Məhkəmə qərarları › İş №2-1(103)-1385/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1385/2020

11.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1385/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Valeh Məmməd oğlu Ağayevin sədrliyi ilə (məruzəçi); Şirinov İkram Sabir oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə; İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh2nə qarşı (üçüncü şəxs: Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi) “iddiaçının mülkiyyətində olan torpaq sahəsindən xüsusi zibil konsturksiyalarının çıxarılması və s.” tələblərinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2961/2020 saylı qərardadından iddiaçı tərəfındən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasmda məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh2nə qarşı (3-cü şəxs 51 saylı Mənzil Kommunal İstismar Sahəsi) qarşıiddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon qəsəbəsi, H.B.Əliyev küçəsi, 8 ünvanda yerləşən torpaq sahəsindən xüsusi zibil konstruksiyalarının çıxarılması, aparılmış tikintinin qanunsuz hesab edilməsi və ərazinin abadlaşdırılaraq əvvəlki vəziyyətinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsinə dair tələb irəli sürmüşlər. İddiaçı tərəfindən sonradan məhkəmənin dəftərxanası vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim olunaraq iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon qəsəbəsi, H.B.Əliyev küçəsi, 8 ünvanda yerləşən torpaq sahəsindən xüsusi zibil konstruksiyalarının çıxarılması, aparılmış tikintinin qanunsuz hesab edilməsi və ərazinin abadlaşdırılaraq əvvəlki vəziyyətinə qaytarılmasına dair struktur bölməsi olan Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə müvafiq göstəriş verilməsi öhdəliyinin və qanunsuz hərəkətlərdən çəkindirmək vəzifəsinin Cavabdeh2 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2961/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2961/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, hazırki iddia tələbi üzrə iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon qəsəbəsi, H.B.Əliyev küçəsi, 8 ünvanda yerləşən torpaq sahəsindən xüsusi zibil konstruksiyalarının çıxarılması, aparılmış tikintinin qanunsuz hesab edilməsi və ərazinin abadlaşdırılaraq əvvəlki vəziyyətinə qaytarılmasına dair struktur bölməsi olan Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə müvafiq göstəriş verilməsi öhdəliyinin və qanunsuz hərəkətlərdən çəkindirmək vəzifəsinin Cavabdeh2 üzərinə qoyulmasını tələb etməkdədir. İddiaçı mülkiyyətində olduğunu hesab etdiyi Bakı şəhəri, Nəsimi rayonu, 2ci mikrorayon qəsəbəsi, H.B.Əliyev küçəsi, 8 ünvanda yerləşən torpaq sahəsindən xüsusi zibil konstruksiyalarının çıxarılması, aparılmış tikintinin qanunsuz hesab edilməsi və ərazinin abadlaşdırılaraq əvvəlki vəziyyətinə qaytarılmasının əsası kimi ona ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair verilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 247 saylı reyestr kitabının 17188-ci səhifəsində 30/817 nömrəsi ilə qeydə alınan xx xxxx 2005-ci il tarixli 037169 saylı Qeydiyyat Vəsiqəsinə istinad edir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 247 saylı reyestr kitabının 17188-ci səhifəsində 30/817 nömrəsi ilə qeydə alınan xx xxxx 2005-ci il tarixli 037169 saylı Qeydiyyat Vəsiqəsi iddiaçının mübahisələndirdiyi Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon qəsəbəsi, H.B.Əliyev küçəsi, 8 ünvanda yerləşən torpaq sahəsinə deyil, 19 nömrəli ünvana verilmişdir. İşin araşdırılan halları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisələndirilən sahəyə iddianın əsasını təşkil edən hər hansı hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə daşınmaz əmlak – üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir. Həmin Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Məhkəmə işi araşdıraraq müəyyən etmişdir ki, İddiaçı nə inzibati icraat çərçivəsində, nə də hazırkı inzibati məhkəmə icraatında onun Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon qəsəbəsi, H.B.Əliyev küçəsi, 8 ünvanda yerləşən xüsusi zibil konstruksiyaların quraşdırıldığı torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi təqdim etmədiyindən, habelə bu qəbildən olan sənədlərin hər hansı mənbədə mövcudluğu barədə bildirmədiyindən, onun həmin əmlak üzərində tələb etdiyi müvafiq hərəkətlərin edilməsi ilə bağlı subyektiv hüququ yoxdur. Odur ki, bu halda hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. İş materiallarında olan Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(0906)- 2870/2020 saylı xx xxxx 2020-ci il tarixli Qərardadından müəyyən edilir ki, İddiaçı cavabdeh Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə, 51 saylı Mənzil Kommunal İstismar İdarəsinə qarşı torpaq sahəsindən xüsusi zibil konstruksiyalarının çıxarılması barədə iddia tələbi ilə Nəsimi rayon məhkəməsinə müraciət edərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon qəsəbəsi, H.B.Əliyev küçəsi, 08 ünvanda yerləşən torpaq sahəsi üzərində hər hansı bir tikinti və yenidənqurma işlərinin aparılmasına, avadanlıqların yerləşdirilməsinə qadağa qoyulmasını xahiş etmiş, məhkəmənin yuxarıda qeyd olunan qərardadı ilə iddiaçının ərizəsi təmin edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cavabdeh2 inzibati orqan deyildir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş idida müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayyət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2961/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Valeh Ağayev Hakimlər İkram Şirinov Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar