılıq-bostançılıq kollektivi üzvlərinin siyahısı İdarənin arxivində aşkar edilməmişdir. İddiaçı məhkəməyə 26 Bakı Komissarı adına Neft-qazçıxarma İdarəsinin, yəni indiki “Azneft” İstehsalat Birliyi Ə.C.Əmirov adına neft və qaz çıxarma idarəsinin Qaradağ rayonu Şabandağ sahəsindəki bağçılıq yoldaşlıq cəmiyyətinin üzvü olan işçilərinin siyahısını təqdim etməmişdir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin sərgilədiyi mövqe ilə razılaşaraq qeyd edir ki, iddiaçının adı kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına daxil edilmədiyindən onun təqdim etdiyi üzvlük kitabçası qanunvericiliyin tələblərinə cavab verən sənəd kimi qəbul edilə və həmin sənədə əsasən onun iddiası təmin edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Bundan başqa işdən görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 2005-ci il tarixli 330 nömrəli Sərəncamı ilə ayrılmış və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən adına X8 kitabında 12 yanvar 2011-ci il tarixdə 23519 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr nömrəsi **********00058) tərtib olunmuş X7 məxsus (universitet kampusu tikintisi üçün) torpaq sahəsi ilə üst-üstə düşür. Bu hal işdə olan ortofoto görüntüləri ilə də öz təsdiqini tapır. Həmçinin, mübahisəli torpaq sahəsinin X5 daimi istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 2005-ci il tarixli 330 nömrəli sərəncamı, eləcə də onun əsasında verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2-1(112)-2531/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar