Məhkəmə qərarları › İş №2-1(103)-1385/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1385/2021

22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1385/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Firmasının (VÖEN **********, hüquqi ünvanı-AZ1049, ünvan 1çi-X3, dövlət qeydiyyatına alındığı tarix-08.02.1996-cı il) cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “kompensasiyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli, 2-1(112)-4592/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Firması 18.05.2020-ci il tarixdə cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının istifadəsində olan 0,133 ha. torpaq sahəsinin dövlət ehtiyacı üçün alınmasına görə onun bazar dəyəri olan 1.330 000 (bir milyon üç yüz otuz min) manatın, ona 20% həcmində əlavə kompensasiya olan 266.000 (iki yüz altmış altı min) manatın, cəmi 1.596.000 (bir milyon beş yüz doxsan altı min) manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 22 aprel 1996-cı il tarixli, 495 saylı sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi ilə Xəzər dənizinin sahil zolağının kəsişdiyi ərazidə yerləşən 0,133 ha torpaq sahəsi İddiaçı Firmasına ayrılıb. İddiaçı qeyd edilən sərəncama və Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin tərtib etdiyi 6/156 nömrəli 9906 saylı İnşaat Pasportunun əsasında ona ayrılmış ərazidə 667,5 kv.m qeyri-yaşayış sahəsı inşa edib və orada 17 ildən çox müddətdə fəaliyyət göstərib. 2013-cü ilin yay aylarında iddiaçıya məxsus qeyri-yaşayış sahəsi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən sökülüb, cavabdeh söküntü işlərinin Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008- 2013- cü illər üçün əlavə Tədbirlər Planının və 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası qismində dövlət ehtiyacları üçün aparıldığını, iddiaçıya bununla bağlı kompensasiya ödəniləcəyini bildirib. Torpaq sahəsi iddiaçının qanuni istifadəsində, onun üzərində inşa etdiyi qeyri-yaşayış sahəsi isə iddiaçının sahibliyində və istifadəsində olub. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 64 və 65-ci və başqa maddələrində əmlakın dövlət ehtiyacı üçün alınması zamanı ümumi istifadədə olan əmlaka görə də kompensasiyanın ödənilməsi nəzərdə tutulduğundan iddiaçıya həm torpaq sahəsinə, həm qeyri-yaşayış sahəsinə görə kompensasiya, həm də Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli Fərmanına əsasən həmin məbləğlərin 20 faizi həcmində əlavə kompensasiya ödənilməli idi. İddiaçının istifadəsində olan 0.133 ha torpaq sahəsi və onun üzərində inşa etdiyi 667,5 kv.m qeyri-yaşayış sahəsi dövlət ehtiyacları üçün alınsa da, iddiaçıya heç bir kompensasiyanın ödənilməməsi nəticəsində onun mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Bakı İnzibati Məhkəməsinin 13 iyul 2020-ci il tarixli, 2-1(112)-4592/2020 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli, 2-1(112)-4592/2020 nömrəli qərardadı ilə (hakim M.Qarayeva) iddia mümkün sayılmamışdır. 01.04.2021-ci il tarixdə iddiaçı qərardaddan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli, 2-1(112)-4592/2020 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, “Yuxarıda qeyd edilmiş məhkəmə qərarlarının (iş materiallarına əlavə edilmişdir) mətnindən göründüyü kimi müvafiq məhkəmə instansiyalarında araşdırma, həm iddiaçının mübahisə açdığı Bakı şəhər İcra Hakimiyyəti başçısının 495 saylı, 22.04.1996-cı il tarixli sərəncamı ilə ayrılmış Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi ilə Xəzər dənizinin sahil zolağının kəsişdiyi ərazidə yerləşən torpaq sahəsinə, həm də, həmin torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinə münasibətdə iddiaçının əmlak hüquqlarının olub olmamasının müəyyən edilməsi istiqamətində aparılmışdır. Hazırkı işdən isə görünür ki, iddiaçı onun istifadəsində olan müvafiq torpaq sahəsinə dair kompensiyasiyanın ödənilməsi ilə əlaqədar ayrılıqda iddia vermişdir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı 31 mart 2016-cı il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçıya ünvan 2 ünvanında olan 667,5 kv.m tikilisi olan qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar bazar qiymətinə uyğun olaraq hesablanmış 667.500 manat məbləğində kompensasiyanın, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış 667.500 manat bazar qiymətinin 20 %-i miqdarında satınalma qiymətinə əlavə haqqın, 01.09.2013-cü il tarixdən başlayaraq qəbul ediləcək qətnamə qanuni qüvvəyə minən tarixə qədər 667.500 manat məbləğində pul vəsaitinin hər ay 10 faiz hesablanmaqla 66.750 manat məbləğində adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirlərin (əldən çıxmış fayda), manatın devalvasiyaya uğraması nəticəsində 667.500 manat məbləğində pul vəsaitinin 100 %-i məbləğində pul vəsaitinin, yəni həmin pul vəsaitinin iki mislinin, 10.000 manat məbləğində vurulmuş mənəvi zərərin əvəzinin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq iddiaçılara ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(82)-1601/2016 saylı iş) 18 oktyabr 2016-cı il tarixli qərarı ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X7-məruzəçi, X9 və Tağızadə Mirzə Nəsib oğlu, 2-1(103)- 477/2020 saylı iş) 4 avqust 2020-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 16.12.2020-ci il tarixli, 2-1(102)- 2291/2020 saylı qərarı ilə (hakimlər R.Nəbizadə, Z.Quliyev, İ.Şəfiyev) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 477/2020 saylı, 4 avqust 2020-ci tarixli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qeyd edilən iş üzrə iddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar kompensasiyanın ödənilməsini cavabdeh inzibati orqandan xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddia tələbi iddiaçının istifadəsində olan 0,133 ha. torpaq sahəsinin dövlət ehtiyacı üçün alınmasına görə kompensasiyanın ödənilməsindən ibarətdir. Göründüyü kimi qeyd edilən hər iki işdə İddiaçı Firması cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətindən kompensasiya ödənilməsini tələb etsə də, bu kompensasiyaların ödənilməsi əsasları (torpaq sahəsinə görə və qeyri-yaşayış sahəsinin sökülməsinə görə) fərqli olmuşdur. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, İddiaçı Firması tərəfindən verilmiş iddia ərizəsi müəssisəsinin blankında tərtib edilməmiş və ərizəyə müəssisəsinin möhürü vurulmamışdır. Həmçinin iddia ərizəsi İddiaçı Firmasının direktoru və təsisçisi kimi göstərilməklə X5 tərəfindən imzalanmışdır. Eyni zamanda X5 tərəfindən Vəkil 09.09.2020ci il tarixli etibarnamə ( 09.09.2025-ci il tarixədək qüvvədədir, Bakı şəhəri 3 saylı notariat ofisi) verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin birinci instansiya icraatı zamanı iddia ərizəsini imzalamış X1 məhkəmə tərəfindən yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halları araşdırmamış və əsassız olaraq, iki fərqli iddia tələbini eyniləşdirərək, iddiaçının eyni tələblə bağlı daha əvvəl iddia qaldırdığını əsas gətirmiş və nəticədə iddia tələbini mümkün saymamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İPM-in 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli, 2-1(112)- 4592/2020 nömrəli qərardadı ləğv edilməli və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Firmasının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli, 2-1(112)-4592/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Firmasının cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “iddiaçının istifadəsində olan 0,133 ha torpaq sahəsinin dövlət ehtiyacı üçün alınmasına görə onun bazar dəyəri olan 1.330.000 (bir milyon üç yüz otuz min) manatın, ona 20% həcmində əlavə kompensasiya olan 266.000 (iki yüz altmış altı min) manatın, cəmi 1.596.000 (bir milyon beş yüz doxsan altı min) manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kasassiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar